Вы просматриваете: Главная > Şeirlər > ATATÜRK

ATATÜRK

Bu gün Mustafa Kamal Atatürkün vəfat günü, Türk tarixində böyük iz buraxmış Türk qəhrəmanına Allahdan rəhmət dilərəm.Mustafa Kamal Atatürk təkcə Türkiyə türklərinin yox, bütün dünya türklərinin milli qəhrəmanıdır! Nə zamana qədər dünyada Türk varsa ölkəsindən asılı olmayaraq Mustafa Kamal Atatürkün ruhuna ehtiram bəslənməlidir. Çünki indiki Türk ölkələrinin varlığı, müstəqil Türkiyənin varlığı ilə çox bağlı idi. Türk dövlətinin bərqərar olması ilə Türk düşmənləri bütünlüklə türkləri yer üzündə darmadağın etmə planından çəkindilər. Bunu mən demirəm, ey dünya TÜRKLƏRİ, bunu sonrakı dövrlərdə Türk ərazilərində baş vermiş türkürpədici olaylar deyir!… Bir dönün tarixə baxın…
 
 
Bir zaman yağıların eylədi işğal Vətəni,
Saldı min bir əzaba gör necə bu hal Vətəni,
Qoydu qara günlərə, etdi halbahal Vətəni,
Atdı ağrı-acıya öylə qeylü-qal Vətəni,
Oldu millətə dirək – Mustafa Kamal Atatürk,
Böyük yurduna ürək – Mustafa Kamal Atatürk.
 
Yığışıb cəm olaraq diddilər Osmanlını,
Min yerə parçalayıb ütdülər Osmanlını,
Elə zənn eylədilər ötdülər Osmanlını,
Sanaraq qul sayağı etdilər Osmanlını,
Millətə oldu çıraq – Mustafa Kamal Atatürk,
Açdı tarixə varaq – Mustafa Kamal Atatürk.
 
Gah rus, gah ingilis, gah da fransız gəldi,
Yurdu ram eyləməyə neçə amansız gəldi?
Dövlətə xain çıxan erməni qansız gəldi,
Yağlı kökə arayan bir çox imansız gəldi,
Xalqı xilas elədi – Mustafa Kamal Atatürk,
Millətə hür dilədi – Mustafa Kamal Atatürk.
 
O ki, türk dünyasının özünə Günəş oldu,
Yaralı torpağının könlünə atəş oldu,
Biçdi düşmənlərini – yerində küləş oldu,
Önündə yağıları hey tökülüb qəş oldu,
Aldı silahı ələ – Mustafa Kamal Atatürk,
Xəbəri düşdü elə – Mustafa Kamal Atatürk.
 
Həm Vətən, həm Bayraq dedi, atıldı savaşa,
Son qoydu ana, bacı gözündəki qanlı yaşa,
Əymədi millətini, vermədi rəvac təlaşa,
Tökdü ərlər qanını kişi təki dağa, daşa,
Oldu millətə çıraq – Mustafa Kamal Atatürk,
Açdı tarixə varaq – Mustafa Kamal Atatürk.
 
O türkün namusunu qoymadı yensin ayağa,
O böyük tarixini vermədi ensin ayağa,
Döndü qara dənizin sinəsidə mayağa,
Gətirdi qüdrətiylə şan və şərəf bayrağa,
Titrətdi Avropanı – Mustafa Kamal Atatürk,
Sandı Vətəni canı – Mustafa Kamal Atatürk.
 
Kəsdi Xaç yürüşünün qarşısını qüdrət ilən,
Getdi düşmən önünə pələng kimi həddət ilən,
Şərəfi dünyaya düşdü elə bir vüsət ilən,
Qaldı həqqi sevənin sinəsində izzət ilən,
Aləmə nur çilədi – Mustafa Kamal Atatürk ,
Yaraları bələdi – Mustafa Kamal Atatürk.
 
Döndü Çanaqqalanın döyüşü bir dastana,
Düşdü yağıların ürəyi zimistana,
Osmanlı torpağını çevirdi gülüstana,
Vermədi xəzan gələ baharında bostana,
Ərdi, türk övladına – Mustafa Kamal Atatürk,
Çatdı Ata adına – Mustafa Kamal Atatürk.
 
O Fərid Sultanı da qoymadı çöksün yada,
Olmamaqçın təslim atdı özünü oda,
Dedi: – “tək taxtına yox, bu Vətənə bir qada “,
Yetdi vaxtında igid millətinə imdada,
Elə işıq oldu – Mustafa Kamal Atatürk,
Yurda aşiq oldu – Mustafa Kamal Atatürk.
 
Şadiman, bu igidi vəsf eləyər zamanlar,
Onu səcdəyə gələr haqq arayan imanlar,
Gülər tarix adına, edər ona peymanlar,
Hələ hər gün doğular bu şərəfə fərmanlar…
Anadan təkdi belə – Mustafa Kamal Atatürk,
Doğmayıb ana hələ – Mustafa Kamal Atatürk!…
19. 05. 2004
 
Şirinxanım Kərimbəyli Şadiman