Вы просматриваете: Главная > Şeirlər > FƏLƏK

FƏLƏK

FƏLƏK

Məni dəli edib fitnə-fəsadlar,
Ağıldan dayazlar, qəlbdən kəsadlar,
Mənsəbə, şöhrətə, pula həsadlar,
Pisliyin əlində imkandı fələk,
Bu necə zamanə, məkandı, fələk?

İçimdə ağlardır saysız diləklər,
Niyə imkansıza daşdı ürəklər?
Dünyanı qiymətdən salıb kələklər,
Dövran zalımlara sükandı fələk,
Bu necə zamanə, məkandı, fələk?

Çox eldə, çox yurdda tökülür qanlar,
Vaxtsız torpaq olur növrəstə canlar,
Dünyaya beşgünlük gələn insanlar,
Özü öz qanını tökəndi, fələk,
Bu necə zamanə məkandı, fələk?

Məramı hiyləylə sovulanların,
Bəxti çay daşı tək ovulanların,
Öz yurd-yuvasından qovulanların,
Dərdi bir-birinə söykəndi fələk,
Bu necə zamanə, məkandı, fələk?

Dünya başdan-başa sərhəddi, səddi,
Nalədi, fəqandı, fəryaddı, dərddi,
Qan tökən zənn edir dünyada mərddi…
Zülümün evini tikəndi fələk,
Bu necə zamanə, məkandı, fələk?

Maskalı iblislər dövran sulayır,
Qapının iti də qurdla ulayır,
Aslanlar tülküyə quyruq bulayır,
Dünya alqı-satqı dükandı, fələk,
Bu necə zamanə məkandı, fələk?

Günahsız günahkar qazanda bişir,
Haqqını deyənlər ayağa düşür,
Gündə min yol qəlblə əcəl görüşür…
Bu dərdlər ölümə təkandı, fələk,
Bu necə zamanə, məkandı, fələk?

Həyat bir iblisdir, Şadiman naşı,
Neçə min Arazdır gözünün yaşı,
Yurdum parçalanıb, sıldırım qarşı…
Sərhəd dirəkləri tikandı, fələk,
Bu necə zamanə, məkandı, fələk?
8.05.1990
Şirin Xanım Kərimbəyli Şadiman