VƏTƏN HAMIYA TƏN GƏRƏK…
Avtobusla yaşadığım Pirallahıdan şəhərə gedirdim. Təsadüfən qonşu oturacaqda uşaq bağçasında musiqi müəlliməsi işləyən bir xanımla yol yoldaşı oldum. Müəllimə öncə yolun uzaqlığından, əvvəllər “Qazel” tipli marşurtların fəaliyyətindən və 60 km yolu 40 dəqiqəyə qət etməsindən, 150 saylı marşurutun xəttə buraxılmasından, adamların basabasla saat yarıma əziyyətlə getməsindən ağızdolusu bəhs etdi, sonra aldığı aylıq məvacibin azlığından gileylənərək sözünə davam etdi.
Mən 23 ildi ki, bağçada musiqi müəlliməsi işləyirəm. Əvvəllər Neft Şirkətinə baxırdıq, aylıq məvacib 190 manat idi, indi isə bizi ordan xaric ediblər, 90 manat maaş alıram. Hamı müəllimləri, həkimləri pisləyir, amma aldığımız aylıq məvacibin fərqində olan yoxdu. Bu pulla necə yaşayasan? Heç mənzil xidmətlərini ödəməyə yetmir. Həyat yoldaşım isə 250 manat maaş alır, 3 uşağımız var, bilmirik necə yaşayaq? Vallah, billah çətinlik içindəyik. Niyə bu büdcədən maliyyələşən qurumlardan bir fikirləşən yoxdu? Bunun bir sonu olacaqmı? Qadın danışdıqca mən günahkar-günahkar ona qulaq asırdım, sanki bu çatmazlıqların səbəbkarı elə mən özüm idim. O, sözünə davam edib deyirdi. Dükanlara bahaçılıqdan girmək olmur, uşaqlarım qarın dolusu çörək yemir. Bir gün kiçik qızım mənə nə desə yaxşıdır, “ana sənin ali təhsilinin bizə nə xeyri? Nə vaxta qədər biz yarıac yaşayacayıq, incimə, ana, ac adamın qızını heç alan da tapılmır, qalır atasının evində, un çuvalına tay olur…” Düzün sözü uşağın sözu məni yaman tutdu. Qəhər məni boğdu, gözlərim doldu…
Dedim: Neylim, qızım, gedim xadimə işləyim, heç süpürgəçiliyi də indi tapmaq olmur.
Yeri gəlmişkən süpürgəçi dedim yadıma düşdü, getmişdim mənzil haqqını ödəməyə, fürsətdən istifadə edib, küçəmizdəki zibilxananın aşıb-daşmasından gileyləndim. Dedilər ki, gördüyündən də beşbetər olacaq. Çünki bizdə adamları işdən çıxarma əməliyyatı gedir. İşçilərin sayını azaldırlar, maaşların da kəsiblər. 110 manat maaş alırıq, onu da bizə çox görüblər. İşsizliyə əlac etməkdən, əksinə ölkədə işsizlərin sayın artırırlar. Yol yoldaşım yana-yana sözünə davam edirdi. Deyirdi yaxşı ki, 3 qızım var, bir dənə buna sevinirəm. Bəlkə bəxtləri oldu kiməsə ərə getdilər. Əgər oğlan olsaydılar birinci onların əsgərliyindən fikirləşəcəkdim. Dondurulmuş müharibə, tez-tez cəbhədən əsgər intiharlarıyla bağlı xəbərlər gəlir. Görəsən torpağı işğal altında olan ölkənin əsgəri niyə intihar edir? Niyə bizim içdən və çöldən dövlətçiliyimizə qəsd edirlər? Nə baş verir? Bizim əsgərlərimizə indi elə baxmalıdırlar ki, onların ayağlarını basdığı yerdən od çıxsın! Amma bizdə əksinə, əskərlər intihar edir, hərbidə xoşəgəlməz hallar hər gün qulaqlarımızı dəlir. Caamat yarıac, yarıtox oğul bəsləyir, onun da aqibəti sonda belə olur. Yenə düşmən gülləsinə tuş gəlsə deyərsən ki, Vətən yolunda şəhid olub…
Qayınanam pensiyaçıdır, yanvardan pensiyasını 80 qəpik artırıblar. Müəllimə ürəyini bir xeyli boşaldan- dan sonra üzünü mənə çevirib dedi:
Eh, siz neyləyəsiz e… Sizi də mənfi emosiyalar ilə yükləyirəm, bağışlayın, siz allah…
Bağça müəlliməsi əsil ziyalı düşüncəsi ilə çuğlanmış qadın idi. Onun yana-yana söylədiklərini bir xeyli dinlədim. Düzün sözü adamın ürəyinin partlamağı gəlirdi. Çünki bu müəllimə bağçada işləyirdi. Millətin sabahı, gələcəyi bağçadan başlayır, əgər bağça müəlliməsinin üzü gülmürsə, ürəyi çətinliklər burulğanında çırpınırsa, bir qarın çörəyin həsrətini çəkirsə, bəs onun tərbiyə verdiyi körpələr hansı mənəvi qida alacaqlar? Deməli rüşvət bağçalardan başlayır. Rüşvətin kökünü kəsmək üçün birinci bağçalarda, məktəblərdə çalışan insanlarımız urvatlı maaş almalıdır ki, sabahımız olan balalarımızdan süpürgə pulu, gül pulu istəməsinlər. Yəni həyatın çətinliklərini dadmamış balaları çətinlik burulğanında əzməsinlər. Sağlamlıqları üçün həkimə müraciət edəndə həkimə pul vermək barədə baş sındırmasınlar.
Kimi milyonlar içində oturub, maşınlarının saynı, evlərinin ünvanı unudur, bilmir paraları hara xərcləsin? Kimi də gündəlik çörək pulunu çatdıra bilmir. Bizim ölkədə nə qədər ortabab cəmiyyət formalaşmayacaq, halımız gündən-günə fəna olcaq. İnsanlarımız banklardan asılı vəziyyətdə yaşıyır, elə bir ailə tapmazsan ki, onun banklara kredit borcu olmasın.
İnsanları da elə tərəzinin həddindən artıq əyilməsi hiddətləndirir. Bizim dövlətçiliyimizin ömürü çox uzun illəri əhatə etmir. Çox kövrəkdir. Bu kövrəkliyi sabun köpüyünə döndərməyə çalışanlar, papaqların qabaqlarına qoyub dərin-dərin düşünməlidirlər. Ayə, bu Vətən təkcə biz milyonlar üstə oturanların deyil axı, milyonları rahat həzm etməkçin millətin az maaşla yaşayan zümrəsinə də yaxşı mənada diqqət ayırmalıyıq. Sosial ədalətsizlik olan ölkələrdə xarici və daxili qüvvələr baş qaldırır, ölkəni içdən və çöldən didir, məhv edir, xaraba qoyur. Biz çox əzablar görmüş xalqlardanıq, o xalqlardan ki, hələ də qaçqın problemimiz var, işğal altında torpaqlar bizdən kişi hünəri gözləyir! Bizim varlı zümrəmiz isə “mənəm-mənəm” deməklə məşğuldur. Sonda sözümün canı odur ki, bu Vətən bizim yuvamızdırsa. ONDA HAMIYA TƏN GƏRƏK…
01.03.2013
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.