Вы просматриваете: Главная > Şeirlər > ÜZÜNÜN DONU

ÜZÜNÜN DONU

 

Min yol dəyişirsə üzünün donu,

Hiyləyə, fitnəyə mail olmusan.

Əgər görünmürsə pisliyin sonu,

Doğulan günündən zail olmusan.

 

Bəsirət gözünü aç ətrafa bax,

Etdiyin şər işin başını burax,

Qəlbinin kinini özün yandır, yax,

Deməsinlər şərə qail olmusan.

 

Heç kəs bu dünyadan heçnə aparmır,

Vaxtdan bircə gündə artıq qoparmır,

Əgər can evini xoş duyğu sarmır,

Deməli iblisə sail olmusan.

 

Düzlük hər ürəkdən yolunu salmır,

Hər bəndə boynuna qolunu salmır,

Yaradan ayağa qulunu salmır,

Demək ayaqlara hail olmusan.

 

Zaman yığıb qaçır ömür köçünü,

Gedir günlərinin zəmi biçini,

Haqq imtahanından keçir içini,

Gör hansı qiymətə nail olmusan?!

 

Bu dünya dəryadır, toruna düşmə,

Alışdır ocağın qoruna düşmə,

Yamanlıq eyləyib goruna düşmə,

Deməli bir ömür qafil olmusan!

 

Şadiman, sözünü qıfıla salma,

Ona qəlb yerinə qəfəsi alma,

Dilin şər öyərsə, nəfəsi alma,

Desinlər köçəndə kamil olmusan.

08.10. 2019