BİR GÖZƏL XANIMI İTİRDİK DÜNƏN
Unudulmaz Nurəngiz Günə ithaf
Bir gözəl xanımı itirdik dünən,
Derlər, dilindən söz tökülürmiş.
Təbəssüm üzərdi baxışlarında,
Kirpiklər üstündən köz tökülürmiş.
Misralar içində gəzərdi canı,
Vərəqə iltifat könül həyanı,
“Günəşə Dua”sı ruhun fəğanı,
Üzündən xoş bahar, yaz tökülürmiş.
Baxışı gülüşə süfrə açardı,
Qəm onu görəndə durub qaçardı,
Ruhu qanad açıb göydə uçardı,
Bütün vücudundan naz tökülürmiş.
O, gülə, çiçəyə dəymə deyərdi,
Dəyib həyatını əymə deyərdi,
İşığı, günəşi, nuru öyərdi,
Qəlbindən kədərə buz tökülürmiş.
Bir gözəl xanımı torpaq apardı,
Şeriyyət bağından yarpaq qopardı,
İçimiz sızladı, tufan qopardı,
Göz yaşı donanda az tökülürmiş.
Ölüm hardan tapdı “İşıldaquşu”?
Bir masa üstündən uçdu təb quşu,
Baxışı alardı ağılı, huşu…
Tel haray çəkəndə saz sökülürmiş.
Məzar bağra basdı Nurəngiz Günü,
Günəşdən xəlvətcə gəldi yas günü…
Səmanın köksünə çəkildi ünü,
Göydən yaş içində duz tökülürmiş.
Şadiman, hönkürən təbini dinlət,
Bu qara xəbərin özünü inlət,
Ayrılıq elə də, belə də zillət,
Qapını döyəndə diz bükülürmiş.
21.12.2014 Pirallahı
Şirin Xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.