Uşaq şeirləri

1 HİSSƏ

VƏTƏNİ CANDAN ƏZİZ SANMALIYIQ

GƏLİN, SEVƏK VƏTƏNİ

Ay uşaqlar, ürəkdən,
Gəlin, sevək Vətəni.
Üstün tutaq çörəkdən-
Yar etməyək yetəni.

Onu sevməyən insan,
Yurduna gərək olmaz.
Yad eldə alsa ad-san,
Elin qəlbində qalmaz.

Vətən halal yerindi,
Qorumasaq yadındı.
Onun eşqi dərindi,
O – özün, övladındı.

Yar edək nidamıza,
O könüldə bitəni.
Can deyək sevdamıza,
Gəlin sevək Vətəni!
16. 02. 2000

ÖZ YURDUNA GƏRƏK OLAQ

Ay uşaqlar, Vətən əziz,
Ona vuran ürək olaq.
Bir sevdadır – eşqi dəniz,
Öz yurduna gərək olaq.

Onunla gur çırağımız,
Odur könül varağımız,
Bu dünyada sorağımız,
Gəlin ona dirək olaq.

Cahan içrə bir cahandır,
Damarlardan axan qandır,
Ocağın aç, odun yandır,
O bədəndə duran candır.
Qorumağa zirək olaq.

Vətən ana, Vətən bacı,
Dərdimizin hər əlacı,
O millətin başda tacı,
Ona ürək-dirək olaq.
16. 02. 2005

HİMNİMİZ – BAYRAĞIMIZ

Himnimiz – Bayrağımız,
Vətənin ürəyidir.
Sabaha növrağımız,
Millətin dirəyidir.

Hər ölkəyə qonaqdır,
Qorumasaq qınaqdır!…
Ömrümüzə sınaqdır,
Ölkənin gərəyidir.

Hər ikisi müqəddəs,
Bunu bilməli hər kəs,
Biz kimik onlarsız bəs?…
Bu dünyanın rəyidir.
16. 02. 2005

ANA DİLİ

Hər dili öyrənmək yaxşıdır, amma-
Öz ana dilini bilməmək günah.
İnsanlıq dünyanın baxşıdır, amma-
Dil ilə açılır həyata sabah.

Bu dillə öyrəndik ana sözünü,
Vətənin hər qarış yerin sevməyi.
Bu dillə tanıdı millət özünü,
Başladı həyatı dərin sevməyi.

Bayatı-laylamız bu dildən gəldi,
Hopdu ruhumuza, canımıza o.
Vətənə məhəbbət odu yüksəldi,
Yeridi damara, qanımıza o.

Keçdi anamızın layla səsindən,
Həkk oldu eşq ilə kamalımıza.
Ürəyi oxşayan xoş nəfəsindən,
Yapdı dil sarayı amalımıza.

Öz ana dilini bilməyən kimdi?
Onun varlığı da Vətənə yaddı.
Bu dil dərmanımız, bu dil həkimdi,
Bu dildə danışan yurda övladdı.
16. 02. 2005

VƏTƏNİ CANDAN ƏZİZ SANMALIYIQ

Vətəni candan əziz sanmalıyıq,
Onun hər istəyinə yanmalıyıq.

O ki, öz eşqinə yar etdi bizi,
Onu səatdə elə anmalıyıq.

Verməyək yağıya heç bir qarışın,
Verəriksə, əbədi donmalıyıq.

O bizə can deyəsi tək anadır,
Bunu biz, ay həzarat, qanmalıyıq!

Ağrısı, acısı olsa Vətənin,
Hər işimizi təmam danmalıyıq.

Yetərək dadına ər balasıtək,
Ocağına od olub yanmalıyıq.

Olub əskər, çəkərək keşiyin,
Səf durub önündə dayanmalıyıq!
Vətəni candan əziz sanmalıyıq!…
16. 02. 2005

MƏKTƏB

Məktəb-həyat kamalı,
Ağlımıza incidir.
Gələcəyin amalı,
Yaşamaq sevincidir.

Kitablarla o bizə,
Dil tapmağı öyrədir.
Düşüb zamanla izə,
Düz çapmağı öyrədir.

Odur ömrün işığı,
Gələcəyin can barı.
Həyatın yaraşığı,
Uşaqlığın nübarı.
16. 02. 2005

MÜƏLLİM

Müəllim – gözə çıraq,
Dilimizə bəzəkdir.
Elimdən verər soraq,
Kitablara – özəkdir.

O səadət işığı,
Bəxtimizin özüdü,
Sabahın yaraşığı,
Xoş həyatın gözüdür.

Onun dilindən qopan,
Hər kəlmə dür, incidir.
Biliklə haqqa çapan,
Dünyanın sevincidir.

Müəllimdir bu günün,
Gələcəyin kamalı.
Ən xoş sədanın, ünün,
Onunladır amalı.
16. 02. 2005

KÖRPƏ GÜLÜŞÜ

Tağına şeh dəymiş qönçəyə bənzər,
Canlara dərmandı körpə gülüşü.
Könüllər oxşayan baxışları tər,
Hər evə loğmandı körpə gülüşü.

Hiylədən uzaqdı o pak çöhrələr,
Hələ lap fidandı zərif pöhrələr,
Unutsan dünyanı qəmlə qəhr elər,
Ahıyla yamandı körpə gülüşü.

Kiçik varlığıdı bəşərin o da,
Atılsa, tuş olar atan fəryada,
Bizdən sonra qalır hələ dünyada,
Gələcək zamandı körpə gülüşü.

İlahi, hökm edən yalanlara de,
Dünyanı fitnəyə salanlara de,
Savaşda günahı olanlara de,
Bəşərə ümmandı körpə gülüşü.

İnsan başdan-başa feilsə, qansa,
Bir körpə qurğuşun odunda yansa,
O pak təbəssümü dodaqda donsa,
O zaman divandı körpə gülüşü.
25.04.1997

UŞAQLAR

Qış ötüşüb yaz gələr,
Avazlanar uşaqlar.
Günlərin bağrın dələr,
Pərvazlanar uşaqlar.

Səadətlə oynaşar,
Qanlar odla qarışar,
Şadlığı aşıb-daşar,
Nə yazlanar uşaqlar?

Dər-divarı eşərlər,
Torpaqla güləşərlər,
Can deyib dilləşərlər,
Hey nazlanar uşaqlar.

Oynamaqdan doymazlar,
Evə ayaq qoymazlar,
Nə yoruldum duymazlar?
Bəyazlanar uşaqlar.

Dünyaya işıq təki,
Evə yaraşıq təki,
Sinəyə aşıq təki,
Nə sazlanar uşaqlar?
15. 02. 2005

UŞAQ BAĞÇASI

Uşaq bağçası bu gün
Bürünüb al qumaşa.
Hər gülüş xoş səda, ün,
Hər körpə bir tamaşa.

Gülür, oynayır qızlar,
Oğlanlar yallı gedir.
Bu balaca ulduzlar
Adamı heyran edir.

Onlar dostların belə,
Məktəbə yola salır.
Şeirlər axır dilə,
Qızlar piano çalır.

Körpələrin gözləri,
Gülüşdən pərvazlanır.
Tükənməyir sözləri,
Ürəklər avazlanır.

Beləcə bayram edir,
Son bağça günün onlar.
Ayrılıq çatıb nədir?
Ayrılacaq ünvanlar.
15. 02. 2005

TƏZƏ İL

Təzə il, ay təzə il,
Sevinc gətir bizə il.

Uşaqlar pərvazlansın,
Yerlər, göylər nazlansın,
Hər ürək avazlansın,

Təzə il, ay təzə il,
Ömrümüzü bəzə il.

Əsən küləklər həzin,
Nə verər ki, əvəzin?
Qapımızı aç özün,

Təzə il, ay təzə il,
Şadlıq çıxsın dizə il.

Qar ələnsin aləmə,
Qoy yetişək xoş dəmə,
Səadəti qoş dəmə,

Təzə il, ay təzə il,
Gəlməyəsən gözə il.
15. 02. 2005

GƏLİB AXIR ÇƏRŞƏNBƏ

Gəlib axır çərşənbə,
Uşaqlar tonqal çatır.
Tüstü ağappaq pənbə,
Özünü göyə atır.

Küçədə bir hay-həşir,
Dövrə vurub qız-oğlan.
Hər tonqal, sanki bir tay,
Gülür sevinir hər yan.

Uşaqlar papaq atır,
Hər evin dəhlizinə.
Çərşənbədə kim yatır?
Gecə düşür izinə.
15. 02. 2005

NOVRUZ BAYRAMI

Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.

Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.

Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.

Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.

Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışrlar yel kimi.

Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
15. 02. 2005

YANSIN BAYRAM ŞAMLARI

Yansın bayram şamları,
Gəlsin el adamları
Şö’lələnsin kamları,
Ürəklərdə nur olsun,
Novruzumuz gur olsun.

Tonqalları çatılsın,
Üstündən el atılsın,
Hər ev bura qatılsın,
Sinədə qürur olsun,
Novruzumuz gur olsun.

Qoy yığışıb qış getsin,
Novruz ruhu xoş etsin,
Süfrə açan nuş etsin,
İşimiz uğur olsun,
Novruzumuz gur olsun.

Paxlava, şəkərbura,
Pilovun üstə qara,
Xəbər ver dosta, yara,
Bayram elə cur olsun,
Novruzumuz gur olsun.

Səməni qalaq-qalaq,
Alaq süfrəyə salaq,
Biz canbirqəlbdə olaq,
Söz ağızda dür olsun,
Novruzumuz gur olsun.

Vətənin gözü gülsün,
Gecə-gündüzü gülsün,
Millətin üzü gülsün,
Evdə yur-yuğur olsun,
Novruzumuz gur olsun.

Bu yazın leysanları,
Torpağın ehsanları,
Ay Vətən insanları,
Sübhdən durhadur olsun,
Novruzumuz gur olsun.

Bir kimsə qəm görməsin,
Qəmlə süfrə sərməsin,
Ah qolunu gərməsin,
Qışla vurhavur olsun,
Novruzumuz gur olsun.
20. 03. 2005

ÇOX QİYMƏTLİ İNCİDİ

Uşaqlar – bu dünyaya,
Çox qiymətli incidi.

Bənzərlər coşqun çaya,
Həyatın sevincidi.

Dillərindən bal axır,
Ürəkləri ovlayır.
Könlü yandırıb-yaxır,
Qəlbləri alovlayır.

Uşaqlar – göz işığı,
Ata, ananın canı.
Cahanın yaraşığı,
Gələcəyin ünvanı.

Hər körpənin öz nazı,
Baldan şirin dili var.
Gətirər evə yazı,
Hər qəlbdən dərdi qovar.

Uşaqlar dünyamızın,
Sabahına açardır.
Onlarla xülyamızın,
Dərd qapısı naçardır.

Siz, ey həyat günəşi –
Bapbalaca körpələr.
Gözünüzün atəşi,
Cahana od səpələr.
15. 02. 2005

HƏR İLİN ÖZ SEVİNCİ

Hər ilin öz sevinci,
Öz hikmətli sözü var.
Uşaqlar ondan inci,
Dünyaya od-közü var.

Dilləri bala bənzər,
Dildə-ağızda gəzər,
Əgər eyləsən nəzər,
Ömürlərdə özü var.

İllər fəsillərə yar,
Uşaqlar ömrə bahar,
Sanyələr ana nahar…
Hərənin öz izi var.
16. 02. 2005

QAR ADAMI

Uşaqlar qar adamı,
Düzəldibdilər qardan.
Gülüb-oynayır hamı,
Bu şaxta gəlib hardan?

Yanaqlar qıpqırmızı,
Əllər soyuqdan donur.

Ələnir qar ulduzu-
Qaşa, kipriyə qonur.

Qar adamın başında
Uşaqlar dövrə vurub.
Çəkilmiş göz-qaşında
Bəyaz naxışlar durub.

Bu zaman günəş çıxıb
Boylanır yerə sarı.
Qışın sinəsin yaxıb,
Əridir yağan qarı.

Qar adamı əriyir,
Havanın xoş hovundan.
Gün qüruba yeriyir,
Nəş’ələnir ovundan.

Uşaqlar birdən-birə,
Baxır boylanır göyə.
Səma göndərib yerə
Su, dolu, qar hədiyyə.
15. 02. 2005

QAR YAĞIR DAĞA, DÜZƏ

Qar yağır dağa, düzə,
Qış qonaq gəlib bizə.
Üzə, gözə ələnir,
Aləm qara bələnir.
Külək əsir ahəstə,
Sərçələr də qar üstə-
Qoyur ayaq izini,
Qış göstərir özünü.
Uşaqlar dilləşirlər,
Qar ilə əlləşirlər.
Gülüşlər şaqqıldayır,
Qarğalar qaqıldayır.
Aləmə səda düşür,
Ürəyə sevda düşür.
Uşaqların səsindən,
Quşların nəğməsindən.
Can, könül pıçıldaşır,
Həyat qaynayıb, daşır.
14. 02. 2005

BƏYAZ QARIN NAĞILI

Biri varmış, biri yox,
Ətəyində qarı çox,
Bir payız səhərində,
Ağ atın yəhərində-
Saqqalı buzdan olan,
Çiyninə əba salan,
Əlində bir ağ əsa,
Mənzil uzun, yol qısa.
Qoca pirani kişi,
Qəfil oldu gəlişi.
Döydü qapı-bacanı,
Üşütdü qəlbdə canı.
Necə özün yetirdi?
Payızda qış gətirdi.
Bakının küçələri,
Küləkli gecələri,
Gəlin tək ağ geyindi,
Şaxta, sazaq öyündü.
Buz bağladı yol-ırız,
Dondu hər cığır, hər iz.
Yollarda bir mərəkə,
Saldı hər kəsi bərkə.
Maşınlar əyləndilər,
Sürənlər söyləndilər.
Belədir qışın işi,
Qayğılıdır gəlişi.
***
Soyuğun insafı yox,
Evinsə möhnəti çox.
Aman et, Şaxta baba,
Neyləsin yazıq soba?
Hardan tapsın od-ocaq?
Müşkül işdir yanacaq.
***
Göy üzündə bir həşir,
Xəzri əsəbi bir şir,
Elə ki, ələndi qar,
Evdə nəki uşaq var?
Töküldü dişarıya,
Pətəkdəki arıya-
Bənzədi o gün onlar.
Suvaşdı qarla donlar,
Səbinə və Təhminə,
Briliant və Əminə,
Yeganə, Gülşən, Bahar,
Gülnaz, Gülnar və Aysel,
Əllərində kiçik bel,
Çağırdılar Əzizi-
Qartopuyla vur bizi.
Mustafa, Cavid,Turan,
Rəsul da gəldi bu an,
Cəfər, Kərim və Vüqar,
Əllərində topa qar,
Qızlara sarı qaçdı,
Sevinc səsi gül açdı.
Samirənin üzündə,
O qapqara gözündə,
Səadət nuru vardı,
Küçə onlara dardı,
Qarla dolu qurşaqlar,
O qayğısız uşaqlar,
Küçədə öcəşirdi,
Allah, bu nə həşirdi?
Onlara şaxta, sazaq,
Dərdi-sərdən çox uzaq-
Bir əzəmət gətirmiş,
Ürəklərdə bitirmiş.
***
Ay uşaqlar, necə də,
Bu gün bizim küçədə,
Ovsunlamış ağılı,
Bəyaz qarın nağılı!..
21.12.1997

YAZ GƏLİR

Yaz gəlir, sular coşur,
Soyuq buzlar əriyir.
Təbiət nəğmə qoşur,
Gün göylərə yeriyir.

Bağçaların içində
Quşlar cəh-cəh vururlar.

Qışın köçə-köçündə,
İsti yuva qururlar.

Qaranquşlar qürbətdən,
Uçub gəlibdi yenə.
Eşq döyünür xəlbətdən,
Az qalır könül dinə.

Uşaqlar oynaşırlar,
Otların arasında.
Diləklər qaynaşırlar,
Gözlərin qarasında.
15. 02. 2005

II HİSSƏ

BALALAR BALDAN
ŞİRİN

ƏZİZ

Əzizin yeddi yaşı,
Yaman qarışıb başı,
Tutub əldən qardaşı,
Gedir məktəbə sarı,
Ayağlayır ağ qarı.

Bulaşmasın çəkməsi-
Yox oynamaq həvəsi.
Uşaqların gur səsi
Əzizə qanad verir,
Qar topası dad verir.

Çantasın atır qara,
Qızışır bu an ara,
O, qarı yara-yara,
Dostlarına qar atır,
Özüsə yerə yatır.

Necə xoşbaxt bu anlar?
Körpələr nə dil anlar?
Coşur damarda qanlar,
Bu zəngin çox gur səsi,
Tələsdirir hər kəsi.

Çantasın ələ alır,
Özün səhmana salır,
Uşaqlar dalda qalır,
Gedir məktəbə Əziz,
Deyil ki, bəbə Əziz?
21. X11.1997

KƏRİM

Çantasın çiynə çatır,
Özünü çölə atır,
Yenə aləmi qatır,
Məktəbə getmir niyə?
Dərsini etmir niyə?

Dəcəllikdə tayı yox,
Sevir oynamağı çox,
Coşub, qaynamağı çox,
Dincəlməyir heç zaman,
Kərim dəcəldir yaman.

Topun əlindən qoymaz,
Ayağın evə qoymaz,
Bir saat da uyumaz,
Qışqırıb hay-küy salır,
Dərsində dala qalır.

Bu balaca dəcəlin,
Top qabar edib əlin,
Heç kim bilməyir dilin,
Salır hay-həşir hər gün,
Atılıb-düşür hər gün.
15. 02. 2005

ARİFİN YAŞIL TOPU

Arif yaşıl topunu,
Otların üstə salır.
Qəfil itirir onu,
Dərin xəyala dalır.

Qaçır oyan-buyana,
Topdan əsər görməyir.
Yaman ah çəkir cana,
Qəmin qolun gərməyir.

Bu an körpə qızcağaz
Əlində top səslənir.
Arif döyükür bir az,
Ürəyi qəfəslənir.

Yaşıl topunu, görür,
Körpə tutub əlində.
Ürəyi sevinc dərir,
Şadlıq eşqi dilində.

O topa tərəf qaçır,
Qız topu qucaqlayır.
Arif körpəyə acır,
Qız qışqırır, ağlayır.

Arif yaşıl topunu,
Bağışlayır bu qıza.
Uşaqlar görür bunu,
Arif dönür ulduza.
15.02. 2005

CAVİD VƏ QARANQUŞ
BALASI

Bir qaranquş balası,
Düşür yerə yuvadan.
Anası qurur yası,
Can asılır havadan.

Qışqırıb hay-küy salır,
Qıy vurub qanad çalır,
Səsə boylanır Cavid,
Yeri haylanır Cavid.

Görür bala qaranquş,
Düşüb eyvanda yerə.
Hey çırpınır ana quş,
Eyvan ona bir dərə!

Cavid quşun balasın,
Qoyur öz yuvasına.
Can tapanda qalasın,
Dil çatır duvasına.

Quş Cavidin başının
Üstündə dövrə vurur.
Tökülən göz yaşının
Sevincinə toy qurur.
15. 02. 2005

GÜLŞƏN

Gülüşü dodaqda bal,
Üzü lalədən də al,
Öldürər canı bu hal,
İncə gülüşlü Gülşən,
Kəklik yerişli Gülşən.

Təzətər ətirlisən,
Aləmdə xətirlisən,
Zülfləri çətirlisən,
Telləri ipək Gülşən,
Gözəllikdə tək Gülşən.

Dilindən bal süzülür,
Şirin sözlər üzülür,
Saçına gül düzülür,
Əlində həna Gülşən,
Gözləri rəna Gülşən.

Tər çiçəksən çəməndə,
Düzlər düşüb kəməndə,
Ananın gözü səndə,
Dəcəllik etmə, Gülşən,
Uzağa getmə, Gülşən.

Kəmərlə çək belini,
Bur qapqara telini,
Hər an şirin dilini
Qat şəkər-bala, Gülşən,
Nə gözəl bala Gülşən?
22. X11. 1997

ƏMİNƏ

Qız, sənin halın gözəl,
Ağıl-kamalın gözəl,
O ay cəmalın gözəl,
Gəl mənə yan Əminə,
Əminə, can Əminə.

Zülflərin qulac-qulac,
Hörüyünü bir-bir aç,
Günlər ötür, yox əlac,
Sənə qurban Əminə,
Əminə, can Əminə.

Bir çiçək üzün, bala,
Telə gül düzüm, bala,
Qalmadı dözüm, bala,
Eyləmə qan Əminə,
Əminə, can Əminə.

Burlaxatuntək boyu,
Şən röyalarla uyu,
Hardan gözəllik suyu-
Dəydi üzə Əminə?
Əminə, can Əminə.

Güllərə sona, qızım,
Bürün ağ dona, qızım,
Olasan ana, qızım,
Gələ o an, Əminə,
Əminə, can Əminə.
22. 12. 1997

BRİLYANT

Hamıdan mehribanım,
Sən mənim şirin canım,
Damardan axan qanım,
Qələm qaşlı Brilyant,
Xoş baxışlı Brilyant.

Qardan bəyaz əlinə,
Bala oxşar dilinə,
Nazik, incə belinə,
Heyran özüm, Brilyant,
Görən gözüm Brilyant.

Nə istidir baxışı?
Əridər qarlı qışı,
Yerin ürəyim başı,
Dadım-duzum Brilyant,
Bəxt ulduzum Brilyant.

Adın üzüklər qaşı,
Sevgi, məhəbbət daşı,
Özün gözəllər başı,
Böyü qızım Brilyant,
Dan ulduzum Brilyant.

Üzüntək bəyaz gecə,
Dilində sözün incə,
Küsmə, incimə becə,
Diləyimsən, Brilyant,
Ürəyimsən, Brilyant.

Gəl, bala, qəlb bağıma,
Sevinc tök otağıma,
Mehman ol ocağıma,
Allahdan bar Brilyant,
Könlümə yar Brilyant.
22. 12.1997

YEGANƏ

Dodağını büzmə gəl,
Ürəyimi üzmə gəl,
Məni gendə süzmə gəl,
Od vurma şirin cana,
Yeganə, can Yeganə.

Ürəkdə sözüm gəlləm,
Çağırsan özüm gəlləm,
Sinəmdə dözüm gəlləm,
Bala, gülsən ummanə,
Yeganə, can Yeganə.

Sarıışın saçın sünbül,
Özün bağçamızda gül,
Dilin nə tuti bülbül?
Kəmalın car hər yanə,
Yeganə, can Yeganə.

O utancaq baxışı,
Ceyran təki duruşu,
Pəri kimi qurluşu,
Gözəllikdə yeganə,
Yeganə, can Yeganə.

Uşağlığın havası,
Dodaqda süd duvası,
Gülsün könül yuvası,
Yet bala, xoş hər anə,
Yeganə, can Yeganə.

Azərbaycan qızısan,
Göylərin ulduzusan,
Ananın nə nazısan?
Qoyma ürəyim yanə,
Yeganə, can Yeganə.
22. X11. 1997

GÜLNAZIM

Sən ki, könül sazımsan,
Mənim nazlı qızımsan,
Göydəki ulduzumsan,
Dilimdə xoş avazım,
Gülnazım, ay Gülnazım.

Çiçəklər telin kimi,
Varmı bal dilin kimi ?
Ağ pəmbə əlin kimi,
Üzü tüldən bəyazım,
Gülnazım, ay Gülnazım.

Qaşların qara qələm,
Gözlərin də bir aləm,
Görməyəsən, dərd, ələm,
İncim, mirvarim, nazım,
Gülnazım, ay Gülnazım.

Çöllərin bənövşəsi,
Bağların külöyşəsi,
Həyatımın nəş’əsi,
Gül hüsnündən nə yazım?
Gülnazım, ay Gülnazım.

Dinlə, ana öyüdüm,
Demə, daha büyüdüm,
Qəmini ver üyüdüm,
Həm baharım, həm yazım,
Gülnazım, ay Gülnazım.
22. 12. 1997

TƏHMİNƏ

Dodaqların badamı,
Heyran edir adamı,
Od qarışıb odamı?
Könül qalam Təhminə,
Nazlı balam Təhminə.

Ədəbli yerişinə,
İsmətli gülüşünə,
Layiqli hər işinə,
Heyran ollam Təhminə,
Nazlı balam Təhminə.

Bəxtimizin əzəli,
Özü ellər gözəli,
Hər sözündə məzəli,
Qoyma dolam Təhminə,
Nazlı balam Təhminə.

Ay çiçəklərin şahı,
Ay ömrümün sabahı,
Görməyəsən heç ahı,
Qurban ollam Təhminə,
Nazlı balam Təhminə.

Hər sözü yaraşıqlı,
Binadan yapışıqlı,
Ay üzü nə işıqlı?
Qadan alam Təhminə,
Nazlı balam Təhminə.
22. 12. 1997

GÜLNAR QIZIM

Gözlərimin qarası,
Hər dərdimin çarası,
Ürəyimin parası,
Həyat sənə yar qızım,
Ay mənim Gülnar qızım.

Ürəkdə odum oldun,
Ağızda dadım oldun,
Dünyada adım oldun,
Ömrə, günə var qızım,
Ay mənim Gülnar qızım.

Sən mənim nazım, bala,
Baharım, yazım bala,
Ay alın yazım, bala,
Könlü kaman, tar qızım,
Ay mənim Gülnar qızım.

Məktəbə həvəslə get,
Arzuya, mərama yet,
Sən məni bəxtəvər et,
Ömür yaman dar, qızım,
Ay mənim Gülnar qızım.

Dilində min bir hava,
Ürəyimdən qəm qova,
Dodaqlarında duva,
Allaha nübar qızım,
Ay mənim Gülnar qızım.
21. 12. 1997
LEYLA

Dodaqda süd qoxusu,
Dili dağların balı,
Gəlsə şirin yuxusu,
Qurban dünyanın malı.

Leyla, Leyla, gül Leyla,
Səni oxşar dil Leyla.
Yanağı lalədən al,
Özü qumaş-tül, Leyla.

Baxışı dan ulduzu,
Könlü ovlayar nazı.
Elimin mələk qızı,
Ata, ananın nazı.

Leyla, Leyla, can Leyla,
Qismətin xoş an Leyla.
Böyütsün səni anan,
Sən də ona yan, Leyla.

Ürəkdə yerin başda,
Sən qızlırın tacısan.
Nə şirinsən bu yaşda?
Pərvizə şən bacısan.

Leyla, Leyla, ay Leyla,
Ver həyata hay Leyla.
Evin birdanə qızı,
Olmaz sənə tay, Leyla.

Heç zaman gəlməz saya,
Könüldən qopan fəğan.
Olsun məndən Leylaya,
Bu dastacıq ərmağan.
14. 10. 1995

NURİDƏ

Baharın dağ çiçəyi,
Qızların ən göyçəyi,
Vallah, sözün gerçəyi,
Od, atəşdir Nuridə,
Al Günəşdir Nuridə.

“ Qoy eşidilsin sədam,
Şair müqəddəs adam”.
Dedin – ay dili badam?
Qurban dilə Nuridə,
O pak elə Nuridə.

Dadlıdır şəkər sözü,
Baldan şirindir özü,
Tapmaq olarmı düzü –
Heç sənə tay Nuridə?
Nuridə, ay Nuridə.

Baxışı dan ulduzu,
Ev dolusu bir nazı,
Yurdumun nazlı qızı,
Qara telli Nuridə,
Tuti dilli Nuridə.

Hələ altıdır yaşı,
Ananın qəlb sirdaşı,
Vüqarın qız qardaşı,
Gözü mərcan Nuridə,
Nuridə, can Nuridə.

Qoy ellər alsın qadan,
Yandırıb-yaxsın ədan,
Zirvədən gəlsin sədan,
Dadım, duzum Nuridə,
Böyü qızım, Nuridə.
24. 04. 1995

XƏDİCƏ

Saçları qulac-qulac,
Hər hörük başına tac,
Hər telini bağla, aç,
Göylərə ay Xədicə,
Xədicə, ay Xədicə.

Əlində çantası var,
Kitablar könlünə yar,
Oxuyar, etməz ah-zar,
Yox sənə tay Xədicə,
Xədicə, ay Xədicə.

Gözləri par-par yanar,
Qəlbdə duyğu oyanar,
Şadlıqlara boyanar,
Ver könlə hay Xədicə,
Xədicə, ay Xədicə.

Nə gözəl camalı var?
Başında kamalı var,
Arzusu, amalı var,
Yox sənə tay Xədicə,
Xədicə, ay Xədicə.
14. 02. 2005

III HİSSƏ

HEYVANLAR HAQQINDA MACƏRALAR
KÖRPƏ QUZUNUN VƏ AC QURDUN ƏHVALATI

Biri varmış, biri yox,
Mənzil uzun, sözüm çox.
Yamyaşıl yamac varmış,
Dağlar başında qarmış.
Baharın ilk çağında,
Sürü yox sol-sağında.
Tənhalıqdan üşümüş,
Anadan ayrı düşmüş.
Ağ qoyunun balası,
Anasıının qalası.
Özü ac, yamac yaşıl,
Yatırdı mışıl-mışıl.
Boz qurd da arxayınca,
Ləzətli iy alınca,
Qəfil yoxuşdan çıxdı,
Zənnlə ətrafa baxdı.
Tək balası yanında,
Ov həsrəti canında,
Boz qurd gəldi yamaca,
Yem lazım axı aca?
Gördü balaca quzu,
Çəmənin dadı, duzu,
Yaşıl yamacda yatmış,
Yuxu başını qatmış.
Qurd balasına baxdı,
Könlünü istək yaxdı.
Sükut gördü hər yanda,
O atıılıb bir anda,
İstədi didsin onu,
Olsun quzunun sonu.
Quzu bu an ayıldı,
Qurdu görüb bayıldı.
Yazıq-yazıq büzüşdü,
Canına qorxu düşdü.
Sanki Xaliqdən bir səs,
Öldürdü onda həvəs.
Qurda mərhəmət gəldi,
Könlünün için dəldi.
O, quzudan ötdü yan,
Xilas oldu körpə can.
Baxdı heçnə demədi,
Qurd quzunu yemədi…
9. 04. 2000

SİÇAN BALALARININ HİYYLƏSİ

Siçan gül balaları,
Dünyada şirin varı,
Yığdı başına bir gün,
Qəlbdə kədəri düyün.
Dedi:-bir aya yaxın,
Bizim yuvaya yaxın,
Bir pişik ev tikibdi,
Bağrıma qəm tökübdü.
Canımda var vəlvələ,
Bu olmasın bir tələ.
Ehtiyatlı davranaq,
Bu bir təhlükə, qanaq.
Balalarından biri,
Hamıdan canlı, iri,
Dedi:- ana qəm yemə,
Bizə çəkinin demə.
Viran edib evini,
Bu dünyanın divini,
Qaçırdarıq buradan,
O da çıxır aradan.
Siçanın balaları,
Mənzil böyük, gün yarı.
Çalışıb, vuruşdular.
Sanki lap yarışdılar.
Özülü çox ovdular,
Torpağın sovurdular.
Çökdü pişiyin damı,
Qaçdı siçanlar hamı.
***
Pişik evindən çıxdı,
Çaşqın ətrafa baxdı.
Düşündü zəlzələdi,
Bilmədi bu tələdi.
Başın götürüb qaçdı,
Ayrı yerdə yurd açdı.
Siçan və balaları,
Dəf etdilər ah-zarı.
Yaşadılar firavan,
İşləri getdi rəvan…

Belədir dünya işi,
Əzəldən haqq gərdişi,
Səadət birlikdədi.
Sadə ömürlikdədi.
9. 04. 2002

AYI BALASININ HEKAYƏSİ

Deyirlər ki, cüssəli,
Bir az da coşqun, dəli,
Ayı meşəyə yarmış,
Üçcə balası varmış –
Zirək, Dirək və Yüyrək,
Ata, anaya ürək.
Yüyrək bir qədər çılğın,
Yan qoyardı ayağın-
Anasından kənara,
Edərdi günü qara.
Hara gəldi qaçardı,
Ailəyə dərd açardı.
Yüyrək yenə bir səhər,
Dili acı, bir təhər,
Anasına edib ərk,
Eylədi yuvanı tərk.
Mənzil uzun yol uzaq,
Havada çiskin, sazaq.
Bir cığırı göz etdi,
Düşdü izə və getdi.
Yolda onu tutdu sel,
Sanki qanadlı bir yel,
Yüyrəyi aldı qaçdı,
Başına bəla açdı.
Düşdü gur suya Yüyrək,
Puç oldu arzu, dilək.
Qopdu sinəsindən hay,
Özütək batdı haray.
Gur sularda boğuldu,
Qışqırıığı dağıldı –
Gur suların üstünə,
Sellər durdu qəsdinə.
***
Yüyrək səhv addım atdı,
Azğın daşqında batdı.
Eşitmədi anasın,
Sular da qurdu yasın.
Əgər ayı balası,
Olub anaya ası,
Yuvadan getməsəydi,
Yel olub itməsəydi,
Anasıının dadıydı,
Bəxtəvər övladıydı.
Böyüyün sözü uca,
Layiq şərəfə, taca.
Ağ olarsan üzünə,
Bu qayıdar özünə.
09. 04. 2000

LOVĞA XORUZUN HEKAYƏSİ

Bir səhər xoruz qalxdı,
Toyuqlara tərs baxdı.
Dedi:-səbəb yox naza,
Yığılmışam boğaza.
Sizin söz-söhbətiniz,
Hər cürə qiybətiniz,
Canımda hal qoymadı,
Heç qarnınız doymadı.
Bumu həyatın dadı?
Özümə hin tikəcəm,
Yanında bağ əkəcəm.
Hər gün sizi yoxlaram,
Himayəmdə saxlaram.
Toyuqlar ağlaşdılar,
Xoruza bağlaşdılar.
Atıb bizi hin tikmə,
Sinəmizə dağ çəkmə.
Bapbalaca cücələr,
Tək nə edər gecələr?
Ay xoruz imdad elə,
Atma bizi sən belə.
Bizi tülkü aparar,
Hində tufan qoparar.
Biz qalıırıq yiəsiz,
Çökürük qarşında diz.
Xoruz dedi:-bu əmir!
Çıxarmayın səs-səmir.
Mənəm sizin şahınız,
Yerdəki Allahınız.
Qəlbdə toyuqlara kin,
Toyuq tikdi ayrı hin.
Yanında saldı bir bağ,
Və kefi damağı çağ.
***
Xoruzun tək qalması,
Ayrı məkan salması,
Tülküdən yan keçmədi,
Öylə zaman keçmədi,
Gəldi qaranlıq axşam,
Eyləməkçin tülkü şam,
Gözaltda aldı onu,
Çatdı xoruzun sonu.
Hinin ağzında durdu,
Xoruza tələ qurdu.
Qazıdı dərin çala,
Qurdu özünə qala.
Yol açdı hinə tülkü,
Bilmədi qorxu – hürkü.
Tutub xoruzu yedi,
Özünə əhsən dedi.
Xoruzun bu hikkəsi,
Külfətlə mərəkəsi,
Özünü məhv elədi,
Loğvalanmaq belədi.
Dünyada haqq əbədi.
Bu həyatın mə’bədi –
Daim yaxşılıq etmək,
Can deyib, can eşitmək.
10. 04. 2000

CIRCIRAMA İLƏ QURBAĞANIN DOSTLUĞU

Cırcırama bir axşam,
Hələ eyləməmiş şam.
Bir gölün qırağında,
Kefinin xoş çağında,
Vurdu otlara dizin.
Oxudu həzin-həzin,
Göldən çıxan qurbağa,
Baxdı hey sola, sağa.
Görmədi hes bir kəsi,
Çəkdi içə nəfəsi.
Səs yenə də ucaldı,
Qurbağa çaşbaş qaldı.
Dedi:-məntək oxuyan,
Nəfəsi gül qoxuyan,
Yoxdu bu məkanımda,
Bu mənim imkanımda.
Kimdi belə yanımda?
Necə gözəl sədalı?
Həm işvəli, ədalı.
Cırcırama özünü,
O zərifcə üzünü,
Göstərdi qurbağaya,
O qürurlu ağaya.
Dedi:-məni sal saya,
Gəl, tənhayam yet haya.
Tək səninmi səsin var?
Belə xoş nəfəsin var.
Məni Tanrı yaratmış,
Səsimə şəkər qatmış.
İstəyirsən dost olaq,
Birgə ərzə səs salaq.
***
Qurbağa çox şad oldu,
Qəlb evi abad oldu.
Səs-səsə verdi onlar.
Alışdı şövqlə canlar.
Necə artdı həvəslər,
Coşdu eşqlə nəfəslər.
Qurbağa, cırcırama,
Dosluqda yetdi kama,
Birgə oxuyub hər gün,
Saldılar gölə səs, ün.
Əhdi peyman etdilər,
Xoş mərama yetdilər.
Siz də yetişin kama,
Əhdi unutmun amma.
Sözündə düz olanın.
Allah qoruyar canın.
10. 04. 2000

SADƏLÖVH MİLÇƏKLƏ HÖRMÜRÇƏYİN HEKAYƏTİ

Öz torun toxuyub hörmürçək bir gün,
Vurdu yuvasının ağzına düyün.
Sakitcə çəkilib o bir kənara,
Düşündü, sükuta qərq olsun ara.
Səbirlə, təmkinlə ovun gözlədi,
Əlini, üzünü çox təmizlədi.
Birdən uçdu gəldi sadəlövh milçək,
Dayandı yuvanın ağzındaca tək.
Hörmürçək milçəyə dedi:-dost olaq,
İstəsən yuvada biz birgə qalaq.
Təklik sıxır mənim könlümü çox vaxt,
Gəl birgə ömür edib, biz olaq xoşbaxt.
Sədəlövh milçəyin artdı heyrəti,
Dedi:- ey hörmürçək, fikirin qəti?
Hörmürçək dilini salaraq işə,
Dedi:- bu peymana etmə əndişə.
İkimiz bir yerdə yaşasaq yaxşı,
Bu tor evimizin gözəl naxıışı.
Milçək ayağını basdı yuvaya,
Gördü ki, tuş olub naləyə, vaya.
Hörmürçək ovundan gəldi ilhama,
Onun bədənini tez çəkdi kama.
Biçarə milçəyin qəfəsi qaldı,
Hörmürçək milçəyin canını aldı.
***
Namərdin dilinə aldanma heç vaxt,
Aldansan qaraya boyanacaq baxt.
Dünyanın gedişi əzəldən belə,
Sadəlövh bəxtiyar olmayıb hələ…
10. 04. 2000

QARIŞQA İLƏ FİLİN ƏHVALATI

Fil öz sürüsü ilə cəngəliyə şah idi,
Ordakı heyvanlara, sanki bir Allah idi.
Səsi çox qüdrətliydi bütün səhranın zəngi,
O yerlərin sultanı, o yerlərin nəhəngi.
Saymazdı heç bir zaman nə şiri, nə pələngi,
Döyüş vaxtı onlarla qurardı qızğın cəngi.
Fil yenə bir talada arxayın dincəlirdi,
Bu zaman nə isə bir şey qulağını dəlirdi.
Tərpədərək başını fınxırdı ilxısına,
Oynadaraq quyruğun çəkdi bircə an qına.
Birdən lap qulağında qarışqa cilvələndi,
Dedi:-səhralar şahı qəzəblənmisən nədi?
Mən sənin qulağında yatıram neçə vaxtdı,
Qurmuşam nə müddətdi orda üzümə taxtı.
Ən sakit, ən qorxusuz yerdi sənin qulağın,
Yerin verməz dünyada mənə heç barlı bağın.
Fil qalxaraq yerindən ləngər vurdu bircə an,
Qarışqanın sözündən oldu ürəyi büryan.
Dedi:-sənin nə həddin yatdın fil qulağında?
Fərmanımın, hökmümümün bu atəşli çağında.
Qarışqa dedi :-ey fil, çatsa əgər hünərin,
Məzaların içində məzarım olsun dərin.
Ayağın altı mənim varlığıma tikandı,
Qulağının içisə ən sakit bir məkandı.
Nə qarışqa qulaqdan bir ayrı yuva bildi,
Nə də fil qarışqanı qulaqdan qova bildi.
Qarışqa heç bir zaman ayrı yerə getmədi,
Fil ilə qarışqanın mərəkəsi bitmədi.
10. 04. 2000

NƏVƏYLƏ PAXIL PİŞİYİN HEKAYƏSİ

Deyirlər ki, nənənin bir nəvəsi var idi,
Taleyinə bəxtinə, sanki o bahar idi.
Nənə öz nəvəsini candan əziz bilərdi,
Onunla əylənərdi, onunla da gülərdi.
Nə zamandı pişik də evə olmuşdu sakin,
Nənənin sevgisinə onda yaranmışdı kin.
Dadlı yeməklərini nənə nəvəyə verər,
Bu da paxıl pişiyin qollarını lap gərər.
O düşündü, imkanım nə vaxt düşərsə ələ,
Könlüm necə istəyir alaram qisas elə.

Bir fürsət axtarırdı bu qızı cırmaqlasın,
Balaca qızcağazın şad qapısın bağlasın.
Nənənin sinəsini yaxşıca bir dağlasın.
Bu istəkli balaca doyunca qoy ağlasın,
Çünki, o, nəvəsini yedizdirir həmişə,
Mənim də ürəyimdə məskən salıb əndişə.
Ən yaxşı yeməklərə tamarzı qoyur məni.
Elə hey yedizdirir, yedizdirir nəvəni.
Alaram qisasımı sonra çıxıb gedərəm,
Onların ürəyini param-parça edərəm.
Düşünərək yaxşıca elə fürsət aradı,
Xainlərin həmişə qəlbi, fikri qaradı.
***
Bir gün nənə bağçada gülləri sulayırdı,
Birdən qəfil səs onu öz işindən ayırdı.
Qaçdı nənə tez evə görsün nə olub orda?
Gördü qızcağaz yazıq, üzü qan, ahı-zarda.
Pişik cırıb nəvənin üzünü qaçıb getdi,
O yediyi çörəyə yaman xəyanət etdi.
10. 04. 2000

YUVASINI İTİRMİŞ ARI BALASININ HEKAYƏTİ

Bir gün arı balası verdi hamın yuxuya,
Qaçdı ki, özün təkcə gül-çiçəyə toxuya.
Bağların, bağçaların arasıyla uçuşdu,
Sarı kəpənək təki ora-bura qaçışdı.
Yuvaya dönmək üçün gəldi məqam yetişdi,
Arının ürəyinə yaman vəlvələ düşdü,
İtirmişdi arılar yaşadığı o mülkü,
Düşdü canına birdən yamanca qorxu-hürkü.
İnilləyib havada anasını səslədi,
Tapmaqçın pətəkləri yenə ümid bəslədi.
Çırpdı arı balası min yol özün sol, sağa,
Sığındı üşüyərək gülləri açmış bağa.
Nəfəsini dərərək yapışdı çiçəklərə,
Solmuş qanadlarıyla toxundu ləçəklərə.
Şeh düşmüşdü hər yana, sanki yağış yağırdı,
Vücudunu bükərək anasını çağırdı.
Ana arı harayı eşidib uçub gəldi,
Balanın ürəyindən ağrı-acını dəldi.
Addığı səhv adddıma bala arı peşiman,
Utandı anasının gözünə baxan zaman.
Dedi:-bir də, ay ana, çıxmaram heç sözündən,
İcazə ver, qoy öpüm bir doyunca üzündən.
Ana gülüb balasın sıxdı qanadı alta,
Bala arı göz açdı lap təzədən həyata.
10. 04. 2000

DƏCƏL KEÇİNİN YİYƏSİNDƏN KÖTƏK YEMƏSİ

Bir dəcəl keçi vardı,
Bilməz ya qış, bahardı?
Gəzib çəməni, düzü,
Doyanadək o gözü,
Dolaşardı yamacı,
Sanki düzlərin tacı.
Sahibin incidərdi,
Ürəyini didərdi.
Cana yığılan yiyə,
Keçini döyə-döyə,
İp salıb ayağına,
Qatdı öz qabağına.
Keçini çox danladı,
Onu lap yamanladı.
Keçi gələrək dilə,
Söylədi ona belə –
Bilirəm, sahibimsən,
Vəfalı rahibimsən.
Heç kəs gəlməz mənlə tən,
Gəzməsəm ölərəm mən.
Bağ, bostan könlüm içi,
Neyləyim adım keçi?…
10. 04. 2000

MEYMUNLA ZÜRAFƏNİN MACƏRASI

Günlərin bir günündə,
Yaz öz toy-düyünündə.
Dərisi şux qiyafə,
Balaca bir zürafə,
Ayrılıb anasından,
İtdi el sırasından.
Yola düşüb düz getdi,
Dərə, təpə, düz getdi.
Ayrı səhraya çatdı,
Könlünə şadlıq qatdı.
Bu yerin pələngi var,
Fil təki nəhəngi var.
Düşündükcə bunları,
Gəldi qorxu anları.
Titrədi lap qıç-qolu,
Azdı gəldiyi yolu.
Cəngəllikdə vəhşilər
Onu oda düşürər.
Birdən bir budaq üstə,
Gördü meymun ahəsiə,
Yaşıl yarpağı yeyir,
Ağzında nəsə deyir.
Meymun da bu ərəfə,
Gördü gözəl zürafə,
Çox çaşqın baxır ona.
Ürəyi yana-yana,
Meymun dedi:- zürafə,
Xoş gəldin bu tərəfə.
Gəl birləşək bu yerdə,
Düşmə bu qədər dərdə.
Sənin boynun uzundu,
Hər budaq ulduzundu,
Mən də ağac başında,
Budaqların qaşında.
Can deyib can eşidək,
Könlümüzü şad edək.
Mən sənə yarayaram,
Hər yerdə arayaram.
Əl-ələ tutuşdular,
Bu yerdən ötüşdülər.
Çıxdılar uzun yola,
Zürafə dola-dola,
Dedi ki, sən qınama,
Apar məni anama.
Bizimlə birgə qalaq,
Bir yerdə məskən salaq.
Onlar razılaşdılar,
Neçə məkan aşdılar.
Uçdular lap yel kimi,
Çay içində sel kimi.
Üz qoydular bir aya,
Başdan-başa səhraya,
Ülfət düşdü araya.
Meymun ilə zürafə,
Getdilər hər tərəfə.
Sonra böyük talada,
Zürafələr orada-
Sürüylə otlayırdı,
Bir ana da sürüdən
Ah-uf edərək birdən-
Gözərini ayırdı,
Onu ölmüş sayırdı…
Birdən zənn ilə baxdı,
Sinəsin atəş yaxdı!
Gördü gəlir balası,
Unutdu dərdi, yası,
Qaçdı balaya sarı,
Gəldi əhdi-ilqarı.
Gördü meymun yanıda,
Ülfət eşqi canında.
Bu dosluğa şad oldu
Ürəyi abad oldu.
Zürafələr sevindi,
Yer, göy nəş’əylə dindi.
Qovuşdu ana, bala,
Bu dosluq bir mərd qala.
Ürəklərində yandı,
Onlar pozmadı andı.

Biz də əhdə yar olaq,
Dünyaya gülzar olaq.
11. 04. 2000

Paylaş:

üçün 5 cavab

  1. Hey! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my site
    to rank for some targeted keywords but I’m not seeing very good results.

    If you know of any please share. Many thanks! You can read similar blog here:
    Eco blankets

  2. Hello there! Do you know if they make any plugins to assist
    with Search Engine Optimization? I’m trying to get my site to rank
    for some targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Kudos! You can read similar
    art here: Warm blankets

  3. Regardless of the variability, labradorite鈥檚 enchanting colors and scintillating mild show proceed to captivate the hearts of gemstone fans, making it a prized possession for these in search of to harness its healing properties and spiritual significance.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir