Вы просматриваете: Главная > Şeirlər > TƏRƏZİ ƏYİLDİ

TƏRƏZİ ƏYİLDİ

Tərəzi əyildi, çəkilər itdi,
Vicdanlar sozaldı, iman azaldı.
Üzlərdən boylanan şəkillər itdi,
Dildən qaçaq düşən peyman azaldı.
Baxışlar aldatdı, ürəklər dandı,
Yerin hekayəsin dərd göyə çəkdi.
Allah deyə-deyə pozdular andı,
İnsan hiyləsini yer-göy bir çəkdi.
Hamı zəmanədən etdi şikayət,
Günahı özündə görməyən artdı.
Çirkaba endikcə insanda niyyət,
Vicdanlar ən dərin quyuya batdı.
Dünyanın içində kef eyləyənlər,
Kasıba o dünya kefin aşladı…
Bir tale ömrünü səhv eyləyənlər,
Kipriyin islatdı, gözün yaşladı.
Cibin parasına Allah qoşanlar,
Parasız ciblərə dodaq büzdülər.
Nəfsinə qul olub həddi aşanlar,
Pulu dərya bilib orda üzdülər.
Fəqət, dərdə düşüb çökəndə yerə,
Dillərin lənəti dodaqda bitdi!
Məzar ağzın açan bir dibsiz dərə,
Canları uçurtdu, təni əritdi.
Sən bu deyilsənmi?! Ey Fani insan,
Bəs nədən özünü, sözünü dandın?!
Öləndə iştahla yeyilən ehsan,
Yəqin ki, kainat udacaq andın!…
04.02.2020

Şərh üçün bağlıdır.