Вы просматриваете: Главная > Məqalələr > ƏDƏBİYYAT YALAN SEVMİR

ƏDƏBİYYAT YALAN SEVMİR

ƏDƏBİYYAT YALAN SEVMİR

Taleyini qələmə bağlamaq, özünü qələm əhlinin əhatəsində görmək içdən gəlməlidir. Necə deyərlər, bu bir mənəvi təlabat olmalıdır. Yəni, sən yazmasan, yaşaya bilməzsən. Yazmaq həyatı qida kimi səni çuğlamalıdır. Yazdığın bədii parçaların içində baş üstə, bəli düşüncəsi olmamalıdır. Yaradıcı adam tam azad olmalı, öz ruhuna köklənməlidir. Onda ortaya nə isə çıxartmaq olar. Tarix boyu şahların, hökmdarların hökm etdiyi zamanlar olub və bu gün də var. Tarix çox vaxt başıpozuq hökmdarların ucbatından saxtalaşdırılır, həqiqətin üzünə çirkab atılır, həqiqət bir boğçaya bükülüb, hansısa taxçada gizlədilir.
Əsil ədəbiyyat adamı, qələm əhli tarixin qoruyucusuna çevrilir. Yaşadığı dövürdə gizlədilmiş həqiqətlər bədii əsərlərdə, istər nəzm olsun, istər nəsir, istər publisistikada öz əksini tapır. Şairlərin, yazıçıların yazılarında dövrün mühiti hiss olunmalıdır. Sonradan zaman keçir, o hökmdarlar əməlləri ilə birlikdə tarix səhifəsinə köçdükdən sonra, əsil qələm əhlinin yazdıqlarında yaşananların əks etdirdiyi bədii məhsullar kara gəlir. Tarixin yenidən yazılmasında öz bəhrəsini verir. Yalana köklənən ədəbiyyat və onun daşıyıcıları saxtalaşdırılmış tarix kimi kitab hücrələrində əbədi toz basır. Bəlkə də yaşadığı dönəm kəsiyində o bir çox ödüllərə, təriflərə, titullara sahib olsun, amma özü dünyasın dəyişən kimi yazdıqları da dünyasını dəyişəcək.
Keçən əsrin 90-cı illərində Lev Qumliyovun tarix barədə yazdıqları əl-əl gəzirdi, oturub onun yazdıqları ilə tanış olandan sonra görürsən ki, Sövet İmperiyasının sifarişi ilə yazılıb və Rus İmperiyasının təcavüzünə bəraət qazandırır, onun nəzəriyyəsiynən ruslar hələ 300 il təcavüzkar (passianar) xalq olacaq və dünyanı hələ 300 il qorxu içində saxlayacaq. O öz yazdıqları ilə nəin ki, bizə, bütün türklərə kifayət qədər çirkablar atıb, əsasən də Azərbaycana…Özü bilərəkdən, ya bilməyərəkdən saxta rus-erməni tarixçilərinin düşüncələrinin qurbanına çevrilib.
Keçən əsrdə ədəbiyyatda yazarlar arasında kifayət qədər qurluşu öyən, onun varlığına mədhlər söyləyənlər, vaxtlarını boşuna sərf etdilər, sağlıqlarında qurluşdan bəhrələndilər, amma onların yazdıqlarının çoxusu indi nə ədəbi məhsullar kimi dəyərli, nə də insan mütaliyəsi üçün yararlıdır.Yalnız o dönəmi işıqlandırmaq üçün tədqiqatçılara lazım olar.
Bu yaxınlarda saytların birindən oxudum ki, Böyük Atatürkü əlinə silah götürüb, Vətəni xilas etməyə ruhlandıran dahi Hüseyn Cavidin «İblis» dramı olub. Hüseyn Cavid cismən sağlığında çox dəhşətlərə, haqsızlıqlara, imansızlıqlara düçar oldu. Ailəsi facilərə atıldı, özü Sibirin soyuq buzlarında məhv edildi. Etiraf edək ki, ədəbi məhsullardan başı çıxan bir kimsə taparsınızmı Hüseyn Cavidi sevməsin?! O bu gün aydınların, ziyalıların, səviyyəli oxucuların qürur mənbəyidir.
Ədəbi yaradıcı məhsullara baş vuranda görürsən ki, bir çox qələm əhli kökündən sapmanı özünə həyat amalı seçib. Bədii məhsulların içində şounu andıran məqamlar bəzən adamı özündən çıxarır. Keçmişinə dodaq büzmək, ədəbi ənənələrə arxa çevirmək, şeiri, şeiriyyəti söz yığını etmək, sanki ali bir məqsədə çevrilib. Gənclik – gözəllik, enerji, yaradıcılığın vulkan təki püskürməsi, güc-qüvvət, sağlamlıq deməkdir. Yaradıcı gənclik bu imkanları kökünə-soyuna bağlılıq, təmənnasız yaradıcılıq fövqündə qurmalıdır. O heç kəsdən yaratdığına ödül gözləməməlidir, yaradılan bədii məhsul ürək yanğısı ilə, təbii mənəvi təlabatla yazılmalıdır. Azad yaradıcılığa görə, insan özünə gündəlik yaşamı üçün başqa peşə seçməlidir. Ədəbiyyat adamının gizli könül hücrəsi olmalıdır, orda yalan, böhtan, yaltaqlıq, ikiüzlük, kimlərəsə yarınmaq, mənəvi dünyanı aşağılamaq olmamalıdır.
Keçən əsrin əvvəllərində haqsız böhtan və qırğınlara məruz qalan ədiblərin həyatına və yazdıqlarına diqqət kəsildikdə görürüsən ki, yaşadıqları zaman kəsiyinin ab-havasını öz qələm məhsullarında əks etdirən bu insanlar ədəbiyyatımızın baş əyəsi, fəxarətlə yad ediləsi şəxsiyyətləri olublar. Bu gün ədəbiyyatımızı bölgələrə parçalayanlar, bölgə psixologiyasından qurtulmayanlar, bir-birinin yazdıqlarına xor baxanlar yaradıcı gəncliyə könül verməlidirlər. Onları xoş məramları ilə, canyananlıqları ilə qəlblərini isitməlidirlər. Yaradıcı gəncliyin yaşlı ədəbi nəsilin deyəcəyi xoş sözə, iltifata, düz cığıra, düz yola ehtiyacı var. Biz bunu anlamalı və onlara qayğı ilə yanaşmalıyıq. “Burda mənəm, Bağdada kor xəlifə” deyib gənc nəsil tərəfindən yazılan ədəbi məhsullara dodaq büzmək olmaz. Onlar bizim sabahımızdı, hər bir sabah isə qoynunda yuva saldığımız Vətənin varlığından keçir.
Yaxın keçmişimizdə Qarabağ haqqında yazılan bədii məhsullar barədə yerli qarabağlı yazarlardan eşidirdim ki, bu dəhşətlər bizə aiddir, biz bunları qələmə almalıyıq, digər bölgələrdən olan yaradıcı insanlar bunları bizim kimi yazılarında əks etdirə bilməz. Bu çox gülməli və ürək ağrıdıcı fikirdir. Dəyərli qələm əhli, rica edirəm, vətəni bölgələrə bölməyək, onsuz da Azərbaycandan bölünə-bölünə heçnə qalmayıb. Bizim bütün bölgə mərkəzlərimizdə Şəhidlər Xiyabanları var, bu Xiyabanlarda yatanlar, orda azğın düşmənin fəğan etdiyi ana məmləkətimizdə üzün torpağa sürtüb Vətən uğrunda can verdi, o dərd hamımızın dərdidir, keçən əsirin 90-ci illləri bizim cavanlığımıza düşdü, bizim gəncliyimiz acı hönkürtülərlə, göz yaşları ilə keçdi, indi də içimizdə bu ağır kədəri daşıyırıq, o dövrün gəncləri bu gün hamı əsəbi, hamı xəstədir. Qarabağda baş verənlər Güneyli-Quzeyli bütöv Azərbaycanın yarasıdır, bu yaranı sağaltmasaq hələ çox qanlar axacaq.
Möhtərəm ədəbiyyat adamları, gəlin ədəbiyyatımızı ədəbi məhsullarda baş alıb gedən yalanlardan xilas edək, gəlin ruhumuzun təmizliyinə diqqət edək, axı ruhun ağrısı vicdan ağrısı deməkdir, o insanı ölənədək rahat buraxmır, hələ deyilənlərə inansaq, o dünyada da cəzası var. Yazımı burdaca bitirmək istərəm, dəyərli oxucular, həm ürəyi həyat eşqiylə qaynayan ədəbi gəncliyə, həm də yaşlı yazar nəsilə can sağlığı diləyi ilə, türk qardaşlarımız demişkən xoşca qalın.

Şirin Xanım Kərimbəyli Şadiman
25.03. 2015