İLAHİ, SƏN QORU MƏMLƏKƏTİMİ

Hər tərəf düşməndi, hər tərəf yağı,

Artır gündən-günə yurdun növrağı,

Qarabağ yağıya bir sinə dağı,

Salma nəzərindən sədaqətimi,

İlahi, sən qoru məmləkətimi.

Yala həvəslilər artır günbəgün,

Dilləri zəhərdir, qəlbləri gərgin,

Ağıldan zaylarda düşüncə ölgün,

Əskiltmə ruhumdan ədalətimi,

İlahi, sən qoru məmləkətimi.

Süpür yurd-yuvamdan taxtabaşları,

Düşsün başlarına hiylə daşları,

Vətən sevdalı et vətəndaşları,

Şəhidimə artır ibadətimi,

İlahi, sən qoru məmləkətimi.

Dünyanın içində fitnə daşmada,

Çoxu yol-irızın hər gün çaşmada,

Aləm bir-birinə çox qarışmada,

Aç həqiqətimə bəsirətimi,

İlahi, sən qoru məmləkətimi.

Biz çox ağrıları diləyə çəkdik,

Kök-soy eşqimizi ürəyə çəkdik,

Vətən fərydanı fələyə çəkdik,

Artır yurd sevdama itaətimi,

İlahi, sən qoru məmləkətimi.

Dəyməsin ölkəyə şərin ayağı,

Gəlsin zirvələrdən elin sorağı,

Sönməsin heç zaman odu, çırağı,

Qopartma sinədən məhəbbətimi,

İlahi, sən qoru məmləkətimi.

Doğulduğum yurddur mehman yerimiz,

Soyuma, kökümə səhman yerimiz,

Şəhid məzarına iman yerimiz,

Dəyişmə yadlara təbiətimi,

İlahi, sən qoru məmləkətimi.

Şadiman, sirr dolu bu aləm mənə,

Baxmasın hər yetən bəxti kəm mənə,

Kədər saxlancıdır gözü nəm mənə,

Yox et baş-binadan cəhalətimi,

İlahi, sən qoru məmləkətimi.

İlahi, sən qoru məmləkətimi.

11.09.2024

ÇOX NARAZIDIR

Hamı bir-birindən çox narazıdır,

Özündən narazı olan görmədim.

Bəxtə qışqırırlar bu nə yazıdır?

Bəxtinə düz yolu salan görmədim.

 

Çoxu bir-birinin ayağın dartır,

İrəli getməyə aman verməyir.

Fürsət bulan kimi şər-bohtan atır,

Yoxuşu qalxmağa zaman verməyir.

 

Aləmi bürüyüb qəzəbli kütlə,

Yalanın çəkisi daşdan ağrırdır.

İnsana tüpürür, gün sürür itlə,

Bütün bu olanlar canı ağrıdır.

 

Qan-qırğın bürüyüb yer kürəsini,

Qana susuyanlar günbəgün artır.

Batırır şər-xəta haqqın səsini,

Kürəni uçruma, ölümə dartır.

 

Evinin İçində yoxdur bir həsir,

Ağlı işlətməyir, dili işlədir.

Dili də çox zaman özünü kəsir,

Doğulan günündən fəna işlədir.

 

Nə peşə sahibi, nə də təhsili,

Aşağdan yuxuarı tullayır daşı.

Uçurub, qaçirib əlindən ili,

Bir də dönən deyil o gənclik yaşı.

 

Asan qazanc gəzir internet üstən,

Min bir hoqqalarla puç edir özün.

Vuran da tapılmır ağzının üstən,

Xərcləyir yalana könlünün közün.

 

Bu nə bilməcədir, bu nə tapmaca?

Hamı bir-birinə nifrətə keçib.

Görmək istəməyir özündən uca,

Bu nə xəstəlikdir millətə keçib?!

03.09.2024/ Qusar

 

 

 

DOĞULDUM ANA

 

Sübh açılan çağı doğuldum ana,

Bəlkə gəlişimə heç sevinmədin…
Oğlan gözləyirdin, qız oldum ana,

Amma analıqdan bir an enmədin.

 

Məni hər dəqiqə saldın bağrına,

İsti nəfəsindən sevgini duydum.

Qatmadın laylanı acı-ağrına,

Saf məhəbbətinə eşqinlə uydum.

 

Payız gəlhagəli doğulsam da mən,
Mənə baxışından bahar ələdin.

Duyğumun içindən boylanırsan sən,

Sən ürək atəşin könlə bələdin!

 

Mən səni məzarda görmürəm ana,

Zərif pıçıltını şəfa sanıram.

Ruhun qanad açır mənlə hər yana,

Hər gün həyatımda səni anıram.

 

Böyüyüb həyata addımladıqca,

Enişli, yoxuşlu yollardan keçdım.

Atamın zəhmi dağlardan uca,

Onun öyüdüylə haqq yolu seçdim.

 

Sığındım bilimə, ağla, zəkaya,

Həyat nağılları misraya döndü.

Yollarım üstündə bitsə də qaya,

Ürəyim saflıqla hər an döyündü.

 

Sizin pak adınız mənim and yerim,

Hər gün ruhunuzla qidalanıram.

Uca yaradana canım bənd yerim,

Canımın içində sizi anıram.

 

Oğul gözləyirdiz, qız oldum ana,

Məni zirvənizə çıraq eylədiz.

Gözüm yağmurladi, çox doldum ana…

Bu doğum günümdə qəlb evindəsiz!..

 

Əkdi bəxt tarlası Şadimana vaxt,

Tarlanın içində barım az qalıb.

Çəkir ürəyimi imtahana vaxt,

Bilmirəm ömrümdə neçə yaz qalıb?!…

02.09.2024

 

 

 

 

 

 

 

 

 

 

 

DÖRDLÜK

Ömür İlahidən verilən fərman,
Hər günün ağrısı, acısı yaman,
Xöşbəxtlik iksiri hamıya çatmır,
Olubdu çoxuna tapılmaz dərman!…
21.08.2024