Вы просматриваете: Главная > Şeirlər > ZAMAN HƏR ŞEYİ HƏLL EDİR

ZAMAN HƏR ŞEYİ HƏLL EDİR

 

Ömür düşür yas-düyünə,

Vaxtı geyinir əyinə,

Diləklərimiz zil edir,

Zaman hər şeyi həll edir.

 

Göz də işıqdan su içir,

Ürək yaşamçın can seçir,

Yaxşı-yaman ömür keçir,

Günü uzadıb il edir,

Zaman hər şeyi həll edir.

 

Gün həyatın xəbərçisi,

Ağıl  ümidin elçisi,

Tanrı ruhun bilicisi,

Vaxtın qanadın yel edir,

Zaman hər şeyi həll edir.

 

Ömür deyil özbaşına,

Tale biçilib yaşına,

Hər kəs vicdandan yaşına,

Yaşınmasa göz sel edir,

Zaman hər şeyi həll edir.

 

Doğruya biç amalını,

Günəş sayma camalını,

Ağlından keçir halını,

Diləklər könlə əl edir,

Zaman hər şeyi həll edir.

 

Bir içim sudu ömrümüz,

Batıb çıxır səs-səmrimiz,

Allah əlində əmrimiz,

Qəlbdə arzumuz gül edir,

Zaman hər şeyi həll edir.

 

Şadimanı sanmın naçar,

Bir canı var haqqa düçar,

Yığışıb dünyadan qaçar,

İlahi ona gəl edir…

Zaman hər şeyi həll edir.

Zaman hər şeyi həll edir…

 

20.05.2019

Şirinxanım Kərimbəyli Şadiman