Вы просматриваете: Главная > Şeirlər > YERİM YOX DAHA

YERİM YOX DAHA

  

İlahi, yerlərdə yer yerim yox daha,

Götür apar məni qurbanın olum.

Dönüm gecələrdən gələn sabaha,

İstəmirəm vallah insanın olum.

 

Bilirəm sonsuzdur kainatların,

Onların birində yer elə mənə.

Hər yandan parlayır xoş büsatların,

Nə olar bir zərrə sən dilə mənə.

 

Yoruldum, əzildim hiylədən, şərdən,

Acizəm, dəf edə bilməyirəm mən.

Canım çıxıb məndən baxır qənşərdən,

Çaşıram, məxrəcə gəlməyirəm mən.

 

Bəs mən hardan gəlib hara gedirəm?!

Adamın kimliyin agah et mənə.

Alışır varlığım qora gedirəm,

Ruhumun pənahı, nolar yet mənə…

 

Qoymayırlar bizi insan olmağa,

Təhlükədə qalıb insanlığımız!

Min bir faciə var yerdə qalmağa,

Müşkülə düşübdü peymanlığımız.

 

Canlılar içində ağlımız uca,

Uca ağlımızda şeytanlar gəzir.

Qoyulur vicdanlar hər gün hərraca,

Düşünən başları zülm, şər əzir.

 

İdrak caniləri ağlı kül edir,

Hissi düşüncədən önə çəkirlər.

Dini gəlir sayan hər gün gül edir,

Yalandan səcdəyə, dinə çəkirlər.

 

İlahi, yerlərdə yer yerim yox daha,

Götür apar məni qurbanın olum.

Dönüm gecələrdən gələn sabaha,

İstəmirəm vallah insanın olum…

 

18.05.2019

Şirinxanım Kərimbəyli ŞADİMAN