Bu gün Milli Dirçəliş günündür,
kaş bütöv Dirçəlişini görəydim, VƏTƏN….
Sənin yarımçıqlığın – qəlbimizə yaradır,
Əldən getmiş yurdların bil ki, hardan haradır…
Haqqını almayanın daim üzü qaradır,
Yalnız bütövləşməyin yaralara çaradır.
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövləş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Kimliyimiz illərdi adımızdan silindi,
Dostun, düşmənin kimdi, aşkar olub bilindi,
Türkliyinə yiyə çıx, çağlayan Türk dilindi,
Min illərdi yağıya qılınc vuran əlindi.
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Sərvətin yağıların cibində pula döndü,
Qulbeçələr çoxladı, əyilməklə öyündü.
Dərdin ürək yerinə sinəmizdə döyündü,
Söylə kor taleyinə vurulan nə düyündü?!
Bəsdir qaldın yarımcan, diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Dədəm Oğuz bəyinə yaraşarmı bu illət?
Cəllad fitvası ilə adın unudub millət.
Öz Vətənin içində qaçqın olmaq həqarət,
Həqarəti daşımaq dünya boyda zəlalət.
Bəsdir qaldın yarımcan, diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövləş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Sənin övladlarının özü döndümü səndən?!
O üzdən qurtulmağın müşküldü duman, çəndən,
Hönkürür misralarım, sözlər üzülür dən-dən,
Üzüdönük oldumsa qalx qısası al məndən…
Bəsdir qaldın yarımcan, diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövləş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Qulaq ver Güneyinin Türkəm deyən səsinə!
Al Quzeyin harayın nəfəs qoş nəfəsinə,
İlahi şüvən qursun zülümün qəfəsinə,
Qalx pərvazlan, Vətənim, Babəklər həvəsinə.
Bəsdir qaldın yarımcan, diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövləş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Ey sevgisi tükənməz, canımın yarı Vətən,
Soy-kökümün məkanı, əhdi-ilqarı, Vətən,
Qəlbimin sığındığı könül nübarı Vətən,
Xərcləmə xainlərə bağından barı, Vətən,
Bəsdir qaldın yarımcan, diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövləş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
Şadimanın ruhuna ağrılarla dolma, gəl,
Düşmənlərin önündə qolu bağlı olma, gəl,
Xainə can söyləyib, qol boynuna salma, gəl,
Məğlubluğa eşq edib, yağıya alçalma, gəl,
Bəsdir qaldın yarımcan, diriləş, Azərbaycan!
Çal Xətai havanı, bülövləş, Azərbaycan!
Haqsızlığı qandalla, bütövləş, Azərbaycan!
17.11.2019