Вы просматриваете: Главная > Şeirlər > BIR TƏRƏFDƏ DANIŞIQ, BİR TƏRƏFDƏ ŞƏHİDLƏR…

BIR TƏRƏFDƏ DANIŞIQ, BİR TƏRƏFDƏ ŞƏHİDLƏR…

BİR TƏRƏFDƏ ŞƏHİDLƏR,
BİR TƏRƏFDƏ DANIŞIQ

Bir tərəfdə şəhidlər, bir tərəfdə danışıq,
Haçan yanar, ey Vətən, yurdumuzda gur işıq.
Şəhid balalarının goru çatlayır axı,
Dözmür ürəklərimiz qəmdən partlayır axı.
Qətrə-qətrə qanımız tökülür yurd-yuvaya,
Öyrəşibdi ağzımız yalvarışlı duaya.
Danışıqlar tükənmir, danışıqlar uzanır,
Biz təslimə öyrəşir, düşmən zəfər qazanır.
Bu dəyirman çox sular aparacaq deyəsən,
Yağı neçə il möhlət qoparacaq, deyəsən?
Uzanır danışıqlar, uzanır sövdələşmə,
Neçə masa önündə kağızla vədələşmə.
Qaçqın balalarından doğulanlar haralı?
Şəhid Qarabağımız min bir yerdən yaralı.
Əsir düşən balalar, şəhid olan balalar,
Yığışmışıq Bakıya ucaldırıq qalalar.
Düşmən içir Şuşanın qanını qaşıq-qaşıq,
Haçan yanar, ey Vətən, yurdlarında gur işıq?!…
31.10.2010
Şirin Xanım Kərimbəyli Şadiman