Вы просматриваете: Главная > Şeirlər > XOCALI SOYQIRIMI (POEMADAN PARÇA)

XOCALI SOYQIRIMI (POEMADAN PARÇA)

Yandıracaq dağ-daşı,
Yurdda hər vətəndaşı,
Qurumaz gözüm yaşı,
Xocalı qiyaməti.
*
Göylərdən qan ələyər,
Min il keçsə qədd əyər,
Dünyadan haqq diləyər,
Xocalı qiyaməti.
*
Ölən bacı, qardaşdı,
Yanan torpaqdı, daşdı,
Min-min qanlı başdaşdı,
Xocalı qiyaməti.
*
Sındı qolum, qanadım,
Yandım, Allahım, yandım,
Yağıya savaş andım,
Xocalı qiyaməti.
*
Zülümü düzdə qoyan,
Yalanın köksün oyan,
Haqqı dünyaya yayan
Xocalı qiyaməti.
*
Fələkətlə üz-üzə,
Düşmənə qalxan, nizə,
Döndü qanlar dənizə,
Xocalı qiyaməti.
*
İntiqam, qisas deyər,
Qeyrət qapısın döyər,
Ölüncə qəlbi döyər,
Xocalı qiyaməti.
*
Yurdlar pərən-pərəndi,
Zülüm ərşə dirəndi,
Haqq haqqına ərəndi,
Xocalı qiyaməti.
*
Ağlayar kağız, qələm,
Yanar ahımdan aləm,
Əcəl can verməz öləm,
Xocalı qiyaməti.
*
Əsir yurdun fəryadı,
Yetməz Tanrıya dadı,
Soyqırımıdı adı-
Xocalı qiyaməti.
***
Ey rus xalqı, gözünü aç, bax bu qanlara,
Yandırılmış, parçalanmış şəhid canlara.
Tarixlərdə yer verilmib bu divanlara,
İmperyalar millətini şərəfli etmib,
Heç bir cəllad taxtı-tacı axıra yetmib.
*
Daşnakların dəyirmanı çox su apardı,
Tanrı özü bu qanlarçın tufan qopardı,
Neçə-neçə Pyotrlar atın çapardı,
Göstər mənə tacı-taxtın şərəfin, adın,
Onları da bu dünyaya gətdi rus qadın.
*
Ey rus xalqı, Yesenin əziz övladı,
Bu gün azad ölkənizdə azadlıq dadı,
Sizə-bizə yaxşı bələd faşizim adı!
Min-min ölən-itən oldu o qalmaqalda,
Yaxşı bildiz nədir o vaxt zəncirlər qolda?!
*
Bakı nefti evinizdə çırağa döndü,
Faşistlərlə vuruşlarda yarağa döndü,
Vətənimin pak ürəyi sizlə döyündü,
Qanımızla, canımızla birləşdik onda,
Doğulandan ölənədək bu xalq bir donda!
*
İndi daşnak taununa yurdum gillənib,
Nə olubdu axar sellər belə lillənib?!
Andranik havalılar yenə şellənib,
Planı cızır, möhür basır bax rus oğullar,
Vətənimin istiqlalın yenə boğullar.
*
Ey rus xalqı, özün ara kimdi savaşan,
Sənin, mənim silahımla həddini aşan,
Özgə yurdda vəhşi kimi gəzib dolaşan,
Oğulların hara tökür güllə yağışın?!
Bilməliyəm, bu qanlara nədir baxışın?
*
Ey rus xalqı, sənin oğlun bu yurdu böldü,
Qarabağın axan qanı min çaydı, göldü,
Böyütdüyün qansızlarla Xocalı öldü!
Bir qiymət ver əli qana boyananlara,
Daşnakların arxasında dayananlara.
*
Para ilə vicdanları satana, lənət!
Haqqı danıb vəhşiləri tutana, lənət!
Cəlladların kölgəsində yatana, lənət!
Ey rus xalqı, şirindirsə azadlıq əgər,
Pak yolunda şəhid yurdum dünyaya dəgər!
03-05.03.1992 /Neft Daşları
Şirinxanım Kərimbəyli ŞADİMAN
Bir abidə və mətn şəkili ola bilər