Вы просматриваете: Главная > Şeirlər > MƏZHƏB LAZIM OLMAYIR

MƏZHƏB LAZIM OLMAYIR

Ey məzhəbi ürəkdə ocaq edib yandıran,
Onu-bunu özünün istəyiylə qandıran,
Başını kütləşdirib, hisləri oyandıran,
Baş elə bir mücrüdür, içi boşsa, dolmayır,
Allaha inanana məzhəb lazım olmayır.

Bəndəni Tanrı sayıb ona səcdə edənlər,
İlahini unudub pir üstünə gedənlər,
Guya ki, haqq evinə nəzir müjdə edənlər,
Pak olan haqq gözündə heç kənarda solmayır,
Allaha inanana məzhəb lazım olmayır.

Yaradanı sevməkçin vicdanı təmizləyin,
Haqq könüldən başlayır ömrü boyu izləyin,
Etdiyiniz nədirsə bədəlini gözləyin,
Rəbbim hər bəndə içrə ayrı-seçkik salmayır,
Allaha inanana məzhəb lazım olmayır.

Din Allaha inamsa, bəs məzhəb niyə gərək?
Hamı qalxsın yuxarı, küy salsın göyə gərək,
Dinləri parçalayan öz başın döyə gərək,
Dünyaya gələn gedir, heç bir kimsə qalmayır,
Allaha inanana məzhəb lazım olmayır.

Əvvəl-axır hamının əməli üzə çıxır,
Kimi haqqı tapdayır, kimi də sözə çıxır,
Ürək nə sərgiləsə, o saat gözə çıxır,
Yaradan bizim təki boş xəyala dalmayır,
Allaha inanana məzhəb lazım olmayır.

Şadiman ürəyini şam eylədi Allaha,
Dərdini sözə tökdü, ümid etdi sabaha,
Dinlərə don geydirib canı atdıq günaha,
Rəbb bəndətək düşünüb kimsədən beh almayır,
Allaha inanana məzhəb lazım olmayır.
23.10.2020

Şərh üçün bağlıdır.