Вы просматриваете: Главная > Şeirlər > DİLİ BAĞLI, YOLU BAĞLI GÜNEYİM

DİLİ BAĞLI, YOLU BAĞLI GÜNEYİM

Bu tayından, o tayına haray var,

Ürəklərdə nalə dolu min vay var,

Soyu, kökü dəfn eləyən saray var,

Haqqımızı boğan şərə nə deyim?!

Dili bağlı, yolu bağlı Güneyim.

 

Düşmənlərin  əlində çox əzildik,

Ayrı düşmüş yurdlar üçün üzüldük,

Yağıların qədəhinə süzüldük,

Qalx ayağa, ölüb itsin gileyim,

Dili bağlı, yolu bağlı Güneyim.

 

Əcdadımız min bir dəfə səhv etdi,

İçə girmiş yağıları əfv etdi,

Öz-özünü kimliyindən məhv etdi,

Çəkmək olmur bu ağrını, neyləyim?!

Dili bağlı, yolu bağlı Güneyim.

 

Cana gəldik parça-tikə olmaqdan,

Bir-birindən yadtək ayrı qalmaqdan,

Göz yaşıtək bəbəklərə dolmaqdan,

Demə mənə yox taqətim, yox heyim,

Dili bağlı, yolu bağlı Güneyim.

 

Dəmir yumruq cuşa gəlib it qovur,

Düşməninin bağrını dəl, od sovur,

Hərəkət et, heç dayanma bir hovur,

Uğurunu misra-misra de, öyüm,

Dili bağlı, yolu bağlı Güneyim.

 

Qatilləri yolun üstdən süpür, at,

Azadlığın içindədir xoş həyat,

Niyə lazım başı yaran daş həyat?!

Mən də sənə bütövlüyü diləyim,

Dili bağlı, yolu bağlı Güneyim.

 

Araz bizi yaman böldü ikiyə,

Doğulandan pis baxıram ikiyə,

Yalvarıram, dönmə daha sərkiyə,

Azğınların başına daş ələyim,

Dili bağlı, yolu bağlı Güneyim.

 

O tay, bu tay sözün dildən qopardaq,

Ayrılığı  aydan, ildən qopardaq,

Azərbaycan adlı eldən qopardaq,

Öpüm səni, ürəyimə bələyim,

Dili bağlı, yolu bağlı Güneyim.

11.11.2022