Вы просматриваете: Главная > Şeirlər > YALAN AYAQ TUTUB

YALAN AYAQ TUTUB

Yalan ayaq tutub oynayır burda,
Onu alqışlayan əllər çəpikdə.
Kimi harda idi, oturub harda?
Kimi ayaq altda qalıb təpikdə.

Dildə hiylələrə plan qurulur,
Qanun yalanlardan asılı qalıb.
Dillər riyalara, sanki vurulur,
Həqiqət künclərə qısılı qalıb.

Maskalar taxılıb, sözlər boyalı,
Abırdan, həyadan dəm vurur hamı.
Batıbdı kiminin əhli-əyalı,
Kiminin bəxtindən fışqırır kamı!

Yerindən, yurdundan qaçanlar artıb,
Vətənin varlığı sözdə görünür.
Nəfsin qulları aləmi qatıb,
Çoxu yavanlığın tapmır, sürünür.

Kimi haram pulu göyə sovurur,
Kiminin daxması başına uçur.
Kimi ürəyində dərdi qovurur,
Kimi də zirvəni parayla qucur.

Tarazlıq pozulur haqq əyiləndə,
Hər işin gedişi olur baş-ayaq.
Günah axtarmadıq heç məndə, səndə,
Vurduq günümüzü başa bir sayaq.

Meydan sulayanda yalan ortada,
Ölkəni, milləti çökdürər nifaq.
Övladın xətası ana-atada,
Yalanla çatmayır başa ittifaq.

01.02.2020
Şirinxanım Kərimbəyli Şadiman