Вы просматриваете: Главная > Şeirlər > VƏTƏN İMANDIR

VƏTƏN İMANDIR

 Qusar şəhərindən Vətən müharibəsi

Qazisi Nəcməddin Mövlud oğlu

 Təhməzova ithaf

 

Vətən İbadətdir, Vətən imandır,

Yurdu yaşatmaqçın cana dərmandır,

Onu qorumaqçın qəlbə fərmandır,

Sən bu həqiqəti duydun, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

Öz ömür yoluna hərbini seçdin,

Qorxmazlıq şərbətin şövqilə içdin,

Döyüş meydanında alovdan keçdin,

Düşmənin bağrını oydun, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Ya şəhid, ya qazi olaram dedin,

İşğala baş əysəm solaram dedin,

Vuruşub qalibtək qalaram dedin,

Qaliblik adına soydun, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Sürdün sərrast tankı hərb meydanında,

Zalıma nifrətin vardı canında,

Mərdlik dövr edirdi hər an qanında,

Özünə əzabı qıydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Düşmən işğalında qaldı Qarabağ,

Sinəmizə yara saldı Qarabağ,

Otuz il yağıda soldu Qarabağ…

Bu ağrı-acıdan doydun, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Gəldi sentyabr, o qisas ayı,

Əzildi işğalçı, quruldu vayı,

Batdı xainlərin içdə harayı…

Vətəni namusun saydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Cəbrayıl, Füzuli, Xocavənd yurdu,

Azad etdi eli mərd Qalib Ordu,

Tankın atəşləri yağı qovurdu!

Sən özün ox, kaman, yaydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Füzuli uğrunda döyüşlər getdi,

Düşmənin gülləsi bağrı qan etdi,

Əsgər qardaşların dadına yetdi…

Özün bir orduya taydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Doğmalar qürurla çəkir adını,

Basırlar bağıra mərd övladını,

Ucaya qaldırdın yaxın, yadını,

Adını aləmə yaydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Verdin Emin adın körpə oğluna,

Şəhid Emin döndü elin nağlına…

Aləm səcdə edir uca ağlına,

Düşmənin zülmündən doydun, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Qusara Qazitək qayıdıb gəldin,

Şərəfli ömrünlə haqqa yüksəldin,

Vətən sevdalısı, budur iman, din!

Sən bu ibadətə uydun, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Deyirsən, çağırsa Vətən gedərəm,

Düşmənin bağrını yenə didərəm,

Bədənim yaralı, ruhla edərəm,

Qaranlıq günlərə Aydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

 

Qazi, çəkdi nəzmə Şadiman səni,

Necə heyran etdi cəsurluq məni,

İgidlər qoruyur yurdu, ölkəni,

Oldu hünər yolun aydın, Nəcməddin,

Canını bu yolda qoydun, Nəcməddin.

12.08.2022