Вы просматриваете: Главная > Şeirlər > VƏTƏN FƏDAİLƏRİ

VƏTƏN FƏDAİLƏRİ

 

(Ata Quliyev Məzahir Musa oğlu

1-ci Qarabağ müharibəsi iştirakçısı

və oğlu 2-ci Qarabağ müharibəsi

qazisi Quliyev Mahir Məzahir oğluna ithaf)

 

Mən bu hekayəti aldım qələmə,

İgidlərin adı düşsün aləmə.

Nəql edim olmuşu sizə oxucum,

Düşdüm igidlərçin izə oxucum.

Ata əskər olub, oğul da əskər,

İksi də göstərib yurd üçün hünər.

Birinci Qarabağ savaşı ata

yollanıb vuruşa hünərə çata.

Silahsız, sursatsız çətin günlərdə,

Şücaət göstərdi, igid də, ər də!

Məğlub durumdaydıq, yurdlar işğalda,

Dözdük əzablara Vətən pis halda!

Məcbur olub getdik biz Atəşkəsə,

Sakitlik olmadı, ancaq heç kəsə.

Erməni pozduqca öz imzasını,

Birləşib igidlər qurdu yasını!…

 

        Ata Məzahir

 

Vətən ruhumuzun səcdə beşiyi,

Düşmənlə doludur onun eşiyi,

Çəkiblər, çəkirik yurda keşiyi,

Sən bu həqiqəti andın, Məzahir,

Yurd-yuva eşqiylə yandın, Məzahir.

 

Doxsanıncı illər, o qanlı zaman,

Bürüdü ölkəni ölüm, ah-aman,

Düşmən qətlimizə verəndə fərman,

Namus, şərəf oldu andın, Məzahir,

Yurd-yuva eşqiylə yandın, Məzahir.

 

Sardın ürəyinə Qarabağ odun,

Atıldın döyüşə olmasın yadın,

Əsir qız-gəlinin acı fəryadın,

Vətənə fəlakət sandın, Məzahir,

Yurd-yuva eşqiylə yandın, Məzahir.

 

Daşıdın çiynində ağır günləri,

Əsir Qarabağın acı ünləri,

Açmağa çalışdın bu düyünləri,

Özün də şam kimi söndün, Məzahir,

Yurd-yuva eşqiylə yandın, Məzahir.

 

Bitib tükənmədi hayın hiyləsi,

Yurdlar döndü oldu qan piyaləsi,

Bürüdü elləri ana naləsi…

Vətəni xilasda öndün, Məzahir,

Yurd-yuva eşqiylə yandın, Məzahir.

 

Qarabağ  Zəfərin görməyib köçdün,
Ölüm çeşməsindən qəfil su içdin,

Əbədi dünyanın yolunu seçdin,

Məzarı təsəlli sandın, Məzahir,

Yurd-yuva eşqiylə yandın, Məzahir.

 

       Oğul Mahir

 

Həyat doğulançın nağıl deyirlər,

Ataya bənzəyər oğul deyirlər,

Başları bəzəyir ağıl deyirlər,

Həyat zirvəsində mərd qaldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Başladı ikinci Vətən savaşı,

İgidlər birləşdi yağıya qarşı,

Od-alov saçırdı o günlər qarşı…

Yağının canına od saldı,  Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

İkinci Qarabağ savaşı vaxtı,
Ordumuz düşməni yandırıb yaxdı,

Silahlar susmadı od-alov  çaxdı,

Ruhundan, canından bac aldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Keçdi döyüş yolu əsir Ağdamdan,

İnilti qopurdu uçuq hər damdan,

İmdad diləyirdi yurdlar adamdan…

Yurd hayqırtısından öc aldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Cəbrayıl, Zəngilan döyüşü anı,

Od-alov bürüdü, sanki hər yanı,

Füzuli, Xocavənd savaş meydanı…

Qazilik adına ucaldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Medallar düzüldü mərd sinəsinə,

Düşmənlər diz çökdü od nəfəsinə,

Yetdi Qarabağın haray səsinə,

Düşmənə qələbə tez çaldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Analar doğurlar mərd igidləri,

Tapmasın heç zaman dərd igidləri,

Qorxutmaz keçilməz səd igidləri,

Elin yaddaşında mərd oldu, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Otuz il işğalı qırx dörd gün uddu,

Şəhid, Qazi qanı yağını tutdu,

Vətən zəfəriylə məqsədə çatdı,

Vətən canımıztək bir haldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Tanrı azaltmasın yurd eşqimizi,

Daima kamala çatdırsın bizi,

Çöksün qarşımızda yağının dizi,

Zəfərin mübarək kamaldı Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Soyuq səngərlərdən keçdi yolların,

Qaliblik adını seçdi yolların,

Şəri hər addımda biçdi yolların,

Haqqı gəzən dünya xəyaldı Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Ey  Vətənçin yanan pak ata-bala,

Yurdu dərd alanda dözmədiz hala,

Sizitək oğullar layiq cəlala!

Zəfərə yetişmək halaldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

Şadiman cəsurlar çəkibdi nəzmə,

Heyrandı igiddə qürura, əzmə,

Yağıya əyilməz məğrur dözümə!

Şəhidlik, qazilik vüsaldı, Mahir,

İlahi qüdrətdən güc aldı, Mahir.

 

21.01.2023

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.