SÖZDƏN KEÇƏN VARLIQ

SÖZDƏN KEÇƏN VARLIQ

Millətin, xalqın varlığı və doğulduğu məkan onun yaratdığı söz xəzinəsi ilə, kətan üzərində əsrləri dil açdırıb danışdıran rəngli boyalarıyla, könül oxşayan fırçasıyla, ruhları cilalandıran musiqisiylə, bütünlükdə ədəbiyyatı, folkuloru ilə təbii olaraq tarix yaddaşına köçür. Əgər bir millətdə ədəbi, bədii dəyərlər yoxdursa, demək o millət, o xalq ölümə məhkümdur, sağ ikən, var ikən yoxdur. Demək, bu dünyaya o yalnız say üçün gəlib, insan sayı üçün… Gec-tez tarix səhnəsindən silinib getməyə məhkum olacaq. Başqa xalqların içərisində əriyib itəcək. Böyük Yaradana şükürlər olsun ki, xalqımız tarix sahnəsinə qədəm qoyüduğu gündən ruhları nəş‘ələndirən sazı, tarı, muğamı, layalası, bayatısı, ağısı, oxşaması, dastanları onunla zaman dolaylarında yol yolçusu olub. Ədəbiyyat zamanın güzgüsüdür deyirlər. Əgər bu güzgü olmasaydı zaman özünü tarix səhnəsində necə görə bilərdi? Mübaliğəsiz deyərdik ki, elə tarixin də kitablarda doğru-düzgün öc alması ədəbiyyatda həyatını şam kimi yandıranların qələmindən keçir. Bu qələm ölsə, tarix də ölər… Çünki törədilən müharibələrin dəhşətləri də, cəmiyyət içində edilən haqsızlıqlar da, təbəqələr arasında gedən ixtişaşlar da, yoxsulların göz yaşı da, kədərin böyüklüyü də, nəş‘ənin həyatılığı da elə söz adamının, qələm sahibinin vəfasından və cəfasından keçir. Qəlblərini od üstündə yağ kimi dağ edən qələm adamları ömürləri boyu yaşadıqları həyatın, cəmiyyətin qəm yükünü çiyinlərində daşıyırlar. Yaşadıqları cəmiyyətdən, doğulduqları məmləkətdən qazandıqları isə çox zaman biganəlik, soyuqluq, baxımsızlıq, unutqanlıq olur. Onalar isə göz ilə gördüklərini, ağılla dərk etdiklərini Allahın könüllərinə bəxş etdiyi ilhamın köməkliyi ilə ağ vərəqlər üstünə tökürlər. Sevda dolu gecələrin yuxusuzluğunun həsrəti alışır bu vərəqlər üstə!.. Yazan, yəni istedad kişi olanda, o hələ bəxti gətirənlər sırasına daxil olur. Çünki kişi sözü önə çəkilir, hər tərəfdən eşidilir, şərəfinə layiq oldu olmadı təriflər yağdırılır. Onların əli hər qapını aça bilir. Evdən günün hər vaxtında çıxa bilir, hər kəsin üzünə utanmadan baxa bilir. Amma qadının yaradıcılıqla məşğul olması, ən əsası əlinə qələm alıb şeir yazması bütün dövürlərdə cəmiyyətdə birmənalı səslənməyib. Qadın sənətkarların yolu hər zaman milliyyətindən asılı olmayaraq daşlı-kəsəkli olub. Çox vaxt ailə qurmağa macal tapmayıblar və yaxud qurublarsa da ailələri dağılıb, özləri təhdidlərə, basqılara, qınaqlara məruz qalıblar. Əgər qadın şair doğulubsa, deməli sonsuz məşəqqət, əzab-əziyyət də onunla doğulub, ya o bu yolu axıra qədər gedəcək, ya da zamanın hansısa dolayında qopan qasırğanın sürətində itib-batacaq. Anamız Məhsəti Gəncəvidən üzü bəri nə qədər qadın yazarlarımızın müsibət dolu həyatı gözlərimiz qarşısında canlanır. Sağlıqlarında təhdid və basqılardan əzab çəkən xanım yazarlarımız faciə və kədər dolu ömür yaşamışlar. Heyran xanım, Fatma xanım Kəbinə, Xurşud Banu Natəvan və bir çoxları min bir əzablar bahasına olsa da klassik ədəbiyyatda öz izlərini qoydular. Və yaxşı ki, bu izlərin işarantıları ədəbiyyatımızdan boy göstərir, dünənimiz, bugünümüz, sabahımız onların yaratdıqları söz inciləri ilə qürurlanıb və qürurlanacaq. Deməli, biz say üçün doğulan millətlər sırasında deyilik. Nəinki kişi yazarlarımız, hətta qadın yazarlarımız da ilham çeşməsinin gözündən qidalanır, könül duyğularını vərəqlər üstünə səpələyir.
XX əsr Azərbaycan ədəbiyyatında sovet dövrü adlı bir dövür də oldu ki, bu dövürdə yazıb yaradan qadın sənətkarlarımız barmaqla sayılası idi. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Bülluri, Rüzigar Əfəndiyeva, Kamalə Ağayeva, Nurəngiz Gün, Südavə Şəfa, Şərafət Dağıstanlı və sair. Bu siyahını bir az da uzatmaq olar. Amma indiki qədər qadın yazarlarımız yox idi. Sovet dövrünün qadağaları, qurluşa qulluq insanların əl-qolunu bağlamışdı. 90-cı illərdən sonra Sovet İmperiyasının çöküşü bütün qadağaları yıxıb sökdü. Xalqlar azadlıq adlı Günəşin işığından öc aldı. O cümlədən millətimizin də əl-qolu açıldı, vətənimizin Rusiya boyunduruğunda olan hissəsi azadlığa çıxdı. Məhz, keçən əsrin 90-cı illərdən sonra qadın yazarlarımızın da sayı artdı. Bu yazarlardan ədəbiyyat aləmində özünəməxsus ilhamı, təbi, sözü olan xanımlarımızdan Sona Xəyal, Almaz Ülvü, Gülxani Pünhan, Məleykə Səma, Güllü Yoloğlu, Flora Xəlilzadə, Dilarə Şahid, Gülarə Munis, Azadə Taleh, Südabə Sərvi, Güləmayil, Zəminə Xınalı, Gülnigar Rəhimli, Fəridə Hacıyeva, Fərqanə Mehdiyeva, Aləmzər Quluyeva, Zərxanım Ülvi, Salatın Əhmədli, Nəcibə İlkin, Gülayə Şınıxlı, Şövkət Zərin, Şövkət İmami, Dilarə Girzanlı, Cığatel, Minaxanım Təkləli, Pərvanə Zəngəzurlu, Səadət Buta, Xədicə Murad, Xatirə Əziz, Minayə Azaflı, Narınc Xatun, Zərəngiz Qayalı, Pərvanə Nizaməddin və sair. Və nahayət yaradıcılığı barədə söhbət açacağım Fəridə Ləman…
Keçən əsrin 80-ci illərdən ədəbiyyat aləmində Fəridə Ləman imzası ilə tanınan xanım şair özünəməxsus qələmi ilə söz sarayına birər-birər kərpiclər hörür. Özünü şəxsən tanımamışdan qabaq mətbuat səhifələrindən şeirləri ilə, publisist yazıları ilə tanış idim. Onun yaradıcılığı haqqında geniş məlumat özüylə şəxsən tanışlıqdan sonra başladı. Onun mənə bağışladığı «Ürəyimi sabahlara açıram» şeirlər kitabı ilə müəllif barədə dolğun məlumat almağa fürsət buldum. Bu kitabda qadın şairin ilıq nəfəsini, könül mülkünü öz ecazkarlığı ilə şeir dünyasına çəkib aparan mehmannəvazlığını duydum. O, özü duyduğu kimi, ilhamının ona yar olduğu qədər sözə leylilik edir. Söz öz məcnun sevgisini ona diqtə edənə kimi bu aləmdən çıxmır. Şerlərinin hər misrasında yanğı dolu bir pıçıltı var. Bu pıçıltıların sehiri oxucunu onun söz dünyasına çəkib aparır və onu bu dünya ilə aşina edir.
Məhz, Fəridə Ləman iri həcimli çapa hazırlanan «Anama məktub»
kitabına ön söz yazmağı məndən rica edəndə məmnuniyyətlə bu təklifə razlıq verdim. Çünki onun qələmi, sözü, şəxsiyyəti tanışlığımızın ilk günündən qəlbimdə özünə yer edib. Həqiqətən Fəridə Ləman qadın sənətkarlarımızın içində öz şəxsiyyəti ilə sayılıb-seçilən ictimaiyyətçi bir xanımdır. O, «Məhsəti» jurnalının baş redaktoru, «Məhsəti Şairlər Məclisinin» sədridir, çoxsaylı kitablar müəllifidir. O, Qarabağ müharibəsi zamanı ölümsaçan silahların əjdahatək od püskürdüyü vaxtda cəbhə meydanlarından səsi-sovu gələn yazarlarımızdan olub. Fəridə Ləman yorulmaq bilmədən qələm ilə söz karvanın sehrinə düşüb uzun bir yol gedir… Bu yolun istisi, soyuğu, ağrı-acısı qəlb söksə də xanım şair bir an belə usanmır. Elə qarşımda çapa hazırlanan, ön söz üçün vərəq-vərəq nəzərdən keçirdiyim «Anama məktub» kitabı da bu qəbildəndir. Kitab bütünlükdə dörd fəsildən ibarətdir.
Kitabın birinci fəsilinin birinci səhifəsi nəsir ilə yazılmış «Ana» adıyla başlayır. «Ey dan üzlü, Günəş nurlu ana…» , «Başın dərdə əyilməsin…» deyir Fəridə xanım anaya, ana haqqı, Tanrı haqqı deyiblər, bu haqqı tapdalayanlar böyük günahı olanlardandır. Bu haqqı uca tutursan, ucalıqdan düşməyəsən, əziz həmkarım. Şairənin «Anama məktub» şeiri də çox təsirlidir. Elə bu təsirin ovqatındandır ki, müəllif kitabın adını da bu şeirin adıyla bağlayıb:
Yasəmənlər açıbdımı, ay ana?!
Ətrini duymağa gəlmək istərəm,
İncəçayı daşıbdımı, ay ana?
Səsində uymağa gəlmək istərəm.

Ana həsrətiylə oylanan bu misralarda anadan ayrı düşmüş bir qızın həsrət dolu hıçqırtıları yatır. Əksərən qız uşaqlarının taleyinə ata, ana intizarıyla dopdolu bir ömür düşür. Başqa yuvanın işığını yandıran qız uşaqları ata evinində keçirdikləri uşaqlığı və gəncliyi əbədi olaraq xəyal dünyalarına köçürürlər. Və o evə yalnız qonaq qismində gedib-gələ bilirlər. Fəridə xanımın bu şerində də həmin niskilin işarantıları duyulmaqdadır. Şeiri oxuyan hər bir qadının, qızın könlünü yandıran bir şeirdir «Anama məktub»:

Unnucadan zər düşübmü torpağa,
Yarpızların arx boyuca çıxıbmı?
Şeh ələnib zümrüd donlu yarpağa
Rəmbə bulud kirpiyini sıxıbmı?…

Xanım şairin bu ürək titrədən misralarını həyacansız oxumaq mümkün deyil. Müəllif, sanki bu məktubu bütün analara ərmağan edib. «Pəmbə buludun kirpiy sıxması» ədəbi tapıntıdır. Bilmirəm başqa şairlərin şeirlərində var ya yox, amma Fəridə Ləman şerində daha boyalı, daha obrazlı səslənib.
Şairin kitabda sıralanmış, birinci fəsilin ilk səhifələrində özünə yer almış şeirlərindən biri də hamımızın könlümüzü yaxıb-yandıran, ürəyimizə qubarı dağlar çəkən əsir Qarabağ haqqında olan «Can Qarabağ» şeridir:

Qan sızam yaram,
Ey ürək param,
Sənsiz inan ki,
Ömür bir heçdir,
Günlərim haram,
Qarabağ, ay Qarabağ,
Qarabağ, can Qarabağ.

O, burada sadə folklor diliylə, laylaya bənzər bir harayla uzaqdan-uzağa əsir Qarabağla danışır. İşğal altında inləyən Vətənin bir parçasına Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, yanıb kül olmuş, külü asimana sovrulmuş Xocalıya layla çalır. Bu laylanın hıçqırtıları şairənin misralarından boylanır, oylanır. Sanki bizlərə səslənir ki, bu torpağı unutsaq anamızın südü bizlərə haram olsun!..
Şanım, şöhrətim,
Ən uca taxtım,
Qızıldan baxtım,
İki gözümsən,
Sevgi közümsən,
Qarabağ, ay Qarabağ,
Qarabağ, can Qarabağ.

Qarabağı iki gözü kimi tutan müəllif ürəyində Tanrı xofu olmayan işğalçılara meydan oxuyur. Könlünün duyduğu qədər, qələminin uyduğu qədər yaralı Qarabağa layla deyir, bu layla anamızın yanğısı sayaq şirin gəlir adama…
«Bu yurdu çiynimə yükləyin mənim» Əcəb deyimdi, əcəb şahanə, şairanə tapıntıdır. Bu şeir haraymıdır, fəryadmıdır, əsrlərlə başımıza gətirilən müsibətlərə etirazmıdır? Sinəsi min bir yerdən yaralı Vətənə
oxşamadırmı? Bilmirik, bir onu bilirik ki, bu şeir qəlbi yerindən oynadır, ürəyi ahu-nalə ilə qaynadır, əlinə silah götürüb bütün sərhədləri dağıtmaq istəyirsən, sərgərdan Vətənin yaralı bağrını ovutmaq istəyirsən. Əziz oxucular, sizi də bu şerin misraları ilə tanış etmək istəyirik:

Bu yurdu çiynimə yükləyin mənim,
Aparım ocağı, piri gəzdirim.
Nə qədər nəfəsi öz üstündədir,
Görsün gözləriylə diri gəzdirim.

Vətən yanğılı bu misraların, Fəridə Ləman, ruhunu vətənsevər könüllərə necə mehman etməsin? Şair bu şeirdə vətənin pulunu-malını hərraca qoyanları, halına, əhvalına zərrəcə yanmayanları şiddətli tənqid atəşinə tutur:

Vətən torpağından yarıyanlardan,
Vətən bircə damla yarımayıbdı,
Vətəni hərraca qoyan dəllallar,
Vətən yarasını sarımayıbdı.

«Sözə müştəri» tapılmayan «bazarda» «xınalı quzu»lar cövlan edir. Söz sənəti, ədəbiyyat qədir-qiymətini itirib, onun başına sığal çəkəni yoxdur. Bu zamanədə yazana elə yuxarıdan aşağı baxırlar ki, adam öz yazdığının yerinə utanır :
Sözün müştərisi yoxdur bazarda,
Müştəri xınalı quzu axtarır.
Sözü arxasında, addımı iti,
Yalmana-yalmana düzü axtarır.

O bütün yamanlıqları, pislikləri, haramxorları, rüşvətxorları lənətləyən
-dən sonra yenidən Vətənə üz tutur:

Eşit harayımı, qiyyələrimi,
Mən sənin dəlinəm, dəlinəm, Vətən…

Müəllif məcnun eşqiylə vurulduğu məmləkətinə sonda ana sevgisiylə\ bir təskinlik verir.
Dərdin gedəcəkdir zaminəm, Vətən!
Mən sənin yerinə əminəm, Vətən!

O bu xoş sonluqla da şerin axırıncı misralarını sona yetirir. Deyirlər ki, şairlər üsyançıdırlar, həyatda baş verən özbaşnalıqları, haqsızlıqları, amansızlıqları onlar birinci görüb duyur, misra-misra şeirə gətirir. Onlar ömürləri boyu Vətən ağrısını çiyinlərində aparırlar, milli təəssübkeşliyin daşıyıcılarıdır şairlər. Ana dilinin qoruyucularıdır, onlar yana-yana doğulur, cəmiyyətin amansızlıqları içində boğulur. Bu boğulmalar hər gün olur, gündə yüz dəfə! Dünyaların dəyişənə qədər neçə kərə əzrayılın ağzından qopur şairlər… Elə Fəridə Ləman kimi… Onun «A bəxt yazan» şerinə diqqət edək:
Gəlirsənmi?! Gəl bir yoxla halımı,
İçin-için sökülənə bir bəxt yaz.
Buludların gözü doldu halımdan,
Damla-damla tökülənə bir bəxt yaz.

Adamın şam kimi əriməsi ifadəsi ədəbiyyatda tez-tez rast gəlinən bir deyimdir. Amma «damla-damla tökül»məsi isə məhz Fəridə Ləman ilhamından qopan deyimdir:
A bəxt yazan, a bəxtəvər hardasan?
Demirsənmi ünü ərşə qalxan var.
Bağrı yanıb hey dolanıb dörd yana,
Varlığını oda-közə yaxan var.

Şairə, sanki bəxti ilə bu şeirdə umu-küsü edir. Pərişan halının ağrılarını ona söyləyir, bir candidəsi, bir əzizi kimi. Lakin heç də qəm möhnətinə yuvarlanmır. «Şükür sənə, ya Rəbbim» şeirində Böyük Yaradana üz tutur:

Ruhum gülə bələnib,
Göydən ulduz ələnib,
Yatmış bəxtim dillənib,
Şükür sənə, ya Rəbbim.

Bu şükr-sənalar şair ruhunu cilalandırır, həyat eşqini coşdurur, yazıb-yaratmaq havasıyla onu haldan-hala salır. Elə sözün sehri, aliliyi də şair ruhunu aşıb-daşdırmaqdan ibarətdir. Bizim qadınlarımızın cəsarəti, analığı, ər başına pərvanə kimi dolanmağı, saflığı, paklığı, kişiyanə at minib
çapmağı, ərləriylə döyüşlərdə şücayət göstərməkləri, tariximizdə də, ədəbiyyatımızda da çoxdan öz ucalığını qoruyub saxlayır. Qadın yazarları
-mızın cəsarəti də bu baxımdan qürurlanmalı dəyərlərimizdəndir. Fəridə Ləman yaradıcılığında da bu cəsarətin şahidi oluruq. «Pəncərə gözlüyü kasıblar üçün» şerindəki bu ifadə müəllifin özünə məxsus ifadədir:

Bir günlük çörəyə möhtac olan var,
Kimi bir gecəyə doqquz min beş yüz.
Ehtiyac içində çapalayan var,
Bu qədər ağrıya ürək di gəl döz.

Bütün bu bərabərsizliklərə, tərəzinin gözünü əyilməsinə dözməyən şairə şerin bəndlərinin birində haqsızlığa qarşı belə öz səsini qaldırır:

Verdiyi quruşu deyər min dəfə,
Əlini cibinə atar, ya atmaz. /
On-on beş qəzetdə yazdırar azdır,
Əndamı ləkəli, özü nataraz.

Söz xiridarlarının əksəriyyəti ədəbiyyatımızın bir qolu olan şeirimizdə poetik kəşflər axtarırlar. Fikrimizcə, şeir də bədii yaradıcılığın digər qolları kimi dövrün ağrı-acılarını, haqsızlıqlarını əks etdirib tənqid atəşinə tutmalıdır. Ədəbiyyat bütünlükdə cəmiyyətin yaralarının sağalmasına xidmət etməlidir. Əgər belə deyilsə, onda o yaradıcılıq xalqın sevgi və istəyini qazana bilməyəcək. Müəllif dünyasını dəyişən kimi yazdıqları da dünyasını dəyişəcək. Ola bilsin ki, şairin poeziyasında poetik tutum zəif olsun, ahəng, qafiyə pozuntuları olsun, amma yüksək dərəcədə xalqın ağrı-acılarından bəhs etsin və onun məhəbbətini qazana bilsin. Və millətin yaddaşında yazdıqları iz qoysun. Belə olanda söz adamı uğur qazana bilir. Biz bu uğurun tapıntılarını Fəridə Ləman yaradıcılığında görürük:

Yoxdur haqq-hesabı çəkən, çevirən,
Pəncərə gözlüyü kasıblar üçün…
Dünyanın ləzəti meşələr, dağlar,
Çiçəkli ormanlar varlılar üçün.

Şeirdə imkanlıların min bir cah-calalla ömür-gün sürdükləri, kasıb bəndələrin isə adi yaşam haqqını ödəyən qəpik-quruş içində əzildikləri misralara köçür, dükan görəndə ağzı sulanan binəva insanların əhvalı şair ürəyini yandırır və qələminin kağız üzərində harayına çevrilir.
Müəllif bacısı qızı şairə Pərvanə Nizaməddinə şeirlə yazdığı «Gətirə bilsən, gətir» məktubunda bütöv bir elin adət-ənənəsini ustalıqla, sənət
-karlıqla qələmə alır:

Anamın nəfəsindən,
Atamın ər səsindən,
Yaşamaq həvəsindən,
Gətirə bilsən gətir.

O, bu şeirdə Qazax elində bişirilən yeməklərdən, çəmənlərində, dağlarında, yaylaqlarında bitən çiçəklərdən, bulaqlardan, bütöv bir mahalın adət-ənələrindən bəhs edir. Bizim tərəflərdə nə qurud hazırlanar, nə də qatlama bişirirlər. Şairə yazdığı bu mənzum məktub vasitəsi ilə oxucusunu söz qatarına mindirib ustalıqla çəkib öz yerlərinə aparır, adət-ənənələri və mətbəxi ilə onu tanış edir. Bax poeziyanın uğuru budur. Şairənin «Bir meydan istəyirəm» şeiri Qarabağ müharibəsinin veteranı şairə Aida Vüsala ithaf olunub. Şeirdə bütünlükdə keçmişimizdə və bugünümüzdə qəhrəmanlıq göstərən qadınlarımızın adı sadalanır. Şeirdə Qarabağ müharibəsində canı odlar görmüş Salatının, Gültəkinin, Məleykənin, Familənin, Aidanın, Ruxsarənin, Gülarənin adları yad edilir, şücaətləri dilə gətirilir:

Ey kişi libası geyənlər,
Sözlərini hünərlə deyənlər,
Çağırın Salatını, Gültəkini,
Məleykəni, Familəni, Aidanı,
Cavahiri, Rüxsarəni, Gülaranı,
Ayağımız altından torpaq qaçmayıbsa,
Səmamız haqsızlıqdan uçmayıbsa…

Fəridə Ləmanın «Bir meydan istəyirəm» şeiri bütöv bir milləti döyüşə, vuruşa, qisasa çağırır. Ona görə söz xəncərdən itidir deyirlər, sözün gücü, dizin gücüdür! Bu gücün, bu təpərin alovu adamın ürəyini yandırır, damarlarını cuşa gətirir. Bax budur vətənpərvər poyeziya. Böyük rus şairi Nekrasov demişdir: «Şair olmaya bilərsən, ancaq vətəndaş olmaq borcundur.» Çünki Vətənin varlığı onun vətəndaşından aslıdır. Müəllifin «Tamahkar», «Oyaq olmaq istəmirəm», «Səni mən ağartdım, ay qara saçım», «Ağaladan ağladır», «Vətən dərdi», «Görməmiş», «Sevin Vətəni» kimi şeirləri millətin cəfalarından, üzləşdiyi haqsızlıq və özbaşnalıqlardan bəhs edir. «Sevgi düşüncələri» şerində şair elə bil bir anlıq da olsa əzablar içində çırpınan ruhunu dincəldir:

Bir azca yaxın otur,
Bir azca mehriban ol,
Başını qoy çiynimə.
Əllərini ver mənə.
Bax gözümün içinə,
Bax qəlbimin suçuna,\
Səni sevirəm axı!

Həqiqi məhəbbət ağrı-acılarla cilalansa da onun şirinliyi, sevdalılığı insan ruhunda, şüurunda şahanə bir taxt qurub. Şair sözlə məhəbbətini ovudur. Söz əslində gözəgörünməz bir varlıqdır, onun dairəsi genişdir, sonsuzdur. O, bütün dövürləri yerindən silkələməyə qadirdir. Biz bu qadirliyin ucalığını Fəridə Ləman yaradıcılığında görürük. Şair iqtidarda olan hakimiyyətin uğurlarına göz yummur. Ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya həsr etdiyi «Xanım Mehriban» şeirinə bəstəkar Zabitə Məmmədova musiqi də bəstələyib. Kitabın Üçüncü fəsilində mərhum prezident Heydər Əliyev haqqında yazdığı «Onu zaman seçib» poeması da bu qəbildəndir. Bu poema görkəmli bəstəkar Cövdət Hacıyevin 8-ci simfoniyasının şeir mətini kimi də götürülmüşdür. Bu fəsildə həmin poemanın ingiliscə tərcüməsi də yer alıb. Müəllif xalqın işıqlı gələcəyi üçün çalışanların zəhmətini poeziyaya gətirir, öz könül prizmasından baxır və yüksək qiymət verir. Şair kitabın ikinci fəsilini nəvəsi Əmirxana həsr edib. Əmirxanın dünyaya gəlişindən təsirlənib yazdıqları şeirlər elə fidan balalarımızın hamısına şamildir:
Sən Vətən aşiqi, Torpaq aşiqi,
Səman aydın olsun, həyatın nurlu.
Sən elə böyü ki, elə yaşa ki,
Baxanda hər zaman görüm qururlu!

Onun «Şirin pay verib», «Sarıl bu bayrağa», «Əmirxan çağırır», «Yazıq sərçələr», «Qızılgülümsən», «Xurcun əhvalatı», «Bu ki, ayrandır…» kimi bədii uğurları gül balarımıza gözəl töhfədir. Üçüncü fəsildə müəllifin Böyük Vətən Müharibəsinin ağrı-acılarından bəhs edən «Abumüslüm dastanı» polkovnik-leytenant Abumüslüm Baxşıyevə həsr olunub. Poema uzaq cəbhələrdə canını güllə qabağına vermiş bir vətən oğlunun keçdiyi həyat yolunun müsibətlərindən bəhs edir. Fəridə Ləmanın «Anama məktub» kitabının üçüncü fəsilində bəşəri hisslərlə yoğurulmuş «Fələstin» poeması da yer alır.
Bu kiçik poemada müəllif sinəsi dağlı-düyünlü Fələstin xalqının ağrı-acılarını özümüzün başımıza gətirimiş müsibətlərlə uzalşdırır:

Azadlıq olmayan yerdə çatışmaz hava,
Olmaz dərdlərə dəva…
Bir zaman əzab köynəyindən doğulmuşuq,
Qan içində boğulmuşuq…

1947-ci ildən fəlakətlər tüstüsündə boğulan fələstin anası bu gün də dərd içində çapalayır, Balaları gülləbaran edilir, haqqı tapdalanır, əzablardan mütiləşmiş dünya susur. Sonda müəllif Fələstinlə Qarabağın müsibətini eyniləşdirir. Eyni dairədən qaynaqlanan əlli qanlı, başı havalı, pulu çox, vicdanı yox zülümkarlar şeytanla ünsiyyətdən yorulmur, bulanıq sular durulmur ki, durulmur. Dünyanın hər yerində müsəlman insanın haqqı tapdalanır, bəxtinə su calanır, varlığı paralanır, ürəyi yaralanır. Fəridə Ləman da məhz bu haqsızlıqlara qarşı qələmini itiləyir, cahanı əyri yola yuvarlayanlarla söz savaşına çıxır.
Yazımın əvvəlki səhifələrində qeyd etdiyim kimi Fəridə Ləman ictimaiyyətçi bir xanımdır. Ona görə onun dairəsi çox genişdir. Ziyalı təbəqə ilə daim ünsiyyətdə olan xanım sənə/tkarın ünvanına çoxlu sayda şeirlər həsr olunub, məktublar yazılıb. Həm də Fəridə Ləman özü də yaradıcılıqla məşğul olan qadın və kişi sənətkarlarmıza çoxlu sayda şeirlər həsr edib. Haqq dünyasına qovuşmuş Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi müəllifin yaradıcılığı barədə öz tutarlı fikirlərin bildiriblər. Ədəbiyyat aləmində tanınmış qələm sahibləri Fəridə Ləman yaradıcılığını yüksək qiymətləndirib. Müxtəlif vaxtlarda, müxtəlif mətbu orqanlarında onun alim, şair, jurnalist-publisist kimi uğurlu faliyyətindən könül dolusu söz açılıb. Elə «Anama məktub» kitabının dördüncü fəsili də müəllif haqqında yazılan saysız məktub və məqalələrdən ibarətdir. Alim, jurnalist, şair Fəridə xanım Ləman nəinki ölkəmizdə, hətta məmləkət xaricində də tanınır. Onun ölkəmizdən kənarda, qonşu İran və Türkiyədə şeirləri çap olunub. Və Fəridə xanım bu ölkələrdə Azərbaycanın bir şair xanımı kimi tanınır, sevilir, qələminə, şəxsiyyətinə hörmət və ehtiramla yanaşılır. Bir sıra ödül və mükafatların daşıcıycısıdır. Fəridə Ləman Allah adamıdır, müqəddəs Hacc ziyarətində olub. Biz də Fəridə xanım Ləmanın sənət uğurları ilə qürur duyur, ona möhkəm can sağlığı və yaradıcılıq sevincləri diləyirik.
Səsin daima zirvələrdən eşidilsin, Allahın nəzəri üstündən əskik olmasın, Fəridə Ləman…

26-27.07.2010 Pirallahı

2. 572 Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın