Вы просматриваете: Главная > Şeirlər > QALX AYAĞA

QALX AYAĞA

 

Nə yatmısan, qalx ayağa, torpağın işğal altında,

İlantəki səssiz yatan ağrılar var hər qatında.

Harınlaşıb haramxorlar öz kefində, büsatında,

Yurd-yuvası paramparça, qolları vurulan Vətən!

Göz yaşında batıb çıxan, haqqına sarılan Vətən!

 

Məğlubluğun tarixini çalxalayıb vurdu yerə,

İçimizdə haray salan qurdu tapıb çırpdı yerə,

Şəhidimin qanı axdı, ah-nalələr sardı yerə,

Məğlubluğu çox çeynənib, yurdları sorulan Vətən

Göz yaşında batıb çıxan, haqqına sarılan Vətən!

 

Ciyərimiz dağlanıbdı, tüstüsündən göy bulanır,

Sığındığım isti yuvam, adın qəmlə bir hallanır,

Ağrılar əzaba dönüb ürəklərdən yük salanır,

Gah gümana, gah ümidə göl olub durulan Vətən,

Göz yaşında batıb çıxan, haqqına sarılan Vətən!

 

Paramparça yurdlarını yadellilər qapıb tutdu,

Ya biz döndük öz yolundan, ya onlar el çapıb tutdu,

Hiylə gəzdi hər qarışda haqq yolunu sapıb tutdu,

Yurddaşının fənasından üzülüb yorulan Vətən,

Göz yaşında batıb çıxan, haqqına sarılan Vətən!

 

Şadimanın hıçqırtısı boğazına qısılıbdı,

Dilimdə hayqıran sözüm misralardan asılıbdı,

Yurdlarımız pərən-pərən, zaman-zaman susulubdu,

Tarixinə üsyan deyib saattək  qurulan Vətən,

Göz yaşında batıb çıxan, haqqına sarılan Vətən!

10.09.2019