Вы просматриваете: Главная > Məqalələr > İKİ KÖNÜL İŞIĞI

İKİ KÖNÜL İŞIĞI

IKI KÖNÜL İŞIĞI

İnsanın həyata sağlam doğluşu hələ bütün xoşbəxtlik qapılarının onun üzünə açılması demək deyildir. O, öz ağlıyla, şüuruyla, bacarığı ilə, varsa istedadı ilə zaman burulğanlarında Allahın verdiyi ömrü sağlam və xoşbəxt yaşamaq haqqını qazanmalıdır. Bir çoxları belə düşünür ki, hansısa səadətə çatmaq üçün fələk sənə qapı açmalıdır. Əgər fələk bu qapını açmırsa, deməli heç bir xoşbəxtlikdən söhbət gedə bilməz. Amma mənə elə gəlir ki, Yaradan bütün canlı aləmdən fərqli olaraq insana zəngin beyin verib. Və beyinin bir çox qatlarının sirrləri hələ alimlər tərəfindən açılmamış qalır… Hər bir kəs (ağıldan kəm adamları çıxmaq şərtiylə) öz ağlını ömürün ilk dönəmlərində yatıb yuxuya verməməlidir. Tənbəllik insan başına gələcək sonrakı bəlaların səbəbkarıdır. Vaxtın qiymətini bilən və onun anlarından səmərəli istifadə edənlər, hələ məktəb partası arxasında kitablar ilə sevda bağlayırlar. Öz başının hikməti ilə illərin eniş-yoxuşlarından adlayıb, istək və arzularına çatırlar. Hətta arxasız, köməksiz olsalar da belə ağıl və iradə hesabına əl çatmayan, ün yetməyən zirvələri fəth edirlər. Allah insana verdiyi şüurun aliliyinən adəm övladını bütün canlılardan üstün tutdu. Məhz bəşər də bu üstünlüyünü ömrü uzunu qoruyub saxlamalıdır. Bunu qoryub saxlayanlar ulu Tanrının sevdiyi bəndələr olurlar.
Bu yaxınlarda paytaxtda sayılıb-seçilən ədəbi mətbuat orqanı olan «Kredo» qəzetinin redaksiyasına getmişdim. Qəzetin baş redaktoru Əli Rza Xələfli mənə «İki ürəyin sözü» adlı bir şeir kitabı verdi. Bu toplu iki müəllifin imzası ilə qələmə alınmışdır. Kitabın müəllifləri Mətanət Tağıyeva və Aygün Tağıyeva bacılarıdır. Mətanət xanım 25 yanvar 1973,Aygün xanım Tağıyeva isə 8 yanvar 1974-cü ildə Bakıda anadan olublar. Hər ikisi Bakı Dövlət Universitetini bitirib. Mətanət xanım filologiya, Aygün xanım isə tarix fakültəsinin məzunudur. Hər ikisi rus dilində təhsil alıblar. Hər ikisi şeir yazır və şeirlərini əsasən ana dilində yazırlar. Mətanət xanım Tağıyeva, artıq AMEA-nın Nəsimi adına Dilçilik İnistitunun elmi işçisidir və filalogiya elmləri namizədidir. Aygün xanım Tağıyeva isə tarix magistridir. Qızlar buraxdıqları şeir kitabını ataları Rafiq Nemət oğluna və anaları Səmayə Qasımbəy qızına ithaf ediblər. Bu iki ziyalı xanım qızlarımızın ömür tarixçəsinə diqqət kəsiləndə adamın ürəyini riqqət və heyrət hissi bürüyür. Çünki, bu qızlar ana bətinindən dünyaya göz açarkən hər ikisi eyni taleylə doğulublar. Dünya işığına həsrət acısı ömürləri boyu onlarla yol yoldaşı olub. Bu iki xanım qızlarımız təbiətin onların bəxtinə ərmağan etdiyi fiziki qüsurun ağrısının burulğanında batıb qalmayıblar. İki gözün acısını dəf edib elimin zirvələrərinə doğru yol getməkdədirlər. Mətanət xanım və Aygün xanım təkcə elmlə kifayətlənməyib bədii yaradıcılıqla da məşğul olurlar. Məhz “İki ürəyin sözü” toplusu onların birgə əməyinin məhsuludur. Qızlar qələmlərini təkcə heca və sərbəst vəzində deyil, hətta əruz vəznində də sınayıblar. Kitab ilk əvvəl Mətanət xanımın şeirləri ilə başlayır. Onun “Qatar”, “Getdi əldən vətən bağı”,”Səninlə sənsiz (pul)”, “Məndən başqa kimin var?”, “Sən mənim yolumu gözləyəcəksən” və sair şeirləri kitabda özünə yer alıb. Müəllif “Qatar” şeirində insan həyatına daxil olmuş, onun mənzil başına çatmaq ehtiyacını ödəyən qatardan söz açır. Şeirdə uzun yolları tələsmədən, yubanmadan gedən müasir dövrün ən kara gələn texnikasını öz şerində əks etdirir:

Qoy ötməsin günün hədər, vaxtın əbəs,
Tükənməsin səyahətə səndə həvəs,
Yetir məni öz arzuma tələs, tələs,
Polad yolun uzaq, rəvan olar qatar.

Müəllif “Getdi əldən vətən bağı” şerində işğal altında olan vətən torpağının acısını belə ifadə edir:

Getdi əldən vətən bağı,
Bitməz burda xarıbülbül.
Torpağımda gəzir yağı
Oxu, sazla, sarı bülbül.

Taleyim daha çağlamaz,
Halıma heç kəs ağlamaz,
Yaralarım köz bağlamaz,
Gəl yaramı sarı, bülbül.

Əlinə qələm alıb ağlının duyğularını, ürəyinin atəşini vərəqlərə tökən qələm sahibləri kimi Mətanət xanım da düşmən əlində qalan torpağları
-mızın acı-ağrısını bu üç bəndlik şeirlə izhar edir. Onun “Nəsrin” şeiri əruz vəznində yazılıb:

Bənzərin çoxdu gülə, ol gülə mehman, Nəsrin!
Səndə də mən danışım, ver mənə imkan, Nəsrin.
Məskənindir uca dağlar, meşələr, çay kənarı,
Hərdən də bağçalarda var sənə ünvan, Nəsrin.

O dərman otu kimi istifadə olunan Nəsrini gül təki tərənnüm edir və bu tərənnüm insan qəlbini riqqətə gətirir. Özünə məxsus dəsti-xətti olan Mətanət xanım bir çox tanınmış adamlara müşəxxəslər yazıb. Onun “Dünyada” şeiri cavan bir qələm sahibinin həyat həqiqətlərini öz könül süzgəcindən keçirib aləmə bəyan edən ürək çırpıntılarıdır:

Vətənim bəzəkdir bəşəriyyətə,
Heç kəs qalmayacaq bil qiyamətə,
Düşsəm cəhənnəmə, ya da cənnətə,
Qalacaq bəlkə də gözüm dünyada.

Mətanət xanım, sizə yaradıcılıq uğurları eşqiylə deyirəm ki, sizin kimi dəmir iradəli, həyatını halalıqla quran bəndələrin yeri cənnətdədir.
Kitabda öncədən qeyd etdiyim kimi Aygün xanım Tağıyevanın da şeirləri özünə yer alıb. Onun şeirləri “Tarixi rəvayət” lə başlayır. Müəllif bu rəvayətdə XIX əsrin əvvəlindən vətənmizin başına gələn fəlakətlərdən ürək ağrısıyla söhbət açır. O, Rus çarı I-ci Aleksandrdan üzü bəri millətimizin müsibətlərinə çevrilmiş can və torpaq itgisini nağılvari qələmə alıb. Aygün xanım Gəncə xanı Cavad xanın, Bakı xanı Hüseynqulu xanın göstərdiyi şücaətlərdən söz açır. Rəvayətin sonunda müəllif İran və Rusiya arasında bağlanan bədnam 1813 cü il «Gülüstan» və 1928-ci il «Türkmənçay» sülh müqavilələri ilə ölkəmizin ikiyə parçalanmasını və bu tarixi müsibətin indi də ürəyimizdə yara olub dərdinə çarə tapılmamasından bəhs edir. Sonrakı səhifələrdə onun qəzəlləri yer alıb. O bir qəzəlində yazır:

Torpağın qüdrətini, ruzisini hamı bilir,
Torpağın qədrini bil, sən də bu torpaqda çalış.

İtirilmiş yurdlarımızın ağrı-acısıyla yaşayan müəllif torpağın bərkət və ruzi mənbəyi olmasından söz açır. Aygün xanım bir neçə rübaisini də topluya salmışdır. Oxucunun diqqətini aşağıdakı iki rübayiyə cəlb etmək istəyirəm:

Su ilə, torpaq ilə paklaşır insan bədəni,
Vücudu saflaşanda bil olur insan mədəni.
Bu qoca fani dünyanın nökəri, həm şahı da
Aparır qəbr evinə zinyəti yox, ağ kəfəni.

və yaxud:

Sökülür abidələr əyri köndələn Bakıda,
Binalar ucaldılır əyri göydələn Bakıda.
Tarixin məngənəsi bağışlayarmı bizləri?
Cavabı kim verəcək, hansı baş bilən Bakıda?

Aygün xanımın bu narahatlığına mən də qoşulub bu işlə məşğul olan insanlarımıza üzümü tutub demək istəyirm ki, tarixdən hər nə qalıbsa bu ölkənin keçmişindən yadigardır və onun qədim xalaq olmasına zəmanətdir. Bu zəmanətləri əmanət kimi qoruyub gələcək nəsilərə çatdırmaq isə bizim mənəvi borcumuz və bir insan olaraq bəşərliyimizi subut edən amillərdir. Müəllifin bir qəzəlində Azərbaycanın qədim və zəngin keçmişi olan bir ölkə olmasından, bu torpaqda Manna, Midya, Atroroten, Albanya kimi dövlətlərin keçmişimizə sönməz işıq salmasından şərəflə söz açır. Bu torpaqda qədim zamanlarda müxtəlif dinlərin atəşpərəstliyin, xaçpərəstliyin və ən sonda islamın bərqərar olmasından bəhs edir. Bu qəzəlin üç beyitini diqqətə çəkmək istəyirəm:

Soy köküm qədmə gedir: Manna, Midya, Atropoten,
Kür Araz vadisində bəlkə də Alban qızıyam.

Əcdadım etdi sitayiş alova, sonra xaça,
Kəlmeyi-şəhadətlə indi müsəlman qızıyam.

Aygünəm, sadə deyim öz sözümü dünyayə,
Mən də dünyada olan Azərbaycan qızıyam.

Aygün xanım, qoy müstəqil Azərbaycan vətəninin başı müsibətlərdən qurtulsun və siz də bu firavan və azad ölkədə yazıb yaradasınız.
Əziz oxucular, Mətanət və Aygün bacıları rus dilində təhsil alıblar. Buna baxmayaraq ana dilinin şirinliyini və gözəliyini qoruyub saxlayıblar. Bu onların yazdıqları şeirlərdə də açıq aydın özünü büruzə verir. Hər iki bacı bu illər ərzində bir çox qurumlar tərəfindən müxtəlif diplomlarla təltif olunublar. Əlillərin III ümumrespublika bədii yaradıcılıq baxış – müsabiqəsində bəstəkarlığa görə ikinci dərəcəli diplomuna layiq görülmüş Mətanət xanım Tağıyevanın bəstəkarlıq qabiliyyəti də var. O, 1999-cu ildə keçirlmiş əlillərin ümümrespublika idman oyunları yarışında şahmat üzərə birinci yer tutmuşdur. Aygün Tağıyeva əllillərin IV ümumrespublika bədii-yaradıcılıq baxış müsabiqəsində nümunəvi çıxışına görə ikinci dərəcəli qalibi olmuşdur. 2003-cü ildə «Heydər Əliyev və Süleyman Dəmirəl, Türkiyə Azərbaycan münasibətləri» mövzulu məqaləsinə görə Qafqaz Universiteti tərəfindən III mükafata layiq görülüb.1999-cu ildə Bakı şəhəri üzrə əlillərin I idman oyunlarında şahmat növü üzrə II yeri tutmuşdur.
Anadan doğulandan dünya işığına həsrət qalmış bu qızların bacarıq və qabiliyətləri önündə heyrətlənməyə bilmirsən. Bütün əzaları yerində, yüz faiz sağlam olan övladların bə‘zən valideynlərinə necə sitəm etdiklərinin tez-tez gündəlik həyatımızda şahidi oluruq. Bu gənclər ata və analarının da çox vaxt imkanı olmasına baxmayaraq həyatı məhvə aparan və orqanizimi zəhərləyən içkiyə, beyni uyuşduran narkotik maddələrə alüdəçilik edirlər. Məişətimizə və milliliyimizə zidd, dillə deyilməsi müşgül olan bir çox əxlaqı korlayan çirkinliklər girdabına düşürlər. Bu həyat tərzi onları qarşısı alınması mümkün olmayan xəstəliklərə, həbsxanalara, ən nahayət vaxtsız-vədəsiz faciəvi ölümə sürükləyir.
Belə oğlan və qızlarımıza üzümü tutub deyirəm, Mətanət xanım və Aygün xanım Tağıyeva bacılarının dəmir iradəylə hasarlanmış həyatına diqqət kəsilsinlər. Allahın bir dəfə verdiyi ömürü biliyə, bacarığa, əməyə sərf edib xoşbəxtliyə nail olsunlar.
Əlbəttə, bu iki bacının qazandığı uğurların təməlində valideynlik borcunu səbirlə, dəyanətlə, dözümlə deyərdim ki, qəhrəmancasına yerinə yetirən Ata və Ana durur. Onlar sevimli övladlarının fiziki qüsurlu olmasından heç də həvəsdən düşməmiş onların böyüyüb boya-başa çatması ilə, oxuyub təlim-tərbiyə alması ilə məşğul olmuşlar. Öz şəxsi həyatını üstün tutub sağ ikən balalarını uşaq evlərinin küncünə atan, kasıblığı, həyatın min bir çətinliklərini bəhanə edib dünyaya gətirdikləri bu günahsız körpələrdən imtina edənlərin ürəyində yəqin ki, Allah xofu yoxdur. Mən bu qızların valideynləri Səmayə Qasımbəy qızına və Rafiq Nemət oğluna üzümü tutub deyirəm ki, halal olsun Sizin kimi mələksima valideynlərə! Daima İlahinin nəzər və diqqətində olsınız əziz Rafiq bəy və Səmayə xanım!
Ən nahayət, Mətanət xanım və Aygün xanıma bir məlumatı çatdırmaq istəyirəm (bəlkə də onların bu məlumatdan xəbərləri var…), bu yaxınlarda Rusiya televiziya proqramlarının birində maraqlı bir verliş gedirdi. Həmin verlişdə Amerka alimlərinin video-eynək kəşf etdikləri barədə xəbər verilirdi. Hətta həmin video-eynək artıq təcrübədən də keçirilib. Bu video-eynəklərdə birbaşa beyinin görmə üzvüləri ilə əlaqə yaradan kiçik cihaz quraşdırılıb. Bu cihaz vasitəsi ilə görmə qabiliyyəti olmayan insanlar da adi görənlər kimi özünü hiss edir. Ancaq qiyməti indi çox bahadır. Amma elmin son dərəcə sürətli inkişaf etdiyi yaşadığımız bu dövürdə əminliklə deyə bilərəm ki, həmin video-eynəklər də bilgisayaq (kompyuter), cib telefonları və bir çox elektron cihazları kimi ucuzlaşacaq. Və o video-eynəklər bizim vətənə də gəlib çıxacaq. Mətanət xanım və Aygün xanım, mən də sizə arzu edirəm ki, yaxın vaxtlarda bu eynəklərdən asanlıqla alıb istifadə edə biləsiniz. Bir-birinizin üzünü görüb öz uğurlarınzı bir-birinizə söyləyəsiniz. Sizə həyatda ürəyiniz istədiyiniz xoşbəxtlik və hümanitar elmlərdə, bədii yaradıcılıqda uğurlar arzuluyuram. Mən Sizin kimi vətən qızları ilə fəxr edirəm! Allah sizi qorusun!

05.06.2008 Pirallahı