
DƏRDƏ QAPI AÇIRAM
Könül qapımı döyən,
Özünü şövqlə öyən,
Mənə sevdadan deyən
Səs tərəfə qaçıram,
Dərdə qapı açıram.
Qapımda duran uca,
Cəftəmi vuran uca,
Halımı soran uca,
Bu sədaya acıram,
Dərdə qapı açıram.
Ehtişamla çağlayır,
Boynumu qucağlayır,
Uşaq təki ağlayır,
Canı necə qaçıram?
Dərdə qapı açıram.
Demə dərd elə canmış,
Mən yananda o yanmış,
Hər ağrıma dayanmış
Qəfəsindən uçuram,
Ona qapı açıram…
04.03.2011
QIŞLA BAHAR DÖYÜŞÜR
Qışla bahar döyüşür,
Düşür araya həşir,
Gah qara bulud gəlir,
Göylərin köksün dəlir.
Gah da gözləri dolur,
Hər biri qədəh olur,
Təşnə göy qəh-qəh çəkir,
Başına bəh-bəh çəkir,
Buludun göz yaşını,
Silkələyir başını,
Bu nə sevda, nə baxış,
Yağır şıdırğı yağış.
Gurşad doyur dayanır,
Yatmış torpaq oyanır,
İslanmış paltarını,
Üs-başında varını,
Silkələyir astaca,
İşdən hali, ustaca
Səmayla pıçıldaşır,
Buludlar dolub daşır,
Yağış qara çevirir,
Yazı taxtdan devirir,
Qış bozardır üzünü,
Tez göstərir özünü.
Bahar qışdan gizlənir,
Göz yaşı dənizlənir.
Bir hönkürtü qoparır,
Yer-göyü su aparır.
Ya xəzri, ya giləvar,
Bir-birin tutub qovar.
Hərdən günəş boylanır,
Bu səs-küydən oylanır.
Göydə, yerdə çarpışma,
Buludlarla qapışma…
Yaz könlünü dillədir,
Qışa əlin yellədir.
Qış da bir az havalı,
Təbiətlə davalı.
Bu il gecikmiş sayaq,
Şaxtası da birsayaq,
Nə ağ kürkü sərməyir,
Nə yaza yer verməyir.
Buludları tovlayır,
Küləkləri qovlayır.
Həm yağış, həm qar edir,
Bu dəli sevda nədir?
Təbiətin sovqatı,
Bihuş edir ovqatı.
05.03.2011
MƏNİ BU TALELƏ TƏK BURAXMAYIN
Dərmasız dərdimə çara demədim,
Mənim deməyimə siz heç baxmayın.
Yaram qan axıtdı yara demədim,
Məni bu talelə tək buraxmayın.
Siz ey varlığımdan xəbər tutanlar,
Dəli harayıma gəlib çatanlar,
İstəklə könlümdə birgə yatanlar,
Məni bu talelə tək buraxmayın.
O ürək ağrısı, o can sovqatı,
Heç zaman düzəlməz daha ovqatı,
Əzabdan əzaba bükülür qatı,
Məni bu talelə tək buraxmayın.
İynə ucu boyda işığı yoxdu,
Onun qəlbim kimi aşığı yoxdu,
Zəhəri udmağa qaşığı yoxdu,
Məni bu talelə tək buraxmayın.
Mən can deyəniyəm, o can alanı,
Nə doğrusu varmış, nə də yalanı,
Bircə ümid imiş olub-qalanı…
Məni bu talelə tək buraxmayın.
Şadiman hicrandan boylanıb baxır,
O nə kürədir ki, yandırıb yaxır,
Yenə göylərində ulduzu axır,
Məni bu talelə tək buraxmayın,
Məni bu talelə tək buraxmayın.
05.03.2011
GƏLİRƏM EŞQƏ SARI EŞQ MƏNƏ
CAN ETMƏDƏDİ
Gəlirəm eşqə sarı eşq mənə can etmədədi,
Dolaşıb qəlb içinə öncə viran etmədədi.
Kirpiyim ah eləyir, gözlərimin yaşı dəniz,
Hər biri can evimə öylə divan etmədədi.
Fırlanıb yan-yörə boylanıram gün sayağı,
Günüm öz naləsini bir neçə an etmədədi.
Ağlayıb sıtğayıram körpəcə bir yavru kimi,
Bəbəyim su ələyir suları qan etmədədi.
Hər kəsin bir canı var haqqa əmənət olalı,
Şadimana bu canı bəs niyə yan etmədədi?
05.03.2011
DÜŞMÜŞƏM BİR DƏLİ SEVDAYA YENƏ
Düşmüşəm bir dəli sevdaya yenə,
Az qalır könlüm evi aha enə.
Dolaşıb cövrü-səfanı gəzirəm,
Yollaşıb cümlə-vəfanı gəzirəm.
Ağladıb eşqə düşən dilləri mən,
Dağladım möhlət üzən illəri mən.
Həm göyü, həm yeri seyir edirəm,
Guya, öz-özümə xeyir edirəm.
Hisslərim canıma dilxoşluq edir,
Elə zənn eyləyirəm xoşluq edir.
Ürəyi əsmə tutub dəli kimi,
Sanki şeytancığazın əli kimi.
Qabarır dərya sayaq eşqə sinə,
Düşmüşəm bir dəli sevdaya yenə.
05.03.2011
BİR İŞIQ İÇİNDƏ YUXU KİMİSƏN
Bir işıq içində yuxu kimisən,
Yuxunun gözlərdən getməyi də var.
Bahar ətri verən qoxu kimisən,
Qoxunun çiçəyi ötməyi də var.
Hicran yelləritək rahiyən şirin,
Huşum yallı gedir, ürəyim dirin,
Mən sənə söyləsəm dərdimin birin,
Dərdin ağrını can etməyi də var.
Bir sevda günəşi şölə içində,
Ruhumun çölləri lalə içində,
Ahımın əzabı ölə içində,
Onun hər müşgülə yetməyi də var.
Mən buludlu göyəm çaxıb keçirəm,
Günəşi yandırıb-yaxıb keçirəm,
Bəxtin ulduzutək axıb keçirəm,
Hər ağrı-acının bitməyi də var.
Şadiman biçarə dəli kimidir,
Baharın divanə yeli kimidir,
Gurşadlı göylərin seli kimidir,
Dolanda buludu ötməyi də var…
05.03.2011
HİCRAN KÜLƏKLƏRİ ƏSİR BAŞIMDA
Hicran küləkləri əsir başımda,
Dolaşır ağrısı bu göz yaşımda.
Alır bəbəkləri bir uyğu kimi,
Ürəyi titrədir xoş duyğu kimi.
Düşüncəm qəlbimə peymana gəlir,\
Soyuq baxışına imana gəlir.
Ağladır içimi dərdə ehtiras,
Qurur ümidimin qapısında yas.
Əlim ətəyimdən yapışıb qalıb,
Həsrətim vüsalla çarpışıb qalıb.
Dilimin cövrünə dözmür səbirim,
Ağlım bilməcədir, hissim qəbirim.
Taleyin atını minib çapıram,
Özümə əzabdan qala yapıram.
Suallar heykəltək durub qarşımda,
Hicran küləkləri əsir başımda.
05.03.2011
SƏN EY TALEYİMDƏN XƏBƏRSİZ GECƏ
Sən ey taleyimdən xəbərsiz gecə,
Zülmətdə taxtını qurmusan necə?
Bax körpə uşaqtək ruhum ağlayır,
Ruhumun içində ahım ağlayır.
Sən də qaranlığa çətir tutmusan,
Ona ürəyində xətir tutmusan.
Bu göy-yer arası tək mən oyağam,
Bir insafın olsun sənə dayağam.
Gəl gözdə ayılan yuxumu ovut,
Dərdimə taxt quran qorxumu ovut.
Bağrımı titrədir bu bilməcələr,
Fırtına içində canmı dincələr?
Pəncərəm önündən susqun baxırsan,
Elə can üzürsən, ürək yaxırsan.
Dişin dodağına sıxılıb qalıb,
Pıçıltın dilinə yaxılıb qalıb.
Can qapısın açan bir ruh kimisən,
Bir az da dalğınsan, ögar kimisən.
Boynunu bükmüsən giley edirsən,
Yenə də könlümü bir ney edirsən,
Səni ürəyimə buraxım necə?
Sən ey taleyimdən xəbərsiz gecə.
05.03.2011
BİZİ BU DƏRD İLƏ BARIŞDIRMAYIN
İnsanda öləri bir məxluqatdır,
Yaşadan-öldürən onu həyatdır,
Ruhun özü sirdir, sirri min qatdır,
Canı həyatıyla yarışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.
Hər ağrı-acıdan keçmək olardı,
Hər zülmü sinədən biçmək olardı,
Zəhəri şərbəttək içmək olardı,
Vətəni bazarla qarışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.
Quş da yuvasının üstünə gəlir,
Dil də duasının üstünə gəlir,
Düşmən yurd-yuvanın qəsdinə gəlir,
İşğalın min üzün araşdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.
Hər şeydən üzünü döndərmək olar,
Başına daş-qaya əndərmək olar,
Yağını ayağa endirmək olar…
Dərdi içimizlə vuruşdurmayın,
Bizi bu dərd ilə barışdırmayın.
Başsız yurdlarımız yavrudu, fələk,
Bu imansız yağı gavurdu, fələk,
Ürəyi sac üstə qovurdu, fələk,
Onu qaysaq ilə sarışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.
Şadiman içindən bağrıqan olub,
Ağlayan göz olub, yanan can olub,
Qarabağ ah edir, ah hicran olub,
Ey bizim dillilər, duruş durmayın,
Bizi bu dərd ilə barışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.
05.03.2011
HƏR KƏSƏ HAQQ EVİNİN
QAPISI AÇILMAYIR HEÇ
Hər kəsə haqq evinin qapısı açılmayır heç,
Boylanan nur günəşi könlünə saçılmayır heç.
Yaradannandı gələn dünyaya həyat işığı,
Zəka aşiqlərinin mətləbi qaçılmayır heç.
Bir çoxu özünü Allahdan uca tutmadadı,
Zərrənin danəsinin varını bar qılmayır heç.
Şadiman, zənn eləmə küfr edənin cəzası yox,
Ki başın fikir odası daimi, uçulmayır heç.
06.03.2011
ÇƏKDİM AHI CANİ-DİLDƏN
AHIM ƏRŞƏ YAYILMAZMI?
(Sözümüzün şahı M.Füzuliyə şikayət)
Çəkdim ahı cani-dildən ahım ərşə yayılmazmı?
Mən bimarı danan dünya, yatmışların ayılmazmı?
Hicranların dəldi-deşdi ürəyimi ağı kimi,
Bu ağının hər şivəni cana günah sayılmazmı?
Sitəmlərdən gözüm doldu göylərinin sularıtək,
Sular içrə batan könlüm dərya tutub oyulmazmı?
Dəli ürək qəfəslərdə bir çırpınan quşcağazdı,
Onun çılğın sədaları yerdə-göydə duyulmazmı?
Haray salıb fəğan etdim bu zamanın əhvalına,
Qətrə-qətrə Nəsimitək dərim ahdan soyulmazmı?
Çox yalvardım əzabıma çarə bulum doğulandan,
Bulunmursa dərdə çarə məgər ondan doyulmazmı?
Şadimanı duyan Babam, qədəm basıb gəlir canım,
Haqq qapına gələnlərin dərgahına qoyulmazmı?
06.03.2011
GƏLİRSƏN ÖYLƏCƏ GƏL,
DÖNMƏ VƏFADAN GERİ YAR
Gəlirsən öyləcə gəl, dönmə vəfadan geri yar,
Gətirib tökmə cana bir belə dərdi-səri yar.
Düşürüb qovğaya bu qəlbimi çıxma aradan,
Şəfəqin günəşə bənzər, saçılır min zəri yar.
Həsrətin yoxdu daha çəkməyə könlüm tabını,
Tökürəm gecəbəgündüz beləcə mən təri yar.
Hicran əzablarının yolları çox daşlı olur,
Bunu bilənləri gör, sormağa gəlmə bəri yar.
Şadimanı özünə sanma ki, biganə olub,
Onun biganəliyin üzünə tutma dəri yar.
07.03.2011
GÖZÜ BULAMASIN KƏDƏR YAŞLARI
Gözü bulamasın kədər yaşları,
Sənsiz dolaşmayım ömrü didərgin.
Qoy sevdalı olsun can sirdaşları,
Həyatı keçirmək olmayır gərgin.
Can deyib eşitmək nə şirin şeydi?
Onun şirinliyi tükənən deyil.
Ürəkdə məhəbbət nəğməli neydi,
bülbül eşqindən heç enən deyil.
Kədəri odlayaq bu yaz günündə,
Küskünlük ağrısın ataq tonqala,
Həyatın sevdalı toy-düyünündə,
Yalnız məhəbbətlər zirvədə qala.
08.03.2011
BİZ MEHRİBAN OLANDA
HƏYAT NƏ YAXŞI OLUR
Biz mehriban olanda həyat nə yaxşı olur,
Xalıtək hisslərimiz dünyanın naxşı olur,
Min cürə diləklərin ürəyə axşı olur,
Ömür də bir fəsilmiş, yaz, yayı, qışı olur.
Bu könül bağçamızda güllər açılır qoşa,
Gəlir könül bülbülü bu sevdadan lap cuşa,
Ürəyim qanadlanır dönür azad bir quşa,
Qanadları yel qovur vurur özün dağ-daşa.
Ağ gəlin libasında saniyələr uçuşurlar,
Gözlərdən nur tökülür duyğular qaçışırlar,
Pıçıltıyla dodaqlar sözlərə acışırlar,
Günəşin telləritək od-alov saçışırlar.
Evimizin içində taxtın qurur səadət,
Eyləyirik anların xoşbəxtliyinə adət,
Duyğunun təmasına edir duyğu ibadət,
Qurduğumuz ocağın atəşinə sədaqət.
Doğulub Yaradanın nurundan sıralandıq,
Atəşimiz sönəndə biz ondan aralandıq,
Vicdan öləziyəndə zəkadan yaralandıq,
Gah tutuşduq sevdaya, gah da ki, paralandıq.
Biz mehriban olanda dünya gözəlləşirmiş,
İstək fəzalarında küdurət əlləşirmiş,
Sevgimizin sarayı qəlbdə təməlləşirmiş,
Könlümüzdən xəbərsiz eşqimiz dilləşirmiş…
08.03.2011
YENƏ COŞDURURSAN DİLƏKLƏRİMİ
Yenə coşdurursan diləklərimi,
Yanan duyğularla sazlanan bahar.
Yellərin oxşayır biləklərimi,
Qollar arasında nazlanan bahar.
Fələk bu sevdaya edib şah səni,
Gözlərim oxşayır hər sabah səni,
Görməsin nə həsrət, nə də ah səni,
Gül-çiçək içində süslənən bahar.
Sən ey sevgilərin uca məbədi,
Səndə coşqunluğun tilsimi nədi?
Bu sirli dünyaya yarsan əbədi,
Uzun qış boyunca suslanan bahar.
Yenə çərşənbələr yol alıb bizə,
Yelləri, suları əllənir düzə,
Uca tonqalların qəlbə od düzə,
Soyuq küləklərlə buzlanan bahar.
İl illə döyüşür, fəsil fəsillə,
Novruz yaddaşımız, gəlir əsillə,
Bu eşqi söyləmək olmayır dillə,
Dilimiz içində duzlanan bahar.
Çılğın bir pəritək daranmısan sən,
Bəlkə ruhumuzla yaranmısan sən,
Allahın carçısı Quranmısan sən?
Ürəyim içində yazlanan bahar.
09.03.2011
İLLƏRİN AĞRISI QALIB CANIMDA
İllərin ağrısı qalıb canımda,
Səni taleyimə yazana şükür.
Eşqi gəzdirirəm can ünvanımda,
Ora girə bilməz nə kin, nə məkir.
Hara gedirəmsə ruhun mənimlə,
Onun havasıyla şəfalanıram.
Dolaşır könlümdə həsrət çənimlə,
Əksin boylandıqca vəfalanıram.
Qəlbimdə sevdalı sevgin dolaşır,
Onun ocağından vüssət alıram.
Xəyal dəryasında hisslərim daşır,
Atəşin içinə düşüb qalıram.
Şükürlər içində bir ürək yaşar,
Onun səadəti odundan bəlli,
Sənin eşqin ilə eşqim dolaşar,
Tutub ətəyimdən ruhunun əli.
18.03.2011
BU ADAM BAZARINDA
İNSANLIĞA ACAM MƏN
Bu adam bazarında insanlığa acam mən,
Haram var bu dünyadan baş götürüb qaçam mən?
Gördüklərim həyatmı sutək ömrə calanıb?
Quş təki canım ola, qanad açım uçam mən.
Bu tapmaca zamanın işığı gözə çatmır,
Bəlkə cahan bir günah, bəndə adlı suçam mən?
Kirin-kirin alışan saatlar gündən qopur,
Ömür ocağı tüstü onu udan bacam mən.
Duyduqlarım əzabım, duymadığım korluğum,
Candan çəkdiklərimə ömrüm boyu bacam, mən.
İçimdən bir ah qopur sancılır can tirinə,
Haqq ətəyindən tutan ucalardan ucam, mən.
Ey Şadiman nədir ki, ürəyini oxlayan,
Ruhum candan aralı, ikisinə ucam mən.
21.03.2011
ÜRƏYİN CAN SİRRİNİ
KİMSƏYƏ AÇMAQ OLMUR
Ürəyin can sirrini kimsəyə açmaq olmur,
Nə də ondan bir addım uzağa qaçmaq olmur.
Sandığında gizləyir hər ağrı, hər acını,
Onun ağrılarıyla şimşəktək saçmaq olmur.
gizlənir sinədə göy güdən günəş təki,
Atəşi can yandırır qapısın açmaq olmur.
Bardaş qurub könüldə duyğunun ağasıtək,
Qanadlanıb əlindən heç yerə uçmaq olmur.
Şadiman biçarənin hər işinə əl qatır,
Nə sinədən qopartmaq, nə onu qucmaq olmur.
21.03.2011
ÜZÜMƏ BAĞLANAN QAPILAR…
Üzümə bağlanan qapılar dilsiz,
Onu bağlayana sözü olmayır.
Nə qədər bu dərdlə tapılar dilsiz,
Qapı bağlayantək üzü olmayır.
Qapı üzündəki dəri utanır,
Onu örtənlərin üstə atdanır,
Dodaqlar diş sıxır, dillər qatdanır,
Astarı gizlədən üzü olmayır.\
Bağlı qapılardan keçmək müşgüldü,
Onu arşınıyla ölçmək müşgüldü,
Onun son ucunu seçmək müşgüldü,
Əyri arayanın düzü olmayır.
Şadiman, gəl süzmə bağlı qapını,
Salma düyünlərə könül sapını,
Sorma kimsələrdən həyat çapını,
Min üzü olanın özü olmayır.
02.04.2011
YENƏ İLAHİNİN GƏLİR İŞIĞI
Yenə İlahinin gəlir işığı,
Günəşin içindən boylanan nurtək.
Ağıla ziya tökür haqqın qaşığı,
Gözdə bardaş qurur, sanki qürurtək.
İdraklar çarpışır dar məkanında,
Hər kəsin həyatı öz imkanında,
Saat əqrəbləri an təkanında,
Ömrün günlərinə balta vururtək.
Zaman minnətçidir insan adına,
Adam adamlığın salmır yadına,
Bir nəzər etməyir yaxın-yadına,
Dünyada əbədi ölmüb dururtək.
Möhlət işığı da bir çırağ kimi,
Çırağın içinə dolan yağ kimi,
Hər insan bostandan qopan tağ kimi,
Xəzanı yetəndə olacaq urtək?
Şadiman İlahi divanəsidir,
Ruhundan boylanan haqqın səsidir,
Dünya Yaradanın zor qəfəsidir,
Gələnə həyatdı, gedənə zurtək.
09.04.2011
GÖZÜMDƏN BOYLANIR GÖZLƏRİN YENƏ
Gözümdən boylanır gözlərin yenə,
İşığı ağlıma salıb aparır.
Alışır atəşlər içində sinə,
Ocaqdan odumu çalıb aparır.
Bu nə səyyarədir, bu nə kəhkəşan,
Gəlib ürəyimi almısan nişan,
Könlünə könlümü kim verib nişan?
Oraya mərəkə salıb aparır.
Bürünüb xəyalın qorxularıma,
Kölgətək sürünür yuxularıma,
Rahiyən ələnir qoxularıma,
Güllərin ətrini alıb aparır.
Şadiman körpəcə uşağa dönüb,
Dərvişi divanə aşığa dönüb,
Gözü zəhər udan qaşığa dönüb,
Ürəkdə nə odu qalıb, aparır…
09.04.2011
MƏNƏ DİVANƏTƏK BAXMA, EY FƏLƏK
Mənə divanətək baxıb, ey fələk,
Bu odu könlümə sən tökmədinmi?
Hissin qılıncını taxıb, ey fələk,
Məni tərəfinə sən çəkmədinmi?
Sinəmdə alışan ocaq çatmısan,
Tutub ürəyimi ora atmısan,
Bütün vücudumu qora qatmısan,
Özün mənlə oda tez çökmədinmi?
Hara gedirəmsə səndən keçirəm,
Sənin arşınınla ömrü ölçürəm,
Hər an dəyişirəm, hər an bir cürəm,
Bu hissin ağacın düz əkmədinmi?
Zamanın dartılan həyat simiyəm,
Gah canın düşməni, gah həkmiyəm,
Mən dəvəsi ölmüş ərəb kimiyəm,
Onun karvanını bir çəkmədinmi?
Kağızlar üstündə göz qaraldıram,
Odum atəş saçır, köz qaraldıram,
Demə, sözüm ölüb üz qaraldıram,
Bu sözün xurcunun sən tikmədinmi?
Şadiman heybətli küləyə bənzər,
Göyləri, yerləri fırlanıb gəzər,
Dünya nərd taxtası, can əlində zər,
Alıb qaytaranda mənə dedinmi?..
09.04.2011
MƏNİM İDRAKIMDAN BOYLANAN CANIM
Mənim idrakımdan boylanan canım,
Ağrıma, ağrını ala bilmirəm.
Söylə, ruh evini mən nə vaxt anım?
Gecəli-gündüzlü qala bilmirəm.
Yorulub, usanıb düşürəm əldən,
Gərək uçuraydın məni təməldən,
Nə səni buraxa bilmirəm əldən,
Nə də ki, simini çala bilmirəm.
Əzabdan o yana yolmu görünür?
Ömrüm ilan təki vaxta sürünür,
Bütün vücuduma kölgən bürünür,
Bir an ondan dala qala bilmirəm.
Ürək də təntiyir nazu-qəmzəndən,
Səni məhzun-məhzun çox süzür gendən,
Sən ona əzizsən Tanrıdan, dindən,
Bəs de necə dözüm hala, bilmirəm.
Elə Şadimana uşaq kimisən,
Hissinə dolanan qurşaq kimisən,
Ağılla ürəyin sevda simisən,
Mən necə gətirim yola bilmirəm.
09.04.2011
MƏNƏ MEYDAN VERİN…
Mənə meydan verin, mikrafon verin…
Səsimlə aləmi dağıdıb töküm.
Deyin kədərlərin siz mənə yerin,
Dişim-dırnağımla bağrını söküm.
Göynəyən yaramı duzla sarıyım,
Qəlbimdən qopanı gəzim, arayım,
Ağrımın dərdiylə qoyun qarıyım,
Olmayın boş yerə siz ona həkim.
Mənə meydan verin, sızıldayır Şərq…
Zaman bir okean, günlər olur qərq,
Vurur saatımız su içində bərq,
Hər damla üstündə durur can çəkim.
Mənə meydan verin, sözlə oynayım,
Yerdə ocaq olum, göydə qaynayım,
Çarpışım, döyüşüm bir dəm aynayım,
Silkinən ruhumu ardımca çəkim.
Mənə meydan verin, məkri olmasın,
Sözümü udmağa fikri olmasın,
Onu ovlamağa zikri olmasın,
Uçum səmasında quştəki səkim…
Şadimana belə ərki etməyin,
Danlağı edəndə bərki etməyin,
Ürəyim doludur sərki etməyin,
Sözün gülzarına gülləri əkim.
11.04.2011
ÖLDÜRÜN, DİRİLDİN MƏNİ ADAMLAR
Öldürün, dirildin məni adamlar,
Ancaq ürəyimi almın əlimdən.
Qalsın kahasında sirr dolu kamlar,
Bir şəffaf bülurtək salmın əlimdən.
Siz mənim könlümdən keçirin qəmi,
Batırın ahımda bütün aləmi,
Qoy özüm eşidim, acı naləmi,
Asın harayımı hər bir telimdən.
Öldürün, dirildin məni yad kimi,
Yarın ürəyimi bir cəllad kimi,
Hər sözüm hayqırsın bir övlad kimi,
Düşməsin fəryadı heç vaxt dilimdən.
11.04.2011
QƏMƏ DÜŞÜB QƏM AĞLAYIR
Dərd verən fələk olurmuş,
Çəkəni ürək olurmuş,
Hər kəsə mələk olurmuş,
Onunçın aləm ağlayır,
Qəmə düşüb qəm ağlayır.
Arzular başa girəndə,
Hər işi əyri görəndə,
Haqqın qolunu gərəndə,
Bəbəklərdə nəm ağlayır,
Qəmə düşüb qəm ağlayır.
Quş yuvasında quşlayır,
Ağrı əzabdan başlayır,
Zalım məzlumu daşlayır,
Özün döyür dəm ağlayır,
Qəmə düşüb qəm ağalyır.
Dünya fırlanır boşuna,
Buraxıb başlı-başına…
Adam dəymir göz yaşına,
Kəsirində kəm ağlayır,
Qəmə düşüb qəm ağlayır.
Şadiman sözə dəlidir,
Başına vuran əlidir,
Hər kəs dilindən bəllidir,
Hər işi sərsəm ağlayır,
Qəmə düşüb qəm ağlayır.
16.04.2011
YOLUM DÜŞDÜ QARABAĞIN ELİNƏ…
Yolum düşdü Qarabağın elinə…
Ağrı gördüm kəndlərində vay kimi.
Ahu-fəqan süzülürdü dilinə,
Əzabları topa batmaz yay kimi.
Ağdamını kölə edib almışlar,
Qollarına qara qandal salmışlar,
Ürəyindən ilan təki çalmışlar,
Gözlərindən yaşı axır çay kimi.
Kənd-kəsəyi əsirliyin içində,
Qan ağlayır qorxu-hürkü içində,
Dilindəki sözlər bürkü içində,
Təndirində alışırdı yay kimi.
Dondurulmuş müharibə qoxusu,
Ərşə qaçıb adamların yuxusu,
Uşaqların gözlərində qorxusu,
Boylanırdı dodaqlarda hay kimi.
Əsgərimiz səngərlərə düzülüb,
Qarabağın daha səbri üzülüb,
Qanı axıb ürəyinə süzülüb,
Bizə baxır işin bilməz zay kimi.
Güllə səsi qulaqları dəng edir,
Haqqımızı boğanları ləng edir,
Dinsiz haylar uşaqla da cəng edir,
Özlərini şərə tutur tay kimi.
Qarabağın bəxti düşüb düyünə,
Ürək qalmıb sinəsində döyünə,
Bu millətdən olan nəylə öyünə?
Tapdalanır yerdə özü tay kimi…
İrəvanın xanlığın yox etdilər,
ellərdə daha haylar bitdilər,
Xankəndinin varlığını diddilər,
Yurdlarımız qoparılır pay kimi…
Əhvalımız düşüb dilə gülməli,
Ya hamımız xilas yolun bilməli,
Ya döyüşüb, ya da dərddən ölməli,
Xıncımlanır torpağımız lay kimi.
Bu Vətənin bir tərəfi əsirdir,
Bir tərəfi bər-bəzəkdir, qəsirdir,
Ağlımızda kökün atan nə sirdir?
Çıxıb batır gecə güdən ay kimi.
Niyə bizim haqqımızı alıblar?
Alıb onu qara günə salıblar,
Min bir yerdən düyün vurub çalıblar,
Bu dünyada sayılırıq say kimi.
Neçə ildi çarpmayırıq nəzərə,
Göz önündə ağlamalı mənzərə,
Belə getsə tökülərik Xəzərə…
Yurd ağzında qalarıq lay-lay kimi…
Şadimanı zəncirləyin sözündən,
Ocaq çatıb tonqal tutun közündən,
Sorun dərdi bu Vətənin özündən,
Nə qalacaq yurda haqqı-say kimi?!..
16.04.2011
BU NƏ GÜLÜŞ GÖZLƏRİNDƏ GÖRÜNDÜ
Bu nə gülüş gözlərində göründü,
Göz yiyəsi, gülüşlərin var olsun.
Baxışlarım bəbəyinə süründü,
Gözün gözlə görüşləri var olsun.
Səadətdən çiçəkləyir diləyim,
Bu sevdaya ürəkləyir diləyim,
Gəl, rəssam baxışlara rəng deyim,
Tablosuna çəkdikləri yar olsun.
Məhəbbətin əzabı da şirindi,
Hər əzabın içində can göründü,
Şadiman ki, elə sənin dirindi,
Qışqırımmı bu aləmə car olsun?
16.04.2011
YENƏ ƏSİR DAĞLARINDA YELLƏRİN
Yenə əsir dağlarında yellərin,
Bahar, sənin küləklərin xoş gəlib.
Tuti kimi oxur bülbül dillərin,
Buludların gözlərinə yaş gəlib.
Vurur özün dağa, daşa dumanlar,
Yaşıl xalı geyinibdi ummanlar,
Yallı gedir yaz həsrətli zamanlar,
Eyvanlara qaranquştək quş gəlib.
Kol dibindən bənövşələr süslənir,
Turacların, kəkliklərin səslənir,
Ürəklərdə sevdaların bəslənir,
Dil tərpənir, dodaqlara cuş gəlib.
Əhvalımı cilovlayır baxışın,
Alıb könlü göyə çıxır yağışın,
Əritmisən soyuğunu sərt qışın,
Yuxum qaçıb, baş ayılıb, huş gəlib.
Dəli-dolu sellər kimi kükrəyən,
Ruhu-canı sevdasıyla təkləyən,
Şadimanın damağını kökləyən,
İştahını əzizləyən nuş gəlib.
16.04.2011
YUXUM QAÇIB, YENƏ/ AĞLIM HAVALI
Yuxum qaçıb, ağlım olub havalı,
Dəyişibdi ürəyimin əhvalı,
Yenə verir yerə, göyə sualı,
Fikirlə mən öcəşirik özümlə,
Oynaşırıq uşaq kimi sözümlə.
Gecə içrə hamı yatıb, mən oyaq,
Könül deyir, gəl sükutu bir duyaq,
Ocaq çatıb ağlımıza od qoyaq,
Bu minvalla dilləşirik közümlə,
Oynaşırıq uşaq kimi sözümlə.
Qəlb ayaqda, ağıl bizdən yuxarı,
Düşünürük hara gedir axarı?
Soba sönüb, soyuyubdu buxarı,
Əlləşirik dərdi çəkən dözümlə,
Oynaşırıq uşaq kimi sözümlə.
Dünya elə nərdivandı pilləsi,
Dırmaşırıq üzə dəyir silləsi,
Qurğuşunla əlçimlənir gülləsi,
Ömrü boyu savaş edir bizimlə,
Oynaşırıq uşaq kimi sözümlə.
17.04.2011
HİYLƏYƏ BATIBDI ADAM BAZARI
Hiyləyə batıbdı adam bazarı,
Sağalan deyildir vicdan azarı,
Sağ ikən ağlına gəlməz məzarı,
Özünü Allahdan yuxarı sanır,
Hər işi ağlının axarı sanır.
Ölüb getmişlərin sayı bilinmir,
Göylərə sancılmış vayı bilinmir,
Harayı bilinmir, hayı bilinmir,
Haramı gündəlik çıxarı sanır,
Hər işi ağlının axarı sanır.
Ömrü zaman üstə durur çağ kimi,
Anlamır solacaq bir gün bağ kimi,
Dünyanı yandırır bir ocaq kimi,
Dərdini əridən buxarı sanır,
Hər işi ağlının axarı sanır.
Bu adam bazarı heç azalmayır,
Ağlının içinə həya salmayır,
Bir an pisliyindən dala qalmayır,
Cahanı özünün ovxarı sanır,
Hər işi ağlının axarı sanır.
Daha Allahın da üzü qalmayıb,
Ona deyiləsi sözü qalmayıb,
Nə qədər bədəndən canın almayıb,
Bütün kainatı yıxarı sanır,
Hər işi ağlının axarı sanır.
Şadiman, İlahi sönməyən nurdu,
Yolundan azanı şimşəktək vurdu,
Hamı öz kefində nə vurhavurdu?
Aləmi yandırıb-yaxarı sanır…
Hər işi ağlının axarı sanır.
17.04.2011
MƏNƏ PİNƏÇİLİK EYLƏMƏ ÜRƏK
Mənə pinəçilik eyləmə ürək,
Özüm öz yarama tikiş salaram.
Dərdini aşiqtək söyləmə ürək,
Məcnun sorağını hardan alaram?
Sənin uşaqlığın məni ağrıdır,
İçimdə hayqıran dərdi bağırdır,
Gələn zavalına dözmək ağırdır,
Mən bu müsibətlə necə qalaram?
İlantək qıvrılır yollar ayrıcı,
Üyüdür vaxtımı, verməyir bacı,
Keçir saatlarım gah şad, gah acı,
Düşüb xəyalların içrə dalaram.
Bilirsən yaşamım əlindən keçir,
Ömrümün hər anı telindən keçir,
Ölümüm, qalımım dilindən keçir,
Sızlama xəzantək düşüb solaram.
17.04.2011
AY ADAMLAR, QINAMAYIN SİZ MƏNİ
Ay adamlar, qınamayın siz məni,
Şirin dilə, şirin sözə möhtacam.
Qəlbim, ruhum ağrıların mədəni,
Gülə dünya, gülüşünə mən acam.
Ölkələrdə ölüm, qırğın səngimir,
Yamanlıqçın heç bir əməl ləngimir,
Qəlbə girən şər nəfəsi təngimir,
Qapanıbdı aləmlərə haqq bacam.
Bu nə dünya, içində qan qoxuyur,
Bəndə əhli hiylə toru toxuyur,
Hərə bir cür öz yazdığın oxuyur…
Bəs hardasan özün göstər, ey Ucam?
Ay adamlar, yanan könül şam içi,
Dünya sərxoş, insanları kam içi,
Bilən bilir, ahu-fəqan dam içi,
Can qovrulur ürək üstə, mən sacam.
Dilimizi yalan, hiylə bürüyür,
Tamahımız yıxıb bizi sürüyür,
Sözümüz də ağlımıztək çürüyür,
Ağı deyir həm mübtədam, həm hecam.
Ey Şadiman, hara gəlib gedirik?
Biz sağ ikən bir-birini güdürük,
Özlüyündə zənn edirik bir dürük,
Dür də başa bəla, onu nə qucam?!
19.04.2011
QARA FİKİRLƏR OLMASA…
Qara fikirlər olmasa…
Heç ürəklərə dolmasa,
Ağıla zəfər çalmasa,
Adamlar olar silahsız,
Dünya sayılar günahsız.
Gəlməsə başdan sorağı,
Sönməsə haqqın çırağı,
Paslanar qırğın yarağı,
Qalar gecəsi sabahsız,
Dünya sayılar günahsız.
Qara fikirlər dağılsa,
Şərin evinə yığılsa,
Haqqını qucan ağılsa,
Özünü görməz Allahsız,
Dünya sayılar günahsız.
Körpə gözləri güləndə,
Aləm sevincə gələndə,
Şər pisliyindən öləndə,
Ömürdən keçər gün ahsız,
Dünya sayılar günahsız.
22.04.2011
EY MAĞARALAR İNSANI
Ey mağaralar insanı,
Tökəydi göyün leysanı,
Verəydi qandan ehsanı,
Yox olaydı daş silahın,
Olmazdı indi günahın.
Səndən başladı qan-qada,
Silaha sevgi dünyada,
Daşlaşaydın daş qayada,
Olubdu şərə ram huşun,
Ağlına hakim qurğuşun.
Odu tapanda yanaydın,
Düşüb şaxtaya donaydın,
Nə etdiyini qanaydın,
Şərə quraydın edamı,
Ey mağaralar adamı.
Ruhundan çıxdı şər-xəta,
Qırğını saldı həyata,
Nəyi verdin kainata?
Toplardan savaş doğuldu,
Cahan qanlarda boğuldu.
Mağaraların bataydı,
Çöküb başına yataydı,
Səni məzara tutaydı,
Bu günə həsrət olaydın,
Torpaqlar içrə qalaydın.
Öncə duruşu öyrəndin,
Sonra vuruşu öyrəndin,
Qəpik-quruşu öyrəndin,
Ağlında bitdi hərislik,
Başdan getmədi heç pislik.
Öz qardaşına ox atdın?
Qanla yer-göyü çalxatdın,
Ərşi tağından laxlatdın,
Güllələr bənzər yağışa,
Özün dönmüsən qarğışa.
Heç nəyə yoxdu inamın,
Dinlərə çatmır imanın,
Dilində dona fərmanın,
Ağlına köçüb daş guşə,
Hiylələrinə daş düşə.
Başda mağara yürüşün,
Dəyişməyibdi yerişin,
Cəncəl-xatadı hər işin…
Heç qurtarmadın bölümü,
Taxta oturtdun ölümü.
Daş ağlındanmı savaşın?
Qandanmı çıxır daş-başın?
Harda cızılır başdaşın?
Dəfn eləyəydin ehkamı,
Özün ağlının nakamı.
Odu tapanda yanaydın,
Düşüb şaxtaya donaydın,
Nə etdiyini qanaydın,
Başına çöküb şər damı,
Ey mağaralar adamı…
22.04.2011
ÖMRÜMƏ YAĞAN YAĞIŞ
Ömrümə yağan yağış,
Canımda doğan yağış,
Vücudumda sel yarat,
Ruhumu oraya at.
Qoy çırpınsın quş kimi,
Cəlsin başa huş kimi.
Yusun qəlbdən qəmimi,
Bu sevda aləmimi,
Əlvan tüllərə tutsun,
Dərdi biryol unutsun.
Ondan gəlir həyatım,
Büdrəməsin can atım,
Çapsın dərəni, düzü,
Ram eləsin gündüzü.
Bağımın bağbanı ol,
Damarımın qanı ol,
Ürəyimə qida et,
Ya ona əlvida et.
Gəlib dumanı ovla,
Onu qapımdan qovla.
Başın atıb yatsın qış,
Ömrümə yağan yağış.
23.04.2011
ÇATLAYIR BAĞIRI DOLAN BULUDUN
Çatlayır bağırı dolan buludun,
Şimşəyin atəşin dadmaq istəyir.
Sanıcısı canında qalan buludun,
Göylər ağrısını udmaq istəyir.
Bir şaqqıltı qopur səma üzündə,
Gurşadlar püskürür yerlərə sarı.
Ətəklər islanır titrək dizində,
Qurulub dumanın qara hasarı.
Yağış damlaları boyunbağıtək,
Göylərdən yerlərə mirvari düzüb.
Yerlər gülmüsünür sevda bağıtək,
Sanki ürəyini bir möhnət üzüb.
Gurşad hicran dolu mahnı oxuyur,
Damlalar piano dilləri təki.
Özünü divara, daşa toxuyur,
Titrək sevgilinin əlləri təki.
Buludlar toqquşur, şimşəklər çaxır,
Yarından həsrətli iki sevəntək.
Alışan könüldür, ürəyi yaxır,
Dodaqlar tərpəşib, dillər dinəntək.
Üst-başım islanıb, kipriyim yaşdı,
Buludlar ələyir yağışı göydən.
Sanki sərxoşluğu keçən əyyaşdı,
Boylanır şimşəyin baxışı göydən.
Çətiri tuturam başıma sarı,
Külək fırlanaraq burur əlimdən,
Özümü sıxıram bir küncə barı,
Gücünü toplayıb vurur əlimdən.
Qoşulub küləyə çətirim uçur,
Yağış damlaları oxşayır onu,
Nazlı bir pəritək boynunu qucur,
Yazıq əllərimə yox sayır onu…
Çatlayır bağırı dolan buludun,
Şimşəyin atəşin dadmaq istəyir.
Sancısı canında qalan buludun,
Göylər ağrısını udmaq istəyir.
23.04.2011.
QƏLBİMDƏN YUXARI HƏSRƏTİN BAXIR
Qəlbimdən yuxarı həsrətin baxır,
Qəlbimdən aşağı canım ovlanır.
Gözümün içindən surətin baxır,
Elə bu surətə ağlım tovlanır.
Susqun dodaqların nazlayır şərqi,
İncə təmasına sözlər oynayır.
Baxışın olarmış baxışa qərqi…
Dərin dəryasından gözlər oynayır.
İltifat eyləsən qəlbi açaram,
Orda fəqanım da, həsrətim də var.
Ürək qapısını gəlib açaram,
Mənə söyləmə ki, dərdi dərd yuvar…
23.04.2011
ÇALXALANIR DAĞLAR, DÜZLƏR
BAHARIN XOŞ TƏMASINDAN
Çalxalanır dağlar, düzlər baharın xoş təmasından,
Yerdə həyat, göydə ülfət sevdalıtək baxışırlar.
Nur tökülür üz-gözümə İlahinin səmasından,
Ağ paltarlı buludlar da ənginliyə axışırlar.
Kol dibində bənövşələr əsim-əsim əsir hələ,
Külək bütün cəhətləri dövrə vurur rəqqastəki.
Qarışqalar yükün yığır yorulmadan incə belə,
Torpaq basıb nemətlərin can içinə qəvvastəki.
Günəş gümüş şəfəqlərin ağ buludlar üstə sərib,
Buludların arasından gülmüsünür üzə bəzən.
Civildəyir bala quşlar yuvalardan qərib-qərib,
Cəhrəsində ot əyirir gecə-gündüz dərə, düzən.
Ağacların budaqları yaşıl-yaşıl çətir tutub,
Tumurcuqlar şeh içindən parıldayır ışım-ışım.
Şükür uca Tanrı hələ insanlığa xətir tutub,
Çöküb bahar ayağına ürəyimdə donan qışım…
Vətən güldür, gülüstandır, seyrinə çıx mehman olan,
Çaylarında bəstəkarın yazılmayan zümzüməsi.
Ala gözlü sabahlardır şəbnəmlərə mehrin salan,
Nə şirindir səhərlərin təbiətə can deməsi…
Ey Şadiman, gözəl bahar fəsillərin sonasıdır,
Yaşıl donu əsəblərə sığal çəkir dərman kimi.
Günəş hələ rəhm eləyib göy içindən yanasıdır,
İnsanlığa varmı görən haqdan gələn peyman kimi?!..
24. 04. 2011
LƏYAQƏT SATILMIR PULLA, PARAYLA
Ləyaqət satılmır pulla, parayla,
qanda, ürəkdə, canda olmasa.
Onun parıltısı gəlməz sarayla,
Dünya laxlayacaq zəfər çalmasa.
Mənəvi ucalıq insana gücdü,
Onun ətəyindən tutanlar bilir.
Mənəvi kasadlıq qəlbə ülgücdü,
Qanına şərabtək qatanlar bilir.
Halaldan qaçanlar harama quldu,
İlahi sevgini içdə görməyir.
Haramzadaların hünəri puldu,
Çirkin addımını suçda görməyir.
Yolu yoxuş olur mənəviyyatın,
Hər adam yoxuşu çıxa bilməyir.
Əzabı sonsuzdur təmiz həyatın,
Hər kəs öz şeytanın yıxa bilməyir.
Təmizlik eşqiylə coşub-daşanlar,
Allah mərtəbəsin ucada gördü.
Çirkin əməllərlə pıçıldaşanlar,
Haqqın harayını bacada gördü…
Özünü şir sandı, ömrü əbədi,
Cahana dar gözlə baxdı beləcə.
Zənn etdi dilinin əmri əbədi,
Zaman onu yerə qaxdı beləcə.
Hər qələm götürən, hər kitab yazan,
Mənəvi dünyaya tay tutulmayır.
Elə zənn etməsin yolunu azan,
Onun əməlinə vay tutulmayır…
25.04.2011
CAN MƏKANI-DÜNYA ÖZÜ BİR YOLÇU
Can məkanı-dünya özü bir yolçu,
Hardan gəlib, hara gedir bilən yox.
Boynundakı adam adlı dərd suçu,
Gedən gedir, gedən yerdən gələn yox.
Çox fırlanır öz oxunun başına,
Ələnibdi sümüyümüz daşına,
Dəryaları köçübdü göz yaşına,
Sinəsindən qəm püskürür dələn yox.
Hiyləsindən dönməyəni çoxalıb,
Lovğalıqdan enməyəni çoxalıb,
Hər əzaba dözən qəlbi yuxalıb,
Ağrısını, acısını bölən yox.
Cavanını tabutlayır qocası,
Əskiyinin ayağında ucası,
Qalmıb haqqa əllərini açası,
Könül verib heç dərdindən ölən yox.
yol gedir bizimlə bir sırada,
Sevinc payın paylaşır da arada,
Əsəbləşib vurur bizə yara da,
Nəşə anla, ömrü boyu gülən yox…
Ey Şadiman, yerin artıb nifrəti,
Qan rənginə boyanıbdı sifəti,
Min illərdi incidirik afəti,
Ağladanda göz yaşını silən yox.
26.04.2011
AXIR VAXTLAR ARTIB QƏFİL ÖLÜMLƏR
Axır vaxtlar artıb qəfil ölümlər,
Bu dünyanın havası da çatmayır.
Ağrı qəlbi dilim-dilim dilimlər,
Ona daha dava-dərman batmayır.
Ölüm yaman cin atına minibdi,
Haqqın bizdən tamam üzü dönübdü,
Günəşin də üzü bizdən çönübdü,
İstiliyi canımızı tutmayır.
Hamı Allah sevdasıyla gurlayır,
Bu sevdaya düşəni haqq gorlayır,
Yalan dili, dil yalanı zorlayır,
Heç kəs rahat başın atıb yatmayır.
Şər toxumu səpilibdi dünyaya,
Bürünübdü bəndə əhli riyaya,
Dünən olan bugün dönür röyaya,
Dünya bezib, adam başı qatmayır.
Biz hələ də fil qulağın xoşlarıq,
Dəli-dolu xəyallarla huşlarıq,
Fürsət düşdü bir-birini daşlarıq,
Hardan bilək daş da başa atmayır?!
Rəbbə daha xoş getməyir nağılmız,
Yer piltəsin silkələyir çuğulmuz,
Ey Şadiman, anlamayır ağılmız,
Aləm indi bu gedişlə tutmayır.
26.04.2011
ƏRƏB ÖDKƏLƏRİ QALXIB AYAĞA
Ərəb ölkələri qalxıb ayağa,
Qızmış üsyanını ərzə faş edir.
Çalxanan dunyada bənzər mayağa,
Tapdanan haqqını gözə yaş edir.
Livyanın, Suriyanın, Yəmənin sözü,
Püskürdür qəlblərdən kül altda közü,
Qəmlərdən boylanır müsəlman üzü,
Ürəyi odlayır, əqli çaş edir.
Misir taxt maraqlı Mübarəklərin,
Livya Qəddafitək dəyənəklərin,
Xalqla mazağların, şit hənəklərin,
Əzabı dünyanı lap çaş-baş edir.
Şərqin şah sevdası niyə bitməyir?
Hakimlik ədası başdan getməyir,
Düşüb ayaqlara yerdə itməyir,
Min illər bu eşqi lap sirdaş edir.
Niyə Şərq əzilir ayaqlar altda?
Nəyi çatışmayır mənəviyyatda?
Qalıbdı varlığı lap batabatda,
Biyabırçılığı gözə qaş edir.
Vara dəyişiblər Allah eşqini,
Millətlə edirlər güllə məşqini,
Hanı harınların imanı, dini?..
Taxdığı üzüyə onu qaş edir.
Mərami puç olan Qəddafilər var,
Xalqına eşq edən pak sufilər var,
Ədalət yolunda hurufilər var…
Ona ediləni başabaş edir…
Bəs niyə Avropa haqqı girləyir?
Xeyri ələ alıb məkri kürləyir,
Əlinə keçəni tez məngirləyir,
Dünyanı əqlinə bir yoldaş edir.
Ərəb ölkələrin şər ələ salır,
Onlar da şər cana vəlvələ salır,
Haryı aləmə zəlzələ salır,
Məsləkin özünə bir qardaş edir.
26.04.2011
GÜNƏŞİSEVƏRLƏR DEYİLLƏR SƏNƏ
(Zəhmətiylə daim fəlakəti üstələyib işıq kimi
parlayan yapon xalqına)
Günəşisevərlər deyillər sənə,
Bütün nəcibliyi öyüllər sənə,
Vallah, düzlükdə tay deyillər sənə,
Dərdə yük çəkməyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı.
Vardır hər millətin böyük cəfası,
Səndə şüurludur insan vəfası,
Həyatı məntiqli, dolu qafası,
Dəhşətə çökməyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı.
Nəhrlər titrədi ac canavartək,
Aldı cəhənginə yurdu ovartək,
Neçə şəhərini satıb-sovartək,
Bu dərddən hürkmüyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı,
Dünyanı çalxatdın məşəqqətinlə,
Ağrını oxşadın şəfaqətinlə,
Ərzə heyrət etdin sədaqətinlə,
Qəmiylə səkmiyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı.
Zəlzələ oynatdı yurdunu yerdən,
Tərpədə bilmədi qurdunu yerdən,
Fəlakət qorxusun şumlayıb dən-dən
Qəlbinə əkməyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı.
Sunami yurdunu çatdı okeana,
Minlərlə insanı atdı okeana,
Fəryadı, vəhşəti batdı okeana…
Belini bükməyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı.
Dünyada bir kimsə bilmir sonunu,
Zamana bağlanmış ömür anını,
Sirli təbiətin vəhşət donunu
Əyninə tikməyən, ey yapon xalqı,
Göy yaşı tökməyən, ey yapon xalqı.
Qurduğun ocaqda alışır közün,
Kimsə ayağına düşməyir sözün,
Vaxt gələr yenə də qalxarsan özün…
Günəşə baş əyən, ey yapon xalqı,
Göz yaşı tökməyən, ey yapon xalqı.
26.04.2011
YENƏ ÜRƏYİMƏ MÖHNƏT ÇATMISAN
Yenə ürəyimə möhnət çatmısan,
Bu eşqlə haraya gedirsən, ey dost.
Könlümdə nəşəylə dərd qaynatmısan,
Yamanca təcürbə edirsən, ey dost.
Hicran əzabının üzü qaradır,
Könül ümidləri haqq-ilqaradır,
Ürəyin içində sağ yer haradır?
Onu yükləməkçin güdürsən, ey dost.
Ruhum can hayında-yol ayrıcında,
Ömrün çəkişməsi anlar ucunda,
Hərə öz ağlının sərsəm bacında,
Bacların içində lap dürsən, ey dost.
İnsan əməliylə canlar çəkişir,
Zaman cədvəlindən vaxtların düşür,
Fikir çovğununda sözlər sürüşür,
Onu dil ucundan tez sürsən, ey dost.
Mən də hicranımın dustağıyam bil,
Qəlbimin dilimə gözdağıyam bil,
Ağlım hönkürəndə bir ağıyam bil,
Dadıma yetəndə qədirsən, ey dost.
Əzəldən taleyim bir bilməcədir,
Həyat çarpışmadır, ömür incədir,
Məndən soruşma ki, halın necədir?!
Halıma minnətçi xətirsən, ey dost.
Şadiman əzabla çarpışmadadı,
Başının düşdüyü tənha adadı,
Ordan əsən külək cana qadadı,
Əsən küləklərlə sən birsən, ey dost.
30.04.2011
QAPIMA DÜŞMÜRSƏN MÖHLƏT AÇARI
Qapıma düşmürsən möhlət açarı,
Bəs bağlı qapıdan necə çıxım mən?
Əqrəblər qəfəsdən quştək uçarı,
Ömür gedən yola hardan baxım mən?
Baş öz əzabına dolaşıb qalıb,
Onu canı bilib yollaşıb qalıb,
Fikirlər ağrıya bulaşıb qalıb,
Onları könlümə nə buraxım mən?
Xəyalım özünə munis axtarır,
Məftunu olduğu pak hiss axtarır,
Bəzən ürəyimi çox pis axtarır,
Onun qurduğunu niyə yıxım mən?
Qəlbim titrəmədə, ağlım təlaşda,
Açarsız qıfılda qaldım bu yaşda,
Qapı arxasında çatlardı daş da,
Daş olan baxtımı nəylə sıxım mən?
Zamanın zənciri kürəyə vurur,
Yerin titrəməsi dirəyə vurur,
Başın işləməsi ürəyə vurur,
Onun əleyhinə necə çıxım mən?!
İncitmə könlümü möhlət açarı,
Şadiman güllərdə dolaşan arı,
Tikanlar içində ömürü yarı,
Həyat tapmacadır, şirin yuxum mən.
30.04.2011
MƏNİ İNCİTMƏYƏ FÜRSƏT GƏZİRSƏN
Başım bilməcədir, ağlım tapmaca,
Sənin çıxdığın dam ağlımdan uca,
Hünərim çatmayır əllərim quca,
Can, göylər içində sürət gəzirsən,
Məni incitməyə fürsət gəzirsən.
Uçursan bədəndən gündə yüz kərə,
Gurşadları boğur düşdüyüm dərə,
Bir bənzərin vardır parlayan zərə,
Mələklər qismində surət gəzirsən,
Məni incitməyə fürsət gəzirsən.
Hesabın çəkməyə iqtidarım yox,
Səntəki dəfinəm, dürlü varım yox,
Səndən də sevdalı vəfadarım yox,
Vəfanı üzməyə möhlət gəzirsən,
Məni incitməyə fürsət gəzirsən.
Can, niyə ürəklə güləş edirsən?
Onu öldürməkçin lap qəş edirsən,
Yandırıb içini küləş edirsən,
Küləşin içində nemət gəzirsən,
Məni incitməyə fürsət gəzirsən.
Elə kəc baxırsan bu Şadimana,
Onu tuş etmisən dava-dərmana,
Bənzədib tənini solğun samana,
Sanki çürütməyə illət gəzirsən,
Məni incitməyə fürsət gəzirsən.
30.04.2011
DƏRDİMİ ÇƏKİRƏM DƏRMANƏ SARI
Dərdimi çəkirəm dərmanə sarı,
da qaçıb gedir fərmanə sarı,
Elə yönəldirəm səhmanə sarı,
Bu yöndən o yana yol görünməyir,
Bağrına basmağa qol görünməyir.
06.05.2011
QUŞLAR CƏH-CƏH VURUR, SABAH AÇILIR
Quşlar cəh-cəh vurur, sabah açılır,
Yeni bir gün doğur taleyimizə.
Sanki cəh-cəhlərdən həyat saçılır,
Zaman diktə edir anları bizə.
Gün doğur səmanın ənginliyində,
Hər şəfəq içindən bir göz parlayır.
Uca kainatın zənginliyində,
Mirvari şəbnəmlər zümrüdü sayır.
Yuvalar içində bala səsləri,
Ana civiltisin laylası sanır.
Bahara öyrəncli xoş nəfəsləri,
Sübhün ürəyinin içində yanır.
Ağaclar titrəşir sərin mehlərdən,
Səhərin gözləri xumar içində.
Otlar bükülübdü bülur şehlərdən,
Bütün bağça-bağat tumar içində.
Gecənin üzünü ağardır nurlar,
Təbiət ağ donlu libasın geyir.
Göylərin üzündən yağır qürurlar,
Zülmət qulağına get sözün deyir.
Səhərin gəlişi həyata işıq,
Bu işıq içində ömürlər doğur.
Anlar cilalanır insanqarışıq,
Sübhün barmaqları zülməti boğur.
06.05.2011
KİM KƏSİBDİ BU AĞACIN BAŞINI?
Budaqları əyilibdi köksünə,
Kəc baxılıb boy-buxuna, əksinə,
Hansı nadan çıxdı onun əksinə?
Yer də udmur puçur-puçur yaşını,
Kim kəsibdi bu ağacın başını?
Yarpaqları tökülübdü ətəyə,
Sanki dönüb öz canına kötəyə,
Bənzəri var sızıldayavn tütəyə,
Təyin edin gövdəsindən yaşını,
Kim kəsibdi bu ağacın başını?
Bəbəyində ovxalanır ağrısı,
Naşı imiş təbiətin oğrusu,
Baş açmıram qəddarından doğrusu,
Uçurubdu binəsindən daşını,
Kim kəsibdi bu ağacın başını?
Dünən hələ yarpaqları tac idi,
Günəş udan budaqlara sac idi,
Salxımları sevdasına ac idi,
Sanki ahı qarqışlayır naşını,
Kim kəsibdi bu ağacın başını?
Yetim-yetim budaqları sallanır,
Dünən vardı, bugün adı hallanır,
Öldürdülər, məzarına yollanır,
Zəhər ilə qaynadıblar aşını,
Kim kəsibdi bu ağacın başını.
Hamı onun kölgəsindən keçərdi,
Ot-əncərlər şəbnəmindən içərdi,
Balta alıb onu vuran nə çərdi,
Gözün ovub, çapıbdılar qaşını,
Kim kəsibdi bu ağacın başını?
Dili yoxdu harayına çağırsın,
Səsi yoxdu pələng təki bağırsın,
Əqli yoxdu adam kimi çığırsın,
Baharına bələyibdi qışını,
Kim kəsibdi bu ağacın başını.
06.05.2011
MƏNİM MƏZARIMI QAZIYIN UZUN
Mənim məzarımı qazıyın uzun,
İçinə ömrümün taxtını qoyun.
Ağrımı-acımı üstünə düzün,
Ən dərin yerinə baxtımı qoyun.
Ağladıb-güldürən saatlarımı,
Əzabdan sonrakı busatlarımı,
Göylər şaqqıldadan heyhatlarımı,
Onları çağladan vaxtımı qoyun.
Doğumla ölümün yarısındakı,
Ürəyin sızlayan yarasındakı,
Varlıqla yoxluğun arasındakı
Başda tük ürpədən yoxdumu qoyun.
Mənim məzarıma yer aramayın,
Onu saxlamağa tir aramayın,
Ahıma bükməyə sirr aramayın,
Haqq təsdiq eləyən aktımı qoyun.
09.05.2011
MİN BİR NÖVDƏ İMİŞ İNSANLAR DEMƏ
Min bir növdə imiş insanlar demə,
Bir növü dünyanı bölməyə gəlir.
İblistək güc edir gözlərdə nəmə,
Tökdüyü qanlara gülməyə gəlir.
Bir növü doğumla ölümə açar,
Anadan olandan ağrıya düçar,
Elə ömrü boyu haqqa əl açar,
Sanki doğulan gün ölməyə gəlir.
Bir növü haqqına eyləyir səcdə,
Allahdan kimsəni görməyir gücdə,
Gözündə kamildir aqil də, bicdə,
Tanrı böyüklüyün bilməyə gəlir.
Bir növü ağrıya çuğlanıb qalır,
Özgə dərdlərinə bağlanıb qalır,
Əzabın özünə dağlanıb qalır,
Axan göz yaşların silməyə gəlir.
Beləcə dünyada növbənöv insan,
Heç işin qulpundan yapışmaz asan,
Ağlı baş içində qaynayan qazan,
Hissə qul ürəyin dəlməyə gəlir.
Şadiman, canına ağrı nə fayda,
Kainat sirr dolu riyazi qayda,
Bilmir ki, doğulan fani dünyada,
Haqqın qapısına gəlməyə gəlir…
09.05.2011
İÇİMDƏN HAYQIRAN AĞRI-ACILAR
İçimdən hayqıran ağrı-acılar.
Mənim dərdlərimə saray kimidir,
Dilimdən göylərə səda açılar,
Açılan sədalar haray kimidir.
Bir kimsə bilməyir nədir qüssələr,
Ömrüm parça-parça, ömrüm hissələr,
Vaxtın ocağında anlar his elər,
Tüstüsü dodaqda ah-vay kimidir.
Mənim də bəbəkdə buludum ağlar,
Bağrıma köklənən can udum ağlar,
Ruhum için çəkər bir udum ağalar,
Gözdən axan yaşım gür çay kimidir.
Gəlin Şadimanı çəkmin sınağa,
Bəxtim selə dönüb axır yanağa,
Məni də, onu da tutmun qınağa,
Bəxtim də özümə bir tay kimidir.
09.05.2011
BU ÖMÜR DƏ BİR BƏLADIR BAŞIMA
Bu ömür də bir bəladır başıma,
Başım ağır dərdlərini çəkən yox.
Duz yerinə zəhər qatıb aşıma,
Alıb əldən onu yerə tökən yox.
Hər sözümün mübtədası tamlanıb,
Fikirimin bostanları şumlanıb,
Arx çəkilib, lək-lək olub tumlanıb,
Tumdan əzəl ümidləri əkən yox.
Çalışıram tək dam altda qalmağa,
Düşüb başla eyni qatda qalmağa,
İdrakımla xoş saatda qalmağa,
Özülünü atan mənəm, tikən yox.
Söz əhlinin hər dəm üzü danlanır,
Təb sahibi bu üzdəndə yanlanır,
Dilindəki sözlər bir-bir canlanır,
Harayını bildirməyə məkan yox.
Şadimanın ürəyitək bir ney var,
Deməyin ki, nə bir taqət, nə hey var,
Yazanların çoxluğuna giley var…
Kim deyər ki, qızılgüldə tikan yox.
10.05.2011
APARIN BƏXTİMİ GÜLZARA SARI
Dolaşır üzündə çiskin-dumanlar,
Ürəyi yönəldib ah-zara sarı.
Əzabı dəryadır tutmur ummanlar,
Aparın bəxtimi gülzara sarı.
Hər gün naləsinə bükülür sinə,
Gedir diləyimin elə əksinə,
Sığıb hər neyim var sirli köksünə
Elə meyil edir azara sarı.
Ağrısı asılı qalıb havadan,
Bitib tükənməyir qəlblə davadan,
Uçurmaq istəyir canı yuvadan,
Qovur Şadimanı məzara sarı.
10.05.2011
SEVİNC GƏLİR AN İLƏ
Sevinc gəlir an ilə,
Qüssə doğur can ilə,
Əlləşir insan ilə.
Dil tutub dildən düşür,
Əl tutub əldən düşür,
Bəbəkdə seldən düşür.
Ürəyindən yapışır,
Zora düşdü qapışır,
Ölənədək çarpışır.
Həyat ömürlə sağdı,
Qüssənin yükü dağdı,
Diri bədənə bağdı.
Bərk dartsan qırılacaq,
Bağıra sarılacaq,
Gözlərdə qaralacaq.
Sevincin ömrü azdı,
Qüssənin bəxti yazdı,
İnsana məzar qazdı…
10.05.2011
SƏNİN ÇIRAĞININ PİLTƏSİYƏM MƏN
Sənin çırağının piltəsiyəm mən,
Onu yandıranda ağrını düşün.
Dilinin hayqıran gur səsiyəm mən,
Səs avaz edəndə bağrını düşün.
Sevda yolçuları yorğun olurlar,
Süzgün baxışlara oğrun olurlar,
Dəlitək ürəyə vurğun olurlar,
Onu oğurlayan oğrunu düşün.
13.05.2011
BƏXTİMİN DAĞINA ÇIXA BİLMİRƏM
Ələnir üstünə yağış, duman, çən,
Bəxtimin dağına çıxa bilmirəm.
Könül nərdivanı əlimdəykən mən,
Onun pillələrin qalxa bilmirəm.
Uçmur ümidlərim işığa doğru,
Qanadı qırılmış quştək çırpınır.
Ömür qapısından girən an oğru,
Vaxtı qopuranda candan qırpınır.
Zamanın səadət açarı əldə,
Bağlı sarayını hər kəsə açmır.
Haqqın qanunları durur təməldə,
Zəlzələ olsa da heç yerə qaçmır.
Bəxtin dağı uca, sıldırımı çox,
Ora düşən qarın buzu ərimir.
Şadiman biçarə taleyindən tox,
Qəlbin diktəsinə bəxti yerimir.
18.04.2011
FƏDA OLSUN CANIM SƏNƏ
FƏDA BİLMƏZLƏR EŞQİNƏ
Fəda olsun canım sənə fəda bilməzlər eşqinə,
Bağrı-cana düşən qəmi qada bilməzlər eşqinə.
Dəlib keçən ahın oxun yarə alan ürək dadır,
Bu yarənin əzabını səda bilməzlər eşqinə.
Gözdən axan yaşı bir-bir mirvaritək sapa düzdüm,
Onun təndə bitən dərdin nida bilməzlər eşqinə.
Əcəb ötür günüm səhman anlarına qonaq bəxtim,
Ötən günə tumar tutudum əda bilməzlər eşqinə.
Kirpik içrə yuva qurdu qəmim möhnət divanəsi,
Hər möhnətin ucalığın dada bilməzlər eşqinə.
Nədir belə candan çıxıb karvan tutub gedir göyə,
Qərar tutan cismləri ada bilməzlər eşqinə.
Şadimana, ruhun hər gün bədəninlə güləş edir,
Gözlər tutan faniliyi qida bilməzlər eşqinə.
18.04.2011
AXIR HƏR GÜN QƏDƏM-QƏDƏM
GÖZÜM YAŞI BULAĞINA
Axır hər gün qədəm-qədəm gözüm yaşı bulağına,
Fəryadları oxur dəm-dəm tale kimi qulağına.
Haray çəkən buludları sarayına ahın tullar,
Buludlar da tökər gurşad selin yollar otağına.
Hicranlarım könül açar sabahlara yarı kimi,
Alar gözdən yuxuları gecəm gəlməz yatağına.
Sevda içi boş xanələr küləkləri yallı gedər,
Basıb gələr xəzanları qönçə tutan qəlb tağına.
Ağır günün sükutunda bir kimsəni bulan varmı,
Gələnləri görən boldu hər ömürün xoş çağına.
Dərdə sevda etmə, eyvah, sevda etsən könül açar,
Öz vaxtında duyuq düş ki, heç dönməsin o yağına.
Şadimana, etmə cida zaman özü vaxt ölçüsü,
Saatlardan qopan nida səbəb olar sorağına.
18.05.2011
CANIM UÇUR SABAHIMIN
SORAĞINA GƏLƏR KİMİ
Canım uçur sabahımın sorağına gələr kimi,
Udur ahu-fəqanları ruhu duymaz mələr kimi.
Ağır-ağır zaman ötür kirpiklərim yaş altında,
Çiçkinlərin yanaqlara gecə-gündüz ələr kimi.
Fələk tutur ürəyimi uşaqtəki dilə yaman,
Bir oyuncaq müqqəvadır üz-gözümə gülər kimi.
Əqrəblərin parıltısı ömürlərə zər-zibadır,
Başdan-başa üst-başları daş-qaşlartək bələr kimi.
Hər bədənin libası can, təzəliyi al-əlvandır,
Məkan bilib bu dünyanı məkanına gələr kimi.
Körpəlikdə başlar qatan, yaşlaşanda əzablardır,
Gənclik vaxtı sevda olub ürəkləri dələr kimi.
Şadimana, gələnlərə həyat adlı şirin mələk,
Gedənlərə tabutlanan bədənlərtək ölər kimi.
18.05.2011
ÜRƏYİN YOX OLUR AHI QUBADA
Gül gülü səsləyir, çiçək çiçəyi,
Çəmənlər oxşayır ruhu Qubada.
Bağlayıb başına güllər ləçəyi,
Ürəyin yox olur ahı Qubada.
Səmada buludlar ağ tüllər örtüb,
Otların dibinə nanələr bitib,
Burdan İlahinin mələyi ötüb,
Ürəyin yox olur ahı Qubada.
Dağların ətəyi yaşıl xalıdır,
Növbənöv çiçəklər arı balıdır,
Burda təbiətin sevda halıdır,
Ürəyin yox olur ahı Qubada.
Ağaclar boylanır qayadan, daşdan,
Alır bu gözəllik ağlımı başdan,
Şəbnəmlər mirvari çıxarır yaşdan,
Ürəyin yox olur ahı Qubada.
Səhərin şehləri ələnir düzə,
Hər lalə damlaya boylanan kuzə,
Tökülür saçlara, kipriyə, üzə,
Ürəyin yox olur ahı Qubada.
Bahar ovsununda qalıb təbiət,
Mehrini düzlərə salıb təbiət,
Könlümtək xəyala dalıb təbiət,
Ürəyin yox olur ahı Qubada.
Xınalı kəkliklər qaqqanaq çəkir,
Kolların içində sona tək səkir,
Şah dağ Şadimanı özünə çəkir,
Ürəyin yox olur ahı Qubada.
28.05.2011
LALƏLƏR
Səpilib çöllərə nur dənəsitək,
Qubaya xalılar düzür lalələr.
Baharın çağlayan təranəsitək,
Düzlərin içində süzür lalələr.
Hər çiçək qırmızı xonça kimidir,
Otların özü də qönçə kimidir,
Yer-göy başdan-başa incə kimidir,
Ruhumun içində gəzir lalələr.
Mehlərdən titrəşir ləçəkləri də,
Çağladır, coşdurur diləkləri də,
Elə oxşayır ki, ürəkləri də,
Hər qəmi, niskili əzir lalələr.
Ana təbiətə güllü bahardır,
üzdən ilahi nəzəri vardır,
Sevdalı dillərə bənzəri vardır,
Məni sevgilitək süzür lalələr.
28.05.2011
YENƏ SIZLAR ÜRƏYİMDƏ QÜRBƏTLƏR
Yenə sızlar ürəyimdə qürbətlər,
Üzüm tutub yurd-yuvaya gəlmişəm.
Dodağımdan qopar ərşə heyrətlər,
Haqqdan doğan xoş duaya gəlmişəm.
Ətir saçır çəmənlərdə çiçəklər,
Ləçəkləri sərin mehlər bələklər,
Səhər-səhər günəş şehin ələklər,
Qoxu duyub saf havaya gəlmişəm.
Eyvanlardan qaranquşlar boylanır,
Balaları civiltiylə oylanır,
Dövrə vurur çalağanlar haylanır,
Onlar ilə mən qovğaya gəlmişəm.
Səhər yelin ciyərimə çəkirəm,
Şəbnəmlərin kirpik üstə tökürəm,
Sevdasını ürəyimə bükürəm,
Yuxulardan qopan haya gəlmişəm.
Ey Şadiman, fürsət ikən çağlayaq,
Təbiətlə birgə dastan bağlayaq,
Lal sellərin zümzüməsin zil sayaq,
Saf bulağa, axar çaya gəlmişəm.
28.05.2011
BİR UYĞUR ÇOCUĞU TƏPİKLƏR ALTDA
(Ekranı seyr edərkən…)
Bir uyğur çocuğu təpiklər altda,
Ağlayır, hıçqırır kor taleyinə.
Zülm evi qanunlar yazır həyatda,
Baxmayır məzlumun heç gileyinə.
Ekrandan hönkürən günahsız bala,
Sanki Yaradanı dada çağırır.
Ətrafdan bir kəs də yanmayır hala,
Yavru haray çəkir, yavru bağırır.
Özün cəsur sayan çinli əmilər,
Uyğur olduğuyçın onu döyürlər.
Dünya belə getsə yerə gömülər,
Haqqın tərəzisin yaman əyilər.
Bir uyğur çocuğu qışqırır nalan,
Ekranı seyr edən yanıb tökülür.
Bu qanı körpəyə eyləyən elan,
Bilmirmi Allahın bağrı sökülür?
Küçədən maşınlar şütüyüb keçir,
türk olduğuyçın təpiklər altda.
Asfalt bir uşağın qanını içir…
Görən nə baş verir insaniyyatda?
Niyə döyüldüyün uşaq bilməyir?
Harayı ətrafdan yardım gözləyir.
Axan göz yaşını kimsə silməyir,
Anları vahimə, ölüm izləyir.
Körpə əllərini tapdayır yağı,
Başına döşənən yumruqlar ağır.
Yaxır baxanları bu dəhşət dağı,
Yanır mənzərədən vaxt ağır-ağır.
Puhlar nalə çəkir diksinir orda,
Xanların məzarı ahdan çatlayır.
Qalıbdı Urumçi büsbütün darda,
Orda dəyənəklər başda partlayır.
Sincan-Uyğur yurdu qanlar içində,
Körpə balasına əli çatmayır.
Şadiman sızlayır niyə, neçində?
Misrası ox olub şərə batmayır!…
23.07.2011
YOXDUR HARAYINA
GƏLƏN KƏRKÜKÜN
Əli Kəküklünün «Kərkük
qan ağlayır, Anavətən isə
Qəzza sevdasında»
məqaləsinə ithaf
İndi göylərində güllədi uçan…
Yoxdur harayına gələn Kərkükün.
Varmı ağrısına bir qucaq açan,
Axan göz yaşını silən Kərkükün?!
Hanı naləsinə bir hay deyəni?
Keçib şər əlinə göy at yüyəni,
Uzanan savaşlar bitməzmi yəni?!
Olmazmı üzünə gülən Kərkükün?
Yağı gözün dikib malı-mülkünə,
Bürünüb düşməni hiylə kürkünə,
Tuş gəlib fitnəyə, tuş gəlib kinə,
(Şər toru toxunur bu Ərtürkünə… )
Dinməyir halını bilən Kərkükün.
İraqı batıran qana, qırğına,
Hiyləni qaldırır şeytan dağına,
Kim çatır yurdunun ağlar çağına?
Dərdləri yığılır illən Kərkükün.
O, imdad diləyir türk ellərindən,
Asılıb fəryadı can tellərindən,
Nə gələr köməksiz, tək əllərindən…?
Ağrısı deyilmir dillən Kərkükün.
Türk Türkün halına niyə yanmayır?
Yatdığı yuxudan bir oyanmayır,
Türk, Türk arxasında, heç dayanmayır,
Yurdu yağmalanır ellən Kərkükün.
Qalxın məzarlardan yatmış Sultanlar,
İşğallar altında inlər Vatanlar,
Filin qulağına girib yatanlar\ –
Gəlir düşmənləri sellən Kərkükün.
Ordusuz, silahsız türkmən neyləsin?
Haqqı saymazlara nə ərz eyləsin?
Çocuq harayların kimə söyləsin?
Naləsi oylanır yellən Kərkükün.
İncidib sıxırlar qaçsınlar yurddan,
Keçir ağrıları lap yeddi qatdan,
Düşüb igidləri daha yel atdan…
Alovu basılır küllən Kərkükün.
Orda sinələri ahla sökürlər,
Başbilənlərini əzib-tökürlər,
Dağların üstünə dağlar çəkirlər,
Ağlayır ürəyi tellən Kərkükün.
Biz niyə birləşə bilmirik, Türklər?
Bir-birin göz yaşın silmirik, Türklər?
Daha öncələrtək gülmürük, Türklər?
Çapmır göy atları çöllən Kərkükün.
Haqq dada yetməsə şərlər qollanar,
Bağlı ayaqları attək nallanar,
Qardaş harayına qardaş yollanar,
Başı sığal tutmur əllən Kərkükün.
Biz də Kərkük təki təkləndik bir vaxt,
Yağı evimizdə qurdu qanlı taxt!
Ayılın, ey Türklər, gözləməyir vaxt…
Qazılır məzarı bellən Kərkükün…
Şadiman, «evlərin dalı qayaydı…»
İndi qayalarda min ahi-vaydı,
Bəbəkdən tökülən gurşadı çaydı,
Süzülür göz yaşı göllən Kərkükün.
19.09.2011
AY ADAMLAR, MƏN BURDAYAM
Günü-gündən alıb qaçdım,
Ömrü ora salıb qaçdım,
Ürəyimi sizə açdım,
Deməyin ki, bəs hardayam?
Ay adamlar, mən burdayam.
Könlnünüzü alsam belə,
Düşüb orda qalsam belə,
Tellərini çalsam belə,
Bilin içdən qopan hayam,
Ay adamlar, mən burdayam.
Məni görüb susanlarım,
Təb qapımı pusanlarım,
Qəlbi tutub asanlarım,
Güman etmin ey, dardayam,
Ay adamlar, mən burdayam.
Şeirə olmaz boya qatmaq,
Zirvələrdən yerə atmaq,
Yad nəfəsə onu satmaq,
Sözlə büllur saraydayam,
Ay adamlar, mən burdayam.
Şadimanı lal bilməyin,
Halın fəna hal bilməyin,
Hər bir işdə dal bilməyin,
Güman etmin ah-zardayam,
Ay adamlar, mən burdayam.
Ay adamlar mən burdayam.
23.10.2011
VƏTƏNDƏN YAZAQ
(Qoy Vətəndən Müdafiə Naziri
yazsın deyən şair həmkarıma…)
Vətən can evimiz, Vətən qanımız,
Odur yurd-yuvamız, el ünvanımız,
Onsuz ahı-vayla keçər anımız,
Qanmazdan yaxşıdır yurda qaradaş.
Bu hissi duymayan şairmi qardaş?
Şairin Allahı Vətən olmalı,
Cana sevda ilə o tən olmalı,
İçində yurduna bir mən olmalı,
Ölkənin gözündə boğulubdu yaş,
Bu hissi duymayan şairmi qardaş?
Bizə çox mətləbi unutdurublar,
İçdə odumuza su qatdırıblar,
Gözə sığal çəkib bərk yatdırıblar,
İndi millət kimi olmuşuq çaş-baş,
Bu hissi duymayan şairmi qardaş?!
Dərbəndim, Borçalım, Təbrizim hanı?
Yağılar itirən mərd izim hanı?
şahlı, sultanlı gündüzüm hanı?
Yad vuran yumruqdan inildəyir baş,
Bu hissi duymayan şairmi qardaş?!
İşğalda Qarabağ oğul haraylar,
Düşmən qanımızdan yapır saraylar,
Şəhid anasının dilində vaylar…
Vaydan titrəməyən insan deyil, daş,
Bu hissi duymayan şairmi qardaş?!
İtirilmiş yurdlar bizdən gileyli,
Yurdu qamarlamaq yağının meyli,
Bəsdir bu qanları unutduq xeyli,
Vətən işğallarda ötür keçir yaş,
Bu hissi duymayan şairmi qardaş?!
Bu düşüncə ilə millət olarmı?
Bundan həqarətli zillət olarmı?
Xalq da yad əllərdə alət olarmı?
Salma öz yerini yağı ilə çaş,
Bu hissi duymayan şairmi qardaş?!
Vətən qələmimin söz qalasıdır,
Canımla ürəkdə bir qalasıdır,
Könlümdə ilhamdan yurd salasıdır,
Küfür duyğuların sərhədini aş,
Bu hissi duymayan şairmi qardaş?!
Hadisə sayırsan şairliyini,
Yazar dunyasına dairliyini,
Aləmə faş etdin zailliyini,
Dilin göz çıxartdı, viran etdi qaş,
Bu hissi duymayan şairmi qardaş?!
Sən yad ölkələrdə qala bilərsən,
Ömürlük məskən də sala bilərsən,
Orda işdə uğur çala bilərsən,
Qərbətlər acısı dodaqlarda kaş!
Bu hissi duymayan şairmi qardaş?!
Şadiman odunda yanıb kül olub,
Dərdinin bağında ahı gül olub,
Vətəni unudan başa kül olub,
Yurd bazar deyil ki, edəsən daş-baş,
Bu hissi duymayan şairmi qardaş?!
Bu hissi duymayan şairmi qardaş?!
12.10.2011
YAZIQ ŞEİR
Yazıq şeir, gör nə günə qalmısan?
Ay qaragünlü, xəyala dalmısan.
Çoxu götürüb əlinə qələmi,
Guya vurub dağıdacaq aləmi.
Təbi-təvanın döşənib əyağa,
Gölə girib quruldayır qurbağa.
Sirlərini anlamaz hər binəva,
Təzəliyi zənn eləylər bir dəva.
Çalışar ki, dağına dırmaşmağa,
Bir sel olub şaqqıldayıb daşmağa.
Cəhd eləyər hecana təpik atsın,
Ağzı daşıb at kimi köpük atsın.
Qəzəlinə ağız büzər yad sayaq,
Sözü düzər misralara baş-ayaq.
Söz yığının sərbəst deyib çağlayar,
Dərdə düşüb sərbəst şeir çuğlayar.
Bu minvalla misra-misra cəng edər,
Oxucunun baş-qulağın dəng edər.
Şadiman da dönər sənin ağına,
Pıçıldayar dərdini qulağına.
Bu edilənlər sinənə min bir ox,
Ay başıdaşlı, sənə bir çarə yox?!
22.10.2011
İLQAR HƏKİMİN
Neçə illər Pirallahı poliklinikasında
diş həkimi işləyən, öz bacarığı, ustalığı
hesabına insanların can sağlığına,
estetik görkəminə xidmət edən həkim
Nəcəfov İlqar Nəcəfalı oğluna
Dilindən şirinlik heç azalmayır.
Əlləri şəfalı İlqar həkimin.
Qapısına gələn xəstə qalmayır,
Vicdanı vəfalı İlqar həkimin.
Dişlər hər vücudun səadətidir,
Bədəni qoruyan can alətidir,
İnsanın yaşamaq sədaqətidir,
Hər günü cəfalı İlqar həkimin.
Yorğunluq tökülər günlə gözündən,
Amma mehribanlıq getməz üzündən,
Bal, şəkər süzülər tuti sözündən,
Pozulmaz xoş halı İlqar həkimin.
Müqəddəs peşəyə sevdası bitməz,
İnsan sağlığına qidası bitməz,
Onsuz dişimizin ağrısı ötməz,
Şəfadır vüsalı İlqar həkimin.
Barmaqlar əllərin qorxmaz nəridir,
Hər işin canını yağtək əridir,
Zəhməti illərin alın təridir,
Budur cəh-cəlalı İlqar həkimin.
Xəstələr üz tutar onun adına,
Müqəddəslik qatar təbib odına,
Kimsəyə yox demək gəlməz yadına,
Keçməz xoş əhvalı İlqar həkimin.
Allaha bağlıdır əhdü-peymanı,
İlahidən gəlir loğman imanı,
Şəfalar bulayan dəva-dərmanı-
Udar dərd-məlalı İlqar həkimin.
Şadiman, həkimlik müqəddəs sənət,
Ağ xalat içindən boylanır, şəfqət,
Bu çətin yolları eylədikcə qət,
Olmaz heç zavalı İlqar həkimin.
12.04.2011 Pirallahı
GÖZLƏRİNDƏ HƏYAT EŞQİ ÇAĞLAYAR
Pirallahı poliklinikasının diş həkimi
Nəcəfov İlqarın oğlu balaca Nəcəfə
xoş duyğularla…
Gözlərində həyat eşqi çağlayar,
Dili şirin, özü şəkər Nəcəfin.
Uşaq könlü gah gülər, gah ağlayar,
Gülüşləri quştək səkər Nəcəfin.
Şuluqluğu tutar hərdən ev qatar,
Şuxluğuyla dəm içinə dəm çatar,
Oyuncağı yorub sonra lam yatar,
Hay-küyündən özü ülkər Nəcəfin.
Atasının, anasının sevinci,
İlahinin bəxş etdiyi bir inci,
Bu Vətənə oğul olar birinci,
Körpə nazın aləm çəkər Nəcəfin.
Bapbalaca baxışından nur yağar,
Dodaqları tərpənəndə gün doğar,
Qanqaralıq olsa belə tez boğar,
Söz-söhbəti ulduz, ülkər Nəcəfin.
Yaradanın körpə adlı neməti,
Könül tovlar, qəlb oxşayar qaməti,
Nə edəsən bu uşaqlıq adəti-
Şıltağlığı edər şakər Nəcəfin.
Şadimanın ruhu ilə oynadı,
Gözlərində həyat eşqi qaynadı,
Baxışları gələcəyə aynadı-
Ora həyat eşqi tökər Nəcəfin.
19.04.2011 Pirallahı

GÖZÜN AYDIN OLSUN, ŞUŞA
Əsgərimiz səf bağlayıb düzülübdü sıralara,
Məlhəm çəkir otuz illik köz bağlamış yaralara,
Saf qaliblik sədamızın səsi gedir haralara…
Ordumuzun nərəsindən haray düşüb boz dağ-daşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
İndi daha başımız da sinəmizdən qalxacaqdır,
Durna gözlü bulaqların durulaşıb axacaqdır,
Nər oğullar yağıların axırına çıxacaqdır,
Açsın qoynun “Cıdır düzü” soy bildiyi hər yurddaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bilirsənmi içimizdə nə müddətdir həsrət gəzir?!
Sən işğala düşən gündən məmləkəti kədər əzir,
Bu gününə canımızı eyləmişik sənə nəzir,
Mənfur düşmən divan tutub, zülüm edib vətəndaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bölgə-bölgə yurdlarımız bu xəbəri bayram edir,
Sanki Vətən özü durub soydaşlarla bir kam edir,
Batıb qəlbdə qaranlıqlar, ürəklərlə can şam edir,
Bu payızda qurtuluşun, çıx get deyir qarlı qışa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
“Qarabağın şikəstəsi” zilə qalxsın gur səs ilən,
Xanəndələr cuşa gəlsin ruhu oxşar nəfəs ilən,
Talan olmuş Qarabağın vidalaşır qəfəs ilən,
Tərk eləsin hicran yurdu, yoxdu daha yer təlaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Azğınlaşmış mənfur düşmən günbəgündən yolun azdı,
Özün ali saydı yağı, zənn elədi el dayazdı,
Qoy var olsun Baş Komandan, yurda yeni tarix yazdı…
Əsgərimiz azğınların ümidlərin çırpdı daşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Cıdırında yallı gedən düşmənlərin talan oldu,
O basılmaz ordu mifi Ordumuzla yalan oldu,
Yurd yağıdan təmizlənir sənə sarı gələn yoldu…
Bundan sonra min illərlə şiş dağlarda məğrur yaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Qov dumanı başın üstdən, dumanların keçər olsun,
Əyilib buz bulağından qız-gəlinin içər olsun,
İnnən belə dost-düşməni bir-birindən seçər olsun!
Üzeyirlə, Natəvanla qoy çəkilsin adın qoşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bilirsən ki, içimizdə möhnət yükü ağır olub,
Abır-həya güdən bəzən yad gözündə fağır olub,
Haqqımızı istəyəndə çox vaxt çığır-bağır olub,
Pənahəli xanın ruhu yurdum deyir hər qarışa,
Azadlığın mübarəkdir, gözün aydın olsun Şuşa!
Bilirsən ki, səni necə azad etdi şanlı əsgər,
Qanın tökdü, şəhid oldu qəlbi vətən canlı əsgər,
Düşmənlərə qan uddurdu, yurda istiqanlı əsgər,
Qalxdı azğın yağılarla qəhrəmanlar haqq savaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Şadimanın müjdə dolu sözü düşüb kağızlara,
Qurtuluşu misra edən gözü düşüb kağızlara,
Bu zəfəri ərzə yayan salam olsun ağızlara,
Şad xəbərin özəlliyi gətiribdi eli cuşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
08.11.2020/Qusar
ŞUŞA BƏYANNAMƏSİ
Vətənin bəxti gülür,
Üstünə nur tokülür,
Yağı beli bükülür,
Bağrına dağ çəkilir.
Salıb aləmə səsi,
Kəsir düşmən nəfəsi,
Şuşa Bəyannaməsi.
Türkün özü var olsun,
Allah ona yar olsun,
Vətən laləzar olsun,
Xainə məzar olsun,
Gülsün Odlar ölkəsi,
Artsın yaşam həvəsi,
Şuşa Bəyannaməsi.
Sülh gəldi yurdumuza,
Eşq olsun Ordumuza!
Görməsin heç dərd, qəza,
Şərəf tarixin yazan,
Yağıya qəbir qazan-
Qırdı, yıxdı qəfəsi,
Yox oldu yad tənəsi,
Şuşa Bəyannaməsi.
Var olsun qoy Ərdoğan,
Düşmən hiyləsin boğan,
Yurda Günəştək doğan,
Sözlərindən nur yağan,
Vətənə yar kəlməsi,
Dünyaya car naməsi,
Şuşa Bəyannaməsi.
Gəlib Vətənə arxa,
Düşmən yandırıb yaxa,
İçinə od buraxa,
Cıdır düzünə çıxa,
Şiş zirvələrə baxa.
Dayaq ola İlhama,
Yetirə yurdu kama,
Göl olar dama-dama,
Deyib aqillər ama…
Olmayaq yad təbəsi,
Yurdumun qələbəsi,
Şuşa Bəyannaməsi.
Vətənimin nicatı,
Xoş, firavan həyatı,
Qoy çapsın murad atı,
Qursun zaman saatı.
Azərbaycan ölkəsi,
Heyran etsin hər kəsi,
Bəxtiyarlıq nəğməsi,
Şuşa bəyannaməsi.
Türkiyə canımızdı,
Damarda qanımızdı,
Firavan anımızdı,
Paşam, Sultanımızdı.
Atatürkün sevdası,
Düşüb qəlbə nidası,
Şuşa bəyannaməsi.
Şadiman, gülsün üzün,
Gəzsin aləmi sözün,
Görməsin nəmi gözün,
Alışsın odun, közün,
Qələmimin həvəsi,
Alışdırır nəfəsi,
Şuşa bəyannaməsi!
20.06. 2021
Qusar şəhəri
DÖRDLÜK
TÖKÜLÜB ƏYALI ÇÖLƏ ƏFQANIN
Əfqanıstanda baş verənləri seyir etdikcə, müsəlman olmaqdan utanıram.
Paramparça olmuş müsəlman ölkələrin dini zehniyyət quldurları,
İslam adı altında xristian birliklərin yardımı ilə silahlanıb bir-birinə
yağı çıxan dırnaq arası müsəlman başçıları, günahsız tökülən
qanlarlamı Allaha səcdə edirsiz?! Sizləri dünyaya gətirən qadındır!
Qadın ana, bacı, qız övladı, ömür-gün yodaşıdır…
Ona qarşı vəhşilik sərgiləyən din və
İslam alverçilərindən Allah qorusun bizləri…
Bu nə müsibətdi, bu nə faciə,
Tökülüb əyalı çölə əfqanın.
Niyə bu ölkəyə yoxdur bir yiyə?!
Dönüb axan qanı gölə əfqanın.
Dünyanı çalxadır əliqanlılar,
Qana susayanlar, qana canlılar,
Tökülən qanlara şər ünvanlılar,
Düşüb ayağına ölə əfqanın.
Körpə çığırtısı, ana fəqanı,
Quldurlar əlində üşüyür canı,
Basıb ah-nalələr bügün hər yanı,
Sığmayır fəryadı dilə əfqanın.
Dağıdır yurdunu qoluzorlular,
İçində haqqına vicdanı ular,
Axan göz yaşıyla yurdunu sular,
(Niyə lilli axır, durulmur sular???)
Verirlər haqqını yelə əfqanın.
Bu nə çaxnaşmadı, bu nə rəzalət,
Olubdu əllərdə yurdları alət,
Dinin quldurları yayır cəhalət,
Vururlar haqqını selə əfqanın.
Qəlbimi yandırır pərişan halı,
Tapa nicatını yazıq əhali,
Biri kişi tapıla beyni dühalı,
Daha xilasına gələ əfqanın.
Qərbin silahıyla xalqını qırır,
Özün dindar sayıb İslamı vurur,
Rəbbin səcdəsinə şeytanlar durur,
Gəlməyir öləni ələ əfqanın.
Ey başqa yurdlara burun soxanlar,
Üzə gülmüsəyib, ey qan qoxanlar,
Ölkələr dağıdıb, evlər yıxanlar,
Düşəsiz gününə elə əfqanın.
Cəhalət oduna yanan beyinlər,
Qaraya bürünən başlar, əyinlər,
Sizlərin əlində İslam da inlər,
(Haraya aparır sizi bu günlər?)
Dərdi bəs deyilmi belə əfqanın?!
Məzhəb acısından ayıl, müsəlman,
Yalnız Yaradana bağlıdır iman,
Haçan gələcəkdir ağlına səhman?!
Verdilər haqqını yelə əfqanın.
Şadiman dəhşəti çəkibdi nəzmə,
Deyin nə sədd olub canlarda əzmə?
Ey müsəlman əhli, özünü əzmə!
Keçib ayağına tələ əfqanın!
21.08.2021
BU VƏTƏN CANDIR
Allahın adıyla hoqqa çıxaran,
Lənət imanına, ibadətinə,
Aləm çaxnaşdıran şər adətinə!
Doğulan günündən şeytanla aran,
Lənət hiylə dolu siyasətinə!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Özgə ətəklərin altda gizlənən,
Özgə havalara beyni kökləyən,
Yad yurdda, yuvada, çatda gizlənən,
Ölkə əleyhinə çox körükləyən,
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Ey yurdda doğulub haqqı itirən,
Yəqin ki, əzəldən xaindir törən,
Məmləkət yetirib igid, ər-ərən,
Çoxdur nər oğullar, qolunu gərən,
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Düşmənə dost deyən dindaş olarmı?
Allaha, Tanrıya sirdaş olarmı?,
Vicdanı yoxlardan qardaş olarmı?
Bu qədər imanda səhv, çaş olarmı?
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Şəhid qanlarına suvanıb torpaq,
Qalxıb ayaqlardan başlara papaq,
Könlümüz Vətənə titrəyən yarpaq…
İgidlər çəkdilər yağılara dağ!
Sancılıb Murova, Şuşaya bayraq!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Gec-tez bütövləşər yurdumuz bir gün,
Aşacaq sədləri Ordumuz bir gün,
Bürüyər elləri toy-düyün bir gün,
Vurular xainin bəxtinə dügün!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Şadiman boşuna deməyir sözü,
Söz qılıncdan iti, yeməyir sözü!
Hər qarış Vətənə qurbandır özü,
Satqının, düşmənin tökülsün gözü!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
29.09.2021

ZƏFƏR SƏNƏ ÇOX YARAŞIR
Bürünübdü bayrağına yurd-yuva,
Dodaqların gülüşləri dərd qova,
Səmalara sancılıbdı haqq dua,
Sevincimiz aşıb-daşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qarabağdan gözəl Şuşa boylanır,
İgidlərin yurd başına haylanır,
Kinli düşmən dərdə düşüb vaylanır,
Bir-biriylə cırmaqlaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Səmaların atəşfəşan selində,
Buludları alıb qaçır belində,
Bəxtiyarlıq təlatümü elində,
Sədaları dağlar aşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Əsgərlərin dastan oldu dünyada,
Tarixlərə adın saldı dünyada,
Ordumuza heyran qaldı dünya da,
İndi sənlə hərb yarışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Oğulların uca adı-sanı var!…
Bir ölənə, min doğulan canı var,
Qarabağda Şəhidinin qanı var,
Torpağına qan qarışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Sazın, tarın harayı tel üstündə,
Qurtulubdu yurd-yuva şər qəsdindən,
Qaçqın adı götrülüb el üstündən,
El bu adla vidalaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qarabağın şikəstəsi dil üstə,
Xanəndələr oxuyurlar ahəstə,
Xoş zəngulə duyulur hər nəfəsdə,
Dil-ağızda sülh dolaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qazilərin düşmən bağrı yardılar,
Aslanlartək üstlərini sardılar,
Diş-dırnaqla zirvələrə vardılar,
İçlərində qurd ulaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Şəhidlərin məkanı Rəbb yanında,
Dolaşırdı şərəf, namus qanında!
Qəhrəmanlıq yurd salmışdı canında,
Yağılarla ər savaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Şadimanın vəcdə gəldi ürəyi,
Sən könlümün ən müqəddəs mələyi,
Heyran edib gözəlliyin fələyi,
Asimanda gün alışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
08.11.2021

SALAM RUHUNA
Qusar rayonun Balaqusar kəndindən
Birinci Qarabaq müharibəsi
Şəhidi Sərvər Abdulkərimova ithaf
Min doqquz yüz doxsan bəlayla gəldi,
Yağılar Vətənin bağrını dəldi,
Qarabağ ağrısı canda yüksəldi,
Kürəyə bıçağı saplayan əldi,
Sığındın el oğlu tək Allahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Qaldı işğal altda yurdlar, yuvalar,
Qopdu dodaqlardan Haqqa dualar,
Tutuldu buludlar, doldu havalar,
Çaldı qəvi düşmən fitnə havalar,
Dözmədin qız-gəlin, ana ahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Xocəvənd uğrunda qalxdın savaşa,
Şuşanın harayı döndü göz yaşa,
O zaman qaliblik yetmədi başa,
Qurdu mənfur düşmən qanlı tamaşa,
Tapındın ümidlə xoş sabahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Balaqusar igidi getdin cəbhəyə,
Canın ruhu çəkdi uçan gülləyə,
Cəhd etdin düşməni qana bələyə,
Şəhid olan yerdə Vətən var deyə!
Sarıldın mərdliklə sən silahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Ucaldın zirvəyə şəhid adınla,
Ruhun qürur duysun övladlarınla-
Amalya, Ruqiyyə, Fərrux varınla,
Ziyarət edirlər səni yarınla,
Məzarın dönübdü səcdəgahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Ali Baş Komandan dedi: Qalx, Əsgər,
Vətən qisas deyir sən göstər hünər,
Qəhrəman savaşdan şərəflə dönər,
Düşmən, ayağının altına enər,
Şəhidlər döndülər yurd rifahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Keçən il savaşa qalxdı oğullar,
Şərəflə tarixə yazdı nağıllar,
Qəhrəman analar igid doğurlar,
Cəsurlar yağını qanda boğurlar,
Boğuldu düşmənlər suç-günahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Cəmi qırx dörd günlük savaş açdılar,
Şəhid məqamına varıb uçdular,
Qazilər od olub alov saçdılar,
İt təki yağılar qorxub qaçdılar,
Yağı leşə döndü öz tamahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Xalqımız dönübdü dəmir yumruğa,
Vətənin bəxtinə al günəş doğa,
Gəlib igidliyə dünya sorağa,
Yazıldı şərəfli döyüş varağa,
Söz tapmır yağılar şər izahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
İndi azad olub Qarabağ yurdu,
Vətənin qisasın alıbdı Ordu,
İgidin nərəsi alovdu, qordu,
Düşməni alnından, köksündən vurdu,
Sığınıb namusla haqq pənahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Şuşamız oyanır azan səsinə,
Quranın ilahi xoş nəfəsinə,
Açır xarıbülbül yurd həvəsinə,
Qonubdu dillərin zümzüməsinə,
Allah qələm cızsın şər islahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Üzdü yurd ağrısı bu Şadimanı,
Vətəndi qibləsi, dini-imanı,
Şəhid məzarları yurdun hər yanı!,,
Baş əyir önündə həm cismi-canı,
Erməni tuş gəlib öz ikrahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Salam, şəhid Sərvər, salam ruhuna!
22.11.2021/ Pirallahı
SİZİ GÖYLƏR ÇƏKDİ KAMA
30 noyabr 2021-ci ildə hərbi helikopterdə
qəzaya uğrayan Şəhid hərbiçilərimizin
ruhuna ithaf edirəm!
Sizi göylər çəkdi kama,
Uçub getdiz quş sayağı.
Göy yer vermir hər adama,
Dəymir ora şər ayağı!..
Vətənin ər oğulları,
Hər oğul mərd ola bilməz.
Asimanın ağ yolları,
Sirlə dolu, sirr bilinməz.
Səmaların sevdalısı,
Uçar gedər buludlara.
Kainatlar Rəbb alisi,
Layiqdir mərd övladlara.
Sizə göylər könül verdi,
Ruhunuzu alıb qaçdı.
Dedi:Şərlə dolu yerdi…
Mələklərtək qucaq açdı.
Sizi doğan anaların
Gözü gərək ağlamasın.
Göl tumarlar sonaların,
Səma tutar igid yasın!
Vətənin ər kişiləri,
Qəzanız dağ oldu bizə,
Hünər sevər kişiləri,
Qürur verər elimizə.
Məmləkətin şahinləri,
Səmalarla məşq eylədiz.
Bürüyübdü ah yerləri,
Göy içinə eşq eylədiz.
Qırx dörd günlük savaşda siz,
Yağılara qan uddurduz.
Adlarınız tarixə iz,
Düşmənlərə dağ vurdunuz.
Sizi çəkdi göyə fələk,
Layiq bildi ünvanına.
Kimlər oldu haqqa mələk,
Tanrı çəkdi öz yanına!…
Şadimanın ağrısı bol,
Ağrı üstdən ağrı gəldi.
Ruhun cana sorğusu bol,
Yanan ürək, yazan əldi.
02.11.2021

SƏN MƏNDƏN ÇOX ÇƏKDİN
Daşıdın ömrümün yükün, ürəyim,
Sən məndən çox çəkdin ağrılarımı.
Artdı gündən-günə hər gün diləyim,
Artladın, ələdin doğrularımı.
Qatlaşdın hər cürə sən əzabıma,
Əzablar artdıqca gücün təngidi.
Odunu xərclədin iztirabıma,
Fikirlər çaxnaşdı, arzum ləngidi.
Mən sənə dərd verdim, sən mənə möhlət,
Çevrildin bir ömür sadiq dostuma.
Nə qədər çox oldu bu yolda möhnət,
Mən yandım, sən dözdün acı tüstümə.
Özüm heyrətdəyəm vəfana sənin,
Bu qədər hünəri necə qazandın?
Hərdən hönkürürəm cəfana sənin,
Məni yaşatmaqmı Tanrıdan andın?!
- 11.2023
Turan birlik yolumuz… Zəfər Günü… Bürünüb kirə zaman…

BAYRAQDAR MEDİA istedadlı şair, dönməz əqidə yolçusu Şirinxanım Kərimbəyli ŞADİMANın şeirlərini təqdim edir.
Turan birlik yolumuz
Bu nə hikmət, göy Tanrı?
Türklüyümü öy, Tanrı,
Şər başına döy, Tanrı,
Qalx ayağa Ulumuz,
Turan birlik yolumuz.
Düşmənlər göz-gözədi,
Savaşla üz-üzədi,
Şər zavalı bizədi,
Açılıb əl-qolumuz,
Turan birlik yolumuz.
Bəsdirin paralandıq,
Yadlartək aralandıq,
Min yerdən yaralandıq,
Yağıdı sağ-solumuz,
Turan birlik yolumuz.
Göy bayrağın and yeri,
Oxşasın göyü, yeri,
Yürü, haqqına yürü,
Ucalsın Türk boyumuz,
Turan birlik yolumuz.
Kənarda dayanmayın,
Xainlərə yanmayın,
Bunu qurtuluş sayın,
Düşmən yaxsın halımız,
Turan birlik yolumuz.
Göy bayraq qurd naxışı,
Soy-kökümün alqışı,
Kimliyimin baxışı,
Çin oldu xəyalımız,
Turan birlik yolumuz.
Ey Şadiman, cuşə gəl,
Göy bayraqla qoşa gəl,
Yetdi kamın başa, gəl,
Nur saçsın iqbalımız,
Turan birlik yolumuz.
07.10.2024
Zəfər Günü
Otuz ildə için-için ahla yandıq,
Şad xəbərin eşqi ilə cilalandıq,
Üç rəngin sevgisiylə hilallandıq,
İgidlərin nərəsiylə sübh oyandıq.
Qarabağın xilas günü,
Yağıların iflas günü,
İşğalçının qəm-yas günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!
Qəhrəmanlar düz divarı aşıb keçdi,
Düşmənlərə nifrət hissi daşıb keçdi,
Qəzəblənib, sel-su olub coşub keçdi,
Ayaqlayıb zəmi təki yağı biçdi…
Xalq oldu bir nəfər günü,
Şuşamıza səfər günü,
Azğınlara sipər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!
Şəhid oldu, qazi oldu o gün əsgər,
Qucaq açdı igidlərə soyuq səngər,
Hər doğulan ölməyirmi bir gün məgər?!
İgid adın tarixlərə yazanlar ƏR!
Sizi doğan anaların hünər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!
Qurban olum anam, bacım, göz yaşına,
Nakam getmiş şəhidinin baş daşına,
Yarsız qalmış gəlinlərə dərd aşina…
Şəhid ruhu uçub qonub dağ başına,
O üç rəngli hilalını öpər günü…
Qələbəmiz işğalçıya çəpər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!
Yaradandan gəlir sevda, ey Şadiman,
Yurd Vətəndir, ona haqdan düşür iman,
O yuvadır, onuntək yox dərdə dərman,
Pozulmasın yuvamızda heç vaxt səhman,
Məhəbbətin qəlbimizə çəkər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!
08.10.2024
Ələnir xəfif yağış
Baxıram bağ-bağatın sapsarı yarpaqlarına,
Ələnir xəfif yağış xəzanın ayaqlarına.
Arabir xəzri əsir, titrədir o budaqları,
Boylanır göydə bulud, payızın soraqlarına.
Günəş gizlədib üzün, eşqə gətirmir səmanı,
Küçə sanki boşalıb, həsrətdi qonaqlarına…
Sükutun hay-harayı, ürəyə nisgil ələyir,
Dözməyir nazik könül, tuş gəlir qınaqlarına.
Bu səhər cəhd eləyib, bağrıma basdım payızı,
Xəzan qızıla çalır, al vurub yanaqlarına.
Yarpaqlar yaşam üçün küncdə, bucaqda əlləşir,
Dözür bumbuz havanın, can üzən sınaqlarına.
Şadiman mənzərəni seyr edəli, qəmə düşür,
Könlü ilişib qalıb, hər yarpaq saplaqlarına…
14.11.2024
Bürünüb kirə zaman
Bürünüb kirə zaman, çəkir özünü bir təhər,
Qoyub haqq tərəziyə çəkir özünü bir təhər.
Kainatın yolunu getməyə gücü yetməyir,
Dünyanın bağçasına əkir özünü bir təhər.
Saatın əqrəbinə dolaşıb qalır saniyələr,
Yıxır insandan gələn məkir özünü bir təhər.
Yapışıb göy damına fırladır yer kürəsini,
Nə vaxtsa yox edəcək bu kir özünü bir təhər.
Şadiman, əlacı bul, bel bağlama dünyaya,
Gecələr sabahlara, bükür özünü, bir təhər.
18.11.2024
Yara qurban elədim
Yara qurban elədim canımı illər öncə,
O mənim xoş elədi anımı illər öncə.
Acılı günlərə qatdıq şəkəri loğmanə,
Bəxtiyar eylədi ünvanımı illər öncə.
O mənim taleyimə yazıldı İlahidən,
Gətirdi bəxtimə səhmanımı illər öncə.
Şükür, ey bəxti yazan, ağrıma etdin dəva,
Çıxartdın yoluma loğmanımı illər öncə.
Şadiman ümid edir, tərk eləməz sevəni,
Rəbbim rəva bulub mehmanımı illər öncə.
18.11.2024
Hər şeyi taleyin üstünə atma
Hər şeyi taleyin üstünə atma,
Ömrə bəxt yazısın yazan özümüz.
Allahı, Tanrını bu işə qatma,
Qaynayan dərdlərə qazan özümüz.
Bir ömür sürünüb ayaqlar altda,
Dözüblər, dözürük demə həyatda,
Çatlar boy göstərir mənəviyyatda,
Ömür yollarını azan özümüz.
Bu bizim Vətəndi, bu bizim yaşam,
Tərəzi əyilib, mən ölçü daşam,
Bəs necə vicdanlı bir vətəndaşam?!
Hər bir əyriliyə sızan özümüz.
Çoxu göz yaşını axıdır içə,
Can alan ev gəzir can seçə-seçə,
Biz rəvac veririk zalım can biçə…
Taleyə, qismətə yozan özümüz.
Dərdə rəvac verən kefindən qalmır,
Yerdə sürünənə bir nəzər salmır,
Yoxsulu harınlar vecinə almır,
Bahar ömrümüzə xəzan özümüz.
Bürüyüb ölkəni dindoş kütləsi,
İlahi ədalət batırır səsi,
Bənzəyir hər xalqa çün öz ölkəsi,
Ağrısı sinədə əzan özümüz.
Dinib danışanın ağzı bağlanır,
Arzular puç olur, sinə dağlanır,
Mənliyi olanlar tez ayaqlanır,
Ömür səhifələrin pozan özümüz.
Şadiman, misranı boşa sayarlar,
Sağ ikən məzarla qoşa sayarlar,
Sözünü lal olmuş daşa sayarlar,
Sağalmaz dərdlərə ozan özümüz.
22.11.2024
DÖRDLÜK
RUHU OYADIR
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda,
Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan)
— müğənni, xanəndə, aktrisa, muğamlarımızın əvəzsiz ifaçısı,
Azərbaycan Respublikasının xalq artisti
Şirin zəngüləylə ruhu oyadır,
Bəmi də, zili də könlə bal dadır,
Onsuz muğamımız qəmli haldadır,
Dünyadan köç edib, səsi dünyadır,
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
Ona mən muğamın anası deyim,
Segahın, Sarəcin sonası deyim,
Ruhu yurd yerinə qonası deyim,
Min il bundan sonra yanası deyim,
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
Basır ürəklərə od dolu közü,
Acizdi önündə şerimin sözü,
Avazı oxşayıb gecə-gündüzü,
Səsin bəxşiş edib İlahi özü,
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
Tükətdi canını vətən həsrəti,
Çökdü muğamlara yurd hekayəti,
Hər muğam şöbəsi Rəbbin qayəti,
Bəxş etdi Yaradan əbədiyyəti,
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
O ecazkar nəfəs, haqqın sehrimi?!
Vəfasız dünyaya ana qəhrimi?!
Şirin zəngulələr vəfa mehrimi?!
Həm bəmi, həm zili yerin nəhrimi?
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
Oldu operanın şəfa mələyi,
Leylisi, Əslisi buldu ürəyi,
Muğam şöbələri sönməz diləyi,
Zirvələr fəth etdi xanəndəliyi,
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
Muğam sevənləri nə tez tərk etdi,
Ayrılıq qəlblərdə ahı bərk etdi,
Əbədiyyət yolun ölüm dərk etdi,
Binə məzarlığı necə ərk etdi?!
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
Şadiman, var edər söz mədhiyyəni,
Salmadın bəndlərə özün öyəni,
Ellər unutmayır şair deyəni,
Yazdım misra-misra bu hədiyyəni,
Ruhu gül qoxuyan Qəndab xanıma,
Çatmaz hər oxuyan Qəndab xanıma.
06.12.2024
DÖRDLÜKLƏR
Gəl indi dünyada dil tapıb yaşa.
Hansı ciliddədir, insan bilinmir,
Göy-yer özü düşüb indi təlaşa…
14.12.2024
Taleyi yazılmış vərəq deyildir.
Uğura gedən yol ağıldan keçir,
Çalışan o yoldan qıraq deyildir.
31.05 2025
DAŞ DA AĞLAR MƏNİMÇİN
Dərdimi söyləsəm daşa, daş da ağlar mənimçin,
Ama səndən zərrə qədər insaf görmədim neçin?
Günəş təki yollarına işıq saçdım bir ömür,
Günəşimi batırmaqçın cəhd etdin zülmət üçün.
Dodaqların qəmə düşgün, gülüş nədi bilmədin,
Tanrı məni yaratmışmı acı hekayət üçün?!
Dağlar boyda dağlarını aşıb keçdim cövrlə,
Könlümdən yan keçib getdi həyat yüklü can köçün.
Sən qəlbimin bağlarını hər gün qırıb atırsan,
Kin-küdurət yuvasımı hamıya bağlı için?!
Şirin çəkən ağrıların çəksəydin bir zərrəsin,
Haqdan gələn ömründə gedərdi çoxdan biçin.
Bəlkə sənin həyatını tarimar edən mənəm,
Bu birliyi dağıtmamaq inkar edilməz suçun.
01.04.2025
Bir cavab yazın