Вы просматриваете: Главная > Şeirlər > SU ÇƏRŞƏNBƏSİ

SU ÇƏRŞƏNBƏSİ

 

 

Çaxnaşdır göyləri yağsın yağışlar,

Torpağın bağrında açsın naxışlar,

Yaza yerin versin qoy qarlı qışlar,

İsinsin torpağın bumbuz nəfəsi,

“Suların Novruzu” Su çərşənbəsi.

 

Həyat gözəlliyə açsın qoynunu,

Uşaqlar çəməndə qursun oynunu,

Təbiət geyinsin yaşıl donunu,

Artsın insanların ömrə həvəsi,

“Suların Novruzu” Su çərşənbəsi.

 

Arxlar təmizlənsin, çeşmələr dolsun,

Ellərin Tanrıya inamı olsun,

Pislik, kin-küdurət suda boğulsun,

Dolaşsın bulağı qız-gəlin səsi,

“Suların Novruzu” Su çərşənbəsi.

 

Sənə yalançı da deyirlər hərdən,

İrmaqlar tökülsün dağdan, dərədən,

Sular buxarlansın göylərə yerdən,

Yatmış buludların bu müjdə bəsi,

“Suların Novruzu” Su çərşənbəsi.

 

Qız-gəlin özünə sığal etsinlər,

Hələ gün doğmamış suya getsinlər,

Çeşmələr üstündə dil-dil ötsünlər,

Üzləri çöllərin lalə pənbəsi,

“Suların Novruzu” Su çərşənbəsi.

 

Həyat gözəlliklə qaynayıb daşsın,

Aşıq sazı alıb nəğmələr qoşsun,

Sədası dağlardan, qayadan aşsın,

Ayıltsın yuxudan mahnı hər kəsi,

“Suların Novruzu” Su çərşənbəsi.

 

Şadiman yetişsin sular başına,

Çaylar dönsün onun can sirdaşına,

Təbiət son versin soyuq qışına,

Ruhu pərvazlansın, qırsın qəfəsi,

“Suların Novruzu” Su çərşənbəsi.

29.05.2020

Şərh üçün bağlıdır.