Вы просматриваете: Главная > Şeirlər > NEFTÇİ MÜHƏNDİSİN YUXUSU

NEFTÇİ MÜHƏNDİSİN YUXUSU

NEFTÇİ MÜHƏNDİSİN YUXUSU

İşdən yorğun gəlir neftçi mühəndis,
Gəlir ürəyinə sanki məchul hiss.
Yeməmiş, içməmiş yatağa keçir,
Yorğun gözləriylə yuxunu içir,
Ötür saatların karvanı belə,
Alır caynağına hər anı belə.
Ayrı bir dünyanın sehrinə düşür,
Gözəl insanların mehrinə düşür.
Yuxuda görür ki, carçı hay salıb,
Səsini sabahdan başına alıb,
Milləti meydana səsləyir şövqlə,
Könlü dilə gəlib dillənir fövqlə.
Elə cuşələnir xalq bu Vətəndə,
Canları oynayır bədəndə, təndə.
Hamı vicdanına and içir ki, bəs,
Bir kimsəyə rüşvət verməsin bir kəs…
And-aman edilir peyman bağlanır,
Millətin qüruru haqqa çağlanır.
Aylar saatlanır, əyyam ötüşür,
İçilən and, sanki yerinə düşür.
Rüşvətin sehiri azalır, müdam,
Adam hiss eləyir özünü adam.
Məmurlar oturub öz kürsüsündə,
Tamah at oynadır qəzəb səsində.
Hey gəlirlər işə hər səhər, erkən,
Qəlblərin bürüyüb nə zamandı çən?
O ümidsiz gözlər qapını pusur,
Rüşvətə açılan qapılar susur.
Fəqət, öz qınına çəkilir millət,
Boğur məmurların ürəyin illət.
Heç kəs vəzifədə olmaq istəmir,
Daha bu şəkildə qalmaq istəmir.
Varlı fakültələr qiymətdən düşür,
Bağları bar vermir, nemətdən düşür.
Kəsilir rüşvətin kökü Vətəndən…
Vicdanlar boylanır şövqüylə təndən.
Haqqa yetmək üçün hamı tələsir,
Bu arzu eşqiylə qəlbləri əsir.
Bütün məmləkətdə haqq çiçəkləyir,
Düzlük, mərdanəlik lap gerçəkləyir.
Yaradan tanıyır Azərbaycanı,
Allahın yanında pak olub canı.
Azalır millətin ahu-naləsi,
Şadlıqla çağlayır can piyaləsi!
Hamının üzündə səadət gəzir,
Bədən şükür edir, can haqqa nəzir.
Sevdalar içində yaşayır Vətən,
Bəxtəvər bir həyat daşıyır Vətən…

***

Yuxudan oyanır mühəndis qalxır,
Qan tərin içində otağa baxır.
Açır pəncərəni boylanır çölə,
Bir diqqət kəsilir bu xalqa, elə.
Görür həmən hamam, həmənki tasdı,
Görür həmən kəfən, həmənki yasdı…

Əllərin göylərə tutur kədərlə,
Ahu-fəğan edir yenə qədərlə!

16.11. 2004
Şirin Xanım Kərimbəyli Şadiman