BİR ÇOXU QƏLƏM GÖTÜRÜB
Bir çoxu qələm götürüb,
Yazır boşuna-boşuna.
Qələm də gəzir adamdan
Daha yaşına-yaşına.
Mənəvi dünya puç olur,
Pak dünənimiz heç olur,
Sonunda bunlar suç olur,
Candan daşına-daşına.
Dün içimizdən doğulan,
Canı boğaza yığılan,
Gedib yad elə dağılan
Döyər başına-başına.
Çox kök-soyuna xor baxan,
Durub aləmə zor baxan,
Şəri içinə buraxan,
Dönər qışına-qışına.
Budur millətə qərəzi,
Səhv ölçüb-biçər tərəzi,
Kökə çirkabdı mərəzi,
Qalar qaşına-qaşına.
Şadiman, öldür həvəsi,
Yada eşq kəsər nəfəsi,
Udar tarixin səhnəsi…
Gedər aşına-aşına.
27.12.2014
Şirin Xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.