Вы просматриваете: Главная > Şeirlər > ARAZ, HARAY EYLƏ, GÜNEYDƏ QAN VAR  

ARAZ, HARAY EYLƏ, GÜNEYDƏ QAN VAR  

Niyə lal axırsan? Bir hayqırsana,

Sükutun bağırın özün qırsana,

Yağının önünü kəsib, dursana,

Yurdu kölə edən cahil İran var,

Araz, haray eylə, Güneydə qan var.

 

Təbrizi, Urmini dinlədinmi heç?

Bizimtək ağrıyıb inlədinmi heç?

Dar ağacı, zəncir Rəbbə dinmi heç?

Dinlə terror olmaz, əgər Quran var,

Araz, haray eylə, Güneydə qan var.

 

Adın islam qoyan dinə suç edir,

Rəbbə ibadətin şərə uc edir,

Kafirə əl tutur, özün bic edir,

Zülmə rəvac verən ara vuran var,

Araz, haray eylə, Güneydə qan var.

 

Türk dilə həsrətdi o tayda xalqım,

Mənim də o tayla birləşmək haqqım,

Bir bayraq altında yerləşmək haqqım,

Ədalət kürsüsün sayan cahan var,

Araz, haray eylə, Güneydə qan var.

 

Ah-vaya batıbdı qardaş-bacımız,

Onlar nalə çəkir artır acımız,

Güneyli-qüzeyli Vətən tacımız,

Orda dili bağlı can içrə can var,

Araz, haray eylə, Güneydə qan var.

 

Öz ana dilinə həsrətdi millət,

Yandırır ürəyi ah-nalə, zillət,

Bu nə köləlikdi, bu nə itaət,

İnsanlıq ölməyib hələ vicdan var,

Araz, haray eylə, Güneydə qan var.

 

Ərz et, Bəzz qalası qalxsın oyansın,

Babəkin ruhunu qoynunda ansın,

Bizimtək titrəsin, bizimtək yansın,

Yurdları dikəldib min il quran var,

Araz, haray eylə, Güneydə qan var.

 

Çağır Səttarxanı gəlsin haraya,

Ruhu nalə çəksin dikələn vaya,

Qəlbimiz alışır yanır o taya…

Bu tayda köz olan könlü viran var,

Araz, haray eylə, Güneydə qan var.

 

O taylı, bu taylı Vətən bir olsun,

Canımız bu eşqlə qoy əlbir olsun,

İstəklər qovuşsun cana sirr olsun,

Diləyi diləyə yetirən an var,

Araz, haray eylə, Güneydə qan var.

 

Bakı bir qulaq ver Ərdəbilinə,

İçində hicranın aşkar bilinə,

Denən heyran oldum şirin dilinə,

Damarda qanına bir doğma qan var,

Araz, haray eylə, Güneydə qan var.

 

Qalxıb el ayağa azadlıq deyir,

Yurda başdan-başa abadlıq deyir,

Dünya etməməli bu haqqı seyir,

Dili türki deyən böyük Turan var,

Araz, haray eylə, Güneydə qan var.

 

Denən Şadimanı üzür ayrılıq,

Bağrına əzablar düzür ayrılıq,
İstəmir Vətəndən üzr ayrılıq,

Bu acı dəhşəti səndən soran var,

Araz, haray eylə, Güneydə qan var.

01.11.2022