Вы просматриваете: Главная > Məqalələr > ƏLİ RZA XƏLƏFLİYƏ AÇIQ MƏKTUB

ƏLİ RZA XƏLƏFLİYƏ AÇIQ MƏKTUB

«KREDO» NUN ON İLLİYİ MÜNASİBƏTİ İLƏ
QƏZETİN BAŞ REDAKTORU
ƏLİ RZA XƏLƏFLİYƏ AÇIQ MƏKTUB

Hörmətli Əli Rza müəllim, deyirlər ki, istedad Allahın öz sevdiyi bəndələrinə verdiyi ən böyük mükafatdır. Bu mükafat isə istedadlı bəndənin təkcə özünə yox, məsub olduğu elə, elata, yurda, Vətənə və nəhayət millətə layiqli töhfə olur. Çünki xalq öz istedadları ilə zirvələrin fövqünə ucalır. Başqa millətlər tərəfindən sayılıb, seçilir, varlığına, mənəviyyatına ehtiram edilir. Bütövlükdə istedadın yaratdığı nə varsa dünya evinə bəxşiş olur. Bu bəxşişlərlə hələ ki, məhvərindən çıxmır dünya, haqqına tapınır, iblisi, şeytanı yamanlayır və xeyir əməllərlə ummanlayır. Yoxsa cahanın çarxı çoxdan çevrilərdi, bizim başı bəlalı dünyamız yerlə-yeksan olardı. Müxtəlif elm sahələrində istedad parlaya bilər. Hər sahə də yaxşı əməllərə köklənirsə, deməli həyatın inkişafına, ağlın, düşüncənin nurlaşmasına, saflaşmasına, bəndənin yaşam haqqına xidmət edir. Elə insanın böyüklüyü, ucalığı da ondadır ki, öz zəkası ilə bütün kəşməkeşləri dəf edir…
İstedad hər dövürdə ağırılı bir ömür yaşayıb. Ağrısının əsas amili hər şeyi başa düşüb dərk etməyi və bu dərkin içində sıçrayışlar, çırpıntılar, büdrəmələr daha nələr, nələr…Əgər istedad söz adamı olubsa onlardan bir çoxunun fəlakəti ölçüyəgəlməz olub. Millətinin, Vətənin tale yükünü öz çiyinlərində daşıyıb. Hər addımda laqeydliklə, təhqirlə, böhtanla, paxıllıqla, əzabla, müsibətlə, zillətlə qarşılaşıb. Bəzən ac qalıb, suz qalıb, bəzən tərki-vətən olub, repressiyalarla üzləşib, güllə-boran olub, ancaq öz amalından, əqidəsindən, məsləkindən dönməyib. Dahi Hüseyn Cavid deyirdi ki, dünyanı mədəniyyət xilas edəcək. Xilası mədəniyyətdə görən dahilərimizin böyüklüyü mənəviyyatdan boy göstərir. Mənəviyyat pakdırsa, göylərində ulduzları parlaqdırsa, deməli işığı mədəniyyətə bəs edəcək. Mənəviyyat bəsitdirsə, deməli mədəniyyət də kasadlaşacaq, mütiləşəcək, bayağılaşacaq və xalqın ruhunda özünü büruzə verəcək. Mənəviyyatı bəsit olan xalq gec-tez uçuruma yuvarlanır, könül sarayında bayquşlar ulayır. Öz ömürünü tamama yetirmiş insana bənzəyir, qocalıb həyat səhnəsindən çıxır.
Əli Rza müəllim, mədəni dünya bügününü öz kitabı, elmi, qəzeti, dərgisi, bütünlükdə mətbuatı, televiziyası, kompyuteri, telefonu ilə yaşadır. Fəqət bu yaşamın içində ən önəmli yerdə ruhumuza köklənmiş mətbuatımız durur. Mətbuatımızın nümunələri içində dəyəri ilə «Kredo» qəzeti məxsusi fərqlənir. «Kredo» qəzeti redaksiyasında gördüyüm işıq, nur, mənəviyyat ucalığı adamın könlündə həyat eşqini artırır, ilhama qol-qanad verir. İyirminci əsrin əvvəllərində dahi Cəlil Məmmmədquluzadənin «Mola Nəsrəddin»i söz adamlarını ətrafına toplayıb bu dərgiylə millətə mənəvi qida verirdi. O dərgidən dahi Sabirlər boy göstərirdi, xalqının sabahına həyat günəşi olmaq üçün, millətin mənəvi yaddaşında öz qüdrətiylə qalmaq üçün…Adəm babamızla, Həvva nənəmizi Allah cənnət qanunlarını pozduqları üçün yerə cəza çəkməyə göndərdi. Əgər belədirsə/, deməli biz Yaradanın verdiyi böyük cəzanın daşıyıcılarıyıq. İşıq sürəti ilə ölçülsə insan ömrü saniyələrə bərabərdir. Bu saniyələr içində zaman tərəzisinə bizim günahlarımız və səvablarımız yığılır. Haqq-hesab günündə hesaba alınmaq üçün. Bu bapbalaca yer kürəsi isə adəm övladının qazamatıdır. Ancaq uca Tanrı bizə bütün canlılardan fərqli olaraq zəka əta edib. Bu zəkanı həm xeyrə, həm şərə çalanlar var. Xeyir şəri üstələyəndə dünya nura boyanır, düzlük zəfər çalır, şər xeyiri üstələyəndə qanlar tökülür, evlər yıxılır, mənəviyyatlar öləziyir, mədəniyyətlər dərdə düşür. Əgər ağılını, şüurunu halal əməllərə işlədən mənəviyyat adamları olmasaydı, yəqin ki, Yer Kürəsi çoxdan məhv olardı. Həqiqi ilham sahiblərinin qəlbi çox kövrək, uşaq kimi küsəyən olur. İstər təbiətdə, istərsə həyatda çəkişmələr, döyüşmələr, dəyişmələr onalara təsir edir. Onlar daima istiqanlılığa, səmimiyyətə, mehmannəvazlığa möhtacdırlar. Çox vaxt redaksiyaların qapıları ağzında ümidləri qırılan bu insanlar mənəvi ucalıqdan uçruma doğru yuvarlanırlar. Qələmləri əllərində haray qoparır, bu harayın nalələri könül fəqanını Tanrıya aparır… Əli Rza müəllim sizə nə qədər maddi və mənəvi cəhətdən üzücü və ağır olsa da, z «Kredo» adlı ağır bir yükün altına girmisiz. Bu yük sizin çiyinlərinizə əzab-əziyyət versə də bu məşiqqətə sinə gərirsiz. Lap «Mola Nəsrəddin» dərgisinin çəkdiyi ağrı-acıya bənzər bir ömür yaşayır sizin qəzetiniz. Buna baxmayaraq siz zəkanızın, iradənizin gücününə qatlaşaraq «Kredo» qəzetini yaşadırsız. Bu ağrılı yaşam bizim mənəviyyatımıza işıq salır. Allah bu işığı sizin könlünüzdən əksiltməsin. Sizin ilhamınız aşıb-daşır, qarşısı alınmaz sellər təki çağlayır. Biz bu qəzetdə söz adamlarının, ilham sahiblərinin könül dünyasına səyahət edirik. Onların ürək çırpıntılarını duyuruq. Güclü yazanlarla zəif yazanların çarpışması, rəngarənglik, ağır tutumlu, elmi-ədəbi yazılar qəzetin səfhələrini bəzəyir. Bu qəzetdə gurnalist olmayan özünə gürnalist, şair olmayan özünə şair, yazıçı olmayan özünə yazıçı, publisist olmayan özünə publisist deyir. Bu qəzetdə həqiqi sənəti olmayanlarla sənəti olanlar döyüşür. «Kredo»nun qeyri-adiliyi də bundadır. Bu qəzet əsil mübarizə meydanını xatırladır. İlhamlılarla ilhamsızlar çarpışmasında həqiqi sənət əsərləri qəzetinizdə boy göstərir. Sizə Allah elə ürək verib ki, söz adamını layiq olduğundan da artıq tərifləyirsiniz. Bu da sizin böyüklüyünüzdən irəli gəlir. Sözün düzü iki il qabaq «Kredo»nu səfhələriylə tanış olarkən bu qəzetinin mənəvi çəkisinə nə qədər heyrətlənmişdimsə, indi də həmin heyrətimdə qalıram.
Bizim xalqın ən böyük biganəliyi vaxtında öz istedad sahiblərinə dəyər verməməsindədir. Həmin istedad sahiblərindən biri də sizsiz. Sizin kömpyuterin yanında dayanıb bədii, publisist əsərlərinizi sinədən deməyiniz mənə böyük zallarda görkəmli alimlərin dediyi mühazirələri xatırladır. Amma alimlərin çoxu mühazirələri kağızdan siz isə sinədən deyirsiz…Sizin coşqun ilhamlı söz xəzinəniz tükənmək bilməyən dəryaya bənzəyir. Dərya coşanda bulanırır, sakitləşəndə durulur. Amma heç zaman özünə, sözünə rahatlıq tapmır. Bu yaxınlarda «Kredo» qəzetinin on illiyi tamam oldu. On illik yubley sükutla keçdi. Sükutun arxasında bir əzəmət görünürdü. Allah əzəmətdən endirməsin qəzetinizi! Bu on ildə «Kredo»nun xalqın mənəviyyatına xidmətləri danılmazdır. Qəzetiniz qapılarını heç kimin üzünə bağlamır, hər kəsə imkan verir ki, niyə qadir olduğunu əyani şəkildə subut etsin. Bu qəzet imkan verir ki, «yazaram» deyən kəs könül dünyasından qəzetin səfhələrinə boylansın, istər nəzimi ilə, istər nəsri ilə, istərsə də publisist məqalələri ilə. İndiki zamanda qəzetlərin, dərgilərin, baş redaktorların bol olduğu bir vaxtda hər mətbuat orqanı oxucunu təəccübləndirib onda maraq oyada bilməz. İldə beş-altı sayla çıxan qəzetlərdən oxucu hansı zövqü və məlumatı ala bilər? Və yaxud «çevir tatı, vur tatı» prinsipi ilə işləyən mətbu orqanı insana nəyi aşlayar? Amma sizin qəzet oxucuya zövq və məlumat verməyi bacardı. Maddi çətinlik girdabında boğulan «Kredo»ya çoxları dodaq büzsə də, onun ağrılı-acılı taleyinə bəxaxhları sevinsə də, siz bir an belə ruhdan düşmürsüz. Qəzetin çapını böyük çətinliklər bahasına davam etdirirsiz. Mən ölkənin bir vətəndaşı kimi hesab edirəm ki, bu millətə və mənəviyyata ölçüyə gəlməz xidmətdir. İnanıram ki, siz gec-tez bu xidmətinin əvəzini ulu Tanrıdan, həm də səlahiyyəti olan tanrısevər bəndələrdən alacaqsız. Necə deyərlər, qızıl nə qədər torpaq altda qalsa da öz əvvəlki parıltısını itirmir. Vətəndə o qədər imkanlı insanlarımız var ki, Allah varlarını daha da aşdırıb-daşdırsın. Arzu edərdim ki, «Kredo»ya, söz-sənət xiridarı olan bu qəzetə öz maddi köməkliklərini əsirgəməsinlər. Çünki mənəviyyata yol da madiyyatdan keçir. Maddi durum yaxşı olmayanda mənəviyyatda aşınmalar yaranır. Ona görə də bəzən varı olan istedadsızlar öz adlarını əbədiləşdirmək fikrinə düşür, cəfəngiyyatla dolu cilid-cilid kitablar buraxır, ancaq kitabları vərəqləyəndə görürsən ki, ayə içində heç zad yoxdur. Və o kitablara qoyulan pullara heyfin gəlir. Düşünürsən ki, bu pul-paranı mənəviyyatın çiçəklənməsinə sərf edərdi, nəin ki, bu boş cəfəngiyyatlara! Amma nə edəsən ki, çox vaxt həyat tərzi düşüncə tərzini üstələyir və ondan da aşınmalar baş verir. Çox güman ki, hər kəs öz dəyər ölçüsünü duysaydı bu biyabırçılıqlar da baş alıb getməzdi. Sığala tamarzı dəyərlərimiz ayaqlar altında itib-batmazdı. Mənəviyyatımızın bal arıları öz çiçəklənmə dövrünü yaşayarkən qoltuqlarda yatmazdı. İstedadsızların tüğyan etdiyi bir zamanda barmaqla sayılası istedad sahiblərimiz madiyyat acıları ilə çapalamazdı. O cümlədən sizin də qəzetiniz bu acıların içindədir. Siz də, sizinlə birgə çalışan işçiləriniz də maaşsız «Kredo» ya xidmətdədirlər. Bu xidmət həm də təmanasız Vətənə xidmətdir. İstedadlıların ürək çırpıntıları ilə köklənmiş qəzetiniz öz həyat ideyasına sadiq bir ömür yaşayır. Bu ömür həyat tufanlarının keşməkeşlərində çapalayır, vurnuxur, dahi Füzuli demişkən «gözündən qanlı axır su». «Kredo»nun araya-ərsəyə gəlməsində Elçin Kamalın, Şakir Albalıyevin, Cavahir xanım Kamilqızının, işinin cəfakeşi, bacarıqlı Həkət xanım Muradovanın, gənc Türkanın əvəsiz xidmətlərini qeyd etməmək günah olardı. Bu zəhmətsevər insanlar cani-dildən «Kredo»ya bağlanıblar. Onların fədakarlığı sayəsində bu gün qəzet mətbu ömrünü yaşamaqdadır. Qəzet sizi diləyinizcə-ürəyinizcə madiyyat sarıdan yarıtmasa da sizlər onun cövrünə səbirlə, təmkinlə, bir oğul dəyanəti ilə dözürsüz. Allah dözümünüzü tükətməsin, üstünüzdən səmum yelləri əsməsin, «Kredo» nun ayrılığı bizlərin və sizlərin qapısının ağzını kəsməsin. Çünki o bizlərə, sizlərə, bütövlükdə ədəbiyyatımıza, mənəviyyatımıza vacibli qəzetdir. Allah vacib bildiklərini hifz etsin, o cümlədən «Kredo»nu! «Kredo» ya on yaşın mübarək deyirəm, sizə isə deyirəm, Əli Rza müəllim Tanrı o boyda mənəviyyat və zəka yükünün ağrısını daşıyan ürəyinizi qorusun. Çünki siz həm mənəviyyatımıza, həm də ədəbiyyatımıza lazımlı adamsız. Təəssüflər olsun ki, lazımlı adamlarımızın qədir-qiymətini çox vaxt sağlığında verməyi bacarmırıq. Çünki həqiqi sənəti olan kəslər qapıların kəndarını dağıtmır, hansısa dərgilərdə, qəzetlərdə öz lövbərini salmır. İstedadsızlar xalqın yaddaşında qalmır, istedadlılar çox zaman layiq olduğu yerə ucalmır, ancaq heç kəsin qarşısında alçalmır. Budur istedad sahibinin böyüklüyü! Allah böyüklükdən düşürməsin sizi, siz də hər zaman öz nəsirinizlə, nəziminizlə, publisist yazılarınızla, sevimli «Kredo»nuzla sevindirəsiz bizləri… Hörmətli Əli Rza müəllim, ürəyinizi qoruyun, çünki bəşər övladının ən ali mexanizmi onun ürəyidir…

11.11.2009 Pirallahı
Şirin xanım Kərimbəyli ŞADİMAN