Вы просматриваете: Главная > Şeirlər > DƏRDİN ÇƏKİLMƏZDİR

DƏRDİN ÇƏKİLMƏZDİR

Vətən, dərdin çəkilməzdir,
Ölüm düşüm ayağına,
Ürəyimi paramparça
Bölüm düşüm ayağına.

Şəhidlərin tabutlanır,
Bağır çökür, diz qatlanır,
Min bir yerdən qəlb çatlanır,
Qəm yazılır varağına.

İşğallarda ahar oldun,
Yağılara nahar oldun,
Bağrımızda qəhər oldun,
Qan ələndi çırağına.

Söylə necə atəşkəsdi?
Hər addımı ölüm, nəsdi!
Olan-qalan səbri kəsdi,
Bir boylan bax sol-sağına.

Talayanlar kef içində,
Hər addımı səhv içində,
Qəlb inləyir, dil neçində?
Alışıbdı söz ağına!

Bu zülümə son olarmı?,
İşğala min don olarmı?
Nicatına yön olarmı?
Ölüm olsun qoy yağına!

Əzdi səni yoldan ötən,
Yolunda çox ölüb-itən,
Dözək olmur, vallah, Vətən,
Hər gün şəhid sorağına?!

Şadimana öyüd eylə,
Öyüdünlə igid eylə,
Gəl məni son Şəhid eylə,
Ölüm düşüm torpağına!!!

07.03.2020
Şirinxanım Kərimbəyli Şadiman