Вы просматриваете: Главная > Şeirlər > LAYLA ÇALIRAM

LAYLA ÇALIRAM

Mən özüm-özümə layla çalıram,

Laylamı süd təki içirəm hər gün.

Anamın verdiyi layla dərsini,

Ruhumun evındə keçirəm hər gün.

 

Dilim doğmalığın həyat işığı,

Günəştək könlümdə şəfəqlər saçır.

Bürüyüb ömrümü söz yaraşığı,

İlahi sevgimə qapılar açır.

 

Bəzən zəhər dadır həyat acısı,

Zaman qədəhimə süzür bal təki.

Çıxmayır canımdan hicran sancısı,

Bürüyür bəxtimi qeylü-qal təki.

 

Mən özüm-özümə layla çalıram,

Laylalar canımdan çıxmayır heç vaxt.

Yazıq ürəyimlə tənha qalıram,

Ürək də sözümə baxmayır heç vaxt.

 

Qırır sükutumu laylanın səsi,

Sükut da ruhumun sultanı olub.

Sanıram dünyanı insan qəfəsi,

Qəfəs də ağrıyla, fəqanla dolub.

 

Çaldığım laylalar dəvaymış mənə,

Dəva nəfəsimə, qanıma hopub.

Can ki, sığışmayır bədənə, tənə,

Hansı səyyarənin bağrından qopub?!

 

Mən özüm-özümə layla çalıram,

Laylamı süd təki içirəm hər gün.

Anamın verdiyi layla dərsini,

Ruhumun evındə keçirəm hər gün.

27.06.2024

 

 

Şərh üçün bağlıdır.