Вы просматриваете: Главная > Məqalələr > BUGÜNÜN AĞRILARI

BUGÜNÜN AĞRILARI

BƏYDADAŞ CƏFƏRLİNİN «POZULMAZ NİZAM»
KİTABINDA BUGÜNÜN AĞRILARI

Ədəbiyyatımızda işıq saçan söz fatehləri yaşadıqları dövürün ağrı-acılarını, bəlalarını, qəhrəmanlıqlarını, şücaətlərini, məhəbbətlərini bütünlükdə tarixini kağızlar üzərində füsnükar, ilhamlı qələmləri ilə bayatılaşdırıb və dastanlaşdırıblar. İnsan beyinin təxəyyülü olan bu çeşmə bəşər özünü dərk edəndən, əqli inkaf zirvələrini fəth edən gündən susmaq bilmir ki, bilmir. Əslində söz fatehləri olmasaydı insan sabaha tələsən zamanın axarında itib-batardı. Onun dünənindən tarix yaddaşında heç nə qalmazdı. Bu gün istedadı olana dodaq büzmək, onun yoluna daşlar-kəsəklər yumbalatmaq, meşinli qapıları üzünə bağlamaq dünəninə və bugününə arxa çevirmək, dünənin və bügününün üstündən qara xətt çəkmək deməkdir. Çünki tarixi və ədəbiyyatı kağızlar üzərində əbədiləşdirənlər söz sərraflarıdır. İnsan gedəridir, fəqət onun yaratdıqları hansı millətə, xalqa, ölkəyə məxsusluğu yazdıqlarında öz əksini tapır. Və hər millətin varlığı, yaşarılığı müqəddəs SÖZDƏN keçir. Elm, texnika nə qədər yüksəkləri fəth etsə də kompyuterlər, mobil telefonlar at oynatsa da heç vədə qələmin, kağızın və sözün yerini verməz. Sənin yaratdığın kağız üzərində özünə yer etməyibsə, kompyuterin yaddaşına köçürülübsə, deməli yaratdıqların xəta içərisindədir. O sənin yazdıqlarını əbədi saxlamağa qadir deyil, kağız və qələm kimi insan könlünə munis ola bilməz. Çünki kompyuter insan beynini xatırladır. İnsan beyni xəstəlikdən min bir bəlalara düçar olduğu kimi, kompyuter də virus azarına mübtəla ola bilər və yazdıqların bir anda yox olar. Odur ki, ədəbiyyatımızı kağızlar üzərində yaşadanlar varlığımızı yaşadırlar. Ədəbiyyata, şeirə, sənənətə dodaq büzənlər öz varlıqlarına dodaq büzürlər. Nə zaman ədəbiyyatı yaradan söz sərrafları susacaq, millətlər də, xalqlar da əriyib yoxa çıxacaq, kosmopolit bir dünya olacaq. Bu kosmopolitliyin içində vəhşilik, allahsızlıq, imansızlıq, ləyaqətsizlik, vətənsizlik olacaq və yəqin ki, insan öz əliylə dünyanı məhv edəcək. Çünki söz sənəti millətin kimliyidir. O yoxdursa, millət də, vətən də yoxdur. Millətlər, xalqlar isə dünyanın varlığını qoruyur. Nə qədər müharibələr, qırğınlar, haqsızlıqlar olsa belə…
Müasir dövürümüzdə ədəbiyyatımıza nəzər yetirdikdə yazarlar iki qismə bölünür:

1.Dəm yazarları
2.Qəm yazarları

Dəmdən yazanlar, heç zaman yaşadıqları dövrün, zamanın çatışmazlıqlarını, amansızlıqlarını, imansızlıqlarını əks etdirmir. Öz qələmlərini yaltaqlığa, məddahlığa, gülə, bülbülə, cismani sevgiyə həsir edir. Sanki onlar üçün dünya kef üstündə qurulub. Elin gözü tərəzidir, deyirlər onun tərəzisində dəmdən yazanların da, qəmdən yazanların da yükü çəkilir. Onun verdiyi qiymət heç bir kağız üstündə verilən qiymətlə, pul-parayla, dəm-dəsgahla ölçülmür. O, yaxşını pisdən ayırmağı bacarandır. Yaşadığın ölkənin, vətənin, millətin əyər-əskikliklərindən yazmaq ona olan sonsuz sevgidən qaynaqlanır. Bu nə dövlətə, nə xalqa, nə millətə qarşı çıxmaq deyil. Əksinə onun inkişafına təkan verməkdir, onun dərdlərini başda oturub ancaq özündən, evinin içindən fikirləşənlərin nəzər-diqqətinə yetirmək və onların qarşısında həyacan təbili çalmaq deməkdir. Biz bunu millətin qəmindən yazanların yaradıcılığında görürük və dərk edirik. Fikirləşirik ki, nə yaxşı qəmdən yazanlar var nə ədəbiyyat olardı, nə onun min illəri haqlamış tarixi… Əslində qəmdən yazmaq göz yaşı tökmək kimi başa düşülməməlidir. Cəmiyyətdə tərəzinin əyilməsi, pislərin artması, haqsızlıqların çoxalması insanın göz yaşının tökülməsindən, onun bağrında yara açan qəmdən xəbər vermirmi? Elə bu qəm də ədəbiyyata gətrilir, onun qədir bilən söz bahadırları tərəfindən… Əlimə qələm götürüb yaradıcılığı barədə ürək sözlərimi yazmaq istədiyim qələmdaşım Bəydadaş Cəfərli də belə söz cəfakeşlərindəndir. O, şerində nə kəşf axtarır, nə də şeirinə forma gəzir, şeir ürək alovu ilə cilalana-cilalana gəlib onu tapır. Xalqın ağrı-acıları, dərdi-səri, vəfası, cəfası ilə biryerdə!
Onun yaradıcılığı elə o üzdən qəm üstündə köklənib. Bu qəm heç də səni ümidsizliyə aparmır. Bu qəm insanı mübarizliyə, şüucatə, cəsarətə, inkişafa səsləyir. Adamı yaltaqlığın, məddahlığın dərəcəsinə enməməyə, bəşəri mənlik və ləyaqət anlamına sadiq qalmağa, bu cür insani kefiyyətlərin ucalığına qalxmağa səsləyir. Onun müxtəlif illərdə «Babadağdan gələn səs», «Çılğın sətirlər», «Sevgi çələngi», «Qarabağım-yara bağrım» adlı kitabları işıq üzü görüb. Paklığı, təmizliyi, mərdliyi, cəsurluğu öz şeirlərində ana xətt kimi götürən şair qardaşım füsnükar İsmayıllı bölgəsinin buz bulaqlarından, pakanə çeşmələrindən su içib, ana təbiətin mələk baxışları ilə üz-üzə, göz-gözə qalıb. O, kəsilən meşələrin ahu-zarına qulaq kəsilib. Qəpik-quruşla yaşayan kənd adamının ağır həyatı ürəyində cığır-cığır şırımlar açıb. Nədənsə bölgələrimizdə doğulan yazarlarımızın bir çoxunun yaradıcılığında həyatın çətinlikləri daha qabarıq şəkildə əks olunur. Bəlkə kəndin heç kəsi əzizləməyən ağır zəhmətlərlə yoğrulmuş sərt təbiəti bölgələrdə doğulan yazarlarımızın qələmini daha sərt, daha üsyankar edir. (Baxmayaraq ki, şəhərdə yaşayan orta imkanlılar isti yay günlərini kəndlərdə keçirməyə üstünlük verirlər, kənd adamının ağır güzarına nəzər yetirmədən…) Elə özünəməxsus dəsti-xətti olan yazarlarımızdan biri Bəydadaş Cəfərli də belə sənətkarlarımızdandır.. Bu nöqteyi-nəzərdən öndə gedən söz adamlarımızdandır. Mən onun özünün dəsti-xətti ilə əlimə yetmiş və 2008-ci ildə «Adiloğlu» nəşriyyatında çap üzü görmüş «Pozulmaz Nizam» kitabı haqqında dəyərli oxucularla öz fikirlərimi bölüşmək istəyirəm. Kitabın ilk vərəqlərindən başı bəlalı Vətən üçün yanan bir ürəyin şölələri üzümü qarsır. Bütün dövürlərdə və bütün cəmiyyətlərdə haqsızlıqlar, özbaşnalıqlar at oynadıb. Ən parlaq, ən inkişaf etmiş cəmiyyətlərdə belə çatışmazlıqlar, haqsızlaqlar var, həmin cəmiyyətlərin öz tərəzisinə görə bu haqsızlıqlar çəkilir və ağırlığ-yüngüllük ölçüsünə görə mübarizə aparılır. Bəydadaş Cəfərli vətənin bir şair oğlu kimi yaşadığımız ölkənin və millətin ağrı-acılarını öz könül prizmasında keçirib ulu sözə çevirir. Bu sözlər misra-misra şeirlər içində püxtələşir və cilalanır. Ulu heca şeirimizin bir çox növləri ilə qələmini sınayan şair elə «Qələm» şeiri ilə də müqqəddəs sözə çələng hörür. Bu dərin məzmunlu misralarda qələmin ucalığından söhbət açılır. İnsan qələmi kəşf edən gündən sözünü kağızlar üzərinə köçürtdü. İstər qələm lələk, istər qamış, istər ağac, istərsə müasir dövrün plastik kütləsi olsun. Min illərdi, o, Sözü kitablara ərmağan etməklə ona əbədi bir heykəl yonur. Dünən də beləydi, bu gün də, yəqin ki, sabah da belə olacaq…

Şamın yaşamağı yanmaqsa əgər,
Sənin yaşamağın yazmaqdır, qələm.
Yolu qamətintək olmayanların,
Nəsibi yolundan azmaqdır, qələm.

Əslində qələmlə çox şeylər edilir, sonsuz dərəcədə yaxşılıq da, amansız dərəcədə pislik də. Qələmlə neçə-neçə talelərin üstündən qara xətt çəkilir. Bir sözlə o hər əmələ yarıyandı, yaxşılığa da, naqisliyə də. Baxır kimin əliylə bəxt qapısı açılır. Şər əliylə bəxt qapısı açılanda şərə, xeyir əliylə açılanda xeyirə xidmətdə olur. Məhz Bəydadaş bəy də elə bu prizmadan qələmi nəzmə çəkib:

Sənlə açıqlayır alim aləmə
Kəşfin, icadın, bicliyin, qələm,
Cahil əlindədir qara taleyin,
Sənin ölümündür dincliyin, qələm.

Əslində qələmsiz insan heç insan da olmazdı. O, gözü ilə gördüklərini, canından süzülüb gələnləri kitab varaqlarına büküb bu günlərə ərmağan edib:

Elmsiz cahanın üzü naşıdır,
Qələm kainatın qiblə daşıdır,
Bəxtə bax, ürəyin axan yaşıdır,
Bəşərin fərəhi, sevinci, qələm.

Şair qardaşım Bəydadaşın «Qələm» şeri geniş, əhatəli böyük mənalarla zinətləndirilən bir qoşmadır. Bu şeirdə qələmin qüdrətindən, onun gah vəfa, gah cəfa əhli olmağından söz açılır. Bu piranə nəzimin içində bir alilik, bir təmizlik, bir paklıq boylanır. Müəllifin özü demişkən cahillərin əlində « ölüyə», aqillərin əlində «diriyə» çevrilən, yarımçıqlar əlində «girinc» olan qələmin acı taleyindən şair ürək yanğısıyla söz açır. Ulu tarixi öz ələyində ələyən QƏLƏMin şahanə varlığı taxtı-tacını kimsəyə bac verməyən xaqanları, sultanları, şahları, kralları, çarları xatırladır adama…

Qələm adamısan axı, Bəydadaş,
Çax göydə şimşəktək, yan yerdə yavaş,
Ehtiraslar coşub salanda savaş,
Sülh sözün demisən sonuncu, qələm.

«Sülh sözünü sonuncu deyən qələmin sehrindən söz açan şair bu sehrin sarayını birər-birər söz duyğuları ilə cilalandırır. Sonunda nəsibi bir parça torpaq olan insanın öz dəyərini bilməməsi, ömrünün çoxunu yamanlıqda, qanlı müharibələrdə keçirməsi, millətlərin, xalqların bir-birinə qənim kəsilməsi, qan-qırğının, amansız terrorun dünyanı ayaq tutub yeriməsi cahanın düşünən başlarının həyacanlandırmaya bilmir. Elə haqqında söhbət açdığım şair də bu həyacanlanmalar üstünədə şeirlərini misra-misra, bənd-bənd araya-ərsəyə gətirir. Onun üç bəndlik «Məni» qoşmasında şairin öz taleyinə müraciət etməsinin şahidi oluruq:

Mənim yaşadığım taleyimə bax,
Düzlüyüm azdırdı düzlərdə məni.
Peşiman deyiləm gələcək nəsil,
Yaşadar yazdığım sözlərdə məni.

Düz olanın düzlərdə azmasını ürək çırpıntısı, təəssüflə şeirə gətirən müəllif, sanki ataların «Düz axtaran, düzdə qalar» məsəlinə tapınır. Şeirlərində düzlüyü, paklığı özünə amal seçən Bəydadaş Cəfərli düzlük pərdəsi altında min bir oyundan çıxanlarla, xalqın puluna, varına qənim kəsilənlərlə söz döyüşünə çıxır. Axı şairin, yazarın döyüşmək üçün qələmindən başqa nəyi var? Amma bir məsələni də qeyd etmək yerinə düşərdi ki, əslində ehtiyac içində yaşayan qələm sahibinin yazdığı xalqa daha yaxındır. Millətin varlığı beş-üç xalqın sərvətini öz altına yığıb üstündə oturanlardan ibarət deyil. Gündəlik bir qarın çörək üçün həyatı olmazın işgəncə və əzablardan keçən insanlarımızın aqibəti həqiqi qələm əhlini düşdürməlidir. Onun «Villa yarışı» şerində biz bunun şahidi oluruq:

Hasara alınıb bölüşdürülüb,
Kasıba qalmayıb bircə qarşı.
Qarabağ taleyi yaddan çıxıbdır,
Gedir məmləkətdə villa yarışı.

Ölənə gor üçün tapılmır məkan,
Millətin əlində deyildir sükan,
Torpaq tutanlarda olsaydı imkan,
Göydə bölərdilər qarı, yağışı.

Əziz oxucu, bu şeir bugünki taleyimizlə baş-başa deyilmi?!… O, «Viranə parklar» şerini əslində ana təbiətə bizdən qat-qat xeyirli olan dilsiz-ağızsız ağacların ikiayaqlı, şüurlu, fəqət amansız bəndələrin ucbatından başı kəsildiyini, bədəninin yetmişyeddi yerə parçalandığını ağrılı bir dillə qələmə alıb:

Ağac budağını ağac yerinə
Basdırırlar yerə guya bitəcək.
Gecələr kəsilir yüzillik ağac,
Kəsdirən bilir ki, izi itəcək.

Bəli, yüz illik ağacın təbiətə ərmağan etdiyi oksigen bugün əkilən pöhrənin xeyriylə bir deyil. Bugün əkilən pöhrələrin xeyri üçün uzun illər lazımdır. Bugün öz başına bəla olan insan havasızlıqdan əzab çəkir. Cavan infaktlı xəstələrin sayı artıb, artıq uşaqlar arasında da bu xəstəliyin daşıyıcılarının sayı çoxalıb. Bəydadaş bəy bir həkim dəqiqliyi ilə bu bəlaları şeirə gətirib və döyüşən misralarını səbəbkalara qarşı tuşlayıb. Şairin vətəndaş yanğısını duyduqca, adam qürurlanır. Düşünürsən ki, İlahi, nə yaxşı misralarını haqqa, ədalətə ünvanlamış şairlər var. Dünyanın qulağı kar deyil ki, mini eşitməsə, biri eşidər…Şair «Didərgin kitab» şeirində kitabxanaların basqıya məruz qalmasından, kitab dükanlarının sayının azalmasından, rüşvətin ayaq tutub yeriməsindən, xalqın ağrı-acılarıyla köklənmiş binəva alimin maaşının qəpik-quruş olmasından ürək yanğısıyla söz açılır:

Ziyalı maaşı dilənçi payı,
Başa vura bilmir onunla ayı,
Günbəg\ün azalır ölkədə sayı,
Alimin getməyi elə ayıbdır.

Üç ali təhsil ocağının, bir texnikom diplomunun daşıyıcısı olan Bəydadaş Cəfərlinin şeirlərinin dərinliyi adamı heyrətləndirir. Mən neçə-neçə tədbirlərin iştirakçısı olarkən yaradıcı insanlardan eşitmişəm ki, şairə nə ali təhsil, şairlik Allahdan gəlir. Amma onu da diqqətli və əzəmətli oxucuların nəzərinə yetirmək istəyirəm ki, şeir savadlı və savadsız olur. Hər bir şeir müəllifin kimliyini açıb ortaya qoyur, istər qafiyə baxımından, istər misraların dərinliyindən, istərsə də sözün bəndlər içində öz yerində olmasından. Bəydadaş Cəfərlinin savadlılığı, ziyalılığı şeirlərində boy göstərir. Onun «Ləpələr» şerindən axırıncı bəndə diqqət edək:

Baş alıb taledən qaçanlara de,
Tale qucağına tələsir yenə.
Bir ləpə sahildə şəhid olanda
Təzəsin doğmağa yel əsir yenə.

Təşbehlə, ibarələrlə dolu olan şeirdə, o, ləpələri insan taleyi ilə müqasiyə edir. İnsan taleləri müxtəlif cür olduğu kimi ləpələr də müxtəlifdir, lal, pıçıltılı, təlatümlü. Sükutun içində bir qorxu, bir titrəyiş olduğu qədər təlatümün içində də bir sükut gizlənir. Şair «Elm» şeirində elmin insan taleyi üçün nə boyda böyük səadət olduğun önə çəkir:

Qavrayan beyində dağtək qalana,
Şöhrət gətirəndir nəzər salana,
Çətinə düşənə, darda qalana,
Köməklik göstərən mürvətdir elm.

Həqiqətən də elmli insan hamı tərəfindən eyni cür qəbul olunmasa da bütün dövürlərdə öz ağılı, biliyi sayəsində qüvvətli, qüdrətli olub. Hətta müqəddəs kitabımız «Quran»da da elmin, biliyin aliliyindən bəhs edir. Onun dalınca getməyi tövsiyyə edir. Əlbəttə, dini ağılla dərk edəndə insana irəliləyiş, mövhümatla qəbul edəndə insana gerilik bəxş edir. Bu geriləmənin içində nə qədər göz yaşı, nə qədər bədbəxtçilik özünə yuva qurur. Ona görə şair elmi insan beyini, zehni üçün ən müqəddəs sərvət adlandırır.
Min illər bəşərin beynində, şüurunda yuva qurmuş məkir, hiylə ağılla çarpışmaqdadır. Neçə-neçə talelərin yolunda sərt qaya kimi durur, neçə-neçə arzuları heç-puç edir. Elə şair də «Məkr» şeirində bütün bunları dilə gətirir. Bənd-bənd misralarının ovqatına kökləyir:

Mənbəyi, mənşəyi məlum olmayan,
Hər cür xəstəlikdən betərdir məkir.
Şərə xidmət edir vicdanı kordur,
Həmişə böhtanlar bitirdi məkir.

Şairin «Məmur», «Zərrələr, Kürrələr», «Real şair həyatı», «Tanrım» «Məmləkətim» və sadaladıqca adlarını sadalamaq istədiyin şeirlərini oxuduqca göz önündə bügünün mənzərələri canlanır. Bugünümüzlə yüklənən beynimizin ağrı-acıları misralar içində ah-ufla boylanır. Şərəfi, namusu, mənliyi, ləyaqəti misralarından boylanan Bəydadaş Cəfərlinin şeirlərini oxuduqca oxumaq istəyirsən. Bu sanballı şeirlərin içində məsum insan taleyindən nigaran bir şairin məddahlığa, yaltağlığa, qorxalığa, cəhalətə boyun əyməyən qürurlu ilhamı var. Birdən mənə sual edərsiz, ilhamın da qürurlusu qürursuzu var ? Bəli, istedadı olanın ilhamı onun xasiyyəti, şəxsiyyəti və mənliyi ilə, ailədə aldığı təlim-tərbiyə ilə, təhsil-elm ocaqlarından əxz etdiyi biliklə, mütaliyəsi ilə ən nəhayət savadıyla birləşir. Yazarın mənliyi, şəxsiyyəti və xasiyyəti, savadı necədirsə, ilhamı da və o ilhamdan doğan şeriyyəti-nəzmiyyəti, nəsri, publisistikası da elə olur. İlhamını millətinin ağrı-acısına köklənmiş yazarlar heç vaxt öz şəxsi yaşayışını millətinin güzaranından ayırmır, onun çəkdiyi dərdi-qəmi öz ruhu-canından keçirir. Müəllifin «Ola» şerində arzuladığı kimi:

Ömür saymadığım ötən günləri,
Tutub saxlamağa fərmanım ola.
Ürəklərdən qəmi, gözlərdən nəmi
Bir yolluq silməyə dərmanım ola.

deyən Bəydadaş Cəfərli xalqın ağrı-acılarını, dərdini, qüssəsini, gündəlik çörək pulu tapmayan, evində ətdən, balıqdan, toyuqdan hazırlanan təamlara həsrət qalan, xəstələnəndə dərman pulunu yuxusunda görən insanlarımızın dərd yükünü ürəyində, qəlbində daşıyır, öz ağıl tərəzisində ölçüb-biçir misra-misra şeirlərinin ovqatına yükləyir, yəqin ki, özünün ürək ağrıları ilə birlikdə! Çünki bir söz adamı kimi bilirəm ki, qəmdən yazmaq, yaşadığın cəmiyyətin dərdi-sərini çiyinlərində daşımaq yazanın səhhətinə nə divan tutur? Axır vaxtlar mənim ürəyim hava çatışmazlığından əzab çəkir. Min yolla başını qarışdırıram ki, bir az ömrünü uzadım və nə qədər yazılmamış mövzularımı araya-ərsəyə gətirim. Şairin haqdan, ədalətdən deyən, əzmi ilə insan qəlbini riqqətə gətirən ürəyə məlhəm şeirləri mənə gözəl İsmayıllının saf havası tək könüloxşayıcı, ruhverici, şəfaverici, zövqverici, dirildici oldu. Hörmətli Bəydadaş Cəfərli, ürəyin və ilhamın yorulmasın. Zehnin, idrakın dağ zirvəsindən yerə enməsin. Bu minvalla yaradıcılıq uğurları, türk qardaşlırımız demişkən əllərinə sağlıq…
06.12.2010 Pirallahı