HİMNİMİZ HAQQINDA

Azərbaycan Resbublikasının

Dövlət Himni

(fəlsəfi-tekstoloji təhlil)

məqaləsinin müəllifi Əmirşah
Babaşah oğluna (Hacılı)

AÇIQ MƏKTUB

Sizin Azərbaycan Respublikasının Dövlət Himninin mətni barədə verdiyiniz təhlili oxuyub, bu ölkənin bir vətəndaşı kimi çox mə‘yus oldum. Ona görə ki, biz müstəqilliyimizin İ7-ci ilini yaşayan, sinəsi paramparça olmuş, Azərbayçan ölkəsinin kiçik bir hissəsində bəxtinə bu yaxınlarda istiqlal haqqı düşmüş bir xalqıq. Bu xalqın çox qismi dünyanın hər yerinə səpələnmiş, ürəyi vətən həsrəti ilə alışıb-yanan, qürbət ağrı-acılarına köklənmiş bir ömür yaşayır. Çünki onun torpağının cənub hissəsi İran, şimal hissəsində yerləşən Dərbənd Rusiya, Borçalı isə Gürçüstan qanunlarına tabe olmaq məcburiyyətində qalıb. İrəvan xanlığı mərkəz olmaqla, bütünlüklə qərbi Azərbayçan ərazisində Rus imperyasının amansız hökmü və himayədarlığı ilə indiki Ermənistan yaradıldı. Bizim erməni kimi tanıdığımız, əslində özlərinin özlərinə «hay» dedikləri gəlmə yağılara bu torpaq, xalqımıza qarşı edilən soyqırımı və represiya ilə bəxşiş edildi. Əslində göy türklər də, hunlar da, xəzərlər də, ərəblər də, monqollar da, ruslar da, farslar da Azərbaycanı işğal məqsədiylə tapdalayıb keçiblər. Hər hökmdar da bu torpaqda öz izlərini qoyub gedib…Dili ilə, dini ilə adət-ənənələri ilə, törətdikləri vəhşiliklərlə…
Allahın bizə bəxş etdiyi müstəqilliyin neçə əsrlərdir ki, həsrətində idik. Mən ona görə Allahın bizə bəxş etdiyi müstəqillik deyirəm ki, əgər imperiya balıq kimi başından iylənməsəydi rus «qardaşlarımızın» əsarətində yaşamağa məhkum idik və məhkumluqdan bizi Allah xilas etdi. Yaxşı ki, xilas dönəmində Heydər Əlirza oğlu Əliyev kimi ağıllı, uzaq görən, tədbirli, millətinin ədəbi dilini sevən, şivələrdən uzaq, natiqlik qabiliyyətinə malik olan böyük insan, vətən oğlu dilin sağalmaz yaralarına məlhəm edən mənəvi təbib oldu. Allah ona qəni-qəni rəhmət eləsin və ruhu şad olsun. Hamımızın yaxşı yaddaşına həkk olmuş məşhur o müşavirədə millətin elm adamları qarşısında «Biz azərbaycanlıyıq və bizim dilimiz azərbayçan dilidir » dedi, o uzaqgörən vətənpərvər.
Hörmətli Əmirşah müəllim, sivil ölkələr yüz illərlə eyni himni və həmin himnə yazılmış eyni mətni işlədərlər, heç bunu yeniləşdirmək haqqında fikirləşməzlər. Siz himnin mətinində işlənmiş ərəb və fars dilindən dilimizə kecmiş gəlmə sözlərin bolluğundan şikayətlənirsiz. Ərəb dilindən gələn Vətən sözünü dilimizə yad adlandırırsız və deyirsiz ki, bunu yurd sözü ilə əvəz etmək lazımdır. Və yaxud ərəb dilindən götürülmüş qəhrəman ifadəsini, monqol dilindən türk dilinə keçmiş, bahadur sözü ilə əvəz etmək lazımdır deyirsiniz. Əgər qəhrəman sözünü bahadur sözüylə əvəz etsək, onda Milli Qəhrəman yox, Milli Bahadur yazmalıdır. Axı niyə sizin dediyiniz iradlar təkcə himnə yazılmış şeir parçasına aid olmalıdır? Sonra misraların sonunda «iz» şəkilçisinin işlənməsi şeirə daha da axıçılıq verir. Əgər sizi şeirdə gedən qafiyə qüsurları narahat edirsə, bu da dahi Üzeyr bəyin musiqisinin sədaları altında cilalanır. Yəqin ki, müəlliflər mətinin söz qüdrətini artırmaq və təsirli etmək üçün bu kiçik qüsurlara göz yumublar. Ümumiyyətlə, mahnı mətinlərində bəstəkarlar şeirin gücünü artırmaq ücün bəzən qafiyə və heca pozuntularına yol verirlər. Çox guman ki, himnin mətinində gedən bu xətalar da onun qüdrətini artırmağa xidmət edib və artırıb da. Mənim 53 yaşım var, ilk dəfə məktəbə gedərkən müəllim bizə yazı lövhəsində ana, vətən, ata sözlərini yazmağı öyrətdi. Əgər sizin yazdığınız fikirlərlə razılaşsaq, onda vətən, məktəb, kitab, kitabxana, şəhidlər xiyabanı, salam, xeyr, bəli kimi minlərlə sözlər bizim dilimizdən çıxarılmalıdır. Əvvəl kllasik ədəbiyyata Füzulidən tutmuş ən qəliz yazan Seyid Əzim Şirvaniyə, dahi Sabirə qədər, sonra müasir söz adamlarının yazıb-yararatdıqlarına əməli-başlı əl gəzdirmək lazım olaçaq. Hələ mən tibbidə, texniki ədəbiyyatda və elmimizin bir çox sahələrində bizimki olmuş, ərəb, fars, rus, ingilis və sair dillərdən dilimizə keçib doğum şəhadətnaməsi qazanmış sözlərdən danışmıram.
Biz hamımız yaxşı bilirik ki, ərəb sözlərinin doğmalaşması islam dini və islamı həyat tərzi ilə bağlıdır. İslama inancımızın əksi bayrağımızın üstündə acıq-aydın dalğalanmaqdadır. Bizim ölkədə hansı yerdə yuva salıb yurd qurursansa ora yurd deyilir. Vətən isə geniş anlam kimi bizim ağlımıza, ruhumuza hopub. Böyük Səməd Vurğunun «Azərbaycan» şeirindən iki misranı sizin diqqətinizə yetirmək istəyirəm:

« Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən.»

Siz rəngi çalarlarla əvəz etmək istəyirsiniz. Onda Böyük şairimiz Rəsul Rzanın şeirə başlıq kimi vermiş «Rənglər»i çalarlar ifadəsi ilə əvəz etmək lazım gələcək. Biz onsuz da vətənin cox hissəsini itirmiş, müstəqilliyimizi ikinci dəfə qazandığımız dönəmdə aran və dağ Qarabağı işğala möhtac edilmiş, hələ istiqlal sevincini dadmamış sinəsi ağrılara pərçimlənmiş ölkənin vətəndaşlarıyıq. Vətəni yurda qədər qısaltmağa ehtiyaç yoxdur. Bunu artıq düşmənlər bizə ərməğan edib. Bizim dilimizin inkişafını göy türklərin danışdığı məqamlara qaytarmaq lazım deyil. Biz nə tez müstəqillikdən doyduq ki, indi də bizi onun atributları narahat edir?
HİMN, GERB, BAYRAQ 90 illik istiqlal tariximizin daşıyıcılarıdır. Bunu da nəzərə alın ki, 90 il bundan qabaq danışıq və yazı dili ilə indiki danışıq və yazı dili arasında çox fərq var.
Baxmayaraq ki, siz Əhməd Cavadın 12 aprel 1913-çü ildə yazdığı «Dilimiz» şeirini, dilimizə fars və ərəb dilindən gələn sözlərə qarşı nümünə kimi gətirirsiz.Yəqin ki, 90 il sonrakı danışıq dili ilə indiki bizim danışıq dili arasında da fərq olacaq. Zaman hərəkətdə olduğu kimi dil də inkişafdadır. Necə müqəddəs Qurana toxunmuruqsa, eləcə də himndəki sözlərə toxunmamalıyıq. O elə o sözlərlə də axıcdır, dahiyanə bəstələnmiş musiqiyə uyğundur və qəlbimizə, canımıza hopub. Böyükli-kiçikli ürəyi istəyənlər onu çoxdan seviblər. Hələ 90 ildə bu vətəndə onu ürəklərində, bağırlarında yaşadan yaşlılarımız olub. Onda belə çıxır ki, muğamatımızı da, əruzumuzu da dəyişdirmək, yeniləşdirmək lazımdır. Sizin himnin sözlərini dəyişdirib yeni mətin kimi təqdim etdiyiniz o şeir parçasında (əgər ona şeir parçası demək mümkünsə) hec bir axıcılıqdan, şeiriyyətdən söhbət gedə bilməz. Himnin mətinində «Ey qəhrəman övladın şanlı vətəni» deyilir, şeirdə övlad geniş mənada nəzərdə tutulur. Çünki dədə də, baba da, ata da, oğul da, ana da, baçı da, qız da, uşaqlı-böyüklü biz hamımız bu başı bəlalı vətənin övladlarıyıq. Öna görə də müəllif övlad deyəndə təkcə babaları yox, qadınlı kişili bu vətən insanını nəzərdə tutur! «Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu» bu misralarda fikir çox düzgün verilib. Ona görə ki, minlərlə can qurban olmasaydı, hec vətənin sinəsi də hərbə meydan olmazdı. Yağılar asanlıqla gəlib bu torpağa qonardılar və Azərbaycan adında bu vətən dunya insanının yaddaşında qalmazdı. Qaldı mətində işlədilən ərəb dilindən gələn «müştaq» sözünə o da arzulayan, həsrət çəkən mənasını daşıyır və çox yaşlılarımızın dilində bu söz hələ bu günə qədər də işlənir. Mətində «Cümlə gənçlər müştaqdır» deyilir, siz də deyirsiz «Cümlə millət müştaqdır», biz hamımız bilirik ki, azadlıq uğrunda savaş da, işğala qarşı vuruş da, döyüş də, yarış da bu kimi tutumlu qələbələr gəlin etiraf edək ki, gənçliklə bağlıdır. Çünki insanının 40 yaşından sonra yavaş-yavaş fiziki enmə dövrü başlayır. Müəllif bu mənada gəncliyə ruh verici amalı üstün tutub, bu misranı işlədib və tutarlı da alınıb. Siz misranı «Hüququndan keçən əsgər» əvəzinə «Öz başından keçən əsgər» kimi yazırsız. Əvvala biz orta əsirlərdə yaşamırıq ki, ölkənin himninin mətnində başdan keçməkdən danışılsın. Əsgər başından kecməməlidir. Başını işlətməlidir. Siz görürüsüz ki, baş işlədən millətlər hansı uğurlar qazanıb, hansı mərtəbələrə çatıblar. Dahi Üzeyr bəy Haçıbəylinin musqisi ilə vəhdət təşkil edən, böyük Əhməd Cavadın ilhamından doğmuş o şeir parçası bilsəniz necə ruha qidadır! Əsilində Üzeyr Haçıbəyli öz əcəli ilə dünyasını dəyişsə də o da represya qurbanı idi. Çünki ona istəməyə-istəməyə bolşevik himni yazdırdılar. Türkiyənin ikinci himni kimi səslənən, musiqisi dahi Üzeyr Hacıbəyliyə, sözləri böyük Əhməd Cavada məxsus olan «Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına » şərqisi, yəqin ki, hec zaman türklər tərəfindən müzakirə məngənəsində boğulmayıb. Dahi əsərlər müəllifi Üzeyr bəy Haçıbəyli çox guman ki, bu himnin mətininin Əhməd Cavada məxsus olduğunu dəqiq bilirdi. Bu hər iki istedadlı müəllifin işinə şubhə ilə yanaşmaqdan savayı bir şey deyil.
Bəxti qara, sinəsi para, əyalı darmadağın, Əhməd Cavad, sənin nə ağırılı taleyin varmış? Sən hələ bu dünyada sağ olmayanda da represya atəşinə tuş olursan. İstiqlal da qazandıq, hələ də sənə qarşı hücumlar səngimək bilmir… Himn sözlərini dəyişmək eşqinə düşüb yeni mətin yazmağa cəhd edənlərimizə bir azəri qadını kimi demək istəyirəm, siz allah gedin istedadınızı ədəbiyatımızın müxtəlif sahələrində sınayın. Bizim himnimiz var, biz onun sözlərin də, musiqisin də sevirik. Himnin sözlərinə əl gəzdirmək İstiqlal mücahidlərimizin ruhuna hörmətsizlikdir. Çünki bu himn, gerb və bayrağ istiqlalın şirinliyini az müddətə dadmış, sağlıqlarında əzab və əziyyətlərə dücar olmuş insanlarımızın ağrılı ruhlarını bir daha incitmək deməkdir.
Hörmətli müəllif, siz böyük bəstəkarımız Cavanşir Quluyevin yazdığı və hamımızın sevimlisi olan məşhur «Azərbaycan əskəri» marşının sözlərinin zəifliyindən məqalənizdə bəhs edirsiniz. Biz sonuncu erməni işğalına qarşı xalqımızın haqq savaşında bu marşın necə insanlarımızın canıda, ruhunda kök saldığının şahidi olduq. Mən «Məcməüş-şüarə» («Şairlər məclisi») və «Füzuli» ədəbi məclislərinə üzv idim. Məclislərin birində mətini yazan müəllifin üstünə düşdülər ki, bəs mətin zəifdir. Əgər bu mətinin sözləri və musiqisi millətin canına və qanına hopubsa, deyin hansı zəiflikdən söhbət gedə bilər? Bizim qədimdən bir adətimiz var, bir uğurlu işartı gördükdə hər hansı bir sahədə fərqlənən insanda tez düşürük onun üstünə, çalışırıq ona özümüz bildiyimiz və qavradığımız kimi diqtə etməyə…
Vətən insanının bu saat ümdə problemi işğal altında olan torpaqlarmızın xilasıdır. Əgər bu xilasa nail olmasaq, bizim qazandığımiz uğurlara kölgə salacaq. Çünki dunya məğlubu sevmir, məğlub bütün zamanlarda cahanın hiddət məngənəsində boğulub. Bunu isə uşaqlı-böyüklü hamımız etməliyik. Sözlə, dünyaya baxan açıq gözlə, ruhu ehtişama gətirən vərdişlə, aləmi heyrətdə qoyan gedişlə, ən nəhayət qəvi düşməni qandıra bilməsək ərzi titrədən döyüşlə, qələbəyə qədər vuruşla! Onda Xankəndinə, Şuşaya sancılaçaq bayrağımızla şad olarıq, dünyanın yaddaşında qalib tək qalarıq. Qalibi isə hamı sevir!
Sonda hörmətli müəllifə bildirmək istəyirəm ki, əgər ərəb və fars sözlərin bolluğundan qurtulmaq istəyirsə, onda birinçi öz adından, soy adından, soy adının sonunda işlədilən rus dilindən gəlmə «ov» şəkilçisindən, təxəllüsündən azad olmalıdır. Qoy hörmətli müəllif rus dilindən dilimizə daxil olub dilimizi cinslərə bölən, dilimizin özünəməxsus xususiyyətlərinə kölgə salan, qadın cinsini kişi cinsindən ayıran və soy adının sonuna əlavə olunan mənfur «ov, yev, ova, yeva» şəkçilləri haqqında düşünsün.Və dilimizdə cinsi bildirən müəllimə, şairə, xadimə bu kimi ifadələrin dərdinə çarə edilməsinə yardımçı olsun. Çünki bizim dildə cinslər yoxdur, sözlər cinslərə bölünməməlidir.
Əmirşah müəllim, bayrağımızın, gerbmizin, himnimizin 90 illik tarixi var. Gəlin həm şərəfli, həm də şərəfli olduğu qədər də ağrılı tariximizin daşıyıçısı, bu üç atrubutdan biri olan himnimizin sözlərinin nəinki sətirinə, hətta vergülünə, nöqtəsinə belə toxunmayaq. Bunu nə Allah, nə də istiqlal tariximizin banilərinin inçik ruhları götürməz.

19. 07. 2008 Pirallahı
Hörmətlə: Şirin xanım Kərimbəyli ŞADİMAN

630 Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın