Вы просматриваете: Главная > Şeirlər > AY ŞUŞA

AY ŞUŞA

AY ŞUŞA

Yolunu bağlayan düşmənlərə ölüm!
Gözlərim qan ağlar, qəlbim dilim-dilim,
Ayrılıq dünyada nə dəhşətli zülüm?
Yolların qurtula dumandan, ay Şuşa…
Alasan qisası zamandan, ay Şuşa!

Biz səni yağıdan qoruya bilmədik,
Yaralı köksünü sarıya bilmədik,
Cəlladın kim oldu, araya bilmədik?
Bəbəkdə yaşların göl oldu, ay Şuşa,
Büsbütün Qarabağ dil oldu, ay Şuşa!

Ürəklər partlayır həsrətin qəmindən,
Yanır bağırımız, vallah ələmindən,
Əsir Qarabağın naləli dəmindən…
Dərd qalxır ocaqan, binədən, ay Şuşa.
Başımız qalxmayır sinədən, ay Şuşa!

Xan qızı Natəvan, didərgin ruhuna,
Sinəmiz tuş olub o qanlı ahına!
Çevrilib vətənin pak qibləgahına,
O əsir divarın, dam-daşın, ay Şuşa,
Öndədir yağıyla savaşın, ay Şuşa!

Heç səni sinədən qoparmaq olarmı?
Bu dərdi məzara aparmaq olarmı?
Heç bədən də candan de ayrı qalarmı?
Könlümün göynəyən yarası, ay Şuşa.
Vətənin köksünün parası, ay Şuşa!

Əsir Qarabağı yağıdan alarıq,
Qolumuzu bükük boynuna salarıq,
Çox çəkməz düşmənə qələbə çalarıq…
Küləyə dönərik qəminlə ay, Şuşa,
Qol-boyun olarıq dəminlə, ay Şuşa!

Üzeyrin, Cabbarın, Bülbülün ocağı,
Vətənin ən gözəl, ən laçın qucağı,
Qan ağlar, ah sənsiz yurdun hər bucağı,
Suyumuz, ən təmiz havamız, ay Şuşa!
Kəbəmiz, qibləmiz, duamız, ay Şuşa!

Bağında, bağçanda solubdu güllərin,
Susubdu dinməyir xarıbülbüllərin,
Nə qanlı, bəlalı gəldi bu illərin?
Dözmək olarmı heç zillətə ay Şuşa?
Bu dərd bir fəlakət millətə, ay Şuşa!

Şadiman alışar, yanar bu nisgildən,
Bülbülü ayırmaq olarmı heç güldən?
Vallah, düşməyir o adın heç dildən,
Ağlayan gözümün yaşısan, ay Şuşa!…
Alışan köksümün başısan, ay Şuşa!!!
15-16.01.1999

Bir cavab yazın