Вы просматриваете: Главная > Şeirlər > AH, YAZIQ MƏMLƏKƏT, AH, YAZIQ VƏTƏN…

AH, YAZIQ MƏMLƏKƏT, AH, YAZIQ VƏTƏN…

AH, YAZIQ MƏMLƏKƏT,
AH, YAZIQ VƏTƏN…

Ah, yazıq məmləkət, ah, yazıq Vətən,
Könlümün içində eşq ilə bitən,
Adın rüşvətlə talanıb gedir,
Ürəyin ağrıyla bulanıb gedir.
Əzabdan o yana yolun yoxmu heç?!
Varsa müsibətdən bir qurtulub keç.
Dilin haqq arayır cəllad əlində,
Gözlərin boğulur kədər selində.
Rüşvət sevgisiylə çırpınır başlar,
Göydən başımıza tökülür daşlar.
Hər gün aldadan kim, hər gün alan kim?
Kim-kimə oğrudur, kim-kimə məhkum?
Qanuna zülm edən yalançı hakim,
Qanun can verərkən olarmı həkim?
Bizim ağlımıza kim deyəcək can?
Bizim içimizdə şahdı həyəcan!
İşimiz rüşvətsiz keçmir heç yerdə,
Yaxşı vərdiş etdin, ey Vətən, dərdə.
Rüşvət beynimizin həyat qurşağı,
Rüşvətlə oxşanır bağça uşağı!
Məktəbdə rüşvətlə bilik alırlar,
Rüşvətlə elimli adam olurlar.
Ali məktəb pulla açır qoynunu,
Rüşvətlə fırladır iblis oynunu!
Rüşvətin quludur bütün məmləkət,
Vətən, bundan böyük yoxdu fəlakət!
Beyini rüşvətə qul olan millət,
Kimsədən diləyə bilməz ədalət.
Biz haqqı rüşvətlə əsir etmişik,
Bütün zehnimizi yesir etmişik.
Rüşvətlə maşınlar, evlər alınır,
Rüşvətlə saraylar, mülklər salınır.
Rüşvətə əyilir ağlımız hər gün,
Rüşvət almayana deyirlər miskin.
Vəzifə kürsüsü ona yad olur,
Hər gün təmizliyi bir fəryad olur.
Rüşvətin dəlisi olan millətin,
Tanrı azaltmayıb heç vaxt zillətin.
Əsir torpağımız yağı əlində,
Ölünün, dirinin ağı dilində,
Pulla düzəldirik hər işimizi,
Rüşvətə qul etdik vərdişimizi!
Sonra da yapışıb mikrafonlara,
Tele-radioyla girdik donlara,
Ekrana rəng verib düşdük anlara…
***
Ziyalı deyərək sinə yırtırıq,
Kütlənin gözünə hey kül atırıq.
Kütləsə fəxr edir bizlə hər zaman,
Bizə səcdə edib, gətirir iman.
Ey şair, ey alim, ey boyalı baş!!!
Vətənin gözündən seltək axır yaş!
Bu yaşlar içində boğulur millət,
Bütün yer üzünə dağılır millət!…
***
Dünyaya göz açır rüşvətlə körpə,
Rüşvət yatmır daha heç sapa-ipə.
Ölüyə, diriyə rüşvətdi əlac,
Ölkə başdan-başa rüşvətə möhtac.
Rüşvət verməyənə iş yox, peşə yox,
Rüşvət verənəsə bir əndişə yox.
İblisə, şeytana qul olub qaldıq,
Özmüzü iblisin gününə saldıq.
Ürəyin içində bu dərdlər bitən,
Çarə yox nə sənə, nə mənə Vətən…

11.04.2007 Neft Daşları

Şirin Xanım Kərimbəyli Şadiman