HECA-ALLAHA RİCA

HECA –ALLAHA RİCA

(Bir jurnalda heca haqqında deyilən qərəzli fikiri oxuyandan
sonra ürəyim ağrıdı və bu məqaləni yazmağa məcbur oldum.)

Söz insan zəkasında, qanında-canında özünə yuva qurmuş ikinci varlıqdır. Söz əlahiddə vergidir, onun dairəsi genişdir. Söz ruha qida, dilə sevda edən gözəgörünməz bir qüvvədir. Bu qüvvənin əli birbaşa Böyük Yaradanın ətəyindədir. O, insanlar arasında bir vasitə olmaqdan əlavə, həm də ilham mənbəyidir, bulağı min illər gözündən qaynayan bülur çeşmədir. Bu çeşmənin suyu nə qədər insan cəmiyyətləri var, onların ürəyinə şərbət kimi səpiləcək, ruhlarını ovutmaqçın, dərd-bəlalarını dağıtmaq üçün, varlıqlarını Haqq-təallanın önündə sübuta yetirmək üçün…Sözdən qaynaqlanır bəşərin gözü, sözlə gülür min illər üzü. İlhamı olanlar milliyyətindən asılı olmayaraq sözlə ruhunu ovudur, ürəyinin ağrılarını sovudur. Millətinin kimliyini aşikar edir, varlığını öz tarixinə, ədəbiyyatına köçürür. Əgər o millətin, o xalqın sözü bitibsə, deməli varlığı da axır günlərini yaşayır. Deməli, sonu çatıb. Hələ qədim zamanlardan insanın varlığı, onun kimliyi daş kitabələrdə, qayalarda, sal daşların üstündə çəkdiyi şəkillərlə, sonralar isə sözlə yazıya alınırdı. Məhz sözün anası, gülüzlü sonası isə ŞEİRDİR. Bizə elə gəlir ki, elə dünya yaranan gündən, insan özünü dərk edən məqamdan ilham da, şeir də onunla doğulub. Hələ qədim kitabların bir çoxunun şeirlə qələmə alınması bunu subut edir. Heç uzağa getməyək elə müqəddəs «Quran»ımız da bu qəbildəndir. («Quran» mənzum nəsirlə peyğəmbərimizə nazil olub və onun tərəfdarları tərəfindən qələmə alınıb.)
Ədəbiyyatda şerin bir neçə formaları mövcuddur. Əgər əruz ərəblərdən gəlirsə, sərbəst şeir forması ingilislərə məxsusdur. Haqqında bəhs edəcəyimiz mövzunun cövhərindən uzaqlaşmamaq şərti ilə onu da istəkli oxucuların nəzər-diqqətinə yetirmək istəyirik ki, dünyada ingilislər qədər öz soyuna-kökünə bağlı, keçmişini yaşadan, onu əzizləyən ikinci bir millət yoxdur. İngilislər öz yaşayışları ilə, dəbdəbəli həyatları ilə nə qədər müasirliyi təbliğ etsələr də keçmişlərini bir o qədər sevirlər, ona cani-dildən sadiq qalırlar. Bu gün təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, vaxtı ikən dünyanın neçə qitəsini öz atının ayaqları altında silkələyən keçmiş Osmanlı imperiyasının, müasir Ata Türkiyəmizin şeiri inğilis sərbəst şeirinin təsiri altında inilləyir. Bu millətçilik deyil, bu çoxlarının həzm edə bilmədiyi acı həqiqətdir. Həqiqətinsə bu dünyada deyəsən kitabı çoxdan bağlanıb. Kitabı bağlanmış həqiqətin hərdənbir adını dilə gətirmək Böyük Yaradana da xoş gələr, onun həqiqət sevən bəndələrinə də! Bunu da istəkli oxucuların yadına salmağı vacib bidik ki, biz də heç ata Türkiyəmizin şairlərindən geri qalmaq istəmirik. Necə deyərlər onları bu yarışmada ildırım sürəti ilə ötmək istəyirik. Çünki bu gün biz ingilis sərbəstində şeir yazıb öz ana hecamıza arxa çevirməyi bir yenilik, bir mədənilik hesab edirik. Necə ki, yeddi-səkkiz əsr bundan qabaq yaranmış «Əsli və Kərəm» dastanında baş qəhrəmanlardan birini, təmiz türk adı daşıyan eyni tayfanın daşıyıcısı xristian inanclı Əslini bizim sevimli söz adamlarımız erməniləşdiribsə və ermənilərin tarixini belə yanlışlıqlarla Qafqazda qədimləşdiriblərsə, bugün hecaya da ögey münasibət bəsləməklə onu hiyləgər düşmənlərimizin mənimsəməsinə şərait yaradırıq. Halbuki, bütün dünyanın tarix sevən, tarixdən yazan insanlarına bəllidir ki, yeddi-səkkiz əsr bundan öncə Qafqazda heç bir ermənidən söhbət gedə bilməzdi. Dastan eyni tayfadan ayrı-ayrı dinlərə inacı olan iki alban əsilli ailənin faciəsindən bəhs edir. Sadəcə olaraq rus işağılı və sövet dövrü torpaqlarımıza necə əl gəzdiribsə, bizimlə tarix dolaylarında yol yoldaşı olan dastanlarımıza da elə əl gəzdirib, dolasıyla işğal edib. Və özümüzün də islam dinininə yox, islamı möhümata qapılmağımız bu kimi yanlışlıqların ayaq tutub yeriməsinə səbəb olub. HECA türk xalqlarının ürəyinin məhsuludur. İslam dininin Şərqdə qol-qanad açması ilə əruz islama ibadət edən xalqlarının ədəbi məhsuluna çevrildi. Əruzda sözünü deyə bilməyən şair o zamanlar güclü şair sayılmazdı. Əruz isə birbaşa «Quran» ilə, yəni ərəb dili ilə bağlı idi. Bir haşiyə çıxım: Mötəbər bir tədbirdə əslən misirli əruzun onların milli-mənəvi sərvəti olduğunu önə çəkdi və islamla bağlı azərbaycan dilində ərəb sözlərinin özünə vəsiqə almasından ürək dolusu danışdı. Yəni bizə bildirmək istədi ki, siz əruzda nə qədər istəyirsiniz şeir yaza bilərsiz, amma əruzun sahibi ərəb xalqıdır. Bir çoxları bəlkə də onun çıxışındakı bu nüansları bəyənmədi. Amma mənim çox xoşuma gəldi. Çünki bu insan milli dəyərlərinin sahibliyini ərəblərin adından bizə bəyan etdi. Bunun nəyi pisdir ki, pis onda olur ki, sənə aid olana sahib çıxmırsan, ona əyri baxırsan, dodaq büzürsən. Necə ki, alban mədəniyyətimizə sahib çıxmadıq və könüllü verdik ermənilərə! Ərəb səhralarından, Suriyanın qum dəryalarından basa-basa başıbəlalı Qafqaza üz tutan ermənilər keçmişimizə aid nə varsa hamısını özünüküləşdirməklə məşğuldur. Bu gün də bar-bar bağırırq ki, ay aman, nəinki torpaqlarımız, həm də mənəvi sərvətlərimiz əldən getdi. Atalar demişkən:
«Daldan atılan daş topuğa dəyər». O dövürlər ərəb dilini yaxşı əxz edən, əruzu da yaxşı qavrayıb onda gözəl nümunələr yarada bilirdi. Biz kllasiklərimizin yaradıcılığına fikir verdikdə də bunun şahidi oluruq. Əruz islama inancımıza rəğmən digər şərq xalqlarında olduğu kimi şeiriyyətimizin tacı sayılır. Və heç də biz onun ərəb ruhunun məhsulu olduğunu danmırıq. Artıq əruz şeiru forması xalqımız üçün doğmalaşıb. Sovet hökümətinin ilk illərində tara, bütünlükdə mənəviyyatımıza hücumlar başladı. Hətta Şərqdə birinci operanın libreottosu da dahi Üzeyr bəy Hacıbəyli tərəfindən qələmə alındı. Bu həm də tara olan kəskin hücumlara tutarlı cavab oldu. Çünki tar, kamança muğamı yaşadırdı. Ancaq hecamız min illərin ədəbi təxəyyülündən doğulan türk xalqının mənəvi sərvətidir. Hələ yazı meydana gəlməmişdən qabaq şifahi formada xalqın yaddaşında özünə kimlik qazanıb və bizim ilə yol yoldaşı olub. Şifahi formada xalqın yaddaşından süzülüb gələn, saz üstündə bəstələnən aşıq mahnılarımız, nəzmi avazla, nəsri sözlə dillərdə dolaşan dastanlarımız, tar üstündə pərvazlanan xalq mahnılarımız hecamızın bağrından qopub.
At belində şimaldan cənuba, şəqdən qərbə at çapan, şücaətlər, qəhrəmanlıqlar, bahadırlıqlar göstərən türklər öz ədəbiyyatını elə at belində də yaradırdı. Heca vəzini türk mənəvi insanın mənəviyyat məbədidir. TÜRKÜN HECASI – ONUN ALLAHA RİCASIDIR!!! Bu məbədin sədasından doğub turk xatunlarının, analarının dilindən qopan, ninnilər, bayatılar, laylalar, ağılar, oxşamalar. Aşıqlarının, ozanlarının bağrından dikələn gəraylılar, qoşmalar, dastanlar qopuzun, sazın tellərinə haray salıb. Saz və sözün birliyindən yaranan heca şeir forması ulu Türkün mənəvi dünyası idi. Bu birlik atla birləşəndə xarüqələr yaradırdı. Heç təsadüfü deyil ki, türk fəth etdiyi torpaqlarda mənəviyyatla bağlı nə varsa onu göz bəbəyi kimi qoruyurdu. Çünki özünün ruhu yaranışdan mənəviyyatla bağlı idi. O saza da, sözə də müqəddəs bir varlıq kimi baxırdı. Və onun sözdə yaratdıqları nə var idisə, heca-heca ilhamlı ürəklərin təb çeşməsindən süzülürdü. İslamın kəsə-kəs vaxtlarında, möhümatın at oynatdığı zamanlarda, məhz Yunis İmrə, Şah İsmayıl Xətai, Mola Vəli Vidadi, Molla Pənah Vaqif şeirlərinin bir çoxunu ana türkcəsinin hecasında qələmə aldı. Çünki bu onların qanından, canından gəlirdi. Bü gün də şükür Allaha heca şeirlərimiz öz axarıynan gedir. Düzdür bu şeirlərin içərisində ədəbiyyat nümunələri olmayanlar da çoxdur. Mən başa düşə bilmirəm qafiyəli, yəni heca şeirinə dodaq büzənlər nəyi özlərində əxz etmək istəyirlər? Öz kökündənmi, soyundanmı uzaq düşmək istəyirlər? Niyə qafiyə onları yorur? Bəlkə qafiyəni tapa bilmədikləri üçün yorulurlar? Əvvala şeir yazanda sən sözü, qafiyəni axtarırsansa, deməli, sənin ilhamın yoxdur, sadəcə olaraq şair olmağı qarşına məqsəd qoymusan. Əgər sənin ilhamın çağlayıb daşırsa, deməli sənin şerində publisist düşüncə də, qafiyədə, heca da, ahəng də olacaq, hətta sərbəst vəzin də qafiyələrlə bol olcaq, əruzda da öz qələmini sınaya biləcəksən. Vaxtıkən əruz məclislərinə gedərdim, əruzda yazanlar hecaya əyri-əyri baxardılar və sərbəsti heç qəbul etməzdilər. Yaradıcı insanlar arasında bu cür ayrı-seçkiklik ədəbiyyatımızı hara aparıb çıxarır? Sərbəst yazılan gözəl bir şeir əgər sənət nümunəsidirsə, bunun nəyi pisdir? Amma bütünlükdə yadlardan gələni doğmalaşıdıb özününkünə arxa çevirmək cinəyətdir, ədəbi qüsurdur, öz mənəviyyatına ögey münasibətdir!!! Məqsədli şəkildə şair olmaq istəyənlərdən heç vaxt şair olmayacaq, özləri dünyalarını dəyişən kimi, sözləri də dünyalarını dəyişəcək…Bizə elə gəlir ki, əsil şair şerin formasına baxmaz, şeir ona hansı formada gələrsə, elə o formada da yazar, istər ərəbin əruzunda, istər ingilisin sərbəstində, istərsə öz doğma türk hecamızda! Şairlikdə sözünü deyə bilməyənlər forma axtarmağa başlayır. Ey adını dilimə gətirmək istəmədiyim, həmkarım, kişi yazar, heca, qafiyə səni bezdirirsə, deməli bu millət də, bu kök də, bu soy da səni bezdirib. Deməli, heca ilə cilalanan ana layalası da sənin qanına, canına hopmayıb. Hecanı «adi, yorğun» adlandıranlar, sərbəsti «geniş düz» sayanlar öz mənəviyyatına arxa çevirənlərdir. Deməli, heç sən ədəbiyyat adamı deyilsən get özünə başqa peşə seç. Çünki şairlik peşə deyil, ilhamla bağlı olan bir sənətdir. Sənəti isə duyub dərk edənlər yaşatmalıdır. Nə qədər ki, türk var, onun sazı sağdır, deməli heca da sağdır. İndiki şairlərin bəzilərindən eşidirsən ki, publisistikanın şeirə gətirilməsi əbəsdir. Onların sözündən belə çıxır ki, sevdikləri sərbəstdə yazan Mayakovski şair deyil, çünki onun şeirləri başdan-ayağa publisist düşüncələrdən ibarətdir. Onda şeirdə satiraya da yer yoxdur, satirada publisistika olmasa, o satira sayılmaz. Belə çıxır ki, dahi Sabir də şair deyil, çünki yaratdıqları satiradır. Onda şair kimdir?…
Vətənimiz 20 ildən çoxdur ki, müharibə şəraitindədir. Hər tərəfdən təzyiqlər altındayıq, Amerkanın, Avropanın səsi hələ ki, yağı tərəfdən gəlir. Millətimizin üstünə xaç yürüşü edilir. Bu vəziyyətdə olan ölkənin şairi şerinə publisistikanı gətirmirsə, onun şerində siyasətin mənfur üzü tənqid atəşinə tutulmursa, onun şerində satirik abi-hava duyulmursa, Vətən ruhu misralarından boylanmırsa, onda bu Vətən başına haranın külün tökməlidir?! Onda şairə nə qalır? Gül-çiçəkdən yazmaq, bir-birinə tərif, yaltaqlıq, məddahlıq etmək… Vətəni düşmən tapdağından qurtarmaq bizim borcumuzdur. Şair də, yazıçı da bu amala xidmət etməlidir. Çox təssüf ki, 150 il qabaq yazılan böyük demokrat rus şairi Nekrasovun sözləri yadımızdan çıxıb: « Ola bilər ki, sən şair də olmayasan, amma vətəndaş olmaq borcundur.» O, «Şair və vətəndaş» şeirində yazırdı ki, Rusiyada hər peşənin, hətta şairlərin də sayı çoxdur, ancaq vətəndaş qıtlığı var. Böyük rus şairi Nekrasovun sözü olmasın, Azərbaycanda da vətəndaş qıtlığı yaranıb. Nə zahirən, nə televiziya və radio verilişlərindən, bütünlükdə mediadan belə məlum olur ki, biz müharibə şəraitində olan ölkəyə oxşamırıq. Səhərdən axaşamadək şou əyləncələri ilə qaynayıb daşan televiziya kanalları gənc düşüncəni niyə və hara kökləyir? Vətəndən, onun tarixindən, millətin ağrı-acılarından yazan şairlər dəbdən düşmüş sayılır. Hörmətli həmkarıma bildirmək istəyirəm ki, publisistikanı şeirə gətirmək üçün güclü ilaham və vətəndaş yanğısı olmalıdır. Şeiri hansı formada qələmə almağa gələndə isə mənim həm əruzda, həm istəkli hecamızda, həm də ingilisin sərbəstində şeirlərim var, bu o demək deyil ki, mən hecama arxa çevirməliyəm. Heca ədəbi dünyada, ədəbi aləmdə şeirimizin kimliyini tanıtdıran bədii bir ölçüdür, bir me‘yardır. Bügün biz bu şeir formasına yadırğasaq, sabah düşmənlərimiz onu da özününki edəcək. Heca anamın layasıyla, ninnisiylə qanıma keçib, əlimin-qolumun kəsilməsi mənə necə fəlakət gətirərsə, yazdıqlarımın içində heca şeirlərimin olmaması da elə fəlakət doğurucu olar. Heca şeiri ana layalarımızın Allaha dikəlmiş ricasıdır!… O, bu ricalarıyla varlığının sağlığını Böyük Yaradandan iltimas edir! Bu ricanı susdursaq, Allahın əli üstümüzdən kəsilər. Müqəddəs hecamız saysız-hesabsız yüklənmiş dəvələri olan söz Sarbandır, onun dəvələrinin xurcunu kök qafiyələrlə doludur, o, şeiriyyət, nəzmiyyat yolunun yolçusudur. Kimin ki, ruhu haqdan gələn ilhama köklənib söz Sarbanı öz xurcununu onun təbinə açacaq və ruhu qafiyələrlə feyzyab olacaq. Yox əgər şairlik sevdasına düşüb və şeir formasının axtarışına çıxıb, onda onun işi Allaha qalıb. Ömrü boşuna vercək. Axırda da baxıb görəcək ki, ayə, yazdıqların içində heç zad yoxdur. Nə qədər ki, TÜRK sağdır, o bu yoldan nə yorulmacaq, nə usanmayacaq, çünki heca türk ruhu üçün Allahın göndərdiyi baratdır! Sonda onu demək istəyirəm ki, Allah sizin kimi düşüncə sahiblərinin sayını ədəbiyyatımızda azaltsın. Amin!…
Bəlkə də mənim yazdığım bu məqalə kimlərinsə ruhunu oxşamayacaq, bu onların öz işidir. Hər kəs öz vicdanın və ürəyinin səsi ilə oturub durur. Mənim də vicdanımın bağırtısı əlimə qələm alıb bu məqaləni yazmağa sövq etdi. Ulu hecaya həsr etdiyim bir şeirlə yazımı tamamlamaq istəyirəm:

ANAMIN RUHUNDAN GƏLİBDİ HECA

Anamın ruhundan gəlibdi heca,
Bu ruha göz dağı olma, sən allah.
Ondan dikəlibdi Rəbbimə rica,
İlhamsız qəlb telin yolma, sən allah.

O təbi olana çağlayan bulaq,
Ondan saz ruhunu duyur hər qulaq,
Heca sevdasında gəlin bir olaq,
Çətinsə sənətdə qalma, sən allah.

Onla cilvələnib sazın telləri,
Gəzib addım-adım eşqi elləri,
O vəcdə gətirib yanan dilləri,
Kam ala bilmirsən, alma sən allah.

Heca könlümzün nazlı afəti,
Onun sərvə bənzər qəddi-qaməti,
Oxşar qəlbimizi eşqlə xəlvəti
Bu eşqi ilan tək çalma, sən allah.

Oxşama yağı tək yaddan gələni,
Yad eşqlə çox gördük millət dələni,
Hiylə torlarına düşüb öləni…
Acıqlı buludtək dolma, sən allah.

Vətəntək, anatək heca canımız,
Ruha köklənməli bu vicdanımız,
Doldu düşmənlə dördbir yanımız…
Sən də onlarla bir olma sən allah.

Yazın ağır olub bu Şadimana,
Dağın mehləri var gələn dumana,
Şeirə dəb gətirib azğın zamana,
Çalış ondan dala qalma sən allah.
08.08.2010

496 Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın