Вы просматриваете: Главная > Şeirlər >

AY ADAMLAR,
QINAMAYIN SİZ MƏNİ

Ay adamlar, qınamayın siz məni,
Şirin dilə, şirin sözə möhtacam.
Qəlbim, ruhum ağrıların mədəni,
Gülə dünya, gülüşünə mən acam.

Ölkələrdə ölüm, qırğın səngimir,
Yamanlıqçın heç bir əməl ləngimir,
Qəlbə girən şər nəfəsi təngimir,
Qapanıbdı aləmlərə haqq bacam.

Bu nə dünya, içində qan qoxuyur,
Bəndə əhli hiylə toru toxuyur,
Hərə bir cür öz yazdığın oxuyur…
Bəs hardasan özün göstər, ey Ucam?

Ay adamlar, yanan könlüm şam içi,
Dünya sərxoş, insanları kam içi,
Bilən bilir, ahu-fəğan dam içi,
Can qovrulur ürək üstə, mən sacam.

Dilimizi yalan, hiylə bürüyür,
Tamahımız yıxıb bizi sürüyür,
Sözümüz də ağlımıztək çürüyür,
Ağı deyir həm mübtədam, həm hecam.

Ey Şadiman, hara gəlib gedirik?
Biz sağ ikən bir-birini güdürük,
Özlüyündə zənn edirik bir dürrük,
Dürr də başa bəla, onu nə qucam?!
19.04.2011

Şirin Xanım Kərimbəyli Şadiman