Вы просматриваете: Главная > Şeirlər > ÖZÜMÜ AXTARIRAM…

ÖZÜMÜ AXTARIRAM…

ÖZÜMÜ AXTARIRAM

Ömür əlimdə darı,
Günlərimi arıram.
Bala gül yığan arı…
Özümü axtarıram.

Ötən günlərə varıb,
Qəlbi zamana sarıb,
Qəmin sinəsin yarıb-
Özümü axtarıram.

Bəşərin damı uca,
Hər dama da bir baca,
Özümdən qaça-qaça-
Özümü axtarıram.

Həyat sobası isti,
Ömür bacası tüstü,
Alıbdı möhnət üstü,
Özümü axtarıram.

Ağıl cana təsəlli,
Can yiyəsinə bəlli,
Tutub vaxtdan ikəlli-
Özümü axtarıram.

Diləklərim havada,
Ürəyimlə davada,
Dilim haqqa duada,
Özümü axtarıram.

Şadiman doğulandan,
Ələmlə yoğrulandan,
Can qəmdə boğulandan-
Özümü axtarıram…
Özümü axtarıram…

22.11.1998
Şirin Xanım Kərimbəyli Şadiman