Otuz ildə için-için ahla yandıq,
Şad xəbərin eşqi ilə cilalandıq,
Üç rəngin sevgisiylə hilallandıq,
İgidlərin nərəsiylə sübh oyandıq.
Qarabağın xilas günü,
Yağıların iflas günü,
İşğalçının qəm-yas günü,
Ruhumuza təpər günü,
Zəfər günü!
Qəhrəmanlar düz divarı aşıb keçdi,
Düşmənlərə nifrət hissi daşıb keçdi,
Qəzəblənib sel-su olub coşub keçdi,
Ayaqlayıb zəmi təki yağı biçdi…
Xalq oldu bir nəfər günü,
Şuşamıza səfər günü,
Azğınlara sipər günü,
Ruhumuza təpər günü,
Zəfər günü!
Şəhid oldu, qazi oldu o gün əsgər,
Qucaq açdı igidlərə soyuq səngər,
Hər doğulan ölməyirmi bir gün məgər?!
İgid adın tarixlərə yazanlar ƏR!
Sizi doğan anaların hünər günü,
Ruhumuza təpər günü,
Zəfər günü!
Qurban olum anam, bacım göz yaşına,
Nakam getmiş şəhidinin baş daşına,
Yarsız qalmış gəlinlərə dərd aşina…
Şəhid ruhu uçub qonub dağ başına,
O üç rəngli hilalnı öpər günü…
Qələbəmiz işğalçıya çəpər günü,
Ruhumuza təpər günü,
Zəfər günü!
Yaradandan gəlir sevda, ey Şadiman,
Yurd Vətəndir, ona haqdan düşür iman,
O yuvadır, onuntək yox dərdə dərman,
Pozulmasın yuvamızda heç vaxt səhman,
Məhəbbətin qəlbimizə çəkər günü,
Ruhumuza təpər günü,
Zəfər günü!
08.10.2024