Вы просматриваете: Главная > Şeirlər > “HARALISAN”

“HARALISAN”

«HARALISAN?»

«Haralısan?» Bu sualı bir-birindən
sora-sora paralandıq,
Özümüz də bilmədik ki,
özümüzdən mahal-mahal,
oba-oba, məhlə-məhlə aralalandıq!..
«Haralısan?» Sualıyla dilimizlə
sinəmizdən yaralandıq.
Hey kiçildik bu dəhşətli sual ilə,
Geri düşdü neçə-neçə amalımız
«haralısan?» Sualıyla bilə-bilə!
İçimizin istəkləri,
ümidləri buza döndü gilə-gilə.

Keçmişimiz…ah, İlahi?
Bakı, Gəncə, Quba, Şəki…
Xanlıqlara parçalandı,
ayrı düşdü bir-birindən yadlar təki,
Təbrizimə yetmədi əl,
Silkələndi canda təməl…
Yavaş-yavaş, hissə-hissə
süqut etdi birliyimiz,
Bir araya sığışmadı dirliyimiz.

Çocuq ikən Azərbaycan türkcəsiylə
anam mənə layla çaldı,
Ürəyimə alovlanan şeir, sənət odu saldı.
Tar üstündə pərvazlandım,
saz üstündə avazlandım,
«Haralısan?» Sualını doğulduğum Tağayımda
heç kəs məndən sormamışdı,
Bir sərsəri külək kimi
duyğuların zirvəsini sarmamışdı.
«Haralısan?» Sualları gürzə kimi
ürəyimdən çalmamışdı.
Könlüm dönüb, arzularım
hələ tənha qalmamışdı.

«Haralısan?» Sualları
hey verildi hər gün mənə,
Özləri də bilməyərək
toxundular ürəyimə dönə-dönə.
«Haralısan?» Sualıyla geri düşdü
neçə ümid sabahından?
Tanrı özü bağışlasın bu milləti günahından!..
Dilimiz bir, dinimiz bir,
qanımız bir, yurdumuz bir,
«Haralısan?» Sualının əlindəcə olduq əsir!
«Haralısan?» İblis olub ağlımızda,
ruhumuzda tikdi qəsir.
Bu zəiflik yağılara sipər oldu,
O hiyləgər qəlblərində təpər oldu.
«Haralısan?» Bu Vətənin, bu millətin
birliyinin arasında çəpər oldu…
Qəlbimizi etdik sınaq,
Özgələri evimizdə əziz qonaq…
Bircə kərə soruşmadıq haralısan?
Axı canla, axı qəlblə sən ki, bizdən aralısan.
Haqqımızı yerə vurdu,
Evimizin içindəcə üzə durdu.
Ey Vətənin oğlu, qızı,
«Haralısan?» sualını daha danaq,
BU FƏLAKƏT YUXUSUNDAN BİR OYANAQ!..

05.09.1990
Şirin Xanım Kərimbəyli Şadiman