Вы просматриваете: Главная > Məqalələr > O YERLƏRDƏ İZİM QALDI…

O YERLƏRDƏ İZİM QALDI…

O YERLƏRDƏ İZİM QALDI…

Bu yaxınlarıda Qalaaltı sanatoriyasında istirahət edirdim. Gözəl ab-havası, yaraşıqlı, gəzməli-görməli yerləri olan bu müalicəvi sanatoriya neçə-neçə dərdlərə, əlacsızlara şəfa bulağı olub. Qalaaltının mehriban həkimləri, tibb işçiləri, sağlamlığın keşiyində dayanıblar. Qalaaltı sanatoryasında mən bircə çatışmazlıq hiss etdim. Bu da Qalaaltının bəzəyi, əsrlərin müqəddəs, sirli yadigarı olan Çıraqqalasının bərbad halda olmasıdır. Əsrlərin yadigarı olan bu tarixi abidənin bərpası keçmişimizə çıraq tutan qalanı tikənlərin ruhuna da təskinlik olardı…Mən orta məktəbdə oxuyanda Çıraqqalasına ekskursiyaya getmişdik. Görünür əsrlərin sınağından çıxan bu qala son 10-15 ildə təbiətin küləyinə, sazağına dözə bilmir. Bəlkə də o əsrlərdə onun qeydinə qalan olubmuş, indi isə müasir dövürdə elmin, texnikanın sürətli inkişafına baxmayaraq babalarımızın, ulularımızın əvəsiz yadigarına dırnaqarası baxılır. Necə olur ki, 14-15 əsr bundan qabaq Çıraqqalanı dağların başında ən uca zirvədə hasilə gətirə bildilər. Biz isə bu sürətli atom, texnika əsrində ulularımızın, qədim Odlar Yurdunun müqəddəs yadigarlarını niyə\ bərpa edə bilmirik?!
Qalaaltı sanatoriyasına gələn xəstələr böyrəklərində, öd kisələrində çatışmazlığa baxmayaraq, bura ayaq basan kimi babaların əvəzsiz yadigarına baxmağa tələsirlər…
Çıraqqalanın hər daşı – uğursuz həyatına qiymət verilməyən bədbəxt bir insan kimi qəlpə-qəlpə olub dərin dərələrin, uçrumların dibinə yuvarlanır, yarğanların burulğanlarında qeyb olur. Sinəsi parçalanır dən-dən olur Çıraqqalanın…Sanki haray-həşir salıb qışqırır ki, mərəzlərini, xəstəliklərini 1-2 saatlıq unudub, ay məni görməyə gələn insanlar deyir, bəlkə siz mənə öz kömək əlinizi uzadasınız. Axı, mən sizin ulu keçmişinizin, yerlə-yeksan olub torpaq altında qalan Şabran şəhərinizin, Dərbəndinizin, bütünlükdə Azərbaycanınızın yadigarıyam. Sümükləri dəlik-deşik divarların oymalarından boylanan, səssiz-səssiz inilləyən neçə-neçə günahsız qurbanların nişanəsiyəm! Bəlkə siz gedib başbilənlərinizə xəbər verəsiniz və mənim bugünki halımla onları hali edəsiniz. Ey mənim qurub yaradan babaların, uluların, nəvə-nəticələri, kömək edin mənə deyir…Ümumittifaq əhəmiyyətli Qalaaltı sanatoriyası mənə elə gəlir ki, ittifaqın kurort mənşəli ərazilərindən heç də pis deyil. Yayın cırhacır vaxtında burda yalnız 1-2 saat isti hava hiss edirsən. Qalan saatları həzin abhava adamı müşayət edir. Mən tez-tez mətbuatımızda da oxuyuram ki, tarixi keçmişimizin yadigarlarını qoruyaq, saxlayaq. Bəs görəsən, Dəvəçi rayonun ərazisində yerləşən Qalaaltı sanatoriyasının bəzəyi olan Çıraqqalanı qorumaq tarixi yadigardlarmızdan deyilmi?! Deyirlər, bu qala 17 tikilidən ibarət olub, onun təkcə biri qalıb. O da dağılandan sonra gərək Qalalatının adını dəydirsinlər. Çünki az bir hissə qalıb, belə getsə ondan əsər-əlamət qalmayacaq. Dədələrin, babaların əziz-xələf yadigarı Çıraqqala, qəlbini sıxma, bəlkə sənin də taleyinlə maraqlanan tapıldı. Səni birinci dəfə gördüyümdən illər keçib… Bir də sənin müqəddəs, sehirli torpağına ayaq basdım. O vaxt ki, izlərimin üstünə yeni izlər qarışdı. Məni uşaqlıqdan valeh edən, şiş dağlar başından kəndimiz Tağaya, dəli-dolu Xəzərə sarı boylanan sirli-soraqlı, qalam, səninlə yenidən görüşdüyümə görə, o otlu-əncərli daşlarına ayaq basdığıma görə sevinirəm…Kədərim sənin dağılmış görkəmini gördüyimdən yanadır. Lakin ümidimi itirmirəm, rica edirəm heç sən də itirmə! Ümidvaram ki, ulularımızın yadigarına kömək əlini uzadanlar tapılacaq…!Sənin uçulub tökülmüş qalaçanda bərpa işləri aparılacaq. Mən buna hava və suyun varlığı təki inanıram. O gün gələcək. Mən görməsəm də sən bunu görəcəksən. Uşaqlığımdan boyunu uzaqdan-uzağa heyran-heyran süzdüyüm, Çıraqala, mənim səndə izim qaldı…
15.07.1987 Qalaaltı

Qeyd: Bu məqaləni 15.07.1987-ci ildə yazdım, amma o zaman mətbuatda çap etdirə bilmədim. İllər keçdi. Biz, yəni Şimalı Azərbaycan müstəqillik qazandı. Zaman keçdi, mərhum prezidentimiz Heydər Əliyev 23 iyun 2003-cü ildə №1262 saylı «Çıraqqala» tarixi abidələr komrleksinin bərpası və qorunması haqqında» sərəncam imzaladı. Bu səransamın yerinə yetirilməsini arzu edərdim…

12.11.2012