Вы просматриваете: Главная > Məqalələr > İNANMIRAM YOXLUĞUNA…

İNANMIRAM YOXLUĞUNA…

İNANMIRAM YOXLUĞUNA

Kitabın bilgisayaqda (kompyuterdə)işi demək olar ki, tamamilə qurtarmışdı. Bu zaman ağır bir xəbər məni dərindən sarsıtdı. Bu «Füzuli» məclisinin yaradıcısı və rəhbəri, Füzuli yanğıIı qəzəl şairi Hacı Mailin vəfatı xəbəri idi. Son bir ildə Hacının xəstə olmasını bilirdim. Lakin fələyin bu tezliklə onu bizim aramızdan aparmasına heç vəchlə inana bilmirəm. Hacı Mail sadə, müdrik və Füzuli harayı ilə nəfəs alan, alışan-yanan bir şair, daha doğrusu şairlər içində inci idi. O Füzuli dühasının Məcnunu idi, nəinki gənc qəzəl şairlərinin, hətta şerin bütün formalarında yazıb-yaradanların tərəfkeşi, Hacı Mail, fələk sənin varlığını nə çox gördü “Füzuli” məclisinə?
Düzdü, mən “Məcmüəi-şüərə” və “Füzuli” məclislərinə ara-sıra gedirəm. Çünki Neft Daşlarında işləməyim və şəhərdən kənarda Pirallahıda yaşamağım məclislərə gəlib-getməyimə çətinlik törətsə də, ürəyim o kamal yığnaqlarından bir an belə aralı olmayıb. Və xüsusən Hacı Mailin o müdrik siması bir an da belə gözlərim önündən getməyir. Amansız xəstəlik Hacı Mailə möhlət versəydi, neçə-neçə qəzəl kitablarını, divanlarını araya-ərsəyə gətirərdi.
Fəqət hardan biləsən fələyin gərdişini? Hökm çıxardanda o, hökmü həyata keçirdən də o, bizlərsə, onun hökmünə məhkum olmuşlarıq. Necə səbirlə, necə təmkinlə qulaq asırdı, Hacı Mail məclisdə oxunan şeirlərə…
İrad tutanda da elə yumşaq, elə mülayim deyirdi ki, iradını… Mülləfin ümidini itirməmək üçün. Ərəb, fars dillərinin bilicisi, sənədsiz alim, gözəl şair Hacı Mailin ruhuna Allahdan rəhmət diləyirəm. Məzarın nurla dolsun, böyük şair,
sənin övladların sənət çırağının işığıyla öyünə bilərlər. Ey heç kəsə əyilməyən dağ vüqarlı sənətkar! Sənin yoxluğun Azərbaycan alimləri, söz xiridarları iriçində bundan sonra daha çox bilinəcək. Yoxluğun göyüm-göyüm göynədəcək səni candan sevənləri, əziz Hacı Mail. Allah sənə qəni-qəni rəhmət eləsin, ruhun şad olsun! Sinəsində Vətən ağrıları ilə dünyanı tərk edən sənətkar. Ürəyində hələ nə qədər sözün-sovun qaldı…
Yoxluğun hiss olunduqca sənətinin yaddaşlardan silinməzliyi aləmə üsyan olacaq. Ölməz, Hacı Mail, bilirəm həmkarların sənin əziz xatirənə qəzəllər həsr edəcəklər.
Nədənsə mənim könlümdə yoxluğun xəbəri heca vəznində ürək yanğısına çevrildi. Mən sənin əziz xatirənə həsr etdim bu şeri, ruhun şad olsun əməli pak ustadım…:

BU XƏBƏR

Mərhum qəzəl ustadımız Hacı Mailin
əziz xatirəsinə

İçimdə acıya döndü bu axşam,
Söndü gözlərimin gecəsində şam,
Aldı ürəyimdən kədərlərim kam,
Sel etdi gözümün yaşın bu xəbər,
Yandırdı qəlbimin başın bu xəbər.

Əsil insanları itirmək çətin,
Ən ağır itgisi bəşəriyyətin,
Ey fələk, sarsıtdı məni niyyətin,
Ağlatdı könlümün gözün bu xəbər,
Göstərdi ölümün üzün bu xəbər.

İlahi yaxşını həyatdan alar,
Onun yoxluğuyla qəlbləri çalar,
Duyğulu canları ələmə salar,
Saldı ürəyimi qəmə bu xəbər,
Atdı gözlərimi nəmə bu xəbər.

O candan sevərdi Azərbaycanı,
Həyatı, cahanı, hər keçən anı,
Fələk ayrı etdi tənindən canı,
Saldı matəmini dilə bu xəbər,
Mailin yoxluğun elə bu xəbər.

Füzuli oduyla alışan şair,
“ Şəbi-hicran” ilə yarışan şair,
Məcnun atəşinə qarışan şair,
Partladı bağrımda necə bu xəbər?
Mənə matəm oldu gecə bu xəbər.

Sanki Simurq quşu uçdu da getdi,
O haqq dünyasında kamına yetdi,
Bir ömrün Füzuli harayı bitdi…
Barışmaz qəmiylə daha bu xəbər,
Batdı könlüm ilə aha bu xəbər.

Baxışın Füzuli baxışı aldı,
Qəzələ bir Vahid naxışı saldı,
“Füzuli” məclisi Mailsiz qaldı…
Özünü rüzgara qatdı bu xəbər,
Bütün məmləkətə çatdı bu xəbər.

Şadiman, ürəyin ağlamasın heç,
Mail qəzəlində ölməzliyi seç,
Dünyanın ayrılıq əzabını biç…
Qəlbinə qəm yükü töksə bu xəbər,
Üstünə zülməttək çöksə bu xəbər.
29-30.10.1999 / Neft Daşları