GÖZÜN AYDIN OLSUN, ŞUŞA
Əsgərimiz səf bağlayıb düzülübdü sıralara,
Məlhəm çəkir otuz illik köz bağlamış yaralara,
Saf qaliblik sədamızın səsi gedir haralara…
Ordumuzun nərəsindən haray düşüb boz dağ-daşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
İndi daha başımız da sinəmizdən qalxacaqdır,
Durna gözlü bulaqların durulaşıb axacaqdır,
Nər oğullar yağıların axırına çıxacaqdır,
Açsın qoynun “Cıdır düzü” soy bildiyi hər yurddaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bilirsənmi içimizdə nə müddətdir həsrət gəzir?!
Sən işğala düşən gündən məmləkəti kədər əzir,
Bu gününə canımızı eyləmişik sənə nəzir,
Mənfur düşmən divan tutub, zülüm edib vətəndaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bölgə-bölgə yurdlarımız bu xəbəri bayram edir,
Sanki Vətən özü durub soydaşlarla bir kam edir,
Batıb qəlbdə qaranlıqlar, ürəklərlə can şam edir,
Bu payızda qurtuluşun, çıx get deyir qarlı qışa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
“Qarabağın şikəstəsi” zilə qalxsın gur səs ilən,
Xanəndələr cuşa gəlsin ruhu oxşar nəfəs ilən,
Talan olmuş Qarabağın vidalaşır qəfəs ilən,
Tərk eləsin hicran yurdu, yoxdu daha yer təlaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Azğınlaşmış mənfur düşmən günbəgündən yolun azdı,
Özün ali saydı yağı, zənn elədi el dayazdı,
Qoy var olsun Baş Komandan, yurda yeni tarix yazdı…
Əsgərimiz azğınların ümidlərin çırpdı daşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Cıdırında yallı gedən düşmənlərin talan oldu,
O basılmaz ordu mifi Ordumuzla yalan oldu,
Yurd yağıdan təmizlənir sənə sarı gələn yoldu…
Bundan sonra min illərlə şiş dağlarda məğrur yaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Qov dumanı başın üstdən, dumanların keçər olsun,
Əyilib buz bulağından qız-gəlinin içər olsun,
İnnən belə dost-düşməni bir-birindən seçər olsun!
Üzeyirlə, Natəvanla qoy çəkilsin adın qoşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bilirsən ki, içimizdə möhnət yükü ağır olub,
Abır-həya güdən bəzən yad gözündə fağır olub,
Haqqımızı istəyəndə çox vaxt çığır-bağır olub,
Pənahəli xanın ruhu yurdum deyir hər qarışa,
Azadlığın mübarəkdir, gözün aydın olsun Şuşa!
Bilirsən ki, səni necə azad etdi şanlı əsgər,
Qanın tökdü, şəhid oldu qəlbi vətən canlı əsgər,
Düşmənlərə qan uddurdu, yurda istiqanlı əsgər,
Qalxdı azğın yağılarla qəhrəmanlar haqq savaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Şadimanın müjdə dolu sözü düşüb kağızlara,
Qurtuluşu misra edən gözü düşüb kağızlara,
Bu zəfəri ərzə yayan salam olsun ağızlara,
Şad xəbərin özəlliyi gətiribdi eli cuşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
08.11.2020/Qusar
ŞUŞA BƏYANNAMƏSİ
Vətənin bəxti gülür,
Üstünə nur tokülür,
Yağı beli bükülür,
Bağrına dağ çəkilir.
Salıb aləmə səsi,
Kəsir düşmən nəfəsi,
Şuşa Bəyannaməsi.
Türkün özü var olsun,
Allah ona yar olsun,
Vətən laləzar olsun,
Xainə məzar olsun,
Gülsün Odlar ölkəsi,
Artsın yaşam həvəsi,
Şuşa Bəyannaməsi.
Sülh gəldi yurdumuza,
Eşq olsun Ordumuza!
Görməsin heç dərd, qəza,
Şərəf tarixin yazan,
Yağıya qəbir qazan-
Qırdı, yıxdı qəfəsi,
Yox oldu yad tənəsi,
Şuşa Bəyannaməsi.
Var olsun qoy Ərdoğan,
Düşmən hiyləsin boğan,
Yurda Günəştək doğan,
Sözlərindən nur yağan,
Vətənə yar kəlməsi,
Dünyaya car naməsi,
Şuşa Bəyannaməsi.
Gəlib Vətənə arxa,
Düşmən yandırıb yaxa,
İçinə od buraxa,
Cıdır düzünə çıxa,
Şiş zirvələrə baxa.
Dayaq ola İlhama,
Yetirə yurdu kama,
Göl olar dama-dama,
Deyib aqillər ama…
Olmayaq yad təbəsi,
Yurdumun qələbəsi,
Şuşa Bəyannaməsi.
Vətənimin nicatı,
Xoş, firavan həyatı,
Qoy çapsın murad atı,
Qursun zaman saatı.
Azərbaycan ölkəsi,
Heyran etsin hər kəsi,
Bəxtiyarlıq nəğməsi,
Şuşa bəyannaməsi.
Türkiyə canımızdı,
Damarda qanımızdı,
Firavan anımızdı,
Paşam, Sultanımızdı.
Atatürkün sevdası,
Düşüb qəlbə nidası,
Şuşa bəyannaməsi.
Şadiman, gülsün üzün,
Gəzsin aləmi sözün,
Görməsin nəmi gözün,
Alışsın odun, közün,
Qələmimin həvəsi,
Alışdırır nəfəsi,
Şuşa bəyannaməsi!
20.06. 2021
Qusar şəhəri
DÖRDLÜK
TÖKÜLÜB ƏYALI ÇÖLƏ ƏFQANIN
Əfqanıstanda baş verənləri seyir etdikcə, müsəlman olmaqdan utanıram.
Paramparça olmuş müsəlman ölkələrin dini zehniyyət quldurları,
İslam adı altında xristian birliklərin yardımı ilə silahlanıb bir-birinə
yağı çıxan dırnaq arası müsəlman başçıları, günahsız tökülən
qanlarlamı Allaha səcdə edirsiz?! Sizləri dünyaya gətirən qadındır!
Qadın ana, bacı, qız övladı, ömür-gün yodaşıdır…
Ona qarşı vəhşilik sərgiləyən din və
İslam alverçilərindən Allah qorusun bizləri…
Bu nə müsibətdi, bu nə faciə,
Tökülüb əyalı çölə əfqanın.
Niyə bu ölkəyə yoxdur bir yiyə?!
Dönüb axan qanı gölə əfqanın.
Dünyanı çalxadır əliqanlılar,
Qana susayanlar, qana canlılar,
Tökülən qanlara şər ünvanlılar,
Düşüb ayağına ölə əfqanın.
Körpə çığırtısı, ana fəqanı,
Quldurlar əlində üşüyür canı,
Basıb ah-nalələr bügün hər yanı,
Sığmayır fəryadı dilə əfqanın.
Dağıdır yurdunu qoluzorlular,
İçində haqqına vicdanı ular,
Axan göz yaşıyla yurdunu sular,
(Niyə lilli axır, durulmur sular???)
Verirlər haqqını yelə əfqanın.
Bu nə çaxnaşmadı, bu nə rəzalət,
Olubdu əllərdə yurdları alət,
Dinin quldurları yayır cəhalət,
Vururlar haqqını selə əfqanın.
Qəlbimi yandırır pərişan halı,
Tapa nicatını yazıq əhali,
Biri kişi tapıla beyni dühalı,
Daha xilasına gələ əfqanın.
Qərbin silahıyla xalqını qırır,
Özün dindar sayıb İslamı vurur,
Rəbbin səcdəsinə şeytanlar durur,
Gəlməyir öləni ələ əfqanın.
Ey başqa yurdlara burun soxanlar,
Üzə gülmüsəyib, ey qan qoxanlar,
Ölkələr dağıdıb, evlər yıxanlar,
Düşəsiz gününə elə əfqanın.
Cəhalət oduna yanan beyinlər,
Qaraya bürünən başlar, əyinlər,
Sizlərin əlində İslam da inlər,
(Haraya aparır sizi bu günlər?)
Dərdi bəs deyilmi belə əfqanın?!
Məzhəb acısından ayıl, müsəlman,
Yalnız Yaradana bağlıdır iman,
Haçan gələcəkdir ağlına səhman?!
Verdilər haqqını yelə əfqanın.
Şadiman dəhşəti çəkibdi nəzmə,
Deyin nə sədd olub canlarda əzmə?
Ey müsəlman əhli, özünü əzmə!
Keçib ayağına tələ əfqanın!
21.08.2021
BU VƏTƏN CANDIR
Allahın adıyla hoqqa çıxaran,
Lənət imanına, ibadətinə,
Aləm çaxnaşdıran şər adətinə!
Doğulan günündən şeytanla aran,
Lənət hiylə dolu siyasətinə!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Özgə ətəklərin altda gizlənən,
Özgə havalara beyni kökləyən,
Yad yurdda, yuvada, çatda gizlənən,
Ölkə əleyhinə çox körükləyən,
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Ey yurdda doğulub haqqı itirən,
Yəqin ki, əzəldən xaindir törən,
Məmləkət yetirib igid, ər-ərən,
Çoxdur nər oğullar, qolunu gərən,
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Düşmənə dost deyən dindaş olarmı?
Allaha, Tanrıya sirdaş olarmı?,
Vicdanı yoxlardan qardaş olarmı?
Bu qədər imanda səhv, çaş olarmı?
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Şəhid qanlarına suvanıb torpaq,
Qalxıb ayaqlardan başlara papaq,
Könlümüz Vətənə titrəyən yarpaq…
İgidlər çəkdilər yağılara dağ!
Sancılıb Murova, Şuşaya bayraq!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Gec-tez bütövləşər yurdumuz bir gün,
Aşacaq sədləri Ordumuz bir gün,
Bürüyər elləri toy-düyün bir gün,
Vurular xainin bəxtinə dügün!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
Şadiman boşuna deməyir sözü,
Söz qılıncdan iti, yeməyir sözü!
Hər qarış Vətənə qurbandır özü,
Satqının, düşmənin tökülsün gözü!
Bu Vətən candır,
Dindir, imandır,
Damarda qandır,
Azərbaycandır!
29.09.2021
ZƏFƏR SƏNƏ ÇOX YARAŞIR
Bürünübdü bayrağına yurd-yuva,
Dodaqların gülüşləri dərd qova,
Səmalara sancılıbdı haqq dua,
Sevincimiz aşıb-daşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qarabağdan gözəl Şuşa boylanır,
İgidlərin yurd başına haylanır,
Kinli düşmən dərdə düşüb vaylanır,
Bir-biriylə cırmaqlaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Səmaların atəşfəşan selində,
Buludları alıb qaçır belində,
Bəxtiyarlıq təlatümü elində,
Sədaları dağlar aşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Əsgərlərin dastan oldu dünyada,
Tarixlərə adın saldı dünyada,
Ordumuza heyran qaldı dünya da,
İndi sənlə hərb yarışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Oğulların uca adı-sanı var!…
Bir ölənə, min doğulan canı var,
Qarabağda Şəhidinin qanı var,
Torpağına qan qarışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Sazın, tarın harayı tel üstündə,
Qurtulubdu yurd-yuva şər qəsdindən,
Qaçqın adı götrülüb el üstündən,
El bu adla vidalaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qarabağın şikəstəsi dil üstə,
Xanəndələr oxuyurlar ahəstə,
Xoş zəngulə duyulur hər nəfəsdə,
Dil-ağızda sülh dolaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Qazilərin düşmən bağrı yardılar,
Aslanlartək üstlərini sardılar,
Diş-dırnaqla zirvələrə vardılar,
İçlərində qurd ulaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Şəhidlərin məkanı Rəbb yanında,
Dolaşırdı şərəf, namus qanında!
Qəhrəmanlıq yurd salmışdı canında,
Yağılarla ər savaşır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
Şadimanın vəcdə gəldi ürəyi,
Sən könlümün ən müqəddəs mələyi,
Heyran edib gözəlliyin fələyi,
Asimanda gün alışır, ey Vətən,
Zəfər sənə çox yaraşır, ey Vətən!
08.11.2021
SALAM RUHUNA
Qusar rayonun Balaqusar kəndindən
Birinci Qarabaq müharibəsi
Şəhidi Sərvər Abdulkərimova ithaf
Min doqquz yüz doxsan bəlayla gəldi,
Yağılar Vətənin bağrını dəldi,
Qarabağ ağrısı canda yüksəldi,
Kürəyə bıçağı saplayan əldi,
Sığındın el oğlu tək Allahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Qaldı işğal altda yurdlar, yuvalar,
Qopdu dodaqlardan Haqqa dualar,
Tutuldu buludlar, doldu havalar,
Çaldı qəvi düşmən fitnə havalar,
Dözmədin qız-gəlin, ana ahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Xocəvənd uğrunda qalxdın savaşa,
Şuşanın harayı döndü göz yaşa,
O zaman qaliblik yetmədi başa,
Qurdu mənfur düşmən qanlı tamaşa,
Tapındın ümidlə xoş sabahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Balaqusar igidi getdin cəbhəyə,
Canın ruhu çəkdi uçan gülləyə,
Cəhd etdin düşməni qana bələyə,
Şəhid olan yerdə Vətən var deyə!
Sarıldın mərdliklə sən silahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Ucaldın zirvəyə şəhid adınla,
Ruhun qürur duysun övladlarınla-
Amalya, Ruqiyyə, Fərrux varınla,
Ziyarət edirlər səni yarınla,
Məzarın dönübdü səcdəgahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Ali Baş Komandan dedi: Qalx, Əsgər,
Vətən qisas deyir sən göstər hünər,
Qəhrəman savaşdan şərəflə dönər,
Düşmən, ayağının altına enər,
Şəhidlər döndülər yurd rifahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Keçən il savaşa qalxdı oğullar,
Şərəflə tarixə yazdı nağıllar,
Qəhrəman analar igid doğurlar,
Cəsurlar yağını qanda boğurlar,
Boğuldu düşmənlər suç-günahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Cəmi qırx dörd günlük savaş açdılar,
Şəhid məqamına varıb uçdular,
Qazilər od olub alov saçdılar,
İt təki yağılar qorxub qaçdılar,
Yağı leşə döndü öz tamahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Xalqımız dönübdü dəmir yumruğa,
Vətənin bəxtinə al günəş doğa,
Gəlib igidliyə dünya sorağa,
Yazıldı şərəfli döyüş varağa,
Söz tapmır yağılar şər izahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
İndi azad olub Qarabağ yurdu,
Vətənin qisasın alıbdı Ordu,
İgidin nərəsi alovdu, qordu,
Düşməni alnından, köksündən vurdu,
Sığınıb namusla haqq pənahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Şuşamız oyanır azan səsinə,
Quranın ilahi xoş nəfəsinə,
Açır xarıbülbül yurd həvəsinə,
Qonubdu dillərin zümzüməsinə,
Allah qələm cızsın şər islahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Üzdü yurd ağrısı bu Şadimanı,
Vətəndi qibləsi, dini-imanı,
Şəhid məzarları yurdun hər yanı!,,
Baş əyir önündə həm cismi-canı,
Erməni tuş gəlib öz ikrahına,
Salam, şəhid Sərvər, salam ruhuna!
Salam, şəhid Sərvər, salam ruhuna!
22.11.2021/ Pirallahı
SİZİ GÖYLƏR ÇƏKDİ KAMA
30 noyabr 2021-ci ildə hərbi helikopterdə
qəzaya uğrayan Şəhid hərbiçilərimizin
ruhuna ithaf edirəm!
Sizi göylər çəkdi kama,
Uçub getdiz quş sayağı.
Göy yer vermir hər adama,
Dəymir ora şər ayağı!..
Vətənin ər oğulları,
Hər oğul mərd ola bilməz.
Asimanın ağ yolları,
Sirlə dolu, sirr bilinməz.
Səmaların sevdalısı,
Uçar gedər buludlara.
Kainatlar Rəbb alisi,
Layiqdir mərd övladlara.
Sizə göylər könül verdi,
Ruhunuzu alıb qaçdı.
Dedi:Şərlə dolu yerdi…
Mələklərtək qucaq açdı.
Sizi doğan anaların
Gözü gərək ağlamasın.
Göl tumarlar sonaların,
Səma tutar igid yasın!
Vətənin ər kişiləri,
Qəzanız dağ oldu bizə,
Hünər sevər kişiləri,
Qürur verər elimizə.
Məmləkətin şahinləri,
Səmalarla məşq eylədiz.
Bürüyübdü ah yerləri,
Göy içinə eşq eylədiz.
Qırx dörd günlük savaşda siz,
Yağılara qan uddurduz.
Adlarınız tarixə iz,
Düşmənlərə dağ vurdunuz.
Sizi çəkdi göyə fələk,
Layiq bildi ünvanına.
Kimlər oldu haqqa mələk,
Tanrı çəkdi öz yanına!…
Şadimanın ağrısı bol,
Ağrı üstdən ağrı gəldi.
Ruhun cana sorğusu bol,
Yanan ürək, yazan əldi.
02.11.2021
SƏN MƏNDƏN ÇOX ÇƏKDİN
Daşıdın ömrümün yükün, ürəyim,
Sən məndən çox çəkdin ağrılarımı.
Artdı gündən-günə hər gün diləyim,
Artladın, ələdin doğrularımı.
Qatlaşdın hər cürə sən əzabıma,
Əzablar artdıqca gücün təngidi.
Odunu xərclədin iztirabıma,
Fikirlər çaxnaşdı, arzum ləngidi.
Mən sənə dərd verdim, sən mənə möhlət,
Çevrildin bir ömür sadiq dostuma.
Nə qədər çox oldu bu yolda möhnət,
Mən yandım, sən dözdün acı tüstümə.
Özüm heyrətdəyəm vəfana sənin,
Bu qədər hünəri necə qazandın?
Hərdən hönkürürəm cəfana sənin,
Məni yaşatmaqmı Tanrıdan andın?!
- 11.2023