Вы просматриваете: Главная > Şeirlər > NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH?

NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH?

NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH?

Dünya ağrısıyla yoğurub məni,
Ruhumu göylərdən qopartdın, Allah.
Ana bətinindən doğurub təni,
Niyə şairləri yaratdın, Allah?

Zamanın acısı sinəyə yağı,
Süzülür ürəkdən dodağa ağı,
Həyat da, dövran da, gün də bayağı,
Niyə şairləri yaratdın, Allah?

Biz Tanrı deyilik boğaq dərdləri,
Yıxaq sərhədləri, qıraq sədləri,
Namərdlər cəngindən alaq mərdləri,
Niyə şairləri yaratdın, Allah?

Ağlayan gözlərdə yaş inilləyir,
Hər şeyi düşünən baş inilləyir,
Torpaq əsir düşür, daş inilləyir,
Niyə şairləri yaratdın, Allah?

Qandallı dillərin sorğusumu var?
Yalan kəlmələrin doğrusumu var?
Fitnənin, fəsadın oğrusumu var?
Niyə şairləri yaratdın, Allah?

Dərdlərdən sinəyə tonqal qalanır,
Haqq şişə çəkilir, manqal qalanır,
Yollara, izlərə qanqal qalanır,
Niyə şairləri yaratdın, Allah?

Milli çəkişmələr, dini bölümlər,
Şahların taxtında sultan zülümlər,
Danışsaq boğazdan tutar ölümlər,
Niyə şairləri yaratdın, Allah?

Canımıza yağı hər düz sözümüz,
Zindan sinəmizə dustaq özümüz,
Bir yol ölənədək gülmür üzümüz…
Niyə şairləri yaratdın, Allah?

Madam ki, kəlməmiz boğazda qalır,
Hər dilin üsyanı ağızda qalır,
Hər yazılan misra kağızda qalır…
Niyə şairləri yaratdın, Allah?
Niyə şairləri yaratdın, Allah?
03.08.1996
Şirin Xanım Kərimbəyli Şadiman