Apr
25
Ərşi, kürşü ram edən,
Acılarla kam edən,
Qəlbə dərdi dam edən,
Bədənlərlə şam edən,
Zalımlar can biçində,
Dünya şeytan içində.
Yıxılıb haqq guşəsi,
Kəsir nahaqq tişəsi,
Sınır ürək şüşəsi,
Artır iblis nəş’əsi,
Hamı niyə, neçində?
Dünya şeytan içində.
Yerdən göyə fəryaddı,
Can bədəninə yaddı,
Ağızlarda imdaddı,
Şər hər işdə abaddı,
Bəşər köçə-köçündə
Dünya şeytan içində.
Can üzülür ah ilən,
Vicdanlar günah ilən,
İllətlər sabah ilən,
Zaman keçə-keçində,
Dünya şeytan içində.
Rəbbim bizi yaratdı,
Canı bədənə atdı,
Vəhləri ağla qatdı,
Ondan kitab ucaltdı,
İmtahanı həyatdı!
Varı olan heçində,
Dünya şeytan içində.
İnsan qocalır niyə?…
Əllər uzanıb göyə,
Başına döyə-döyə,
Əzrayıl gəlir iyə,
Fələk seçə-seçində,
Dünya şeytan içində.
Şadiman, adəm yolu,
Fitnə-feyillə dolu,
Bağlanıb haqqın qolu,
Zaman bilmir sağ-solu,
Qanlar içə-içində,
Dünya şeytan içində.