Вы просматриваете: Главная > Şeirlər > TORPAĞA GÖMÜLÜB  

TORPAĞA GÖMÜLÜB  

 

Torpağa gömülüb şəhid qanları,

Çöküb ruhumuza əziz canları.

 

Vicdanlar içindən boylanır baxır,

Vaxtsız ölümləri yandırıb yaxır.

 

Qəhrəman doğulub anadan onlar,

Vətənə sevdalı igid cavanlar.

 

Gedirlər xilasa yurdu, yuvanı,

Qururlar yağıya qisas divanı!

 

Vətənin seçilmiş balalarıdı,

Başı uca edən qalalarıdı.

 

Şərəf tarixini yazırlar onlar,

Düşmənin məzarın qazırlar onlar.

 

Ya qazi olurlar, yada ki, şəhid,

Ana bətində alırlar öyüd!

 

Onlar hamı kimi olmayır heç vaxt,

Onlara yazılmıb uzun ömür, baxt.

 

Neçə il yaşasaq sonu ölümdü,

Həyatın görünməz donu ölümdü.

 

Torpaq qan içəndə Vətənə dönür,

Girir sinəmizə qəlbdə döyünür.

 

Şəhidi məzarda uydurur torpaq,

Yurdun varlığını duydurur torpaq,

 

Şəhidlər, qazilər Vətənin özü,

Odur ki, qəlblərə basılır közü.

 

Onlar unudulmur yurd-yuva kimi,

Çökür nəfəslərə bir hava kimi.

 

Bu dünya durduqca yaşayır onlar,

Vətənin şərəfin daşayır onlar.

24.10.2020/ Qusar

 

Şərh üçün bağlıdır.