Вы просматриваете: Главная > Şeirlər > DAMĞALAYIRLAR

DAMĞALAYIRLAR

Naqislik dünyada dövran sulayır,
Pislik yalquzaq tək qəlb-qəlb ulayır,
Axıdılan qanlar haqqı bulayır,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Pulla həqiqəti satın-alırlar,
Dünyanın boynuna kəmənd salırlar,
İlan tək haqq dili qəfil çalırlar,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Yetim tək düzlüyün boynu bükülür,
Yağılar əlində yurdlar sökülür,
Çox yanar ocağa sular tökülür,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Hey dolur, boşalır fitnə-fəsadlar,
Sərvətə, dövlətə, pula həsadlar,
Nala-mıxa döyür qəlbi kəsadlar,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Tamahkar torbasın salıb boynuna,
Yığır dilənçi tək varı qoynuna,
Görən necə dözür fələk oynuna,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Ürəklər, diləklər, məramlar qansız,
Düşünən imkansız, duyan imkansız,
Pislik qan sulayır zaman, məkansız,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
İlahi, bəndələr naşükürləşib,
Dünya başdan-başa lap məkirləşib,
Mürvətsiz, insafsız başda əyləşib,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Böyüyün, kiçiyin yeri çaş qalıb,
Min bir işgəncələr yurd-yurd baş alıb,
Bu şahmat oynuna Tanrı mat qalıb,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.
 
Şirinxanım Kərimbəyli ŞADİMAN