Вы просматриваете: Главная > Şeirlər > QƏHRƏMAN UKRAYNA XALQI

QƏHRƏMAN UKRAYNA XALQI

Sənin azadlığın kişiliyində,
Yumruğa dönübdü hürr birliyində,
Cəsurluq canında, saf iliyində,
Verdin haqqa fərman Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Laxlat İmperyanın tacı-taxtını,
Ağlasın bugünü qara baxtını,
İrəli, boşuna vermə vaxtını!…
İndi qızıl zaman Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Sənin bayrağında göyün rəngi var,
Geniş zəmilərin yurd ahəngi var,
İşğalçı qansıza ölüm zəngi var!
Rəbdən gəlib fərman, Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Qıpçağı, sakları gətir yadına,
Yetişər ulular tez imdadına,
Necə yaraşırsan sən öz adına?!
Sənə döyüş dərman Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Qullar heç bir zaman haqqın almadı,
Çocuğu, çoluğu öldü qalmadı,
Savaşsız heç bir xalq azad olmadı,
Gətir yurda səhman Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Bilirəm çətindir bugün elinə,
Vətənin dönübdü qan-su gölünə,
Oğulların alıb silah əlinə,
Verirlər yurda can Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Tanrı haqq yanında, haqq parlayacaq,
İşğalçı çökəcək, günün sayacaq,
Tikiləcək evlər, yanacaq ocaq…
Olacaq el həyan Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Sənə Zelenski Haqdan doğuldu,
Yağıya əyilməz mərd oğlun oldu,
Qaliblik adını tarixə saldı!
Yox qatildə iman Ukrayna xalqı.
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Hünər sahibləri hürr qazandılar,
Şər xislətlilər haqqı dandılar,
Xalqlar cəsurunu hər an andılar,
Cəsuruna mehman Ukrayna xalqı
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Mən vəcdə gəlmişəm döyüşünüzdən,
Azadlıq yolunda pak işinizdən,
Keçirtdiz qorxunu sərt dişinizdən,
Etdiz işğala man Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Çöküb igidliyin qan yaddaşına,
Şərəf rövnəq verir vətəndaşına,
Dünya səcdə edir uca başına!..
Qəzəbin ox-kaman Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
Şadiman susmayan sazdı könüldən,
İşğala məzarı qazdı könüldən,
Qələmim bu şeiri yazdı könüldən,
Sizlərə ərmağan Ukrayna xalqı,
Soy-kökü qəhrəman Ukrayna xalqı.
09.03.2022