Вы просматриваете: Главная > Şeirlər > YER ÜZÜNÜN BARI YAĞIŞ

YER ÜZÜNÜN BARI YAĞIŞ

YER ÜZÜNÜN BARI YAĞIŞ

Yağır göydən eləcə yer üzünün barı yağış,
Gətirir bağça-bağa təzə bir nübarı yağış.

Hissimə zövq verir, könlümü edir dəlisi,
Sanki qəlbimin olub sevda dolu yarı yağış.

Sarılır üz-gözümə inciyə bənzər gülüşü,
Aparır bağrı ovan min cürə ah-zarı yağış…

Ələnir kirpiyimə damlası bir şeh sayağı,
Haylayır gurşadını danmayır ilqarı yağış.

Boyayıb pəncərəmi sır-sıra almazlarına,
Gətirir xatırıma lap bəyazca qarı yağış.

Yayılıb asimana ağ-qara bulud sırası,
Göstərir yerə, göyə dağ təki vüqarı yağış.

Boyayıb Şadimanın bağrını öylə fərəhə,
Gətirir cuşa canı, udur intizarı yağış.
27.02.2013

Bir cavab yazın