SÖZÜN DƏRDİ

SÖZÜN DƏRDİ

Həyata göz açıb dünyanı dərk edən gündən bəşər övladının dərdə düşdüyünün, dərddən yanıb yaxıldığının şahidi olmuşam. Amma sözün dərd içində çapaladığını və fəryad etdiyini görməmişdim. Yəqin ki, əziz oxucular məndən sual edib soruşa bilərlər ki, söz niyə dərdə düşüb və onun dərdə düşməyinin səbəbi nədir? Nədən insan xəlq olandan anlaşılmazlıqlar içində fəğan etdiyi bir halda onun dilindən qopan sözlər də özündən beşbetər günə qalıb? Mən bilmirəm başqa xalqlarda necədir? Amma bilirəm ki, bizim ölkədə söz həqiqətən də dərdə düşüb. Axı bütün ağrı-acıların beşiyi də deyəsən söz özüdür. Deyirlər, gedər bıçaq yarası, getməz söz yarası. Çünki sözdən başlayır insanın uğuru da, qəlbinə vurulan yaranın ağırı da! Söz insanı alçaltdırar, müvəffəqiyyətinə əl çaldırar. Onu zirvələrə qaldırar, dildən öz vaxtında çıxmayanda zirvələrdən kəlləmayallaq yerə saldırar. Ona görə sözlə oynamaq, onunla zarafat etmək elə də düşündüyümüz qədər də asan deyil. Söz ehsan deyil ki, dünyasını dəyişənin dostu da, düşməni də dadsın o ehsanı! O bədənində gəzdirdiyin can deyil ki, cismin ağrıyanda təbibə, dərmana üz tutasan ki, o sənin azacıq da olsa ağrılarına şəfa bulsun. Söz insanın həm əziz dostu, həm də qəvi düşmənidir. Axı mən bu yaxınlarda «Kredo» da çapdan çıxmış «Sözüm haqqı, dözüm haqqı» məqaləmdə demişdim ki, söz adamı həm xeyir tərəfə, həm şər tərəfə çəkə bilər ona görə də onunla çox diqqətli və ehtiyatlı davranmaq lazımdır. Əks halda o insanı gülüş hədəfinə və yaxud qanlı düşmənə çevirə bilər. O da canlıdır, o da bizim hər birimiz kimi qayğı, sayğı, ülfət, mərifət, ən nahayət böyük məhəbbət sevir. Bu məhəbbəti onu dildən çıxaran sahibindən görməyəndə quduzlaşır, azğınlaşır, qəzəb içində aşıb-daşır, bəzən də ucuzlaşır, cılızlaşır, sönükləşir, üzü bizdən dönükləşir…
İstəkli oxucular, mən bu gün bir söz adamı kimi yox, dinləyici, tamaşaçı və oxucu kimi mənə əzab verən dərdləri sizinlə bölüşmək istəyirəm. Yəqin ki, guman edirəm bu dərdlər sizi də azdan, çoxdan narahat etməmiş olmaz. Ən əvvəl televiziya və radio kanallarımızda üzdən iraq, ət tökən teleşou proqramlarında səhərdən axşama qədər at oynadan, sözü, bəstəkarı, müğənnisi özü olan, bir təhər səsiylə sənətkarlıq iddasına düşənləri heç cürə başa düşə bilmirəm. Evlərində olan abi-həvanı, ev əşyalarını, zinətili bər-bəzəkləri geniş tamaşaçı toplumunun gözü qarşısında nümayiş etdirmək ən azından bu adamların səviyyəsizliyindən xəbər verir. Axı bu tamaşaçıların içində kasıblığdan da aşağı səviyyədə yaşayan ailələr var. Bu insanların əsəbləri ilə oynamaq tamaşaçı məhəbbəti qazanmaqdırmı? Artıq biz onların simasız üzünü görməkdən, olmayan səsini eşitməkdən zara gəlmişik. Niyə dahi Üzeyr Hacıbəyovun, Müslüm Maqamayevin, Qara Qarayevin, Arif Məlikovun, Tofiq Quluyevin, Şəfiqə Axundovanın, Elza İbrahimovanın, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Cavanşir Quliyevin, Qulu Əskərəvon, ustad xanəndə və bəstəkar Əlibaba Məmmədovun, Məmmədbağır Bağırzadənin və adını sadalamadığım bir çox ünlü sənətkarlarımızın nəfəsindən və istedadından doğan sənət incilərimiz bu günə qədər bizim canımızdada, qanımızda dərin-dərin kök atıb ruhumuzun və mənəviyyatımızın kamiliyinə xidmət edir. Sözü, musiqisi, səsi mənim deyib, səhərdən axşama qədər ekranlardan düşməyən bu üzdən iraq müğənnilərin dəstək aldığı adamlar düşünmürlərmi fəlsəfi və mənəvi kamilliyi ilə zəngin olan milli dəyərlərimizə xələl gətirirlər? Bəzən dəyərlərimizin varlığına xələl gətirməsələr də gənc nəsilin düşüncə tərzinin formalaşmasına ciddi zərbə vururlar. Mənim musiqi təhsilim yoxdur. Amma onu bilirəm ki, musiqidə mahnı janırı heç də asan janr deyil. Yəqin ki, bəstəkarlarımız bunu çox gözəl bilirlər. Bu janırda öz möhrünü, imzanı qoymaq üçün sənin istedadın olmalıdır. İstedasız, səriştəsiz əqildən süzülən mahnı təbsiz yazılan şerə bənzəyir. Sözlər qupquru, ürək tellərini titrətmir. Belə bəstəkarların yazdıqları mahnılarda ritm var, ancaq melodiya yoxdur. Mahnı çalınır, bitən kimi sözü də, özü də bir göz qırpımında yaddan çıxır. Musiqi bitənə kimi müğənni əl-qol atır, olmayan səslər çıxarır, mahnının sözü də, özü də adamın ürəyini sıxır. Elə bilməyin ki, mən estradanı sevmirəm. Xeyr, mənim klassik musiqidən tutmuş xalq musiqisinə, muğamata, aşiq musiqisinə, dünya musiqisinin ən yaxşı incilərinə sonsuz eşqim və ehtiramım var. Dəyəri olmayan sözləri və bəstəsi ilə radio və televiziya məkanlarından səsləri və özləri düşməyən kəslərdən gedir söhbət. Bu kəsləri isə ekranlara və radio qovşaqlarına təqdim eləyənlər sözdən istifadə edir. Bədbəxt söz isə hönkür-hönkür ağlayır, bu göz yaşı onun içinə axır. Onun hönkürtüsünü bir özü bilir, bir də onu xəlq eləyən Allahı…
İndi isə SMS barədə öz fikirimi bildirmək istəyirəm. Bu SMS deyəsən aprıcıların və orda işləyən işçilərin başına bəla olub. Çünki indiki zamanədə ədəbiyyatımızda və tariximizdə, elmimizdə görkəmli yer tutan şəxsiyyətlərimiz SMS vasitəsi ilə ya dahi olur, ya da yox! Çünki bu ona verilən səslərin çoxluğu ilə bağlıdır. Dahi adını qazanmaq üçün gərək ki, çoxlu SMS qazansın, əks halda tarix boyu millətin yaddaşında dahi kimi iz qoymuş şəxs də dahilikdən çıxmalı olacaq. Çünki ona veriləcək dahi adının taleyi SMS-dən aslıdır. Adları ilə tarixin yaddaşında qalmış bu şəxslərə divan qurub, divan tutmaq görəsən nə dərəcədə düzgündür? Və yaxud hər hansı televiziya verilişi gedərkən ekranın aşağı hissəsində şıdırğı SMS yarışması başlayır. Kimi özünə nişanlı axtarır, kimi özünə dost axtarır, kimi kimə evlənmək təklif edir, kimi kimə məhəbbətini bildirir? Bilmirsən ki, televiziyada gedən verilişi izləyəsən və yaxud ekranın aşağı hissəsində baş alıb gedən bu biyabırçı yazışmalara diqqət kəsiləsən. Bütün bu proseslər hamısı da bədbəxt sözlə baş verir. Bütün bunlara diqqət kəsiləndə adam özünü hansı ölkədə, hansı millətə və hansı dinə məxsusluğunu, hansı millətin təmsilçisi olduğunu unudur. Sanki hansısa planetə düşmüsən. Nə burda abır-həya, nə ismət, nə böyük-kiçik yeri bilmək, heçnə yoxdur. Çox saylı tamaşaçının gözü qabağında kimlərsə kimləri evlənməyə, ərə getməyə, dost olmağa bilmirəm hara, niyə çağırır? Bütün bu hali-hekayətlər də hamısı SMS vasitəsiylə, başı bəlalı sözün iştirakı ilə həyata keçirilir. Görəsən bu yazışmalar hələ həyatın ağrı-acısından o qədər də baş çıxarmayan, yaşının azlığı ilə əlaqədar həyat təcrübəsi olmayan gənc oğlan və qızlarımıza necə təsir edər? Bu yaxınlarda bizim qonşuluğa SMS vasitəsi ilə bir qız qaçıb gəlib. Özü də deyir ki, ərə gəlmişəm, indi hamı belə ərə gedir. Həm valideynlərinə, həm də ər evinə qan uddurur. Budurmu inkişaf etmiş ölkələrlə ayaqlaşmaq? Bizə inkişaf etmiş ölkələrin mənəviyyatı yox, elmi ilə, savadıyla ölkəsinin yüksəlişi üçün atdığı addımlar lazımdır. Yoxsa oğlanların qulağına sırqa taxıb saç uzatması, qızların yarım çılpaq ekranlarda istedad adıyla fəğan etməsi hansısa milləti təlqin etməkdən savayı bir şey deyildir. Adam özününküləşməkdən çıxdıqda çox rüsvayçı görünür.
Bu yaxınlarda televiziya kanallarının birində «Yasaq sevgilər» adlı bir veriliş gedirdi. Aparıcı cavan bir qız idı. Televeriliş boyu tamaşaçılar da ara-sıra zəng edir, öz fikirlərini bildirir. Mövzu belə qoyulmuşdu ki, sənin ailən oldu olmadı sən kiməsə vurulub, kimi isə sevə bilərsən. Bir tamaşaçı qadın zəng edib evlənən gündən 20 il ərini aldatdığını və ərinin dostu ilə, evli bir kişi ilə yaşadığı haqda televiziya vasitəsi ilə aləmə car çəkdi. İyirmi il ərinin papağını yerə soxan bu qadının fikrini camaata car çəkmək ilə bu televeriliş nə məqsəd güdürdü? Bunun gənc ailə quranlara və qurmaq istəyənlərə nə kimi xeyiri ola bilər? Və bu bizim mənəviyyatımıza nə kimi xidmətlər edə bilər? Hələ həyatın ağrı-acısını dadmayan, bərkinə-boşuna düşməyən bu gənc aparıcı qız yasaq sevginin adamın, xüsusən də ona aludə olan bəzi qızlarımızın, qadınlarımızın başına hansı bəlalar aça biləcəyinin fərqindədirmi görəsən? Öz ərini 20 il aldatmış o hiyləgər qadının dünyaya gətirdiyi övladları görəsən ondan necə tərbiyə alıb? Onlar vətənə layiqli övlad ola bilərmi? Və bu kimi verilişlər həyata gözünü təzəcə açmış gənclərə hansı tərbiyəni aşlayır? Burada hansı sevgidən söhbət gedə bilər? Bu yalnız ağılsız hissin və heyvani ehtirasın törətdiyi fəsaddır. Bu da çox vaxt böyük faciələr və fəlakətlərlə, hətta insan ölümüylə də nəticələnir. İnsanın heyvandan bir fərqi olmalıdır ya yox? Bəs dini kitablar niyə insanı canlıların ən alisi sayır? Çünki Tanrı tərəfindən ona şüur verilib və bu şüurda bəşəriyyəti idarə edir. Əgər insan öz hisslərinin əsirinə çevirilsə və onu məhəbbət adlandırsa, onda onun sabahından nə olacaq? Söhbət burda bizim ölkədən gedir, mənim qeyri ölkə və millətlərlə işim yoxdur. Çünki hər millətin özünü aparma tərzi var. Bu da onun kimliyini həyat boyu büruzə verir. Görəsən ekran qarşısından və radionun pultu arxasından insanlarımıza bu kimi cəfəngiyyatları təbliğ edənlər bilmirlərmi ki, əksər halda xalqın nifrət və qınağına tuş gəlirlər?
Hal-hazırda telekanallardan və radio qovşağlarında səhərdən axşama qədər meyxana deyənlər, bədihəçilər at oynadır və özlərini də şair adıyla millətə təqdim edirlər. Əvvala hansısa qafiyəni tutub getmək şairlik demək deyil. Meyxana ilə şairliyi bir-birinə qatmaq ən azı ustadlarımızın ruhuna hörmətsizlikdir. Onlar bir-biriylə tamamiilə əks qütüblərdə dayanırlar. Şairlik adına layiq olanlarımız ədəbiyyatda öz sözünü deyib və indi də deməkdədirlər. Düzdür onların içində hal-hazırda bu adın öhdəsindən gəlməyənlər çoxdur, Necə deyərlər sözü qurtarıb və yaxud əvvəldən heç olmayıb «yaram-yaram» deyənlərimiz yox deyildir. Meyxana deyənlərin əksəriyyəti sözü elə bədbəxt günə qoyurlar ki, hətta onu söyüş səviyyəsinə gətirib çatırmaqdan belə çəkinmirlər. Bu da birbaşa efirdən və televiziya kanallarından, çox milyonlu dinləyicinin və tamaşaçının gözü qarşısında baş verir. Bu nəinki şairin, yazıçının, bütünlükdə söz adamının, həm də mənəviyyatımızın qədir və qiymətini bilən hər bir kəsin ürəyinə toxunur. Mən tamamilə meyxanaya qarşı çıxmıram. O da hansısa insanların zövqünə müvafiqdir. İnsanlarda xarakterlər müxtəlif olduğu kimi, zövqlər də müxtəlifdir. Amma o kəslərdən iltimasım budur ki, onlar özlərinə heç olmasa şair deməsinlər. Çünki şair adı çox ağır bir addır, o adın öhdəsindən hər şeir yazan gələ bilməz, o da ola meyxana, bədihə deyən.
Gün ərzində radio və televerlişlərimizdə aparıcıların sözün axırında «ğ, q» səsi əvəzinə «x, f» səsini işlətmələri, sözlərinin içində yerli-yersiz «ç» səsinin qulaqlarımızı dəlməsi ədəbi dilimizin xususiyyətlərindən xəbəsiz olmasından və az mütaliə və yaxud heç mütaliə etməmə
-sindən xəbər verir. Və yaxud mikrofon mədəniyyətinin olmaması, qışqıra-qışqıra danışmaqları. Axı mikrofonun qabağında qışqırmağa nə hacət? Efirdən səslənən hər bir aparıcının gözəl danışıq qabiliyyəti olmalıdır. Aparıcıda bu çatmayanda və ədəbi dilin xusiyyətlərindən xəbəri olmayanda bu o saat verlişi əvvəlindən özünü çılpaq şəkildə büruzə verir. Bəlli olur ki, aparıcı hansısa bölgənin dialektinin içində batıb qalıb və o dialektdən heç cürə çıxa bilmir. Ədəbi dilimiz isə onun danışığında yox dərəcəsindədir. Bu təkcə aparıcılara yox, ədəbiyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın keşiyində duran bir qism adamlara da aiddir. Onlar da efirdə çıxışları zamanı bu kəm-kəsirlər dillərində açıq məziyyətləri ilə özünü numayiş etdirir.
Ümumiyyətlə, zəngin ədəbiyyatımız olmasına baxmayaraq bizim söz cəhətdən dilimiz kasaddır. Az bir qism insanlarımız var ki, onların gözəl danışıq qabilliyyəti var, ancaq onların da çoxu bölgə dialektlərindən qopa bilmir, çoxt vaxt da bunu özlərinə fəxr sayırlar. Mənə elə gəlir ki, bizi uşaq vaxtdan evdə valideynlərimiz, məktəbdə isə müəllimlərimiz qorxudur. Ona görə nitq mədəniyyəti bizdə bu qədər zəifdir. Bir də kitabxanalardan uzaq düşmək, mütaliə etməmək, az bədii ədəbiyyat oxumaq və yaxud heç oxumamaq da bu bəlanı törədən səbəblərdəndir. İndi ali təhsilli cavanlarımızın çoxu bir, iki bədii kitab oxuyub ya yox?
Əksəriyyətinin də kompüterə və internetə başı qarışıb. Kömpüteri bilmək və onu idarə etmək hər birimizin müasirlik baxımdan borcudur. Çünki onu bilmədən indi heç bir işdə çalışmaq mümkün deyil. Lap elə yaradıdıcılıqla məşğul olanlarımız da kompüteri bilsələr, bu onların yaradıcılıq işlərinin sürətli getməsinə köməkdarlıq edər. Çünki onun dairəsi, gücü, tutumu makinanın imkanlarından min dəfələrnən çox və əladır. Əla isə hər kəsin işinin irələyişində gözəl vasitədir. Amma o mütaliə etmək üçün vasitə deyil. Mütaliə kitab vasitəsi ilə həyata keçirilməlidir və o insana ruhu oxşar bir dad və qida verir. Bu qidanı özündə əxz etdirmək üçün buna uşaqlıqdan alışmaq lazımdır. Mən qeyri millətlərlə uzun müddət işlədiyim üçün o insanların, xüsusən rusların kitaba, qəzetə sonsuz maraqlarının şahidi olmuşam. Onların süpürgəçisindən tutmuş ali təhsillisinə qədər əllərində daim kitab, gurnal, qəzet gördüm. Bizimkilər isə bir yerə cəm olanda ya bahalı əşyalardan, pul-paradan, ya kimlərinsə varından, sərvətindən bəhs edərdilər. Mən buna çox vaxt uzun yolu gəmi vasitəsi ilə qət edərkən təsadüf edərdim. Və bu da məni ruhən çox ağrıdardı…
Bizim evdə öz televiziya kanallarımızla bərabər rus televiziyasını izləmək üçün də imkan var. Mən onların televiziya kanallarında gedən verilişlərində uşaqından tutmuş böyünə kimi necə gözəl danışıq qabiliyyətlərinin olduğunu həmişə heyranlıqla və həsədlə izləyirəm. Bu da onların yəqin ki, mütaliə vərdişlərinin zənginliyindən xəbər verir. Mən onların hər zaman imperalist fikirlərinə nifrət etsəm də, özlərinin dillərinin və nitqlərinin gözəlliyinə xidməti və bu müsbət cəhətlərini misal gətirməyi dil mədəniyyətimizdən söz açdığım üçün vacib saydım.
Dilimizdə ki, söz kasadlığı təkcə televiziya və radio kanallarımızda baş alıb getmir bu həm də müasir ədəbiyyatımızda özünü bariz şəkildə büruzə verməkdədir. İndi əksər capdan çıxan kitablara tez-tələsik təqdimat mərasimləri keçirilir. Cavan yazarlarımız bədii ədəbiyyat oxumur, bu onların yazdıqları bədii mövzunun söz kasadlığında özünü nümayiş etdirir.
Bu yaxınlarda cavan yazarlardan birinin romanın oxumağa başladım. Birinci fəsili maraqla mütaliyə etdım, ikinci fəsil tamam ayrı bir süjet xəttindən, üçüncü fəsil bir ayrı süjet xəttindən bəhs edirdi. Beləliklə, 120 səhifəlik roman adlandırılan bədii əsər hər fəsildə ayrı bir mövzudan bəhs edirdi. Deməli bu müəllifin nəinki romandan heç onun xususiyyətlərindən xəbəri yoxdur. Bəlkə də ömüründə bir roman belə oxumayıb. Əgər oxusaydı o bilmiş olardı ki, roman geniş bir zaman dairəsində çoxlu obraz bolluğu ilə fərqlən bədii nəsirin bir formasıdır. Bəlkə bu formaya bir yenilik gətirib, bir oxucu kimi mənim xəbərim yoxdur? Təqdimatlar keçirilir, bəzi təqdimat mərasimlərində müəllif öz yeni çapdan çıxmış kitabını da bəzən mərasimə gələnlərə ərmağan edir. Amma mərasimdən adamlar dağılışanda kitabların çoxu masaların üstündə qalır. Adi etik davranış qaydalarına belə məhəl qoymadan kitab müəllifinin ürəyini qırmaqdan belə çəkinmirlər. Düzdü bu ürəyi qırmaq dil ilə olmur, kitabı masanın üstündə atıb getməklə baş verir. Əgər bu müəllifin yaradıcılığı səni qane etmirsə bəs niyə onun təşkil etdiyi mərasimə gəlmisən? Gəlmisənsə bəs niyə kitabı atıb gedirsən? Çünki kitabı masa üstündə atıb gedənlər özləri kitab yazmasına baxmayaraq kitab oxumurlar. Əslində indiki vaxtda demək olar ki, heç kim heç kimin kitabın oxumur… Sonra bu təqdimat mərasimi keçirilirsə, müəllif özünü buna layiq bilirsə qoy bunu kitabxanalarda, mədəniyyət ocaqlarında oxucu qarşısında keçirsin, oxucu da bilsin ki, filankəs gözəl müəllifdir və onun filan kitabı çıxıb. Yoxsa yazar bir neçə yazarı yığıb onların qabağında özünün yazdığını nümayiş etdirir. Bu da yəqin yazar üçün bir təsəllidir. Bəlkə bu təsəlli də biganəliklərdən narahat olan ürəyinə bir məlhəmdir. Zənimcə, söz xiridarlarının bir-birinin sənətinə hörmətsizliyi bütövlükdə ülü SÖZƏ edilən biganəlikdən irəli gəlir. Bu biganəlik ədəbi aləmdə mükafat yarışmalarından tutmuş, yazarın yaradıcılığına yaraşdı, yaraşmadı ağız dolusu təriflərə qədər gedib çıxır. Bu təriflər, təltiflər, mükafatlar nəinki ədəbi aləmin iştirakçısı və təşkilatçısı olan adamı, hətta sözün özünü də yıxır. Ədəbiyyatımız, mədəniyyətimiz, mənəviyyatımız isə sözün özündən keçir. O təriflərlə öz sahibinə yaraşmayanda fəryad edir, bu fəryadın əks-sədası sonradan öz fəsadları ilə mənəviyyatımızda tüğyan edir.
Əziz oxucular, işğal altında olan torpaqlarımızın ağrısından dərd içinə təkcə ozümüz düşdük, amma başı bəlalı sözümüz isə ona etdiyimiz haqsızlıqlardan dərdə düşüb. Görürsünüz ki, sözün nə boyda dərdi var? Bu dərd ən əvvəl bizim dilimizdən, dil vasitəsiylə ədəbiyyatımızdan, mədəniyyətimizdən və mənəviyyatımızdan keçib düz ürəyimizə zərbə vurur. Bu zərbənin ağrısını isə ürək hələm-hələm çəkə bilmir. Bu ağrıya tuş olanların çoxusu bir oxucu kimi, ən azından mənim sadaladıqlarımı qəribliyə salmazlar. Əslində vicdanım ağrıdığı üçün mən bunları qələmə aldım. Bir para əhvali-vaqiyələrimizdən bəhs etdim, bəlkə də çox uzağa getdim. Təkcə özümüzü yox, həm də sözümüzü dərddən xilas etmək lazımdır. Çünki bizim canımızda, qanımızda ata-babalardan keçmə bir ətalət var. Bu bugünki işi sabaha qoymaq ətalətidir. Allah bu ətalətdən xilas etsin bizi! Əgər bu ətalətdən xilas yolun taparıqsa, onda nə özümüz, nə də sözümüz dərd içində olar. Sözün dərdi – keçər səddi, əyər qəddi. Bunu duyanlar mərddi, duymayanlar özləri bu dünyaya dərddi! Allah heç kəsin nə özünü, nə də sözünü dərdə salmasın. Amin!

21.04.2009 Pirallahı

437 Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın