Вы просматриваете: Главная > Şeirlər > ŞƏHİD QARDAŞ, ŞƏHİD BACI

ŞƏHİD QARDAŞ, ŞƏHİD BACI

ŞƏHİD QARDAŞ, ŞƏHİD BACI

Şəhid qardaş, şəhid bacı,
Bu dərd ağır, bu dərd acı.
Məhkum xalqın oğlu, qızı,
Vətənimin sinəsində
parıldayan dan ulduzu.
Körpələrin dodağından qopub gələn,
o narahat mışıltısı,
zülmətin ay işıltısı!
Qaranlığda hər sitəmi, hər zülmü
qamarladı diləyiniz,
Yağıların gülləsindən
yaralandı ürəyiniz.
O tikanlı məhbəslərə
ismarlandı kürəyiniz,
Siz açılan qurğuşunu
bağrınızla tikə-tikə parçaladız!
Məhkumluğun qara yolun haçaladız.
***
Şəhid qardaş, şəhid bacı,
Siz Vətənin üstündəki hiylələrə,
fitnələrə üsyan dediz.
Ətalətin yuxusunda mürgüləyən
məmləkətə oyan dediz!
Pak bədənlər o müqəddəs
yurdumuzla qucaqlaşdı,
Bu mərdanə addımınız hər sinədə,
hər ürəkdə ocaqlaşdı.
Ruhunuzsa uçub getdi-
Tanrının haqq dərgahına,
Batırmadız o öləri varlıqları
bu dünyanın min oyunlu,
min fitnəli günahına!
Ağlınızda ölüm dediz
o tırtıllı, o silahlı ağalara,
Azadlığın, istiqlalın mənasını
anlamayan yaşı ötmüş çağalara.
***
Şəhid qardaş, şəhid bacı,
şəhidliyin zirvə tacı!-
İçinizin arzuları, istəkləri
bir gecənin gülləsinə qurban getdi,
Qara əllə ölər ömrün sonu bitdi.
Gecə-gündüz başım üstdə
o müqəddəs, o mərdanə ruhunuz,
yamanlayır köləliyi, ətaləti, cəhaləti,
Ya qurtuluş, ya öl deyir,
Bu əzablar parçalayır ürəyimi,
ağlatmayır fələyimi.
Məmələkətin oğlu, qızı,
Asimanın dan ulduzu,
Siz torpağa tapındınız,
Qəfəsindən çıxmaq istər
quşcağaz tək çırpındınız.
Ruhlarınız gecələrdə
döyəcləyir pəncərəmi,
Nə bağlayır bənd-bərəmi?
Röyalardan alır məni,
Azadlığın o müqəddəs
məbədinə salır məni.
Ya öl deyir, ya beşgünlük
zəmanədə azad yaşa,
Ya da yurdun kölə qızı,
Vurma belə əsir ömrü sən də başa,
Yada ki, yazıq Şadiman, ulu Tanrım,
Dərdlərini dərgahında bölmək istər,
Bu dünyanın hər üzünü
görməməkçin ölmək istər.
24.08.1991